Simvolumuz avtovağzal

Публицистика



“İl baharından bilinər”

(Azərbaycan ata sözü)

Bayramlar həm də müxtəlif simvolları yadımıza salır. Novruz bayramında paxlava və şəkərburanın nəyi ifadə eləməsi hər il müzakirəyə çıxarılır. Biri deyir paxlava Aydır, şəkərbura Günəş. Fikirləşirsən onda yəqin Kosa marsiançiklərin, Keçəl də Çuryumov-Gerasimenko kometinin simvoludur. 

Başqa alim ortalığa qəfil, tonqal üzərindən hoppanırmış kimi girib ərz edir: “Paxlava müstəqilliyimizin, şəkərbura şirin respublika olmağımızın əlamətidir”. Hətta mən paxlavanın qadın, şəkərburanın isə kişi başlanğıcının rəmzi olması haqda bir nəzəriyyə də oxumuşam, oxucular yalvarsa da onun detallarını burada yaza bilmərəm, özünüz fikirləşin görün necə yozublar. 

Siyasət aləmində də belə rəmzlər vardır. Misal üçün, şimal qonşumuz Rusiyada Vladimir Putini təzədən prezident qoydular. Bundan dərhal sonra Moskva yaxınlığında Volokolamsk zibilliyindən qalxan zəhərli qazlar camaatı zəhərlədi. Məktəbli uşaqlar kütləvi şəkildə xəstəxanalıq oldular. (Sözgəlişi, sovet vaxtından qalma mənim kimi oxucular Volokolamsk sözünü eşidəndə məşhur kommunist fırıldağını – guya 28 əsgərin çoxlu faşist tankının qabağını saxlaması əhvalatını, pamfilovçuları xatırlamalıdır. Bu, bax elə həmin yerdir, Volokolamsk şossesi tərəflər).

Putin orada 18 ildir hakimiyyətdədir və bir növ bu işin artıq zibili çıxmaq üzrədir. Rusiyanın bu gedişlə hara üz tutduğunu artıq heç kim proqnozlaşdıra bilmir. Dünya 3-4 dəlinin hikkəsi üzündən böyük savaşla qarışa bilər və bu dəlilərin başında Putin gedir. Onun Rusiyanı ayağa qaldırdığı, Krımı aldığı və sairə “müsbətləri” sadalanır, ancaq Putin dövründə Rusiya bütün dünya ilə düşmən olmuşdur. Ən böyük problem budur. Yəni, Putinin qələbələri bir növ Pirr qələbələridir. Müsibətlər müsbətləri yemişdir. Oliqarxiya, korrupsiya, yalanın dövlət siyasətinə çevrilməsi də öz yerində. Zibillikdən qalxan qazların camaatı zəhərləməsi əslində çekist Putinin kimyəvi silah tətbiq edib keçmiş agent Skripalı Britaniyada zəhərləməsinin bir növ ictimai miqyasda təkrarı, işarətidir. Necə deyərlər, arifə bir işarə də yetər. Ancaq əlbəttə, orada heç kim işarələri vecinə almır.

Bizim ölkənin simvolu isə Bakı Beynəlxalq Avtovağzalıdır. Novruz bayramı günü təsadüfən ordan keçərkən bunu bir daha düşündüm. O avtovağzal eynilə bugunkü Azərbaycandır. Bataqlıq üzərində tikilən, heç dünya okeanına çıxmadan korrupsiya aysberqi ilə toqquşub batmış gəmi formalı bina... 2009-cu ildə istifadəyə verilən bu kompleksin gələn il 10 yaşı tamam olacaq, ancaq bu illərdə oranın bəlkə 10 gün də təmirsiz vaxtı olmayıbdır. Kassaların, gözləmə salonlarının olduqca səmərəsiz yerləşdirilməsi, ümumiyyətlə avtovağzalın faydalı iş əmsalının sıfırın altında olması açıq görünür. Yüzlərlə hektarlıq, 3-4 qatlı kompleks tikirsən, ancaq camaat bunun böyründə, açıq havada, toyuq damına oxşayan əlavə budkalarda dayanıb avtobus gözləyir. Şəhərdən gəliş və çıxış yolları, metronun çıxışları tam xaotik mənzərə yaradır. Zəncirlə qıfıllanmış mistik keçidlər, uzun, qaranlıq mağara kimi salonlar, zibilliklər, labirintlər... Yalan olmasın, bizim beynəlxalq avtovağzalın binasında adamın başını kəssən kimsə xəbər tutmaz. Elə adam var 2009-cu ildən bu labirintdə azıb, hələ çıxa bilmir. Ticarət mərkəzi açıblar, işləmir. Avtobus yuma məntəqəsi ortalıqda oazis kimi qalıb, taksilər yükdaşıyanlara qarışıb, kim istəsə bir şlaqbaum qurub pul yığır, sözün əsl mənasında cəhənnəmin dibinə oxşar bir yerdir.

Ancaq gəlin görək bu xaosu yaradıb aradan çıxan keçmiş nəqliyyat naziri Ziya Məmmədova gözün üstdə qaşın var deyildimi? Neçə illər bu dəlixananı üstəlik doğma qardaşına, oğluna idarəçiliyə vermişdi. Soruşan olmadı ki, Ziya müəllim, dövlətin 100 milyon dollardan çox pulunu bu mənasız tikintidə nə üçün batırdınız, necə yeyə bildiniz? Üstündən su içdinizmi?

Bayram günü avtovağzalda camaat qarışqa kimi qaynaşır, heç kim hardan gedəcəyini bilmirdi. O bundan soruşurdu, bu ondan. Azərbaycan da hazırda bu durumdadır. Hara gedəcəyini bilmir.

 Zamin HACI

Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade