Babək Abbaszadə: Qaçış

Литература

Hekayə

Bu hekayə indiyə qədər bütün müharibələrdə özü istəmədən, məcburi döyüşməyə aparılıb orda həlak olanların və bir də döyüş zonasından vaxtında qaça bilməyən bütün digər heyvanların xatirəsinə həsr olunur.

Onun şəhərdə yaşayanlara paxıllığı tuturdu. Özü şəhərətrafı qəsəbədə yaşayırdı deyə, şəhərin mərkəzində qalanlara həsəd aparırdı. Başa düşə bilmirdi ki, xeyir ola, o, həmişə işdən və ya dərsdən çıxanda, 1 saat basabasda ayaqüstə, metro və avtobusları dəyişə-dəyişə yol getməlidir, amma bəzi adamlar işdən çıxıb gəzə-gəzə piyada 10 dəqiqəyə evə çatmalıdırlar. Həyatda çox ədalətsizliklər görsə də, onu ən çox qıcıqlandıran bu idi. Həm də söhbət təkcə məsafədən və vaxt itkisindən getmirdi axı. Qəsəbə həyatının bozluğu, yeknəsəkliyi onu bezdirirdi. Sovetlər dönəmində tikilmiş köhnə, boz, balaca binalarla gecəqonduların, dönərxanalarla üstünə reklam kağızları yapışdırılmış mini marketlərin qarışığından ibarət olan qəsəbə, sosializmin və kapitalizmin bütün qeyri-estetik tərəflərini özündə cəmləmişdi. Keçmişdən qalan yarı uçulu zavodlar, indi mövcud olmayan dövlət idarələri, keçmişdən qalan maqazin butkaları ona həyatın faniliyi duyğusunu aşılayırdı. Şəhər adamlarına həsəd apardığı qədər də qəsəbə adamlarına yazığı gəlirdi. Yenə o gündə bir neçə saatlığına da olsa qəsəbədən çıxır, bu mənasız qarmaşadan bir neçə saatlığına uzaqlaşırdı. Həm də ki, o, burda müvəqqəti idi. O birilər kimi tale onu bu qəsəbəyə təhkim eləməmişdi. Yeganə təsəllisi də bu idi. Xüsusən, işi elə qəsəbədə olan, bütün günü, bütün ömrü qəsəbədə keçən, bərbərlərə, kafelərdə işləyən ofisiantlara baxanda lap ürəyi sıxılırdı. Həftənin 7 günü, günün az qala 24 saatı nə vaxt qəsəbəyə girsən və ya çıxsan, onların həmişə eyni yerdə eyni işlə məşğul olduqlarını, eyni söhbətləri təkrar-təkrar danışıb güldüklərini görəndə özünə söz verirdi ki, bir az əlinə pul düşsə, bir də oralara ayağını basmayacaq.

Universitetdən sonra hərbi xidmətə cəbhə bölgəsinə düşdüyünü öyrənəndə təəccüblənmədi. Cəbhədə hərbi xidmətlə arxa cəbhədə hərbi xidmətin fərqləri haqda heç bir təsəvvürü olmadığına görə nə sevindi, nə də kədərləndi. Hərbiyə yola düşmə günü yaxınlaşdıqca qəsəbə həyatı ona qəribə bir şəkildə maraqlı gəlməyə başlamışdı. Qəsəbə sakinləri bütün günü kafelərdə çay və ya pivə içir, nərd, damino oynayırdılar. Onlar ucadan söhbət eləyir, deyir-gülür, arada daminoya görə həvəslə mübahisə edirdilər. Ona elə gəlirdi ki,  qəsəbə sakinləri, sanki, əbədiyyətə qədər çay içə-içə damino oynayacaqlar. Qəribəsi isə budur ki, əvvəllər bu səhnələri görməkdən bezsə də, indi onlara paxıllığı tuturdu. Onları heç kim, heç hara getməyə məcbur eləmirdi. Onlar heç hara hazırlaşmırdılar. Onlar heç kimdən ayrılmaq məcburiyyətində deyildilər. Onlar istəsələr doğrudan da əbədiyyətə qədər çay içə-içə damino oynaya bilərdilər. Yola düşmə günü saçını qırxdırandan sonra, qəsəbədə o baş bu başa vurnuxur, nəyin dalınca getdiyini özü də bilmirdi.

Cəbhəyə yaxın rayonların birində qatardan düşüb hərbi hissələrdən birinin həyətində toplaşdılar. Qeydiyyat, tibbi-müayinə və bu kimi rəsmi prosedurlar saatlarla uzansa da, həmişəkinin əksinə olaraq bundan qətiyyən bezmirdi. Hətta belə mənasız proseslər xoşuna gəlməyə başlamışdı. Artıq, günorta idi. Gün zenitə qalxıb düz-dünyanı yandırırdı. Başlarını gündən qorumaq üçün möhkəm bükən kəndlilər, günün istisində, tozun torpağın içində ətrafdakı tarlalarda ağır fiziki işlərlə məşğul olur, arada başlarını qaldırıb bu maraqlı tamaşaya baxırdılar. Təzə gələn əsgərlərin qeydiyyatına. Belə günlər, bəlkə də, onların sönük əyalət həyatında ən maraqlı günlərdən idi. Günün altında açıq havada tarlada işləməyin necə bir cəhənnəm əzabı olduğunu da, əyalət həyatının miskin durğunluğunu da yaxşı bildiyinə görə onun kəndlilərə yazığı gəldi. Yenə o birtəhər bir ili yola verib rədd olub qayıdacaq şəhərə. Onlar isə əbədi olaraq lənətlənmişdilər.

Hərbi həyata, insanoğlunun bu təhqiramiz kəşfinə, bu ən təhlükəli əyləncəsinə gözlədiyindən tez öyrəşdi. İlk başlarda elə də çətin bir şey yox idi. Bir az yuxudan tez durursan, bir də çay içə bilmirsən. Vəssalam, başqa elə də ciddi bir dəyişiklik yox idi. Qalanı baş qatmaq üçün düşünülmüş oyunlar idi. Ona elə gəlirdi ki, sıra ilə addımlamağı öyrənmək, silahları söküb-yığmaq, bütün bunlar əsgərlərin boş vaxtlarında darıxmamaqları üçün təşkil olunmuşdu. Hər şey beləcə davam eləyirdi. 

İlk dəfə gecə saat ikidə sürüyüb yuxudan qaldırana kimi – “dur, patrulsan”. Həmin gecə ona elə gəldi ki, onunla zarafat eləyirlər. Silahı əlinə verib, aparıb qaranlıqda bir küncə qoydular ki, dur burda, gəlib 2 saat sonra aparacağıq. Təslim olmaqdan başqa çıxış yolu yox idi, oldu da, əlini qolunu sallayıb 2 saat qaranlıqda o baş bu başa süləndi. Patruldan başqa hər şeyə öyrəşdi, patrula isə, əksinə, get-gedə daha çox nifrət eləyirdi. 

Bir-birinin təkrarı olan mənasız günlər mənasız şəkildə təkrarlanırdılar. Həyatında olan ən böyük dəyişiklik gecələr “xozvod naryadı”, yoxsa patrul çıxmağı idi. Gecələr patrul çıxır, gündüzlər səhər və günorta yeməyindən sonra vaxt öldürmək üçün harda gəldi, üstünə uzanmağa yarım metr quru yer yer tapan kimi döşənib yatışırdılar. Yağışlı əyalət payızı uzandıqca uzanırdı. Həyatında gördüyü ən uzun payız idi bu. Hərdən ona elə gəlirdi ki, bir də heç vaxt qış gəlməyəcək, bir də qışı yazı, yayı heç vaxt görməyəcək. Sanki, sonuncu yaydan bəri illər keçmişdi. Artıq hamı ilə birtəhər dil tapırdı, bir zabitdən başqa. Zövqdən və intellektdən məhrum, bu əmrə tabe ət parçası ilə heç vaxt yola getmirdi. İkisi də qarşılıqlı şəkildə, səmimi qəlbdən bir-birinə nifrət edirdilər.

Əyalətin daha bir mənasız, soyuq və uzun payız gecələrindən biri idi, yenə patrul çıxmışdı. Patrulun bitməyinə hələ yarım saatdan çox vaxt var idi. Maşın parkının kənarına atılmış və soyuyub buza dönmüş təkər cırığının üstündə oturub bir siqaret alışdırıb xəyallara daldı. Mülki həyatda xəyyalları nə qədər böyük və parlaq olsa da, burda ən böyük arzusu yemək, yatmaq, istədiyi qədər isti hamamda çimmək kimi sadə şeylərdən o tərəfə keçə bilmirdi.

Vaxt getmirdi. Ayağının ucu soyuqdan keyimişdi. Xozvoda naryad çıxmadığına görə özünü qınadı. İndi isti yerdə oturub, qaynar “moloko” içə-içə aşpaz və digər naryadla ordan burdan söhbətləşirdilər. Fikirləşdi ki, əgər, hərbi hissə komandiri olsa, əmr eləyərdi ki, gecələr hər patrula 1 stəkan qaynar moloko verilsin. Nə çətin, nə də bahalı bir şey deyildi. Sadəcə, hər şeyin, bütün mənasız qayda-qanunların mənasız şəkildə daşlaşıb bərkidiyi hərbidə balaca bir dəyişiklik eləmək üçün yəqin ki, bir neçə il vuruşmaq lazım idi.

Bacasından gecə olduğuna görə zəif tüstü çıxan xudmani kənd evlərinə baxıb siqaretini sümürürdü. Birdən ona elə gəldi ki, sanki, oturub nağıllar aləminə tamaşa edir. Nağıllar aləmi ilə onu cəmisi 100-150 metr ayırsa da, nəinki ora getmək, durduğu yerdən 20 metr uzaqlaşmaq belə qadağan idi. İlk dəfə idi ki, kənd həyatının bu qədər gözəl, bu qədər sadə və möhtəşəm olduğunun fərqinə varırdı. İndi orda, bu nağılvari evlərdə, kəndlilər isti peçin qırağında, taxtın üstündə, ağ, təmiz və qalın yun döşəklərdə şirin-şirin yatışırdılar. Hələ bu harasıdır, onlar istəsələr, istədikləri vaxt, lap elə indi durub mürəbbə ilə qaynar çay içə bilərdilər. İlk dəfə idi ki, kəndlilərə paxıllığı tuturdu.

Elə bu vaxt qaranlıqda arxadan gələn şıqqıltıya diksindi. Maşın parkının ətrafına çəkilmiş tikanlı məftillərə keçirilmiş boş konserv qutularının şıqqıltısı idi. Taborun digər itlərindən həmişə aralı gəzən tənbəl və avara bir it fikirli-fikirli harasa gedirdi. Onun itə yazığı gəldi. Bax o yarım saat sonra gedib isti kazarmada yatacaq, səhər duran kimi yaxşı pis hazır nəsə yeyəcək, qaynar moloko içəcək. Bəs o it? Nə yatmağa isti bir yeri var idi, nə də hazır yeməyə bir şeyi. Bu vaxt “qabaq”dan atışma səsləri gəldi. Təzə gələndə hər dəfə həyəcanlansa da, artıq, öyrəşmişdi. Heç vecinə də deyildi. Nə qədər istəyirlər atışsınlar. Uzağı kimsə yaralanacaq, lap uzağı kimsə öləcək. Bütün bunlardan ona nə? Heç nə. Əsas odur ki, artıq, bölünüb və “ştatka” ilə bir az arxaya düşüb. Deməli, heç bir atışmanın ona heç bir dəxli yoxdur. Əgər sabah ondan soruşsalar, gecə atışma səsi eşidib ya yox, cavab verə bilməz. Kimdi axı hər belə xırda detalı yadında saxlayan.

Adətən, belə atışmalar 2-3 dəqiqə sonra kəssə də, bu dəfə kəsmədi. Hətta əksinə, get-gedə güclənirdi. Bu dəfə indiyə qədər eşitmədiyi silah səsləri eşitməyə başladı, həm də daha qorxunc silah səsləri. Elə bu vaxt rabitə növbətçisi qaça-qaça ştaba tərəf getdi. Bölük komandirinin cır səsi bütün qərargahı bürüdü. HƏYACAN!!! Bütün bölüyü tez geyindirib, silahlandırıb, maşına doldurdular. Onu da. Xozvod naryadı çıxmadığına görə yenə özünü söydü. Maşın qərargahdan çıxanda bayaqdan bəri ağızlarını açıb tamaşa eləyən xozvodun əsgərləri tənbəl-tənbəl xozvodun arxasına siqaret çəkməyə getdilər. 

Onlar cəbhəyə tərəf getdikcə bütün itlər, çaqqallar əks istiqamətdə qaçmağa başlamışdılar. Milyard illərlə təkamül edib inkşaf etmiş, bütün canlı aləmin var oluş səbəbi, yaşamın ilk qanunu işə düşmüşdü – gördün ölüm təhlükəsi var, ordan qaç. İndi bütün varlıqlar bu qanuna tabe olub ordan qaçırdılar, insanlardan başqa. Öləcəyini bilə-bilə ölümə gedən yeganə canlı varlıqlar olan insanlardan. İndi ayağı olan hər şəy ordan qaçıb uzaqlaşırdı hətta həşəratlar da. 

Bədəninə qorxu, həyəcan, kədər və peşmançılıq, aclıq, yorğunluq və yuxusuzluğun qarışığından ibarət iyrənc bir hiss dolmuşdu. İndi o hara gedirdi, niyə gedirdi bilmirdi, bilmək də istəmirdi. Bilmək istədiyi bircə şey var idi, bir də xozvoda qayıdıb qaynar moloko içə biləcək ya yox. Maşın getdikcə onun açıq arxasından gözünü zilləyib qərargaha baxırdı. Qərargahdan uzaqlaşdıqca orda keçirdiyi bütün dəqiqələr, hətta patrul xidməti də ona şirin bir xatirə kimi gəlirdi. Xozvodun isti və doğma peçnoy tüstüsü get-gedə ondan uzaqlaşır, soyuyur və yadlaşırdı. Bayaq gördüyü tənha, tənbəl və avara it qaça-qaça onların yanından keçib əks istiqamətdə kəndə tərəf gedirdi. Onun itə paxıllığı tutdu. İndi it istədiyi istiqamətdə istədiyi qədər qaça bilərdi. Nə onu qalıb döyüşməyə tutub məcbur eləyən var idi, nə qaçdığına görə mühakimə eləyən, nə də qınayan. O azad idi. Yetər ki, bir parça sümük olsun, bir az da su. Hə, bir də sümüyü gəmirib suyu içəndən sonra Günəşin altında uzanıb xumarlanmağa bir az quru torpaq.

Kultura.az | Developed by Samir Yahyazade