Qara Qu quşu və Stoxastik Düşüncə

Контра

Demək olar ki, bütün qədim xalqların genezisində (yaradılış əfsanəsi) heyvan simvolları və totemləri mühüm rol oynayır. İnsan qrupları yaşadığı mühitdən və təsərrüfat fəaliyyətindən asılı olaraq ətrafındakı bəzi heyvanlara xüsusi maraq duymuşdur. Bəzi heyvanlar onlarda savaş öncəsi mübarizliyi körükləmiş, bəziləri isə ailə-məişət zəminində simvola çevrilmişdir. Məsələn, qədim İngiltərədə qu quşları bakirəliyin, nigahda sədaqətin və monoqamiyanın simvolu olmuşdur. Min illəri aşan insan sivilizasiyaları, Afroditdən Anglo-Sakson tayfalara qədər geniş diapozondakı insan toplumaları, qu quşlarına musiqidən incəsənətə və mifologiyaya qədər müxtəlif sahələrdə yer vermişlər. Bunun başlıca səbəbi isə qu quşlarının dünyanın hər tərəfində ağ olması idi – ləkəsiz dümağ. Daha doğrusu köhnə dünyanın bütün ornitoloqları belə düşünürdü.
 
Avstraliyanın kəşfi ilə şəninə əfasənələr, inanclar və simvollar yaradılan qu quşunun qara da ola biləcəyi ortaya çıxdı. Avstraliyada yaşayan - cygnus atratus - bildiyimiz qu quşunun kopyası idi, amma qara rəngdə. Bax beləcə, minillik insan təcrübəsi, mifologiyalar və el məsəlləri bir sadə faktla çokmüş oldu. Qu quşları qara da ola bilirlər.

Related image

Elmdə “Qara Qu” heç vaxt ağlımıza belə gəlməyən, baş vermə ehtimalı sıfıra yaxın olan, amma baş verdikdə isə dünyanı lərzəyə gətirən hadisələrin kod adıdır. Məsələn, 2007-2008 qlobal maliyyə böhranı Qara Qu idi, baş verməsi imkansız idi, amma baş verdi. Qara qular eyni zamanda bizim insanlıq olaraq nə qədər az biliyə və təcrübəyə sahib olduğumuzun da simvoludur. Qısacası biz Qara Quları heç sevmirik. Ən bəsiti ona görə ki, Qara Qular bizə bilmədiklərimizi xatırladır, bildiymiz cüzi şeylərlə müqayisədə bilmədiyimiz nəhəng şeyləri.

Umberto Ekonun “anti-kitabxana” tezisi

Mərhum Umberto Eko nadir yazarlardan idi ki, onu statistiklər belə oxuyurdu (əminəm ki, hələ də oxuyurlar). Eko eyni zamanda otuz mindən çox kitabı olan şəxsi kitabxanası ilə də məşhur idi. Deyilənə görə, Eko kitabxanasına gələnləri iki qrupa ayırırdı. Birinci və böyük qrupa kitabxanaya girən kimi “Vay, cənab professor doktor Eko, necə də böyük kitabxananız var! Bunların hamısı oxumsunuz?” deyənlər daxil idi. İkinci və olduqca kiçik qrup isə başa düşürdü ki, kitabxanalar təkcə oxuduğumuz deyil, oxumaq istədiyimiz və oxumalı olduğumuz kitabların da yeridir. Şəxsi kitabxanamız bəlkə də oxuduğumuz kitabların sayından daha çox oxumadığımız kitablardan ibarət olmalıdır. Çünki oralar bizim, kütlədən qaçıb, rəflərin arasında itib tədqiqat apardığımız, bilmədiklərimizi kəşf etdiyimiz yerlərdir. Daha doğrusu belə olmalıdır.

Related image

Məşhur statistik və risk analizçisi Nəssim Taleb bunu Ekonun “Anti-Kitabxana” –sı adlandırır. İnsanlıq sahib olduğu biliklərlə yanaşı sahib olmadıqları bilikləri də dəyərləndirməlidir. Yəni anti-kitabxana bizim olmayan amma əslində bizim olmalı olan biliklərin məcmusudur. İstəsəniz bunu Eynşteynin məşhur bilik həlqələrinə də bağlaya bilərsiniz. Eynşteyn deyirdi ki, insan biliyi həlqə kimidir, böyüdükcə həlqələrin bilinməzliklə təmas çevrəsi də böyüyüyür – buna görə də ən çox bilənimiz bilmədiklərini də ən çox bilənimiz olur. Bu səbəbdən atalar axmaq bilmədiyini bilməz deyiblər.

Əgər oxuduğunuz hər bir kitab sizi bilmədiyiniz on kitaba yönləndirmirsə, kitab rəfindən daha çox kitab qarmalayıb şəxsi kitabxananıza aparmağınıza səbəb olmursa – deməli siz öyrənmirsiniz, sadəcə balaca uşaqlar kimi bir-iki muncuq tapıb səhər axşam ona buna göstərirsiniz.

Saat kimi işləyən kainat

Qeyd etdiyim kimi, çox vaxt həyatda sahib olduğumuz informasiyalar deyil, sahib olmadıqlarımız bizi baş-aşağı edir. Ona görə də elm bilmədiklərimizi təxmin etməyə daha çox səy göstərir. 

18-ci əsrin sonlarında alimlər arasında belə bir düşüncə formalaşmışdı ki, dünya əslində saat kimi dəqiq işləyən bir mexanizmdir. Bu mexanizmin işləyiş prinsiplərini öyrənməklə biz bilinməzlik xəzinəsinin açarını tapmış olacağıq. Nyutonun hərəkət və Boylenin qaz qanunlarını kəşf etməsi ilə birlikdə bu ümid daha da möhkəmləndi. İnsanlıq sadəcə səma cisimlərinin gələcək məkanını hesablamalı idi və bununla da determinisitik (hər şeyi əvvəlcədən dəqiqliklə bilə biləcəyimiz) dünya insanlığın ixtiyarında olacaqdı. 

Amma elmi düsturların kəşfi və hesablama texnikasının inkişaf etməsi ilə birlikdə ortaya ikinci bir problem çıxdı – xətalar. Saat kimi işləyən kainat fikrinin əsas müdafiəçilərindən olan Simone Laplas xətalardan yaxa qurtara bilmirdi və sonda riyaziyyata ilk dəfə xəta əmsalını gətirdi. Ancaq Laplas əmin idi ki, bu sadəcə vaxt məsləsidir, yaxın gəlcəkdə xətalar sıfırlanacaq.

Təqribən iki yüz il keçsə də, elmimiz inkişaf etdikcə bu xətalar kiçilmədi, əksinə sürətlə böyüdü. Bu müəmma yenə elm adamlarının izahı ilə anlaşıldı və cavab o qədər də ürək açan deyildi. Geşlənən kainat nəzəriyyəsi və Nyuton Termodinamikansının ikinci qanunu bizə kainatda entropiyanın heç vaxt azalmayacağını, əksinə artacağını deyirdi. Entropiya elmdə təsadüflüyün, bilinməzliyin və stoxastikliyin bir başqa adıdır. Bu tapıntı eyni zamanda deterministik - saat kimi işləyən kainat fikrinin də sonu idi. 

Kainatda fiziki anlamda informasiya hər an artır, insanlıq nə qədər bilikli olsa da zaman bizim əleyhimizə işləyir. Hər keçən an bizə öyrəndiklərimizdən daha çox bilinməzlik bəxş edir. Kainat kitabxanasına hər an bizim oxumadığımız milyonlarla kitab əlavə olunur. Əslində kainat Ekonun kitabxanasının prinsipi ilə işləyir və nəticədə Qara Qular, obrazlı desək, bizi hər  zaman qarabaqara izləyirlər.

Restrospektiv baxış və Stoxastik düşüncə

Nəssim Talebin “Qara Qu” kitabında dediyi kimi tarixə retrospektiv baxış bizi bəzən primitiv nəticələrə gətirib çıxarır. Misal üçün, tarix kitablarında adətən Birinci Dünya Müharibəsinə aparan hadisələr xronolji ardıcıllıqla düzülür və bizə həmin müharibənin deterministik hekayəsi deyilir. Amma əslində Birinci Dünya Müharibəsi Qara Qu idi, həmin dövrdə yaşayanlar üçün onu əvvəlcədən təxmin etmək imkansız qədər çətin idi.

Biz eyni səhvi şəxsi həyatımızda da edirik, geriyə baxır - filan oxuduğum kitab həyatımı dəyişdirdi - deyirik. Halbuki, çox vaxt oxunulan kitab deyil, o kitabın oxunmasına qədərki axtarışımız bizi həyatımızı dəyişdirməyə sövq edir. Həmin oxuduğumuz kitab isə ya bardaqdakı son damla olur, ya da bizim hiss edib qəlibə-çərçivəyə sala bilmədiklərimizin ifadəsi. Acı olan odur ki, o həmin kitabı tapandan sonra biz həmin axtarış prosesini də dayandırırıq, halbuki əsas olan, bizi biz edən, fərqləndirən elə məhz o fikirli gecələr, narahatlıq və qayğılı beyin sancılarıdır. “Uğura aparan 10 yol” və ya “Xoşbəxtliyin 5 açarı” kimi yazılar, kitablar kiminsə stoxastik həyat hekayəsinin retrospektiv və çox vaxt düzməcə olan təsviridir. 

Əslində hər birimizin həyatı özü-özlüyündə bir stoxastik prosesidir və hər birimizin özünə məxsus Qaqa Qusu var. Başqasının həyat hekəyəsi o vaxt dəyərlidir ki, həmin hekayə sizə müyyən prinsiplər və dəyərlər aşılayır. Amma sonda sizin uğurunuz ancaq özünüzəməxsus stoxastik düşüncə ilə mümkün olacaq.

Həlqəni tamamlayaq

Bu məqamda hiss etdim ki, yazım olduqca stoxastikləşib, bu son abzas ilə fikrimi – düşüncə həlqəmi - tamamlayım:
Bəlkə də Ekonun insanlığa verdiyi ən böyük dərs odur ki, biz bilmədiklərimizə də sahib çıxmalı, onları da dəyərləndirməliyik. Çünki, bilinməzliyin qaranlığında hər birimiz üçün gizlənən bir Qara Qu var. Məhz buna görə stoxastik düşüncə həyatdakı xaotikliyi – nizamsızlığı nəzərə alıb qərar verməyi tələb edir.

Samir Hüseynov

Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade