Edward W. Said: Orientalizm

Публицистика


Giriş 
I

1975-76-cı illərin dəhşətli vətəndaş müharibəsi vaxtı Beyruta gedən bir fransız jurnalist xaraba qalmış bazara baxaraq belə yazırdı: “Bura bir vaxtlar ... Chauteaubriand və Nervalın Şərqinə bənzəyirdi”. O haqlı idi, xüsusilə bir avropalı olaraq, elə deyilmi? Şərq, demək olar ki, avropalı kəşfi idi və uzaq keçmişdən etibarən insanlarda xülyalar oyadan, qəribə təəssüratlar yaradan, özünəməxsus məxluqları və mənzərələri ilə fövqəladə təcrübələrə yol açan bir yer idi. İndi o yoxa çıxırdı; müəyyən mənada artıq öz vaxtını bitirmişdi. Bu işin şərqlilərin də ziyanına olması bəlkə də qəribə idi, lakin Chateaubriand və Nerval dövründə də orada şərqlilər yaşamışdı və indi əzab çəkən də onlar idi. Avropalı səyahətçi üçün əsas məsələ Şərqin və onun müasir taleyinin avropalı gözü ilə təqdimatı idi. Bunun o jurnalist və qəzetinin fransız oxucuları üçün tam başqa bir ictimai əhəmiyyəti vardı. 

Amerikalılar Şərq məsələsində eyni şeyi hiss etməyəcəklər. Onlar üçün Şərq son dərəcə fərqlidir; Uzaq Şərqdir, əsasən Çin və Yaponiyadır. Amerikalılardan fərqli olaraq fransızlar və ingilislər (və onlar qədər olmasa da almanlar, ruslar, ispanlar, portuqaliyalılar, italyanlar və isveçrəlilər) mənim Orientalizm adlandıracağım nəsnədə uzun bir ənənəyə malikdirlər. Orientalizm, Şərq ilə (avropalı-qərbli təcrübəsində onun tutduğu xüsusi yer göz önünə alınaraq) əldə edilmiş uzlaşmadır. Şərq yalnız Avropaya bitişik deyil; o, həmçinin Avropanın ən böyük, ən zəngin və ən qədim müstəmləkələrinin olduğu yerdir, qurduğu mədəniyyətlərin və danışdığı dillərin mənbəyidir, mədəni rəqibidir və onun ən dərin və ən çox təkrarlanan Özgə obrazlarından biridir. Bundan əlavə, Şərq, onun əleyhdar obrazı, ideyası, şəxsiyyəti, təcrübəsi sifətində Avropanın (yaxud Qərbin) təsisinə yardımçı olmuşdur. 

Bununla yanaşı, bu Şərqin heç bir şeyi xəyal məhsulu deyil: Şərq, Qərbin maddi sivilizasiya və mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Orientalizm, mədəni və hətta ideoloji cəhətdən, arxasında institutlar, sözlər, elm, təsvirlər, doktrinalar, hətta müstəmləkə bürokratiyaları və müstəmləkə üsulları dayanan bir mühakimə (diskurs) formasını ifadə və təmsil edir. Bunun müqabilində, baxmayaraq ki, bizim son Yaponiya, Koreya və Hind-Çin macəralarımızın indi daha ayıq, daha realist "Şərq" şüuru ilə nəticələnməsi lazımdır, Amerikanın Şərq anlayışı daha artıq dayaz görünəcəkdir. Bundan əlavə, Amerikanın Yaxın (Orta) Şərqdəki artan siyasi və iqtisadi rolu bizim (avropalıların) Şərq anlayışımızdan çox şey tələb etməkdədir. 

Oxucuya (xüsusilə gələcək səhifələrdə) aydın olacaq ki, Orientalizmdə mənim qəsdim, fikrimcə bir-birindən asılı olan bir çox şeydir. Şərqşünaslığın ən asan qəbul olunan mənası akademik mənasıdır və həqiqətən də, bu ad bəzi elmi təşkilatlarda hələ də işə yaramaqdadır. Xüsusi yaxud ümumi cəhətlərindən asılı olmayaraq Şərqdən dərs deyən, ondan yazan, onu tədqiq edən - antropoloq, sosioloq, tarixçi yaxud filoloq olsun - hər kəs Orientalistdir və gördüyü iş də Orientalizmdir. Bu gün mütəxəssislərin Orientalizm terminindən daha çox Şərq tədqiqatları və ya sahə tədqiqatları (Oriental and area studies) adına üstünlük verdikləri həqiqətdir; bunun səbəbi terminin həm qeyri-müəyyən və çox ümumi olması, həm də Avropa müstəmləkəçiliyinin on doqquzuncu əsr və iyirminci əsrin əvvəllərindəki insana yuxarıdan aşağı baxan idarəçi münasibətini xatırlatmasıdır. Yenə də mövzusu "Şərq" olan, əsas səlahiyyəti özünün yeni və köhnə forması ilə Orientalist olan kitablar yazılmaqda və konqreslər keçirilməkdədir. Yəni bir vaxtlar olduğu kimi canlı olmasa da, Orientalizm, Şərq və şərqliyə aid doktrina və tezisləri ilə akademik çevrələrdə dolaşmaqdadır.

Zənginliyi, nəql üsulu, ixtisas sahələri və ismarıcları qismən bu kitabın mövzusu olacaq bu akademik ənənə üçün Orientalizmin daha geniş bir mənası vardır: Orientalizm "Şərq" (Orient) ilə (çox vaxt) "Qərb" (Oksident) arasındakı ontoloji və epistemoloji fərqə söykənən düşüncə formasıdır. Yəni aralarında şairlər, romançılar, fəlsəfəçilər, siyasi nəzəriyyəçilər, iqtisadçılar və imperiya idarəçiləri olan geniş bir yazı adamı kütləsi Şərqin, Şərq xalqlarının ənənələri, "zehniyyəti", taleyi, və s. ilə əlaqəli olan geniş nəzəriyyələrində, dastanlar və sosioloji təsvirlərində, siyasi hesabatlarında Şərq ilə Qərb arasındakı əsas fərqi çıxış nöqtəsi qəbul ediblər. Bu Orientalizm Esxil, Hüqo, Dante və Marksla uzlaşır. Bu giriş hissəsində, bir az irəlidə, bu cür geniş şəkildə nəzərdən keçirilən bir "sahədə" qarşımıza çıxacaq metodoloji problemlərə toxunacağam. 

Orientalizmin elmi və az-çox xəyali mənaları arasında davamlı bir mübadilə vardır və on səkkizinci əsrin sonlarından bu yana da, bu ikisi arasındakı al-ver əhəmiyyətli ölçüdə və xeyli intizamlı (hətta bəlkə qaydalara tabe) olmuşdur. İndi Orientalizmin üçüncü mənasına gələk: Bu mənada Orientalizm, digər iki mənanın hər birindən tarixi və maddi olaraq daha çox müəyyənliyə malikdir. On səkkizinci əsr sonlarını kobudca müəyyən olunmuş bir başlanğıc qəbul etsək, Orientalizm Şərq ilə məşğul olan korporativ müəssisə kimi müzakirə və analiz edilə bilər; bunun üçün, o, Şərq haqqında mühakimələr yürüdür, Şərq haqqındakı qənaətləri təsdiqindən keçirir, Şərqi təsvir edir, tədris edir, məskunlaşdırır, idarə edir; qısacası, Orientalizm Şərqə dominantlıq etmək, onu yenidən qurmaq və onun hakimi olmaq üçün Qərbin tapdığı bir yoldur. Mən burada, Orientalizmə tərif vermək üçün Michel Foucaultun "Biliyin arxeologiyası" və "Disiplin və cəza" adlı əsərlərində təsvir etdiyi mühakimə (diskurs) anlayışından istifadəni faydalı bildim. 

Fikrimcə, Orientalizmi bir mühakimə üslubu olaraq araşdırmadan, fövqəladə sistematik disiplini başa düşmək mümkün deyil, hansı ilə ki, Avropa mədəniyyəti Aydınlanma Çağından sonra siyasi, sosioloji, hərbi, ideoloji, elmi və fikri baxımdan Şərqi idarə etməyi və hətta təsis etməyi bacarmışdır. Həmçinin Orientalizm elə hakim bir mövqe sahibi idi ki, Şərq haqqında yazı yazan, düşünən, yaxud Şərqdə fəaliyyət göstərən bir kimsə Orientalizmin düşüncə və fəaliyyətə gətirdiyi məhdudiyyətləri nəzərə almadan keçinə bilməzdi. Qısacası, Orientalizm üzündən Şərq düşüncə və hərəkətin azad mövzusu deyildi (deyil). Bu, o demək deyil ki, Orientalizm Orient (Şərq) haqqındakı hər şeyi tək tərəfli müəyyən edir, lakin bu, onun (nə vaxt o müəyyən varlıq - Şərq müzakirə mövzusu olsa) qaçınılmaz olaraq (dövrəyə girən və) təsir icra edən mənfəətlər hörgüsü olduğu deməkdir. Bu kitab bunun necə baş verdiyini göstərməyə çalışacaqdır. Kitabda, həmçinin, Avropa mədəniyyətinin özünü Şərqin yerinə bir növ iqamə vasitəsi (və hətta yeraltındakı görünüşü) edərək necə güc və kimlik qazandığını da göstərməyə çalışacağam. 

Tarixi və mədəni baxımdan Şərqdəki fransız və ingilis mövcudiyyəti ilə - İkinci Dünya Müharibəsindən sonra Amerikanın üstünlüyü ələ keçirməsinə qədər - hər hansı digər Avropa yaxud Atlantik dövlətinin mövcudiyyəti arasında istər keyfiyyət, istərsə də kəmiyyət baxımından fərq vardır. Ona görə də Orientalizmdən bəhs etmək (tamamilə olmasa da) xüsusilə ingilis və fransız mədəniyyət təşəbbüsündən; içinə təxəyyülü, bütün Hindistan və Şərqi Aralıq dənizi ölkələrini (Levant), İncil nüsxələrini və İncil diyarlarını, ədviyyat ticarətini, müstəmləkə ordularını, uzun bir müstəmləkə rəhbərlik ənənəsini, müdhiş elmi küliyyatı, saysız Şərq 'mütəxəssisi' və 'ənsarını', Oriental professorluğu, kompleks Şərq anlayışlar silsiləsini (Şərq despotluğu, Şərq ehtişamı, Şərq qəddarlığı, Şərq şəhvətpərəstliyi), əhliləşdirilərək Avropa istifadəsinə məxsus edilən bir çox Şərq təriqət, fəlsəfə və irfanı (hesab edirəm ki, siyahı istənilən qədər uzadıla bilər) kimi xeyli fərqli sahəni alan bir proyektdən bəhs etmək deməkdir. Demək istədiyim budur ki, Orientalizm İngiltərə ilə Fransa və Şərq (hansı ki, bu Şərq on doqquzuncu əsrin əvvəllərinə qədər yalnız Hindistan və İncil diyarları mənasında idi) arasındakı ünsiyyətdən meydana çıxıb. On doqquzuncu əsrin əvvəllərindən İkinci Dünya Müharibəsinin sonuna qədər Fransa və İngiltərə Şərqə və Orientalizmə hakim idilər; İkinci Dünya Müharibəsindən bu yana Şərqə Amerika hökm etmiş və ona Fransa və İngiltərənin bir vaxtlar yanaşdığı kimi yanaşmaqdadır. Bütün hallarda Oksidentin (İngiltərə Fransa və ya Amerikanın) nisbi üstünlüyünü əks etdirməklə yanaşı, dinamikası son dərəcə məhsuldar olan həmin ünsiyyətdən mənim Orientalist adlandırdığım böyük həcmli mətnlər meydana çıxmaqdadır...

Tərcümə: Misir Məmmədli
Kultura.az | Developed by Samir Yahyazade