Vladimir Sorokin: "Zabitlər evində"

Литература

Kostenko dərindən nəfəs alaraq ağarmış başını yellədi:

-Yox, Saşa. Zaman burda heç nəyi həll eləmir. Zaman qum kimi axıb gedir. Zamanlıq deyil...
- Petya, bəs nəlikdi? – balacaboy Borodin soldakı stendə yaxınlaşaraq soruşdu - Nə fikirləşirsən, bizi heç vaxt unutmayacaqlar? 
- Bunu artıq biz deyə bilmərik – Kostenko axsayaraq stendlər boyu irəliləməyə başladı. Onun pencəyindən asılmış medallar yavaşca cingildəyirdi - Axı biz özümüz üçün döyüşməmişik. Bizki ancaq öz canımızı fikirləşmirdik.  
- Nahaq yerə. Öz canımız niyə? Hamı yaşamaq istəyir. 
- Doğrudur. Amma sən orda - Stalinqrad yaxınlığında - ancaq öz canını fikirləşmirdin axı. 
- Əlbəttə - Borodin döyüş səhnələrinin rəsmlərinə baxaraq cavab verdi - Amma öz həyatımı da fikirləşirdim. 

Kostenko gözünü qıyaraq ona baxdı və dedi:

- Amma mən heç fikirləşməmişəm. Qəti fikirəşməmişəm!
- Yalan demə. 
- Bilirsən, içimdən gəlmirdi! İlk günlər Smolensk hücumlarında var idi bir az. Onda birinci dəfə tankları, alman əsgərlərini, atışmanı gördüm. Amma sonra Stalinqrad yaxınlığında hiss etmədim bunu. Özüm üçün qorxmurdum. Əvvəllər ailəmi yadıma salırdım, sonra elə bil sinəmdəki daşı yerə saldım və bir az azad olmağa başladım. Qorxu çıxdı canımdan. Ailə ikinci plana keçdi. 
- Bəs birincisində nə idi?
- Birincisində... - Kostenko burnunu qaşıyaraq cavab verdi - Bilirsən birincinin nə olduğunu demək çətindi...
- Nəyi çətindi?
- O vaxt mən könüllü yazılanda bizi Kiyevskidən yola salırdılar. Aydındır ki, basırıq idi. Camaat yola salır. Maşada atasıyla idi. O vaxt anası Astraxanda imiş. Hə... Sagollaşdıq, öpüşdük, görüşdük. Onlar ağladılar. Qatar tərpənəndə vaqonun pilləkəninə qalxmağa çalışdım, cavan əsgərkər sallaşıb əl yelləyirdilər. Hamısının da mənim kimi saçları qırxıq oğlanlar. Qalxıb mən də arxama baxdım. Və bilirsən buramda – sol əlini kitelinin üstündəki medallara qoyaraq iki Qırmızı Ulduz medalının üstünü örtdü - elə bil nəsə əridi...
-Yazığın gəldi?
-Yox, yazığı gəlmək deyildi... Mən bu cür həssas incəlikləri hiss eləyəcək adam deyildim. Bizim ailəmizdə kişilər ciddi olurlar, işgüzar olurlar. Amma orda... vağzalda... çönüb görürəm hamısı qadınlar, qızlar, gəlinlər. Qatarın dalınca qaçırlar və elə həsrətlə baxırlar ki... elə bil hansısa suala cavab axtarırlar. Susaraq qaçırlar... hamısı susur qaçır... 

Sözünü kəsərək Borodin tərəf çevrildi:
- Saşa, mən o üzlərin hamısını yadımda saxlamışam. Onların hiss etdiklərini hiss eləyirdim. O hiss Stanlinqrad ətrafı döyüşlərdə də, Kiyev ətrafında, Varşavada döyüşlərdə də məni tərk eləmədi. Hərdən bir az ruhdan düşəndə onların üzü gəlirdi yadıma. Bəlkə də elə buna görə sağ qalmışam. Onların sual dolu baxışlarına cavab tapmaq üçün...

Borodin razılıq əlaməti olaraq başını yellədi:
- Aydındır. Məndə də olurdu hərdən - bombardman vaxtı və ya Dnepr çayını keçəndə kəndimiz getmirdi gözümün qabağından. Özü də bayram vaxtları yox, kəndin adi səhərləri gəlirdi gözümün qabağına. Yay səhərləri... sakitlik... bacalardan qalxan tüstü... Səma isə masmavi. Cökə ağacı çiçək açıb... 
- Sən bəyəm Orenburqda böyüməmisən?
- Orenburqa otuz səkkizdə köçmüşük. Uşaqlığım kənddə keçib. 
- Aydındır... Amma mən kənddə çox az olurdum.
- Hə, sən şəhər uşağısan - Borodin onun çiyninə vuraraq qarşıdakı stendi görsətdi - Bude... artileriya.. Müharibənin Allahı.
- Hə... möhtəşəm qatillərdi. 
- Ən əsası lüləsi qısadır, amma atanda Allah saxlasın...
- Ona bax, almanın əlində şmayser var.
- Axı elə bil hücümçuların kalibrləri daha böyük görünürdü...
- Hə, bax, ağzı nə boydadı...
- Bombadı yəqin.
- Yəqin... Mərmi o qələti eləməz.

Moskva döyüşlərinə həsr olunmuş stendlərin yanında bir az dayandılar. 
Kostenko axsaya-axsaya qapıya tərəf getdi və əli ilə qarşı tərəfi göstərib dedi:
- Gedək, sənə Lenin otağını görsədim. 
Borodin şux addımlarla onun arxasınca getdi:
- Görürəm sən burda öz evindəki kimisən.
- Niyə ki olmayım? Frontovik bəs hara getsin? Voyenkomatda cavanlarla danışıram, burda isə... 

Onlar dəhlizə keçdilər.
Kostenko qabaqda asta-asta gedirdi. Ağarmış başını sağa-sola yellənir, sinəsindən asılmış medallar bir birinə dəyərək cingildəyirdi. 

- İndi yığıncaq üçün bir az tezdi. Qırx dəqiqə var hələ... görürsən heç kim yoxdu. Amma sənə afərin, tez gəlmisən. Birazdan qalanları da yığılar. Kononov, Xlustov, İvaşenko... Yadındadı Petya İvaşenko?
- Hansı? Üçüncü rotadakı?
- Hə, kiçik leytenant. Kürən oğlan. 
- Onu Xarkov ətrafında yaralamışdılar deyəsən...
- Hə, hə. Sonra o bizdən irəliyə getdi. 
- Petya, bəs Kolya Zolotarev yaşayır?
- Yox, on il əvvəl rəhmətə getdi.
- Heyf...
- Əlbəttə heyf. Çox şən oğlan idi. Tez getdi.
- Hə, şən idi. Yadımdadı. 

Onlar dəhlizə girdilər. Kostenko palıdı rəngdə boyanmış qapını açaraq otağı göstərdi:
-Gəl.
Borodin içəri girib ətrafa baxdı.
İşıqlı, geniş otağın ortasında bir necə böyük stol qoyulmuşdu. Divarlar boyunca içərisinə kitablar düzülmüş şkaflar düzülmüşdü. Sağ küncdə Leninin ağ büstü işıldayırdı. Büstün aşağısında gül çələngi qoyulmuşdu. Onların yanında uzunsov şüşə şkafda köhnə, rəngi qaçmış, yanları cırılmış bayraq asılmışdı. 
Borodin şüşə qutuya yaxınlaşaraq əyildi:
- Petya, bura bax... bu nədi? Bizim diviziyanındı?
- Bizimkidi, bizimkidi Saşa – başını yelləyərək cavab verdi - Odurki var.
- Ola bilməz...
- Ola bilər Saşa, hər şey ola bilər.
- Bunu necə saxlayıblar? Bu axı çoxdan itbat olmalı idi. Mümkün deyil...

Kostenko ona yaxınlaşaraq əlini onun çiyninə qoydu:
-Saşa yadına düşür Varşava ətrafındakı qızğın döyüşlərdə Sereqa Joqlenko ilə rabitəni quraşdırırdız? O vaxt üsütünüzə onlarla pulemyotdan atırdılar. Sizə baxa-baxa ovuclarımı dişlək-dişlək eləmişdim. O şəraitin altında rabitə xətlərini çəkmək mümkünsüz idi. Amma görürsən bacardınız. Çünki içinizdən gəlirdi. İstək içinizdən gəlirdi. 
- Petya, bu ayrı məsələdir. Qatışdırma...
- Yox, Saşa. Məsələ hər yerdə eynidir. Sadəcə içdən istəmək lazımdı. Çox istəmək lazımdı. Məsələn, mən istəyirdim. Və budur - bayraq qarşındadır. Və bu bizim diviziyanın bayrağıdır. 
- Daha dəqiq desək mən əsl müharibə adamıyam - Kostenko gülərəkdən dedi. 
Borodon şüşənin arxasındakı bayrağa diqqətlə baxırdı.
- Aman Allahım, yəni bu doğurdanda həmin bayraqdı?
- Odur, odur. 
- Onu hündürboy serjant daşıyırdı. Bax onunla görüşmək istəyərdim. 
-Yox, onu heç mən də görməmişəm müharibədən sonra.
- Bəs Semyonovu görmüsən?
- Yox.
- Sanya Sruqlovu da?
- Yox, onuda görməmişəm. Yevstifeyevi görmüşəm, Kruqlovu yox. 
- Tərcüməçi  Lyuskanı necə, görmüsən?
- Yox. Deyirlər o hardasa cənubda yaşayır. Deyəsən Novorossiyskdə qalır. 

