post-title

Təcrübi bilik


Deyilənə görə Qaliley Piza qülləsindən dəmir kürəcikləri aşağı atmaqla təkcə dindarların deyil, dövrün elm adamlarının da ovqatını korlamışdı. Din adamlarının Qalileyə olan etirazları başa düşüləndir. Elmin inkişafı və elmi dünyagörüşün cəmiyyətə hakim olması sakral sistemlərə böyük təhlükədir. Çünkü düşünən və yaradan beyin qəfəs sevməz quş kimidir. Azad təfəkkür istər ki, bəzən bağçada bir gülün hansı prinsiplərlə işlədiyini aşkarlasın, bəzən də planetlərin hərəkət trayektoriyasını hesablasın. Öyrənməyi sevən biri heç vaxt din kimi statik düşüncə sistemlərində həbs olunmağa razı olmaz. Bəs onda Qalileyin müasiri olan elm adamları niyə ona qarşı çıxırdılar? Cavab çox gözlənilməzdir – çünki Qaliley elmi fikirləri təcrübə ilə sınaqdan keçirirdi. 

Kvant fizikasının görkəmli nümayəndələrindən olan və Nobel mükafatına layiq görülmüş Riçard Feynman deyirdi: “Təcrübədə özünü doğrultmayan nəzəriyyə nə qədər mükəmməl olsa da, səhvdir”. Əslində, Qalileyi müasir fizika və astronomiya elmlərinin banisi saymaq olar. Bu elmlər müasir dövrdə eksperimental elmlər kimi də tanınır. Hazırda sistemli təcrübələrdə sınaqdan keçirilərək təsdiqlənməyən heç bir fikir “elmi fakt” statusuna yüksələ bilməz. Fəqət elmə təcrübə kültürünü gətirən Qaliley elə öz həmkarları tərəfindən də soyuq qarşılanmışdı. 
Qəribəsi budur ki, Qalileyə qədər elm təcrübə kültürü olmadan inkişaf edirdi. Buna görə də “bir çox yaxşı almanın arasına çürükləri də qarışmışdı.” Məsələn Aristotel “Heyvanların Hissələri” əsərinin 3-cü cildində yazırdı ki, “Qadınların kişilərdən daha az dişi var.” Bertran Rassell qeyd edirdi ki, Aristotel 2 dəfə evli olsa da, zəhmət çəkib bu fikrin dəqiqliyini təcrübədən keçirməmişdi. Təəssüf ki, elmdəki bu yanlış ənənə 17-ci əsrə qədər davam etmişdi...

Ancaq müasir elm test edilə bilən hipotezlərlə inkişaf edir. Alimlər müşahidə aparır və müəyyən nəzəri modellər qururlar. Sonra qurduqları modellər əsasında hipotezlər ortaya qoyurlar. Daha sonra bu hipotezlər müxtəlif eksperimentlərlə test edilir və təsdiq olunan hipotezlər elmi dəlil olaraq qəbul olunur. Məsələn, Eynşteyn təməlini qoyduğu Nisbilik nəzərəriyyəsi əsasında, işığın sürətinin (~300 min km/saniyə) kainatda limit sürət olduğunu və heç bir nəsnənin işıqdan daha sürətli hərəkət edə bilməyəcəyi hipotezini irəli sürmüşdü və bu hipotez daha sonra sınaqdan keçirilərək isbat olunmuşdu.

Dəqiq elmlərdəki təcrübə metodologiyaları tədricən digər elmlərə də təsir etməyə başladı. Biologiyadan sosiologiyaya qədər bir çox elmlər hazırda ancaq təcrübi biliklərə önəm verirlər. Meymunlarla bağlı məşhur təcrübə bu baxımdan çox maraqlıdır (düzdür, bu təcrübənin detalları ilə bağlı müəyyən fikir ayrılıqları da var). 

Alimlər 5 meymunu bir qəfəsə qoyurlar. Qəfəsin ortasında bir pilləkən və pilləkənin üstündə bir neçə banan olur. Ancaq meymunlardan biri pilləkənə çıxıb banan yemək istəyəndə alimlər digərlərinin üzərinə soyuq su tökürlər. Bu bir neçə dəfə təkrarlandıqdan sonra pilləkənə çıxmaq istəyən meymunu digərləri pilləkəndən aşağı çəkir və döyməyə başlayırlar. Bir müddətdən sonra qəfəsdəki bütün meymunlar başa düşür ki, pilləkənə çıxmaq digərlərinin soyuq suyla cəzalanmasına səbəb olacaq. Və ən əsası, pilləkənə çıxmaq istəyən yoldaşlarının qəzəbinə tuş gələcək. 

Təcrübənin ikinci hissəsində alimlər qəfəsdəki meymunlardan birini başqa bir meymunla əvəz edirlər. Daha sonra yenidən pilləkənin üzərinə banan qoyulur. Qəfəsin yeni sakini dərhal pilləkənə tərəf yönəlir, amma bananlara toxunmadan digər dörd meymun onu aşağı çəkib döyməyə başlayır. Bu bir neçə dəfə təkrarlanır. Sonda yeni meymun başa düşür ki, pilləkənə çıxmaq olmaz, amma o bunun səbəbini bilmir. Çünki digər dörd meymun imkan vermir ki, alimlər onların üzərinə soyuq su töksünlər. Yeni meymun vaxtındaca cəzalandırılır və ona qəfəsin adət-ənənəsi lazımı səviyyədə başa salınır...

Alimlər tədricən qəfəsdəki meymunları bir-bir yeni meymunlarla əvəz edirlər. Hər yeni meymun acı təcrübədən sonra başa düşür ki, o pilləkən və banan haqda ümumiyyətlə düşünməsə, daha yaxşı olar. Bu prosesin gedişində bir dəfə də olsun meymunlar soyuq su ilə cəzalandırılmırlar. Bu gedişlə qəfəsdəki bütün meymunlar yeniləri ilə əvəz olunur. Və beləliklə yeni beş meymunun heç biri səbəbini bilmədən pilləkənə çıxmaq cəsarətini özündə tapmır...

İnsan cəmiyyətlərində olduğu kimi heyvanlar aləmində də nəsildən-nəsilə adət-ənənələrin ötürülməsi prosesi çox güclüdür. Heyvanlar üzərində aparılan bu təcrübə əslində biz insanların da koru-koruna, səbəbini bilmədən və sorğulamadan qədim adatlərə nəyə görə boyun əydiyimizin mümkün mexanizmini izah edir. 

Hər birimiz azad düşünmə qabiliyyətinə çatana qədər yetişdiyimiz cəmiyyətin adət-ənənələrini cahilcə təqlid edirik. Əslində şübhə duymalı və ya sorğulamalı olduğumuz o qədər şey var ki... Elm buna görə skeptizmi aşılayır. Və təcrübə bizə yaxşı almaları çürüklərdən ayırmaq imkanı verir...

İnsan təkcə adətlərə gözüqapalı bağlanmır, onun daxilində eyni zamanda hakim qüvvəyə tabe olmaq hissi çox qüvvətlidir. Biz bəzən etmək istəmədiyimiz və hətta tamamilə qarşı olduğumuz hərəkətləri belə sırf tabeçilik hissi ilə edə bilərik. İnsan şüurlu olsa da, elə bir o qədər də mütidir...

Yel Universitetinin məşhur psixoloqu Stanley Milgram Nurnberg Müharibə Cinayətləri məhkəmələrini yaxından izləmişdi. Hamı kimi onu da bir sadə sual maraqlandırırdı – sıravi alman hərbiçiləri və mülki şəxsləri necə olmuşdu ki, yəhudilərə qarşı işlənən bu dəhşətli cinayətdə iştirak etmişdilər? Milgram məhkəmənin gedişində maraqlı bir müşahidə etmişdi. İttiham olunanların çoxu etdikləri cinayətləri “tabeçilik” prinsipi ilə etdiklərini deyirdilər. Yəni onlar özlərini təqsirkar bilmirdilər və cinayətdəki iştiraklarını sadəcə əmrə tabe olmaqda görürdülər. Milgramı bir şey maraqlandırırdı- “Həqiqətənmi insan bu cür dəhşətli cinayətləri sadəcə itaətdən irəli gələn məcburiyyət hissi ilə edə bilər?”. 

Bu suallara cavab tapmaq üçün Milgram təcrübə keçirir. O, əvvəlcə keçirəcəyi təcrübəyə bir qrup insanı qeydiyyatdan keçirir. Təcrübə iştirakçıları yaşları 20-50 arasında dəyişən 40 kişidən ibarət olur. Milgram iştirakçıları ayrı vaxtlarda labaratoriyaya dəvət edir. Təcrübədən keçəcək şəxs labaratoriyada təcrübə partnyoru ilə tanış edilir, əslində isə təqdim olunan partnyor Milgramın köməkçisi olur. İştirakçıya bildirilir ki, o, guya təsadüfi lotereya ilə qərarverici statusu qazanıb, onun partnyoru isə qərar subyekti rolunu oynayacaq. Bundan sonra iştirakçı partnyorundan ayrılır və bir otağa aparılır. Otaqda guya partnyorla əlaqə qurmaq üçün radioötürücü qurğu və şok göndərən cihaz olur. Qərarvericiyə deyilir ki, onun partnyoru digər otaqda elektrikli stola otuzdurulub. Qərarvericiyə siyahı təqdim olunur, bu siyahı müxtəlif söz cütlərindən ibarət olur. Qərarverici siyahını başdan sona qədər partnyoruna radio vasitəsi ilə oxumalı və sonra ona təsadüfi olaraq söz cütlərindən bir sözü deməlidir. Onun partnyoru isə öz növbəsində həmin sözün cütlükdəki qarşılığını tapmalıdır. Əgər partnyor səhv edərsə, qərarverici ona elektrik şoku göndərməlidir. Qərarvericilər şokların şiddətini səhvlərin sayından asılı olaraq artırmalı idi. Minimal şok 15 volt, maksimal şok isə 450 volt idi. Qərarvericilərə qeyd olunur ki, praktik olaraq 450 volt onların partnyorunun ölümü ilə nəticələnə bilər. Otaqda qərarverici ilə birlikdə idarəedici də olur və onun vəzifəsi isə əgər qərarverici elektrik şokunu göndərməkdə tərəddüd keçirərsə sözlə onu bu hərəkətə məcbur etmək idi.

Qərarvericilər suallar verməyə başlayırlar. Milgramın köməkçiləri qəsdən səhv cavablar verirlər və otaqdakı idarəedicilər təkidlə iştirakçılara artan şiddətlə şok göndərməli olduqlarını xatırladırlar. Hər dəfə şok göndərəndən sonra qərarvericilər partnyorlarının əzablı səsini və yalvarmalarını eşidirlər... Əslində isə bu səsləri Milgramın köməkçiləri çıxarır, fəqət qərarvericilər səslərin həqiqi olduğunu zənn edirlər.

Təcrübənin nəticəsi çox sarsıdıcı olur. İştirakçıların 65% son mümkün həddə (450 volt) qədər elektrik şokunu şiddətləndirirlər. Yəni bu iştirakçılar hakim qüvvəyə tabe olaraq partnyorlarına ölümcül cəza verirlər. Digər təcrübə iştirakçıları isə 300 volta qədər şok göndərirlər və sonra idarəediciyə qulaq asmadan otağı tərk edərək təcrübədəki iştiraklarına son qoyurlar. Amma qərarvericilər bilirdilər ki, 300 volt onların partnyorlarını şikəst edəcək qədər təhlükəyə məruz qoya bilər.

Milgramın təcrübəsi bizə onu göstərir ki, həqiqətən insan itaət altında ən dəhşətli cinayətləri istəmədən işləyə bilər. Yəni insanda şiddətli gücə müti olmaq və əmrə uyaraq başqa canlılara xətər yetirmək qabiliyyəti var...

Samir Hüseynov

Kultura.az

Yuxarı