Şeytanlar

Литература

Bir insana dayandığı yerdə niyə nifrət edirlər? Necə olur ki, bir insan özü haqda yüksək fikirdə olur? Necə olur ki, bir insan özünü bilərəkdən axmaq vəziyyətinə qoyur? Hansının səsinə qulaq verməli: ədalət, yoxsa mərhəmət, uğur, yoxsa həqiqət? İnsanı nə dəyişir? Təkəbbür və şöhrətpərəstlik, alçatmaq və alçalmaq, pul, mənfəət və karyera insana necə təsir göstərir? Necə olur ki, bir insan xəyalpərəstə çevrilir? İnsanın davranışına hansının təsir gücü daha çoxdur: istək, yoxsa dərrakə? Necə olur ki, bir insan əclafa çevrilir? İlk baxışda nifrət necə əmələ gəlir? Seçimlərimiz özümüzdən, yoxsa mühitdən asılıdır? Başdan ayağa şər dolu bu fani dünyada insan özündə ən nəcib duyğuları necə tərbiyə etməli və qorumalıdır?

Əziz oxucu, bu qəbildən olan suallara Freyd, Fromm, Yunq, Nitsşe, Kamyu, Sartr kimi imzaların əsərlərində tutarlı cavablar tapmaq olar. Kimsə də öz şəxsi təcrübəsindən çıxış edərək fikir söyləyə bilər. Amma bədii cəhətdən biz ədəbiyyata müraciət etməli oluruq. Daim ədəbiyyata ehtiyac duyuruq. Niyə? İcazənizlə məşhur ədəbiyyat nəzəriyyəçisi Volfqanq İzerin güllə kimi sərrast sözlərinə burada yer ayırım:

“Ədəbiyyat bizim tarixi və ictimai dərkimizi eyni dərəcədə əks etdirir və bizə öz təxəyyülümüzün təbiətini dərk etməyə kömək edir – bu bacarıq bizə insan təbiətinin əsasını təşkil edən tabuları pozmağa,  yəni yaşamaq və eyni zamanda yaşamağın nə demək olduğunu anlamağa vadar edir. Ədəbiyyat təxəyyülün mahiyyətinə nüfuz etmək qabiliyyətidir, bu nüfuz qabiliyyəti yalnız insan bacarığına xasdır, bu bacarıq isə bizim digər bacarıqlarımız sona çatıb tükənəndə qüvvəyə minir  –  ədəbiyyat elə bununla məşğuldur.”  

Nitsşenin böyük psixoloq adlandırdığı Dostoyevskini insanların təbiətinə, iç aləminə nüfuz etmək, insan ruhunun dərinliklərinə, ayrı-ayrı situasiyalarda onun daxilində nələrin baş verdiyini və verəcəyini anlamaq, bəzən də həyat və onun misteriyaları barədə düşünmək üçün oxuyuruq.

İnsanları tanımaq üçün hansı kitabı oxumaq lazımdır – kimsə əgər məndən nə zamansa bunu soruşsaydı, dərhal Dostoyevski deyərdim. O, hər bir insanın qəlbindəki əxlaqi kompası açıb göstərən usta qəlbşünasdır. Bu o kompasdır ki, həyatın ən ağır dəqiqələrində bizə ən düzgün istiqaməti göstərir. Onun bu cür fikir dərinliyinə necə nail olmağı isə əbədi cavabsız sirr olaraq qalır.

Mənsub olduğum xalqın ədəbiyyatının öz ölkəsinin sərhədlərindən bir addım belə kənara çıxmağı bacarmadığı, ədəbiyyatmərkəzli olmayan, kiçik, üçüncü dünya ölkəsinin bir oxucusu kimi mənim Dostoyevski haqda deyəcəklərim bəlkə də həddən ziyadə parıltılı, bir qədər yekəxana, bəlkə də təmtaraqlı görünə bilər. Amma ilk gəncliyimdən başlayaraq ilk qiraət kitabımı oxuduğum andan içdən inandığım bir fikri deməkdən çəkinməyəcəm: Oxucu ilə yazıçı arasında məsafə olmur.

Hər yazıçı özü də bilmədən, seçmədən hansısa obrazla ədəbiyyatda qalır. Dünya ədəbiyyatı xəritəsinə Peterburq şəhərinin obrazını Dostoyevski gətirib. Biz Peterburq deyəndə Dostoyevskinin Peterburqunu başa düşürük. Dostoyevskinin birinci hansı əsərini oxuduğum dəqiq yadıma gəlmir. "Qumarbaz", yoxsa "Bəyaz gecələr". Amma o yaxşı xatirimdədir ki, "Bəyaz gecələr" əsəri mənim hədsiz xoşuma gəlmişdi. Və indiyədək həmin xoş hissləri, oxuduğum məkanı mən yaxşı xatırlayıram. "Qumarbaz" romanının qısa müddətdə (iyirmi altıca gün) yazılması məni çox heyrətləndirmişdi. O vaxtlar metrolardan birinin çıxışında kitab satılan yerdən "Cinayət və Cəza"nı da aldığımı və evə gəlib o kitabı qısa bir vaxt içində necə həyəcan və maraqla oxuduğumu indi də aydın xatırlayıram. Qəmgin, başında silindir Raskolnikov çardaqdakı öz yoxsul və yarımqaranlıq hücrəsindən çıxır, aşağıya doğru pilləkənlə düşür, həyətə çıxır...

Üstündən bir müddət sonra "Karamazov qardaşalar"ını oxuya-oxuya apardığım qeydlərdən ibarət bloknotumda belə bir notabene yazmışdım: Diogen öz fənəri ilə qaranlıqda insan axtardığı kimi, Dostoyevski də öz qaranlıq romanlarında insan axtarır. Bütün zamanların ən ciddi görüşü adlana biləcək Böyük İnkivizitorla İsa Məsihin görüşü romanın ən təsirli parçası kimi məni çox düşündürmüş və təsirləndirmişdi.

Doqquz məktubdan ibarət romanı oxuyarkən xeyli gülmüş, hər bir canlının, hətta qoca itin belə alçaldıldığı, müəllifin vəfatından yetmiş beş il sonra Azərbaycan dilinə tərcümə edilmiş ilk romanı olan "Alçaldılmış və Təhqir edilmiş insanlar"ı ürək ağrısı ilə oxumuş, "Zirzəmidən məktublar"da isə çox düşünmüşdüm.
Amma Dostoyevski çox uzunçuluq edən, mövzunu ifrat dərəcəsinə çatdırmağı xoşlayan və bundan bir növ zövq alan çərənçi yazardır. Gərək səbirli olasan. Ənənəvi və banal sual olan Dostoyevski, yoxsa Tolstoy qarşıdurmasında hər zaman qürurla Çexovun tərəfində olduğumu demişəm. Görün, Çexov bu yazının qəhrəmanı haqda nə yazır: “Yaxşıdır, amma çox uzun və təvazökarlıqdan kənardır. Etiraz çoxdur”.

İki tip yazıçılar var, məlumunuz olmamış olmaz, bunu hətta Pamuk bilir: Göstərən və Danışan. 

Göstərən, estet yazarlar sözlərlə insanı, təbiəti, hadisələri təsvir edirlər, sanki şəkil çəkirlər. Bu tip yazarlar daha çox əşya, insan, predmeti göstərə bilirlər. Bununla da bütün cəmiyyəti göstərmiş olurlar. Məsələn, Tolstoy.

Danışan, moralist yazarlar isə çox sözçülük edir, uzun-uzadı çoxlu əhvalat, elə bil dastan danışırlar. Hekayəti lap uzaqdan başlayır və süjeti mümkün olduqca uzadırlar. Danışıqlarda iştirak edən obrazlar isə dolğun deyil, ötəri, karikatur obrazlar, müqəvvalar olur. Dostoyevski, Markes bu qəbildən olan yazıçılardandır. Dostoyevskidə təbiət təsviri yox dərəcəsindədir. Misalçün, melodramik "Alçaldılmış və Təhqir edilmiş insanlar"da cəmisi bir dəfə şəhərin portretinə rast gəlirsən. Dostoyevskinin nüfuzedici talantı çölə yox, daxilə yönəlmiş talantdır.

Dostoyevski qısa nəql etməyi, lakonik olmağı bacarmayan, xörəyə çox su qatan yazıçıdır. Elə danışır. Fikir sel kimi axır. Təhkiyəçinin səsi, intonasiyası oxucunun beyninə işləyir. Elə bil hansısa əxlaqi-didaktik kurs keçirsən. Bir də onda ayılırsan ki, belə tip cümlə tir kimi adamın qarşısında dayanıb: “Üçə otuz yeddi dəqiqə işləmişdi”.  

Dialoqlar başladımı bitmək tükənmək bilmir. Mövzu hərlənib fırlanır gəlir xeyir və şər, nifrət və sevgi, günah və tövbə, intihar, qorxu, din, vicdan, allah var, yoxsa yox (yoxdursa hər şeyə icazə verilir?), həyatın mənası kimi temaların üstünə. Görünür, bu suallar ömür boyu yazıçıya çox əziyyət vermiş, düşüncələrinin nəqarətinə çevrilmişdi. Dostoyevski obrazlarının öz adi, banal, monoton həyatlarını yaşamaq əvəzinə, fəlsəfi suallara cavab axtarması mənə həmişə qeyri-adi gəlirdi. 

Özü də bu dialoqlar, söhbətlər, danışıqlar, monoloqlar normal, 36,6 dərəcə temperaturu olan insanın danışığı yox, hansısa xəstəhal, psixi sarsıntılarla yaşayan, ruhi müvazinətini itirmiş, az qala dəliliyin bir addımlığında dayanan adamın dialoqlarıdır.  

Əsəb partlayışları, isterik çığırtılar, hirsli püskürmələr, kəskin istehzalı atmacalar, iynəli replikalar, yüksək həyəcan və sıxıntılar, tarım çəkilmiş sinirlər, həqarətli və təkəbbürlü, qəzəbli və hövsələsiz deyişmələr, pərişan qəlblər, həyasız və hiddətli kəlmələr, zəhərli ittihamlar, aqressiv özündənçıxmalar, iztirab içində vəcdəgəlmələr, qəhər dolu etiraflar və bir də...  a la Manon Lesko məşhur Dostoyevski sentimentallığı. İnsan qəlbinin neçə forması, halı ola bilərmiş! Heç Çexovun “palata”sında bu qədər göz yaşı yoxdur. 

Sveyqin kitabından sitat gətirirəm: "Tolstoy sağlığına nə qədər çox şey borclu idisə, Dostoyevski dühası da xəstəliyinə bir o qədər borcludur. O biri tərəfdən, Dostoyevskinin uzun olsa da sadə dillə yazması oxunu həzm etməyi asanlaşdırır". 

Həyatı stabil olaraq ağ-qaranın kontrastında görən Dostoyevski insanları ehtiras və ambisiyaların idarə etdiyini yaxşı başa düşür, lakin öz obrazlarını heç vaxt inkişaf etdirmir. İnkişaf, tərəqqi, elm, dərrakə onun gözünün düşmənidir. Əksinə müəllif öz obrazlarına bir az da zərbə yetirir: Nelli ölür, Raskolnikov adi bir qoca qarını öldürməyin işgəncəli cəzasını çəkir, İvan Karamazov dəlilik səviyyəsinə çatır. Müəllif bunu qəsdən, özü də böyük bir ləzzət içində edir ki, oxucunun qəlbində avtomatik olaraq mərhəmət toxumları cücərsin. Tolstoy yazırdı: “Bu günlərdə onun ölümündən qabaq "Alçaldılmış və Təhqir edilmiş insanlar"ı oxudum və ürəyim yumşaldı”. Dostoyevskinin aşağılanmış, hakimiyyətini və gücünü itirmiş, ən əlverişsiz mövqedə dayanan, müti, fağır, guşənişin, bədbəxt, mağmın, idiot, xəstə, alkaş obrazları bir-birilərinə mane olmaqdan başqa heç bir işə yaramırlar. Hiss olunur ki, bu elə ədəbiyyat generalının arzuladığı cəmiyyətdir, maniyalı müəllifin onlardan bir istəyi var: inanmaq, bağışlamaq və tabe olmaq – onun idealı orta əsrlər idi. Əlbəttə, söz yox ki, seçim olsa, bir oxucu kimi mən Böyük İnkvizitorun yox, Nellinin yanında olardım, amma missioner müəllifin öz obrazlarını uçurumun dibinə yuvarlamaqdan sadistcəsinə aldığı zövq hissini bölüşə bilmirəm.

Dostoyevskidən təsirlənmiş iki filosofu – bir-birinə diametral ziddiyyət təşkil edən Berdyayev və Nitsşeni xatırlamaq kifayət edir ki, rus müəllifinin necə ziddiyyətli bir naturaya sahib olduğunu diqqətdən qaçırmayaq. 

Bu mənada Dostoyevski haqda iki kitab – Qrossmanın kitabı və Nabokovun mühazirə mətnini oxumaq maraqlıdır. Baxtinin bəxtsiz kitabı isə bütün elmi əsərlər kimi darıxdırıcıdır.

Qrossmanın kitabı adamda yazıçıya, onun bioqrafiyası və yaradıcılığına qarşı mərhəmət, anlayış kimi hisslərin yaranmasına səbəb olur. Çünki biz yazıçının əsərlərini necə, hansı iqtisadi və mənəvi şəraitdə yazdığını, nələrdən keçdiyini görürük. İntriqan ədəbi mühiti, istintaqı, "Ölü evdən qeydlər"i, "Qumarbaz" romanının necə vəziyyətdə yazıldığını, "Şeytanlar"ın kompozisiyasının nə cür dəyişdiyini, yazarın başına gəlmiş, amma burada qeyd etmədiyim digər hadisələri yadınıza salın. Nabokovda isə tam əksi. Əzazil müəllim Nabokovun mühazirəsində Dostoyevski dərsdən iki alan yazıq uşağa dönür. 
 
Belə bir fikir var ki, Dostoyevskidən heç nə öyrənmək olmur. Yanlış və doqmatik fikirdir. Yalnız bəhrəsiz ağacdan heç nə götürmək olmaz. Öyrənmək olur. Bunun  üçün onu diqqətlə oxumaq, keçidləri, bədii priyomları tuta bilmək lazımdır. Götürək, "Şeytanlar" romanını. Oxucunu gərginlikdə saxlayan qəfil kiminsə peyda olması – gözlənilməz qonaq priyomu, qəfil hadisə priyomu, nüans priyomu, bioqrafik pauza priyomu və bir də müəllif pauzası. Bu sıraya obrazların portretini də əlavə etmək olar. Di gəl ki, roman texnikası təkmilləşdiyinə görə, XIX əsr roman priyomlarını bugünkü romançılıqda istifadə etmək necə deyərlər naqolaydır. Lakin mümkündür.

"Şeytanlar" hər cür liberalizm, sosializm, furyerizm, ateizm, anarxizm, mənəviyyatca Qvazimodoluq, qərb dəyərləri, ələlxüsus azadfikirlilik və nihilizm əleyhinə düşünələrək, olmuş hadisələrdən təsirlənərək yazılmış mükəmməl pamflet-romandır. Dostoyevski sanki ürəyindən tikan çıxarıb. Ona görə Lenin yazırdı: ""Şeytanlar"ı oxudum və bir tərəfə tulladım".

Deyim ki, qısa həcmli "Atalar və Oğullar" (1862) romanını oxuyan kəslərə yeddi yüz səhifəlik "Şeytanlar"ı (1872) da təmkinlə oxumağı məsləhət görərdim. Çünki bu iki əsər bir-birinin antitezisidir. Hətta Dostoyevski obrazlardan birinin dilə ilə Turgenevin əsərini açıq tənqid edir. Birinci roman mütləq azadlığı, boşluğu və dəyərsizliyi, ikinci romansa özünə qayıtmağı, “şüurlu köləliyi” təbliğ edir. Romanda Karmazinov obrazı var bu – Turgenevin karikaturasıdır. Yazılanlara inansaq, Dostoyevski ilə Turgenevin arasında şəxsi düşmənçilik var idi. “Rus ədəbiyyatının burnuna çıxan sızanaq” – Turgenev vaxtikən gənc Dostoyevskiyə belə “qiymət” vermişdi. 

İki rus yazıçısı, iki ədəbiyyat hadisəsi – nihilist, liberal, estet Turgenev və panslavist, moralist Dostoyevski. Bu iki ideya Rusiyanın mümkün tarixi inkişaf yolları, düşüncə orientirləridir, yolayırıcıdır.  O zamankı kimi bu gün də aktual olan sual: Rusiyanın xilası hansı səmtdədir? Rus xalqı hansı yolla getməlidir. Nə etməli? Qərbləşmək yoxsa özünə qayıtmaq? 

Qərbçilər panslavistləri geriçilikdə, mürtəceçilikdə günahlandırır, Rusiyapərəstlər isə qərbçiləri Rusiyanı, rus xalqını tanımamaqda, “kunstkamerada fili görə bilməməkdə”, mənəvi pozğunluqda ittiham edir(di)lər. 

Qərb ideyası olan kommunizmin Rusiyada çökməsi, habelə Rusiyada son illər keçirilən siyasi seçkilərin və sosial sorğuların nəticələrinə fikir verdikdə Dostoyevskinin necə peyğəmbərcəsinə haqlı olduğunu aşkar görə bilirik. 

Elçin İmanov

Kultura.az


Kultura.az | Developed by Samir Yahyazade