Xəyallara qarşı xroniki məsuliyyətsizlik

Публицистика



Düz on ildir yazmaq istəyindəyəm. Ortada isə dərc olunmuş beş-on məqalə və hekayədən başqa bir şey yoxdur. Yazılmış, düşünülmüş çox şey var, amma dərc olunmayıb. Daha yaxşı yazmaq istəyilə hər dəfə daha çox oxumalı və sadəcə qaralama etməli olduğumu düşünürəm.  Hər dəfə də geriyə yalnız oxunmuş kitablar və üzə çıxmayan cızma-qaralar qalır. Həmişə “yazacağam”, “bir gün kitabım çıxacaq” deyib, bir ömrü kitab müəllifi olmadan yaşayanlara çevrildiyimin fərqindəyəm. 

Hədsiz yazmaq istəyi, davamlı mütaliə, səyahətlər, beyində yığılıb qalmış mövzular, bekarlıqdan zehnin hər köşəsinə yayılıb biri-birilə söhbət edən, dava salan, deyən-gülən xəyali obrazlar, masa arxasına oturmaq bacarığı var, amma kitab yoxdur. Bəlkə də qəbul etmək istəmədiyim “istedadsızlıq” halının tam ortasındayam. İstedadsızlıq anlayışını qəbul etdiyim gün isə təkcə yazmaq üçün deyil, hər mənada çaba göstərmək ehtirasım sıfıra düşər deyə qorxuram. 

O zaman problem nədir? Niyə bitkin bir əsərə - bir romana, hər hansı bir kitaba sahib deyiləm? Niyə ciddi-ciddi çalışıb istədiyim şeyi reallaşdırmıram?Bu suala özümün zaman-zaman verdiyim cavablar çoxdur. Ehtimal edilən oxucu ilə bölüşmək üçün bu dəfə hərfli düşünmək qərarına gəldim. Çünki mənim kimi başqaları da söyləcəyim durumlarla ya artıq rastlaşıblar, ya da rastlaşacaqlar. 

Yuxarıdakı sualıma verdiyim birinci cavab bədbin və primitivdir: roman yazmaq, bir kitab ərsəyə gətirmək hər adamın bacaracağı iş deyil, bununla xüsusi istedadlı insanlar məşğul olmalıdır. Bu, mütaliə ilə, yazmaq ehtirası ilə alınası söhbət deyil. Anadangəlmə istedad olmalıdır. Valideynlərdən ən azı biri şair-yazıçı olmalıdır. Tez-tez ilham pərisi gəlməlidir... Bu cür cavab elə ədəbiyyatımızın qoca “kral”larının dediyi şeydir: atası şair-yazıçı olmayan gənclərin nə iti azıb ədəbiyyatda? Hələ üstəlik qocaları da bəyənmirlər. Ədəbiyyatı atadan oğula, oğuldan nəvəyə keçən genetik miras kimi qəbul edənlərin fikridir bu. Bu cavabı dərhal özümüzdən uzağa qovmalıyıq.

İkinci cavab ədəbi mühitin olmamağıdır. Doğrudur, bu gün ölkənin gündəmində ədəbiyyat deyilən şey və bu gündəmi yaradacaq mühit yoxdur. Nə internet səviyyəsində, nə kağız jurnallarda, nə də əyani ortamda. Çox solğun bir görüntü var. Statistika isə ayrı şeyi deyir. Nəşr olunan yerli və xarici müəlliflərin kitablarının sayı dəfələrlə artıb. Hətta tərcümələrin sayı və keyfiyyəti sevindiricidir. Amma bu statistik artım mühitin rənglənməsinə kömək edə bilmir. Belə bir mühit yazmağa yeni başlayanlar üçün maneədirmi? Sözsüz, öz təsiri var. Amma mühiti də yaradan elə ədəbiyyat insanları deyilmi? Yazarlar və ya yazmaq istəyənlər bu mühiti yarada bilmirsə, günahı mühəndislərdə, taksi sürücülərində axtarmaq ədalətsizlikdir. 2000-lərin əvvəlində bir ovuc insanın ölkə miqyasında kifayət qədər fərqli və rəngli bir ədəbi mühit yarada bildiyini gördük. Hörmətli Rasim Qaracanın yaxınlarda çapdan çıxmış “Zülmətdə bir alatoran” kitabını oxudum. Buna bir daha əmin oldum. Yazmaq istəyinin, mövcud bozluğu dəyişmək ehtirasının qarşısını almağın necə çətin olduğunu bir daha anladım. O zaman, “ədəbi mühit yoxdur deyə yaza bilmirəm” bəhanəsi qismən təsirli olsa da, ümumilikdə, yanlış və tənbəl yanaşmadır.

Üçüncü cavab: stimul yoxdur, kitabla puz qazanmaq olmur. Başa düşürəm, işin ən önəmli tərəflərindən biridir dəyərləndirilmək, gördüyün işin maddi qarşılığına nail olmaq. Ədəbiyyatla bir peşə kimi məşğul olursansa, bir peşə kimi də maddi əvəz almalısan. Bu baryeri aşmaq, heç bir maddi stimul olmadan yazmaq qəliz işdir. Amma ciddi yazmaq enerjisinin qarşısını almaq üçün elə də dəhşətli divar deyil. Nə qədər nümunə var. Adlar sadalayıb uzatmağa ehtiyac yoxdur. 

Dördüncü cavabım: hələ çox yaxşı bir əsər yaza bilməmişəm. İndiyədək yazılanlar üzə çıxarılası deyil. Daha çox, yekəpər ədəbiyyat nümunələrini oxuyanda yaranır bu bəhanə. Bu bəhanənin ardında isə böyük və əsassız bir eqo yatır. Sən kimsən ki, elə ilk kitabındaca Tolstoy, Folkner olmaq istəyirsən? Öz miqyasına, öz ölkənə uyğun bir şey yaz, qoy ortaya. Əziyyət çək, dayanmadan çalış, sonra bax ki, nəsə alınır, ya yox. Bu fikir reallıq hissini itirmək - olduğun dövrü, yaşadığın ölkəni, ətrafındakı insanları və ən əsası, özün özünü anlamamaq, öz gücünü düzgün qiymətləndirməməkdir. 

Beşinci cavab, qeyri-rəsmi senzuranın olması, siyasi və dini mövzularda yazmağın müşküllüyü və bunun da sonda yaradıcı insanları ruhdan salmağıdır.  Həqiqət payı çoxdur. Hər hansı bir təhlükə ehtimalına qarşı, istənilən yaradıcılığa özünüsenzura ilə başlamaq zəif insanı gec-tez korşaldır, əllərini qurudur, ağzını əyir, ürəyinə ləkə salır, sonunda ortalığa bu gün tanıdığımız çopurlu ədəbi simalar çıxır. Bertolt Brext “Həqiqəti yazmağın beş çətinliyi” adlı yazısında belə deyir: “Dövrümüzdə yalan və cəhalətə qarşı mübarizə aparmağı, həqiqəti yazmağı qət etmiş hər kəs ən azı beş çətinliyin öhdəsindən gəlməlidir. Hər yerdə boğulan həqiqəti qələmə almaq üçün ilk növbədə cəsarət;  hər yerdə üstü basdırılmış həqiqəti üzə çıxarmaq üçün ağıl; həqiqəti silaha çevirə bilmək üçün bacarıq; bu silahı tətbiq edə biləcək adamları düzgün seçmək qabiliyyəti; və nəhayət, həqiqəti insanlar arasında yaymağa ustalıq tələb olunur”. Qəliz tapşırıqlardır. Bunların öhdəsindən gəlmək üçün hansısa mərhələdə fədakarlıq  qaçılmazdır. Bu suala özümü cavablandırmaqda çətinlik çəkirəm. Amma yenə də düşünürəm ki, hətta fədakarlığa hazır deyilsənsə, gerçəkliyi dolayısı ilə söyləməyin nə qədər üsulu var, onlardan istifadə et. Yetər ki, gözəl söylənmiş olsun.

Bunlar bir az iri suallar və cavablardı. Bəzi digər  xırda-para bəhanələr də var ki, onlar haqqında yazmıram. Adı üstündədir: “bəhanə”. Heç biri aşılmaz divar deyil. Sadəcə, yolu bir az qəlizləşdirən maneələrdir. Yekunda bütün bəhanələri ümumiləşdirib tərəzinin bir gözünə, o biri gözünə isə indi söyləyəcəyim əsl səbəbi qoysaq, ikincisi daha ağır gələcək. Əsas səbəb insanın öz xəyallarına, arzularına qarşı məsuliyyətsizliyidir. Məsuliyyətsizliklərin ən ağır növüdür bu. Məqsədsiz insanları nəzərdə tutmuram. Onlar ayrı kateqoriyadır. Ən dəhşətlisi, insanın özü üçün dəqiq məqsəd qoyması, xəyallarını ona kökləməsi, arzularını bu məqsədə yönləndirməsi, lakin bu məqsəd, bu arzu yolunda yetərincə çalışmamasıdır, başdansovduluq etməsidir. Bu, qarşıya qoyulmuş məqsədə, xəyallara, arzulara qarşı məsuliyyətsizlikdir. Bunu özünə rəva görənlərin cəzası ömürlük çırpıntı, özünə yer tapa bilməmək, ən gözəl anlardan həzz ala bilməmək, öz mənasızlığını quşbaxışı seyr etməkdir. Xroniki hal almış bu məsuliyyətsizlikdən xilas olmadıqca, ən xırda uğur belə əlçatmaz görünür çox vaxt.

Rəşad Səfər

Kultura.az



Kultura.az | Developed by Samir Yahyazade