İki sistemin fərqi

Публицистика

Avtoritar, repressiv rejimlər üçün camaatı qorxu altında saxlamaq çox önəmlidir. Bu rejimlərdə qadağan olunanlar kateqoriyasında ilk növbədə satiranın gəlməsi həmin qorxunu qorumaq üçündür. Sən hakimiyyətdən qorxa bilərsən, ancaq ona gülə bilməzsən. Satira belə sistemlərin dibini qazır, divarını sarsıdır. Hazırda bunun tipik örnəyi şimal qonşumuz Rusiyada yaşanmaqdadır. Orada şotland rejissor Armando İanuççinin “Stalinin ölümü” filmi rəsmi şəkildə, Mədəniyyət Nazirliyinin göstərişi ilə qadağan olunub. Halbuki, Rusiya konstitusiyasına görə, senzura qadağandır. Sözgəlişi, ekzotik biliklərimiz artsın deyə yazım ki, belə maddə bizim konstitusiyada da vardır. Orada belə məzəli söhbətlər çoxdur, vaxtınız olanda tapın oxuyun. Mən özüm tez-tez ana qanunumuzu oxuyub sevinirəm, gülürəm, dombalaq aşıram.

Qayıdaq İanuççinin filminə. Bu filmin başına gələnlər avtoritar və demokratik rejimləri müqayisə üçün də unikal fürsət yaradır. Söhbət ondadır ki, bu, İanuççinin siyasi satira janrında ilk filmi deyil. O, 2009-cu ildə Böyük Britaniya siyasi sistemini, baş nazirin aparatını lağa qoyan “İlgəkdə” filmini çəkib. Filmdə Britaniyanı idarə edənlər bir sürü söyüşcül axmaq kimi təsvir olunub. Ancaq İanuççi-nin 2012-ci ildə çəkməyə başladığı, artıq 6 mövsümdür davam edən “Vitseprezident” serialının yanında o film toya getməlidir. İanuççi “Vitseprezident” teleserialında Amerika Birləşmiş Ştatlarında vitseprezident işləyən qadının həyatını, onun aparatını, ümumiyyətlə Amerikanı idarə edənləri sözün əsl mənasında barmağına (bu halda “kamerasına” deyə bilərik) dolayıbdır.

İndi gəlin görək bu filmlərə görə İanuççinin başı ağrıyıbmı? Filmləri senzuraya uğrayıbmı, nümayiş olunduğu kinoteatrlara basqınlar yapılıbmı? Bəlkə onu tutub türməyə salıblar? Uşaqlarını məktəbdən qovublar? Qohumları imtina ərizəsi yazıbdır? Əksinə! 2012-ci ildə film sənəti sahəsində əməyinə görə Britaniya hakimiyyəti İanuççini Britaniya İmperiya Ordeni ödülünə layiq görüb! İanuççinin ABŞ və Britaniyada çoxlu başqa ödülləri də vardır, bir neçə universitetin fəxri professorudur.

Bax azadlıq və demokratiyanın gücü, gözəlliyi budur. Demokratik Qərbdə satiradan qorxmurlar, bunu ictimai diskussiyanın zəruri tərkib hissəsi olaraq qəbul edirlər. Rusiya və onun ətrafında dolaşan avtoritar sistemlər üçünsə satira öldürücüdür. Nəticədə problemlər gizlədilir, üst-üstə yığılır və sistem çökür. Sovet hakimiyyəti vaxtı məhşur lətifə var idi: “Bir amerikalı və sovet adamı mübahisə edirlər. Amerikalı deyir sizdə azadlıq yoxdur, məsələn, mən istəsəm Ağ Evin qabağında prezident Reyqanı söyə bilərəm. Sovet adamı etiraz edir ki, yox, bizdə də azadlıq var, məsələn, mən də Kremlin qabağında Reyqanı söyərəm”. Sözgəlişi, bu lətifəni Reyqan çox sevirmiş. İndi o palçıq ayaqlı div - SSRİ hanı? Qorxu, qadağanlar ilə zor-bəla saxladıqları sistem hara getdi?

Burada Armando İanuççinin özündən bir sitatın da yeri gəlmişdir: “Britaniya tarixi boyunca inqilablar və gilyotindən komediyaçılara hörməti sayəsində qurtulubdur”. Doğrudan da məşhur incə yumoru ilə fərqlənən ingilis cəmiyyətində söz azadlığına tarixən yaxşı münasibət olmuşdur. Yadıma düşənlərdən Volterin Fransadan həbsdən sonra İngiltərəyə 3 il sığınmasını misal çəkə bilərəm. Yaxud, Conatan Svift fenomeni. Məncə, bugünkü Britaniya cəmiyyəti həm də Sviftin 300 il qabaq vurduğu peyvənd “iynələri” və bədii “antibiotiklər” hesabına sağlamdır. 20-ci əsrin ortalarındakı “Monti Payton” satira qrupunun yaradıcılığı isə sözlə təsvirə gəlmir, gərək ona mütləq baxasan.

Bizdə də bu aralar Stalin temasında yumoristik film çəkiblər. İanuççiyə göstərsən intiharı qaçılmazdır. Filmdə yetim Aran rayonlarımızın ləhcəsinə lağ edilir və vaxtı keçmiş məhsulları baha qiymətə millətə sırıyan dükanlar şəbəkəsi reklam edilir. Bu da bizim dünya mədəniyyətinə töhfəmizdir. Necə deyərlər, kasıbın olanından...

Zamin Hacı

Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade