Seymur Baycan - Baş

Сеймур БАЙДЖАН

Bir neçə dost-tanışın elə bil bəndənizlə qəsdi-qərəzi var. Harda qan qaraldan, adamı əsəbləşdirən, cinləndirən xəbər, müsahibə, münasibət görsələr, götürüb atırlar poçtuma. Bu azmış kimi göndərdiklərinə hələ bir şərh də yazırlar; bəy, sənlikdi; bəy, təzədən başla; bəy, buna bax və sairə və ilaxır. 

Tərslikdən həmin gün bir neçə dəfə görəsən insan acgözlüyünün, abırsızlığının, həyasızlığının sərhədi varmı sualları ətrafında düşüncələrə qərq olmuşdum. Axşam poçtumu açdıqda yuxarıda bəhs etdiyim dostlardan birinin sayəsində belə qanqaraldan, adam əsəbləşdirən, cinləndirən  xəbərlə tanış oldum:  Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib. Toplantıda bir sıra məsələlərlə yanaşı, Dövlət Mükafatına təqdim ediləcək əsər müzakirə edilib.

Xalq yazıçısı Elçinin “Baş” romanının 2018-ci il Dövlət Mükafatı Komissiyasına təqdim edilməsi təklif edilib, məsələ səsə qoyulub və qərar qəbul olunub.  

Çoxdanın söhbətidir. Bir yay gecəsi telefonuma zəng gəldi. Gənc dostlardan biri idi. Dedi ki, polis bölməsindəyəm, xahiş edirəm, gəl bura. Taksiyə oturub getdim polis bölməsinə. Bölmə əcaib bir yerdə yerləşmişdi. Tanımayan adam yanından yüz dəfə o tərəfə bu tərəfə keçsə, əsla ağlına gəlməz ki, belə bir yerdə polis bölməsi yerləşə bilər. Girdim bölməyə. Nəyə görə gəldiyimi bildirdim. Məni bir otağa apardılar. Otaqda üç adam vardı. Bir xanım, bir polis leytenantı, bir də bizim gənc qəhrəmanımız. Polis leytenantından nə baş verdiyini soruşdum. Başıyla gənc qəhrəmanımızı göstərib dedi: “Özündən soruş”. Üzümü gənc qəhrəmanımıza tutub sual verdim: "Nə olub?". O da günahkarcasına, guya xəcalət çəkirmiş kimi başın aşağı saldı. Bu zaman xanım oturduğu stoldan ayağa qalxıb qışqırdı: "Əşi, nə olacaq, dədə-babadan görmüşük qəhbəni aparıb s…b, pulun verib yola salarlar...”. Xanımın səsindən hiss etdim ki, nəsə vəziyyət sadə deyil, çox qarışıqdı.  Demə, bizim gənc qəhrəmanımızın əlinə bir az pul keçib. Əylənmək istəyib. Gedib gecə klubuna. Klubda  bir neçə içkini qarışdırıb. Bu xanımla rastlaşıb. Danışıblar, razılaşıblar,  gediblər harasa bir başqa məkana. Orda məlum olub ki, bu xanım trans imiş. Gənc qəhrəmanımız əlaqəyə girməkdən imtina edib. Xanım isə deyib ki, mənə dəxli yoxdu, məni bura gətirmisənsə, pulumu verməlisən. Vaxt itirmişəm. Mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Bir-birlərinə yumruq atıblar. Səs-küy qalxıb. Nəticədə düşüblər polis bölməsinə. Mənə belə danışdılar. Əhvalat əslində necə olub bilmirəm.

Nəsə çox qarışıq məsələ idi. Gənc dostumuz düşünüb ki, kiməsə zəng etməlidi. Aydın məsələdi ki, qohum-əqrəbadan heç kimə zəng edə bilməz. Kimə, kimə? Əlbəttə ki, bədbəxt, üzüyola Seymura. Heç nə, qələt elədik azadlıq-zad haqqında bir-iki yazı yazdıq. O vaxt gənclərdən kimin nə qələt işi vardı, kömək üçün üstümə gəlirdi. Kim nə axmaq vəziyyətə düşürdüsə, məsləhət istəyirdi. 