Borodin başını yellədi:
- Bayrağa bax... kimin ağlına gələrdi... Heç gözləməzdim... Deşik-deşik... burasına bax hələ... bu yazığın da canına qəlpə dəydi. 
- Qəlpə hər şeyə dəydi. Canlıya da, cansıza da. Mənim bədənimdən 4 dənəsini çıxardılar. Kürəyimdə hələ də biri qalıb. Onurğama yaxın yerdədi. 
- Mənim ayaqlarımı qırx altıncı ildə qurcalayıb nə var idi çıxartdılar. İki il bədənimdə gəzdirdim. Tikanlı idi, kirpiyə oxşayırdı. İndidə yağışlı havada ayaqlarım ağrıyır. 
- Mənim amma ağrıyası ayağım da yoxdu, Saşa. – Kostenko gülümsəyərək protezlərini görsətdi. 
-Amma sən yaxşı qaçırsan ha... Bəzi cavanlardan da yaxşı qaçırsan. Bəlkə də mən bu salamat ayağımla səni ötə bilmərəm. 
- Mən müharibəyə qədər sakit oturmurdum axı. Komsomolçuluq eləyirdim hər yerdə. Bu yaxınlarda mənə hansısa xarici protezi təklif eləyirdilər. Manşetli. Botinkaları da üstündə. Amma mən prinsipial olaraq qəbul eləmədim. Qoy elə dəmir sallansın ayağımdan. Kimdən utanacam? Görənlər görsünlər. Bəlkə kimsə gördü və yadından çıxanı yadına saldı.  
- Doğrudur. 
- Birdə ki, mən bunlara öyrəşmişəm artıq. Ayağım kimi gəlir artıq mənə. Sürüşmürdə. Saşa bəs sən niyə kitelini geyinməmisən? 

Borodin gülümsədi:
- O axı tamam köhnəlib. Güvə düşmüşdü hətta.  
- Yaxşı baxmamısan?
- Əşi, müharibədən sonra kim öz kitelinə baxır? Şkafa basmışdıq. 
- Mənimkinə Dunya yaxşı baxırdı. Naftalin səpirdi üstünə, az qalırdı istiotlasın. Görürsən? Necədi, hə?

Kostenko əlini bir azca qaldırıb sinəsinə tərəf baxdı.
- Təzə kimi qalıb, Petya. Özün də yaxşı qalmısan. 
- Çalışıram Saşa, çalışıram. 
Lenin haqqında inşalar yığılmış şkafın arxasından boz siçan çıxdı. Ortada dayanmış stolların birinin ayağına fırlanıb açıq qapı tərəfə sürətlə qaçdı. 
Kostenko onun qarşısına çıxıb protez ayağını qaldırdı:
- Qancıq...
Siçan arxaya dönüb qaçmaq istəyərkən o surtülmüş protezin başlığı ilə siçanı bastaladı. 
-Balalayıb çoxalıblar... murdarlar...

Kostenko metal protezini sirkələyərək ucuna yapışmış siçan qalıqlarını yerə atmağa çalışırdı. Tarazlığını saxlayaraq hoppana-hoppana otağın küncündəki zibil qabına tərəf irəlilədi. Sinəsindəki medallar sirkələnərək cingildəməyə başladı. Onun hər addımında həm medallar cingildəyir, həm kitelinin vorotnikləri qalxıb-enirdi. 

- Demişdim yazda döşəmənin deşiklərini tutsunlar. Qulaq asmadılar…

O şkafa söykənərək metal protezi plastik vedrənin kənarlarına sürtürdü. 

Borodin yerdə qalan izə baxıb dedi:

- Bu siçan lap balaca idi…
- Balaca? - Kostenko ayağını zəhmlə yerə çırparaq soruşdu. – burda anasını sikdiyim elə balacalar var ki, görsən gözün çıxar kəllənə. Bu hələ ən balacası idi. Murdar, cındır. Birdə görürsən elə böyükləri çıxır ki, bu boyda…

O, Borodinin gözlərinə baxıb qollarını qaldıraraq sinəsi enində açdı. 
Borodin ona baxaraq ciddi-ciddi başını yellədi. 

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade