post-title

Rüfət Hüseynli: Üzü olmayan müharibə


Svetlana Aleksiyeviçin “Müharibənin qadın üzü olmur”kitabı ədəbiyyat dünyasında kəskin səs saldı. Qadın gözlərindən qadın qəlbinin dərinliklərinə süzülərək zərafətini kirləndirmiş duyğuların həlməşik kimi qatı, irinli, iyrənc kütləsinə çevrilmiş müharibə anlamı qadın zəkasının məhsulunu tam çılpaqlığı ilə əks etdirir. Qadınlar müharibəni belə görürlər. Burada romantizm də var, yelbeyin gənclik çılğınlığı da , qələbəyə tamarzı qəlblərin uşaq sevincini də görmək olar, ciçilik-çilik olmuş insan talelərini də. Möhtəşəm əsərdir. Xanım Aleksiyeviç müharibənin qadın üzü olmur deyir. Əslində müharibənin heç kişi üzü də yoxdur. Və ümumiyyətlə müharibənin canlı üzü yoxdur. Dəhşət saçan ölüm üzü var. Müharibədir bu. Nə qadına aman verir, nə kişiyə, dilsiz ağızsız heyvanlara belə , bitkilərə belə qıyan müharibə. 26 il əvvəlki 26 fevraldakı kimi.

Mina xanımla tanışlığımda həkim həmkarlarımdan birinin rolu olub. İlk baxışda hər zamankı kimi başqa məsləkdaşlarım tərəfindən mənə yönləndirilmiş xəstələrdən biri kimi ilkin müayinə üçün qəbula yazdıq və vaxt yetişdiyində görüşdük. Amma Mina xanıma bütün heyətlə elə ilk gündən vurulduq, bağlandıq. Çünki çox səmimi qadındır. Müdrik qadındır. Mina xanım qədd-qamətlidir. Mən gözlərim önündə bir qəhrəman qadın obrazı canlandırası olsam bu yəqin ki, Mina xanımın obrazı olar. Danışanda şirin Qarabağ ləhcəsini sezməmək mümkün deyil. Söhbətlərinin birində zarafatyana deyir ki, rus dilli gəlinim də başlayıb bizi kimi jjjjjıldamağa. Amma – Bala, mən Xojalıdanam eey-dediyi vaxt
gözlərindəki parıltını da görməzdən gəlmək imkansızdır. Məni isə yerimdə donduran bir başqa mətləb də var idi. Ordan burdan söhbət edə edə birdən Mina xanım sakit dayandı. Nəmli gözləri ilə üzümə baxaraq - Ay oğul, mən Əlifin bajısıyam-dedi. Bəli, həmin o Əlifin. Əlif Hacıyevin. Xocalı aeroportunun əfsanəyə çevrilmiş qəhrəmanının. Və mənim qadın üzü olmayan müharibənin Xocalı adlı səhifəsi ilə tanışlığım başladı. Qadın gözləri ilə görülən, qadın təfəkküründən süzülən Xocalı qətliamı ilə. O danışırdı, ağlayırdı, mən dinləyirdim, kövrəlirdim. O qadın üzü olmayan müharibəni mənə bütün duyğuları ilə çatdırırdı, mən isə ümumiyyətlə üzü olmayan müharibəni yaşayırdım. Elə ilk dəqiqələrdən anlamışdım ki, məndə nəsə fərqli, başqa bir analitik forma yaranır Xocalı faciəsinə. Müharibənin bu günə qədər ağlımdan belə keçməyən tərəflərini göstərirdi mənə Mina xanım. Mən müharibəyə sadəcə iki millətin savaşı kimi baxmamağa başlamışdım. Bu ondan da dəhşətli idi. Bəşərin faciəsi idi bu. İnsanlığın qətliamı idi.

-Meşəyə tərəf qaçırdıq. Qışın günündə ayaq yalın, baş açıq. Kim əlinə nə keçmişdi onu götürüb qaçırdı. Bir baba vardı, körpə nəvəsini daşıya bilmədi, elə meşədəcə buraxıb qaçdı. Sonra uşağı tapmışdılar. -Mənim ailəmdən o qədər şəhid olan ,itkin düşən var ki. Biz necə dözüb bu günə qədər yaşayırıq bilmirəm heç......

-Əlifdən Böyük qardaşım itkin idi. Xəbər gəldi ki, erməniylə ratsiya ilə əlaqə yaradıblar, guya Fizuli tərəfdə təmas xəttindədir. Qardaşımın balasıyla gecəylə getdik Fizuliyə. Bir evə gətirdilər bizi. Ev sahibinə kim olduğumuz deyilmişdi, amma xanımı bilmirdi ha kimik... Elə bircə bildiyi Xocalıdan olduğumuz idi. Artıq ağlaya bilmirdim. Göz yaşım da yox idi, qəlbim də boş idi, a bala. Bu evin xanımı qayıdıb mənə dedi ki, bəs Xocalıda dağ kimi Əlif getdi. Hə- dedim durdum. Demədim Əlifin bacısıyam. Bu vaxt ev sahibi qayıdasan arvadına ki, ay sənin başın batmasın, bəs elə Əlifin bacısıdır e bu. Bunu demişdi ki, arvad qalx yerindən atıl üstümə, üzümü- gözümü cır ki, ay başı batmış, bə Əlif kimi qardaş itirib nə sakit oturmusan, niyə ağlayıb şivən eləmirsən. Dedim, sən Allahın uzaq ol məndən. Ağlaya bilmirəm. Yalandan necə ağlayım. Bilirsən də, bizim Qarabağ tərəflərdə arvad xaylağları yas-müsibət düşəndə üz-gözlərini cırırlar axı. Amma inan Əlif artıq əlimizdən getmişdimi deyən, yoxsa mən artıq keyləşmişdim, barışmışdım, bilmirəm o itkin düşən böyük qardaşımı daha çox dil deyib ağlayırdım. O bizə ata kimi olmuşdu. Dağ çəkdi mənə.....

-Qardaşım da atam da itkin idi. Dedilər qardaşını tapmışıq, ermənidə əsirdir. Erməni tapsanız dəyişərik.(İnsanların bir əşya kimi tədavül vasitəsidir müharibə.R.H.) İndi yadımda deyil, deyəsən Gəncə tərəflərdən bir erməni tapdılar. Dedilər bununla dəyişə bilərik. Gətirdilər bunu, a bala, fağır yetimin biri idi. Qorxurdu. Mən o dəyişilmə vaxtına qədər ona elə baxırdım ki, Tənək dolmasına qədər bişirib yedirirdim. Qardaşım arvadı arada dözə bilmirdi, qışqırıb vurmaq istəyirdi bunu. Deyirdim, qadan alım, eləmə. Bəlkə bir insaflısı da o tərəfdə qardaşıma belə baxar......Amma qardaşımdan gələn xəbərlər hamısı yalan çıxdı.Tapılmadı ki,tapılmadı...........O mənə dağ çəkdi......

- Bir gün dedilər ki, atanı tapmışıq. Onu atamla dəyişdik.......
Bir gün Mina xanıma heç vaxt ağlıma gəlməyən, bəlkə də oraya qədər fikirləşməyimə çəkilmiş səddlərin söhbətlərimizdən sonra artıq qalxması səbəbindən belə bir sual verdim.
-Ay Mina xanım, bəs bir şey də deyin də mənə. Axı sirr deyil ki, xeyli qarışıq ailələr var idi. Bu münaqişə başlayandan sonra da çoxunun xanımları elə onlarla da qalmışdı. Yəni dediyim odur ki, fevralın 26 da erməni əsilli vətəndaşlarımız da vardı axı Xocalıda. Bəs onlar necə oldular. Heç onlardan ölən olmadı?
-A bala, niyə olmadı ki, bəziləri çıxıb getmişdilər.Aralarında çox vicdansız olanları da oldu. Çörəyimizi yeyib nankor çıxanları. Amma, vallah, elə yaxşı ,insan olanları da vardı ki. Əlbəttə onlardan da dağgda daşda qalan oldu. Məhv oldular. Müharibəni onlar başlamamışdı ki......

Fikirləşirəm, bu faciəyə bu yöndən niyə yanaşmamışıq bu çağa qədər? Əslində məsələnin bütün dünya ictimaiyyətinə bu şəkildə şatdırılması göstərər ki, biz Xocalıda günahsız qətlə yetirilmiş hər bir insanın haqqına ədalət tələb edirik. Orada ölən Azərbaycan vətəndaşlarınin milli və etnik kimliyi bizlər üçün fərq etməz. Onlar Azərbaycan vətəndaşları idilər. Onlar insan ididlər.

-Ehhh, a bala o qarışıq ailələrdən elə dəhşətli tale yaşayanlar oldu ki. Faciədən əvvəl artıq qaçıb Azərbaycandan gedən bir qadın vardı. Sonradan uşaqları ilə əlaqə saxlamağa nə qədər çalışmışdısa da uşaqlar qəbul eləməmişdilər. Demişdilər sizinkilərin əlləri bizim qanımıza bulaşıb. Sən bizim anamız deyilsən. Çox sonra eşitdik ki, arvad zəhər içib öldürüb özünü. Baxma, anadır eee, dözməyib balalarının həsrətinə. Bir başqa ailədə qız elə öz camaatımızın tənələrinə dözəmmədi, asdı özünü......
Mina xanım bunları danışanda hər bir ölümə acıyırdı. Əlif qəddi əyilmiş bir qadın düşmən görmürdü bu ölümlərdə. Onun yanaşması bəsit idi, amma doğru olan idi. Onun üçün düşmən öldürənlər idi. O bütün məhv olmuş insan talelərinə ağlamağı bacarırdı. Mən də bunu ondan öyrəndim.

Epiloq

Gürcü kinomatoqrafının belə bir filmi var.”Naringilər”adlanır. Gürcü abxaz konfliktindən bəhs edən bu film müharibəni tam başqa bir rakursdan tamaşaçıya təqdim edir. Çox güclü bir filmdir. Həm aktyor oyunu, həm ssenari bəsit müharibə filmlərindən çox-çox fərqlidir. Mənim üçün müharibəyə müharibənin fövqündən baxmağı bacaranların əsəridir bu. Yəni insanları sevən insanların .Hər qırılan, param parça olan insan taleyinə acımağı bacaranların, hər insan uğuruna sevinənlərin. Mina xanım kimilərin. 

Kim ki, insani sevər, aşiqi-hürriyyət olur,
Bəli hürriyyət olan yerdə də insanlıq olur. (M.Ə.Sabir)

Rüfət Hüseyni

Yuxarı