post-title

Elkin Xəlilov: Bizim vəbamız


"İnsan yalnız söylədiklərindən deyil, susduqlarından sorumludur"
Əziz Nesin 

Bu yaxınlarda dostumun ofisinə getmişdim. Biz söhbətləşdiyimiz vaxt içəri bir nəfər daxil oldu. Simasından bərk əsəbiləşdiyi hiss olunurdu. Sonra bildim ki, hirsli şəxs dostumun işlərini gördüyü şirkətin əməkdaşıdır. Avtobuslarda reklam işinə baxan şirkətdə işləyir. Dünən marşrut avtobuslarının birində reklam göstərən monitorun yaddaş kartını oğurlayıblar. Videogörüntülərə baxanda bunu edənin 14-15 yaşlı bir yeniyetmə olduğu məlum olub. 
Məsələnin kulminasiya nöqtəsi isə başqadır. Yeniyetmə bu oğurluq hadisəsini valideynin yanında edir. Valideyn isə heç nə olmamış kimi özünü görməzliyə vurur. 
Bu mənim son 3 ayda qarşılaşdığım ikinci belə bir hadisə idi. 
Qış endirimlərindən yararlanmaq məqsədi ilə alış-veriş etməyə getmişdim. Bir şalvar bəyənib içəri keçib geyinmək istədim. Amma ayağımı üstünə qoyacaq bir şey tapmadım. Satıcını çağırıb mənə bir başmaq verməsini xahiş etdim. Satıcı isə sellofan paket verib, məndən ayağımı bunu üstünə qoymağımı xahiş etdi. Qəribə halda üzünə baxdığımı gördükdə, sıxıla-sıxıla hadisəyə görə üzr istədi. 
Mənə dedi ki, bununla artıq üçüncü “şəpit”dir buradan oğurlanır. Artıq “şəpit” almaqdan bezib. Bilmir də bunu edən kimlərdir. Amma tezliklə problemin həll ediləcəyini, mağazaya təhlükəsizlik kamerası quraşdıracağını söylədi. 
Daha mən də əlavə sual vermədim. Paltarı alıb mağazadan çıxdım. 
***
Gecikmiş əsərlərdən növbətisi olan Dovlatovun "Çamadan" romanını oxuyuram. "Alatoran" yayınları tərəfindən nəşr edilib. 
Kitabda maraqlı bir hissə var. 
Tarixçi Karamzin Fransada olanda rus emiqrantlar ondan soruşurlar ki, vətəndə nə baş verir? Karamzin isə cavab verir ki, oğurlayırlar. İldən-ilə bu, daha da sürətlənir. 
Daha sonra Dovlatov özü qeyd edir; hər şeyi aparırlar - kafel, gips, elektrik boruları, şurupları, sapları, şüşələri. 
Hətta bir dəfə zavoddan içi məhlulla dolu olan vedrəni oğurlayan tanışından danışır. Yazır ki, tanışı məhlul dolu vedrəni oğurlayıb evinə aparmaq istəyirmiş. Lakin məhlul yolda sementləşir və oğurladığı vedrəni evlərinə çatmamış atmalı olur. 
"Çamadan" romanı Dovlatovun avtobioqrafik əsəri hesab olunur. Öz xatirələrindən yazır. Həmçinin bəh-bəhlə təriflənən SSRİ-də əslində nələrin baş verdiyini qeyd edir. 
Gücü-imkanı çatan ən yuxarı səviyyədə edir bu oğurluğu. Digərləri isə gücü çatacaq qədər. 
Dovlatov bu əsəri təxminən 40-50 il bundan öncə qələmə alıb. Amma kitabı vərəqlədikcə sanki bizim bu günümüz, sabahımız üçün yazıldığı məlum olur. 
Aşağı-yuxarı eyni situasiyanı yaşayırıq. Məsələn, yuxarıdakılar bizim səsimizi, təhsilimizi, səhiyyəmizi, pulumuzu, ümidimizi, hisslərimizi, işimizi, ömrümüzü oğurlayır. Sözün həqiqi mənasında oğurlayırlar. 
Hələ oğurladıqları azmış kimi, bunu da təbliğ edirlər. 
Televizoru açırsan ki, hansısa bir oğrunu uğurlu adam kimi cəmiyyətə sırıyırlar. Müdrikcəsinə insanlara məsləhət verir, yol göstərir. Radionu dinləyirsən, orada da eyni vəziyyət. Xəbər saytına girirsən, başda bir oğrunun fotosu və müsahibəsi tirajlanır. 
Sanki israrla demək istəyirlər ki, bizdən qaçış yoxdur. Hara getsən bizi görəcəksən, oxuyacaqsan, dinləyəcəksən. 
Bu, bir növ vəba dövrünü xatırladır. Virusa yoluxmamaq mümkünsüz hala gəlib çıxıb. 
***
Dünən qarşıma belə bir xəbər çıxdı. İki nəfər avtobusa daxil olur. Hamının gözü önündə avtobusun qəza çıxışı üçün nəzərdə tutulmuş çəkici oğurlayırlar. 
Heç kim də bir kəlmə söz demir. Sanki bu belə olmalıdır. Nəzərə alsaq ki, bu çəkicin qiyməti baha deyil, məişətdə istifadəyə də yaramır, satışı isə demək olar mümkün deyil. O zaman bu çəkici günün günorta çağı, kameraların önündə, hamının gözü qarşısında oğrulamağın adı nədir? 
Mən nə qədər çalışsam da buna epidemiyadan başqa bir ad tapa bilmədim. Bəli, epidemiya. Virus insanlar arasında sürətlə yayılmaqdadır. Fərq etmir, oğurladıqları işə yarayacaq, ya yox. Amma oğurlamaq istəyirlər. Təbliğat maşını işini görüb. Vəziyyət o qədər bərbad haldadır ki, indi oğurlamayana pis baxırlar. Fərsiz, işə yaramayan, bacarığı olmayan şəxs kimi. 
Amma bunun da bir sonu olmalıdır. Nə qədər oğurlamaq olar? Bu oğurlanan şeylərin yeri dolmur axı. İstənilən virusla mübarizə aparmayanda, sonda virus qalib gəlir. Oğurluq epidemiyası da geniş vüsət alıb. Mübarizəsi isə mümkünsüz hala çatıb. Bir gün ayılacağıq ki, daha oğurlamağa bir şey qalmayıb. Necə SSRİ-də qalmamışdısa...

Kultura.az
Yuxarı