Cors Sonderslə sual-cavab

Литература

Bu il “Linkoln Bardoda” romanı ilə “Buker” mükafatını qazanan Corc Sondersin ”Random House” nəşriyyatının naşiri ilə söhbətini təqdim edirik.
 
Random House: Niyə hadisələrin 1862-ci ildə baş verdiyi və Abraham Linkolnun mərkəzi fiqur olduğu bir roman yazdınız?

Corc Sonders: Bu fikir Bill Klinton hakimiyyəti dövründə öyrəndiyim bir şeydən doğuldu. Vaşinqtonda, Kolumbiya Bölgəsindəydik, maşınla Oak Hill Qəbristanlığının yanından keçirdik və dostlarımdan biri dedi ki, vətəndaş müharibəsi ərəfəsində Linkolnun balaca oğlunu burada dəfn ediblər. O dövrün qəzetlərində yazılıb ki, Linkoln dəfələrlə gedib oğlunun məzarını qucaqlayıbmış. Bunu eşidəndə beynimdə bir obraz əmələ gəldi: Linkoln abidəsi ilə Pietanı birləşdirmək. (Pieta – qucağında İsa Məsihin ölüsünü tutan Məryəm ana heykəli – tərcüməçidən) Bu obraz neçə il fikrimdən çıxmadı, bir pyesdə istifadə etmək istədim, alınmadı. Ancaq fikir mənə israrla o qədər təzyiq etdi ki, axırda onu bədii əsər kimi yazmağa razı oldum.

RH: Deməli bu tarixi reallığın toxumu romanın təməli oldu. Bəs yaxşı, tam şəkildə necə oldu? Bu kitabı yazmağa bunun ilk romanınız olacağını bilərəkmi başladınız?

C.S: Əslində, xeyr. Dediyim kimi, mən təkcə beynimə düşən fikri reallaşdırmaq istəyirdim.Axırda bu fikrə olan marağımın itib-itməyəcəyini müəyyənləşdirmək istəyirdim. Amma yazmağa başlayanda gördüm ki, marağım daha da artır. Bir məqamda yazılmış səhifələrə baxıb başa düşdüm ki, işim uzun olacaq.

RH: Abraham Linkoln haqqında ənənəvi, dümdüz inkişaf edən bir əsər yazmadınız. Əslində, romandakı personajların çoxu ölüdür.

C.S: Bəli. Əhvalatda cəmi üç nəfər diridir. Linkoln, gecə qarovulçusu və qəbristanlıqla üzbəüz evdə yaşayan qadın.
İşin çətin tərəflərindən biri deyəsən texnika ilə bağlı idi. Reallığa baxanda, Linkoln o gecə məzarın başında tək idi. Buna görə də sırf dram yaratmaq üçün bir başqasının  (ya da başqa bir şeyin) varlığına ehtiyac vardı. Əvvəllər illər boyu yuxarı Nyu-Yorkda, hadisələrin məzarlıqda baş verdiyi (daha sonra bir kənara atdım) bir kitab üstündə işləmişdim. “Bizim şəhər” (Our Town) pyesində olduğu kimi, ölü insanlar bir-biriylə danışırdılar və mənim ağlıma gəldi ki, bu strukturu inkişaf etdirib Oak Hill qəbristanlığını yarada bilərəm.
Texniki məsələlər işin içinə ruhları qatanda, kitab məcburi şəkildə ölüm “haqqında” oldu. Və mən ölümü çox maraqlı, dəhşətli və mükafatlandıran bir mövzu kimi görürəm, bəlkə də ən maraqlı şeydir ölüm. Ölümün həyatımızın hər anını rəngləndirməsi (ən azı rəngləndirməli olduğunu) həqiqəti. Soyuq şəkildə yox, belə düşünmürəm, bir şənlikdən, partidən ayrılmalı olduğumuzu bilməyimizin, həmin partini, şənliyi daha da gözəlləşdirməsi kimi.
Sonra özümə bu sualları verməli oldum: “Hansı ruhlar? İnsan necə ruha çevrilir? Bu varlıqlar niyə burda qalıb? İsanın Foma İncilində dediyi bəzi sözləri düşünürdüm: “İçinizdəkini aşkara çıxarsanız, aşkara çıxardığınız sizi xilas edəcək. İçinizdəkini aşkara çıxarmasanız, aşkara çıxarmadığınız sizi məhv edəcək.” Bu adamlar yaşayarkən içindəkiləri aşkara çıxarmağı bacarmayanlar idi.

RH:  Bir az da kitabın təhkiyəsi haqqında danışaq. Burada bədii ədəbiyyatda əvvəllər olmamış bir şey edirsiniz. Deyəsən bunu şifahi tarixə ya da Yunan xoruna oxşatmaq olar. Növbəylə danışan personajlar. Bundan başqa, tarixi reallıqlardan da faydalanmısınız. “Bununla da kifayətlənməmiş” “real” tarixin bir hissəsini icad etmisiniz, belə ki, nəyin gerçək, nəyin icad olduğundan əsla əmin ola bilmirik və nəhayət bunun önəmi də qalmır. Ruhlar, tarixçilər və çağdaşları qatmaqarışıq şeylər danışaraq Linkolnun o dövrdəki həyatıyla bağlı bir arxa fon yaradırlar. Belə bir əhvalatı nəql etmək üçün bu metodu necə tapdınız?

C.S: Yavaş-yavaş və təkrarlayaraq oldu. Bir ehtiyaca cavab vermək, ya da gərək vardı da demək olar.  Məsələn, ruhların varlığının bir tarazlıq ünsürü olduğunu tez başa düşdüm. Bir ruh səhnəsi, bir xəyal səhnəsi kimidir. Oxucu başa düşür ki, o səhnənin içində hər şey mümkündür. Və bu oxucunun bədii gerçəkliyə olan inancını yox edə bilər. Buna görə də kitabda bəzi “gerçək” şeylərə ehtiyacım vardı, kitabın ayaqlarının yerə dəyməsi və oxucunun öz inancını təzələməsi üçün. Və ağlıma davamlı şəkildə Linkolnun məzarlığa gəlməsi ətrafındakı tarixi gerçəkliklər gəlirdi. Linkoln ailəsinin uşağın ölümündən əvvəl Ağ Evdə verdikləri ziyafət, Villinin cənazə mərasimi və basdırılmasının detalları. Sual buydu: bu hüznlü və duyğulu əhvalatları qazma-kürəyinə söykənənərək bilməsi qeyri-mümkün bəzi şeyləri bizə nəql edən bir məzarçı olmadan necə ifadə edə bilərəm? Bəli, bu variantı da yoxlamışdım. Sonra belə bir sual verdim: Bəs yaxşı, sən bunları haradan bilirsən? Cavabım belə oldu: kitablardan oxumuşam. Bu, böyük bir an idi. Başa düşdüm ki, tarixi gerçəklərlə bağlı bildiyim hər şeyi mənə öyrədən bilgiləri strateji formada tərtib edərək əhvalata əlavə edə bilərəm. Bu, oxucuya mənim bildiyim təməl gerçəkliyin eynisini verəcəkdi, həm də mənim oxuduğum formada. Bu mənə dürüst bir seçim kimi gəldi. Realist təhkiyə ehtiyacını qarşılayan təsirli bir yol.

Bu proses məni məcbur etdi ki, “romançı” sözündən başa düşdüklərimin ərazisi böyüsün. Uzun bir payız gününü heç nə “yazmadan” həmin tarixi bölümləri tərtib etməklə keçirdiyimi xatırlayıram. Amma sonra, həmin bölümün yeni versiyasını əvvəlki versiya ilə qarşılaşdıranda gördüm ki, bu qədər zəhmət bir şeyə yarayıb. Axşamkı versiya daha canlı, daha çevik idi, yəni bir növ, “romançı” anlayışım “kurator”u da əhatə edəcək şəkildə genişləndi.

Sizin də dediyiniz kimi, bu proses bəzi tarixi parçaların icad edilməsini də məcburiləşdirdi. Məqsədim həmin bölümləri neçə ildir beynimdə gəzdirdiyim əhvalatların içimdən keçirib mənimsədiyim kumulyativ versiyalarına oxşatmaq idi. Səmimi deyirəm, indi kitaba baxıram və formanın necə əmələ gəldiyini xatırlamıram. Çox yavaş , pillə-pillə oldu. Dörd ilə boyunca bu işə kökləndim. Bir problem çıxır, sonra həll olurdu, nəticədə yeni paradiqma yeni problemlər yaradırdı, bunlar da həll olanda, kainatda, ya da formanın özündə yeni qaydalar əmələ gəlirdi. Sonra o yeni qaydaya riayət etməli olurdum, və sairə.

Mənim ümidim bu idi ki, forma hansı qəribəliyə bürünür-bürünsün, bu qəribəlik ehtiyacdan yaransın. Yəni hər formal yeniliyin dürüst şəkildə ortaya çıxmasını istəyirdim, kitabın mərkəzi sualına xidmət etmək üçün ağlımda formalaşmış belə bir sual vardı: Sevgimizin hədəfinin bu qədər vərdişlə bağlı olduğu dünyada necə sevə bilərik?
RH: Bu kitab üçün fikirləşdiyiniz başlığı deyəndə ağla gələn ilk düşüncə budur: “Linkoln Bardoda. Nə gözəl ifadədir.” Amma sonra adam deyir ki, dayan görüm, bardoda nə deməkdir? Açıqlaya bilərsiniz?

CS: Əlbəttə. Tibet Buddizmində “bardo” keçid halına deyilir. Bu termin daha çox, ölümlə bir sonrakı həyatda yenidən doğulma arasındakı vəziyyətlə bağlıdır; şüurumuzun hələ funksional olduğu, fəqət artıq fiziki bədənə bağlı olmadığı vəziyyət. Bunun qəfildən özünün bağlanmamış olduğunu görən vəhşi bir atın şüuru kimi izah edildiyini eşitmişdim. Bu illah da yaxşı şey deyil. Sözü gedən şüura bağlıdır, onun vərdişləri, arzuları, məyusluqları, nevrozları və sairə.

Bu mənada “bardodakı” adam Villi Linkolndur. Amma mənə elə gəlirdi ki, Abraham da keçid halındadır. Bütün ölkə çarəsizcə ondan liderlik – hələ özünün də bilmədiyi bir liderlik – gözləyərkən o, bu dərin iztirabın ağrılarını çəkir.

Öləndən sonra başımıza nə gəlirsə, indiki halımızla tamam bağlantısız olmayacaq (ola bilməyəcək) fikri xoşuma gəlir. Təkcə düşüncə vərdişlərimiz genişlənir. Bu barədə bəzi Tibet Buddist mətnlərində deyilir ki, biz nəyi düşünürüksə, o da olacaq. Müəyyən bir qorxumuz varsa, fiziki bir formaya çevrilir və qarşımıza çıxır. Ən dərindən mənimsədiyimiz inanc sisteminə uyğun gələn vizual bir dünya əmələ gətirə bilərik. Bütün bunlar dəhşətlidir. Indi nəyiksə, yenə o olacağıq, sadəcə daha da artıq.

RH: Deyəsən hekayəçi olmağın lənəti insanların daim sizə bu sualı verməsidir: nə vaxt roman yazacaqsınız? Axırı ki, bir roman yazdınız. Necə təcrübədir? Gələcəkdə yenə təkrar edə biləcəyiniz təcrübədir? Məsələn, yaxın zamanda yenə roman yazarsız? Uzun yazı forması yazmaq işinə yanaşmanızda nəyisə dəyişdimi?

CS:  Bu romanı yazarkən öyrəndiyim əsas şey, əslində, heç vaxt “roman yazmaq” istəyimin olmamasıdır. Fəqət anladım ki, məhz bu kitabı yazmaq istəmişəm. Proses roman yazmağın ana prinsiplərini öyrənməkdən çox, bu hekayəni nəql etməyə kömək edəcək həmlələri kəşf etmək prosesinə çevrildi. Nəhayətdə bu həmlələr əvvəllər istifadə etdiklərimdən o qədər fərqli çıxmadı. Elə hiss etdim ki, elə bil, həyatım boyunca adamına görə xırda çadırlar tikəndən sonra, qəsr inşa etmək tapşırığı almışam. Əvvəlcə sizə elə gəlir ki, yepyeni bacarıqlara ehtiyacınız var. Amma müəyyən bir məqamda görürsünüz ki, lazım olan elə sizdə olanlardı. Və belə düşünürsüz: “Bəlkə də bir-biriylə bağlantılı olan bir silsilə çadırdan ibarət bir qəsr tilə bilərəm.” Amma bu işlə bağlı sənətkarlıq problemlərinin hamısı axırda daha böyük və xeyli də bəsit bir məqsədə xidmət etdi: mən sadəcə 1862-ci ildəki o gecəni hər dəfə təsəvvür edəndə içimdə yaranan mərhəmət və gözəllik hissini oyandıran şeyləri kağıza köçürmək istəyirdim. Linkolnu tanıyan hamı kimi ona vuruldum və haqqını vermək istədim: uzaqgörənliyinin, ağrısının, cəsarətinin haqqını vermək.

Qəribə şəkildə əvvəldən axıracan bunca ildir məni hekayəçi kimi saxlayan eyni prinsipdən istifadə etdiyimi hiss etdim: bir əhvalatı mümkün qədər təsirli şəkildə yazmaq, plombdan istifadə etməmək, boş məqsədlərə düşməmək, hekəyənin nə qədər uzun olmaq istədiyini mənə söyləməsinə icazə vermək və mənim işimin hekayənin özü haqqında dediklərinə hörmət etmək olduğunu xatırlamaq.
 
Tərcümə: Qismət

Sim-sim.az
Kultura.az | Developed by Samir Yahyazade