Başqa bir gənc dostumuz isə sevgilisi ilə dözməmiş toydan əvvəl məsələni həll etmişdi. Toy gecəsi bir də gördüm telefonuma təzə bəydən zəng gəldi. Dedim görəsən toydan sonra nə pis hadisə baş verib ki, bu adam götürüb mənə zəng edib. Axı toyda hər şey qaydasında idi. Dava salan, qatıqlayan olmamışdı. Biz, yəni bir neçə dost-tanış zalı tərk etdikdə toy da artlq yekunlaşmaqda idi. Bəlkə toydan sonra pulu bölə bilməyiblər, qız evi ilə oğlan evi arasında dava düşüb? Bəlkə şadlıq evinə borclu qalıblar və şadlıq evinin rəhbərliyi onları girov götürüblər? İndi bilmirəm, o vaxt belə hadisələr tez-tez baş verirdi. “Yes” düyməsini basanacan beynimdə yüz fikir fırlandı. “Yes” düyməsin basdım. Xəttin o başından gənc dostumuz hırıldaya-hırıldaya dedi ki, bəy, çətinə düşmüşük, bilmirik nə edək. Qapının ağzında gözləyirlər, qovuram yenə də getmirlər. Dostumuzun valideynləri çox yaxşı, təmiz, həm də bir az mühafizəkar adamlar idi və məsələnin əvvəlcədən həll olunduğunu bilmirdilər. Bərk əsəbləşdim. Dedim, ayıb deyil, utanmırsan, yeddi kitab müəllifinə zəng edib istədiyin məsləhətə bir bax...  

Bir qız tanışım isə öz iş yoldaşına ərə getmək istəyirdi. Amma nə oyunlar qursa da, nə fəndlər işlətsə də, oğlan buna fikir vermirdi. Axırda əlacı o qədər kəsilir, o qədər ümidsiz vəziyyətə düşür ki, qız falçının köməyindən istifadə etmək qərarına gəlir. Axtarıb-arayıb bir sınanmış falçı tapır. Falçı buna deyir ki, heç narahat olma, elə edəcəm oğlan sənin olacaq. Dizin-dizin sürünəcək, yalvaracaq, göz yaşı tökəcək… Onda neftin qiyməti düşməmişdi,  devolvasiyalar manatı urvatdan salmamışdı. Manatın manat vaxtında qız falçıya səkkiz yüz manat pul verir. Lakin cadunun işin gedişatına heç bir müsbət təsiri olmur. Əksinə oğlan özünə bir eybəcər qız tapıb sürətlə toya hazırlaşır. Qızı od götürür.  Oğlanın almaq istədiyi qızın  daha əybəcər olması ona çox pis təsir edir. Özünə yer tapa bilmirdi, elə hey bu sözü təkrar edirdi: “Mənim nəyim ondan pisdir? Nəyim?”. Zarafat bir yana. Bu qızları da çox qınamaq olmur. Həyatda elə hadisələr baş verir ki, bəxt deyilən şeyə inanmaqdan savayı yolları qalmır. Bu isə onları falçıların hüzuruna aparır. Bəli, qız tanışım iş yoldaşına ərə gedə bilmədi. Cadu da ona kömək etmədi. Belə olduğu halda falçıya verdiyi pulu geri almaq istədi. Falçı isə pulu geri vermək istəmirdi. Bir adam lazım  idi pulu falçıdan geri alsın. Adam kim? Əlbəttə Seymur. Qız mənə dedi ki, çox xahiş edirəm, get falçıdan pulumu al. Ürəyim partlayır. Sən demə, bu keçən günlər ərzində dinc dayanmayıb. Müxtəlif yollarla oğlanın aldığı qızın, yəni məğlub olduğu rəqibinin bütün həyat və yaradıcılığını öyrənib. Sən demə, oğlanın aldığı qız eybəcər olmaqdan əlavə, həm də az aşın duzu deyilmiş. İşlədiyi yerdə yatmadığı kişi qalmayıbmış. Münasibətdə olduğu nə qədər adamı da toyuna dəvət edibmiş. Bəlkə də döyüşdə belə bir rəqibə uduzmağı qız tanışımı falçıdan pulunu geri almağa şiddətlə vadar edirdi. Bəlkə də döyüşü özündən daha qəşəng, özündən daha ağıllı bir rəqibə uduzsaydı, falçıya verdiyi pulu geri almaq haqqında düşünməzdi. Falçıdan pulu geri almaq asan olmadı. Deyirdi, məndə günah yoxdu. Günah qızın özündədi. Nəyəsə düz əməl etməyib, nəticədə cadu öz gücünü itirib. Güc-bəla ilə beş yüz manatı geri ala bildik. Yuxarıda qeyd etdiyim kimi o vaxtlar gənc dostlar və tanışlar bu cürə, buna oxşar axmaq vəziyyətə düşdükdə üstümə gəlirdilər, ən azı məsləhət istəyirdilər. Guya Allah qoymasa məni özlərinə böyük hesab edirdilər. Mən hələ üzə çıxarılası, nisbətən abırlı hadisələrdən üçünü yazdım. Daha pisləri var. 

Qayıdaq birinci əhvalata. Yaxşı ki, polis leytenantı məni tanıdı. Bu, məsələni xeyli asanlaşdırdı. Məsələ həll olunduqdan sonra biz həyat haqqında söhbət etdik.  Söhbət etdik deyəndə daha çox o danışdı, mən qulaq asdım. O bizim həyatımız, umumiyyətlə dünyamız haqqında yadplanetli kimi danışırdı. Bir qram da şişirtmirəm, hətta söhbətin gedişatında bəzən mənə elə gəlirdi ki, bütün bunlar, telefonuma gələn zəng, taksiyə minməyim, polis bölməsi, bu gecə baş verənlər qarışıq bir yuxu, ilğım, fenomenal bir hallusinasiyadir.  Sonrakı aylarda və illərdə gənc dostumuzla görüşdüyüm zaman o gecə baş verənlər haqqında bir dəfə də olsun söhbət açmadım. Ona görə yox ki, etdiyim yaxşılığı xatırlatmaq istəmirdim. Ona görə ki, gənc dostumuzun “elə hadisə olmayıb” deyəcəyindən qorxurdum. 

Uzun sözün qısası, nəyi demək istəyirəm. O xanımın sözü olmasın, dədə-babadan görmüşük insan yaşlaşanda, inandı-inanmadı o biri dünyanı düşünüb xeyirxah əməllərə sahib olmağa can atar, ən azı buna cəhd edər, müdrikləşər. Bunlar isə qocaldıqca daha da azğınlaşırlar. Gözləri doymur. Hər ikisinin (Elçin Əfəndiyevin və Anar Rzayevin) yaşı yetmişi keçib. Vəzifələrindən istifadə edib hara gəldi özlərinin, atalarının, övladlarının adını soxurlar. Elçin Əfəndiyev, bax tutaq ki, sən yazdığın “Baş” romanına görə dövlət mükafatını aldın (çox güman belə olacaq), bəs o mükafatı alanda bir utanmayacaqsan? Qızarmayacaqsan? Axı hamıya, bütün el-obaya əyandır ki, sən o mükafatı yaradıcılığına, istedadına görə deyil, vəzifənə, kreslona görə alacaqsan. Ayıb deyil? Belə görünür sizin üçün heç nə ayıb deyil. Ayıb olsaydı, yaşı yetmişi keçmiş Anar Rzayev kreslodan yapışıb qalmazdı. Niyə gözünüz doymur? Elçin Əfəndiyev hətta hansısa bir qurum, bir təşkilat səndən xəbərsiz əsərini dövlət mükafatına təqdim etsəydi belə, sən öz təşəkkürünü bildirib bundan imtina etməli idin. Ki, sağ olun, minnətdaram, amma mən dövlət məmuruyam, vəzifədə oturmuşam, əsərimin dövlət mükafatına təqdim edilməsi yaxşı görünmür. Axı insan mənəvi cəhətdən nə qədər miskin, nə qədər yoxsul olmalıdır ki, tabeçiliyindəki adamların təriflərindən xoşallanmalıdır. İnsanın içi nə qədər boş olmalıdır ki, yaltaq adamların təriflərinə ehtiyac duymalıdır, yaltaq adamların təriflərinə inanmalıdır. Niyə gözünüz doymur, bu görməmişliyin, bu acgözlüyün səbəbi nədir? Başa düş, səndə bədii təfəkkür yoxdur. Sənin yazıçı və tənqidçi, elə məmur kimi də fəaliyyətin bir qəpiyə dəyməz. Bilirəm, bunu sənə başa sala biləcək qüvvə yoxdur. Digər tərəfdən fikirləşirəm ki, bəlkə də bədii təfəkkürdən məhrum olduğunu daxilən dərk etdiyin üçün vəzifəndən istifadə edib hara gəldi özünü soxmağa can atırsan. Hər şeyi qamarlamağa çalışırsan və qamarladıqca daha da acırsan. O qədər acırsan ki, hətta az qala özünü də yeyəsən. İstedadına inanan, bədii təfəkkürünə arxayın olan adam bu qədər narahat, bu qədər görməmiş, bu qədər acgöz olmamalıdır. 
Kultura.az | Developed by Samir Yahyazade