post-title

Seymur Baycan. Nərmin Kamala açıq məktub

Hörmətli Nərmin xanım, müsahibəni iki dəfə, özü də diqqətlə oxudum və Turqut Qəmbər demişkən Azərbaycanda aşağı səviyyədə olan diskussiya mədəniyyətinə minimal töhfə vermək məqsədilə sənə açıq məktub yazmaq qərarına gəldim. Elə əvvəldəcə sənin bəyəndiyin bir fikri təkrarlamalı olacam.

Əgər Novruzəli məktubu poçt qutusuna ata bilsəydi Mirzə Cəlil başqa bir mövzuda hekayə yazardı, beləliklə ədəbiyyatımız bir addım irəli hərəkət etmiş olardı. Yadımdadı, mən bu fikri müsahibələrimdən birində deyəndə sənin çox xoşuna gəlmişdi və "Seymur, necə dəqiq demisən" demişdin. Ola bilsin indi hadisələrə, proseslərə münasibətin, baxışın dəyişib və bu fikir daha əvvəlki kimi sənin xoşuna gəlməsin, amma mən yenə də bu düşüncədəyəm ki, bəli, Novruzəli məktubu poçt qutusuna ata bilsəydi Mirzə Cəlil başqa mövzuda hekayə yazardı və ədəbiyyatımız bir addım irəli hərəkət etmiş olardı.

Bu məqamda söhbəti çox uzatmaqla, o dövrün şərtlərini, ab-havasını uzun-uzadı yazmaqla bu fikri daha aydın izah edə bilərdim, buna ehtiyac görmürəm. Özümü, səni və oxucuları (əgər varsa) yormamaq üçünən yaxşısı Uilyam Folknerdən sitat gətirməkdir:

"Məncə, hər yazıçı öz ətrafının hüdudları daxilində işləməyə məcburdu. Yeri gəlmişkən, bu ətraf təkcə ətraf mühitdən deyil, həm də oxuculardan ibarətdir. Axı həmişə səni kimin oxuyacağını düşünmədən yazmaq olmaz, buna görə də yazıçı özü istəsə də istəməsə de qeyri-ixtiyari olsa da öz oxucularına istiqamətlənərək yazır. Deməli, əgər bir yazıçı o qədər də yaxşı kitab yazmayıbsa, günah təkcə onun özündə deyil, həm də ətrafındadı, yazıçı aləminin bir hissəsi olan oxuculardadı və çox güman ki,onların hamısının udduğu hava da kitaba öz təsirini göstərir ..."

Bir neçə ilin söhbətidir. “Alatoran” jurnalının nömrəsi təzə çıxmışdı. Küçədə bir tanışımla rastlaşdım. Bu adam o vaxt müxalifyönlü qəzetlərdən birinin redaktoru idi. Biz salamlaşdıq, hal-əhval tutduq. Ona min bir əziyyətlə, çətinliklə nəşr etdiyimiz bir jurnal hədiyyə etdim. Elə küçədəcə jurnalı vərəqləyib, orasına-burasına baxdı. Bir neçə yazının başlıqlarını oxudu və əlində jurnal əcaib bir sual verdi: "Dünyada bu problemlər çoxdan həll olunub, bunları təzədən yazıb jurnal çıxartmağın nə mənası var? " Bilirsən ki, söz üçün ciblərimi axtaran adam deyiləm. Ona dedim ki, dünyanın bir çox yerlərində demokratiya çoxdan bərqərar olub. Onda belə çıxır ki, sizin yazdığınız yazıların, redaktoru olduğun qəzeti nəşr etməyin heç bir mənası yoxdu. Bəs onda o qəzeti çıxartmağın mənası nədi?

Bizim insanlarımızın bir əcaib mərəzi var. Öz sahələrindəki çatışmazlıqları, əksiklikləri asanlıqla unudub ədəbiyyatdan, illah da gənclərdən dünya standartı tələb edirlər. Özü də ədəbiyyatın inkişafına heç bir töhfə vermək istəməyərək, əksinə maneəçilik törədərəkdünya standartı tələb etməkdədirlər. Mən, iki nəfəri çıxmaq şərti ilə (onlardan biri Anar Məmmədli idi) Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərlərinə on ədəd “Alatoran” jurnalı aldıra bilmədim. Nə dedim, nə yazdım heç nə onlara təsir etmədi. Bir neçəsi ümumiyyətlə məktubuma cavab vermədi. Halbuki, oxumasalar da on ədəd “Alatoran” jurnalı almaq onlar üçün heç nə idi. Bu adamlar danışanda ciddi ədəbiyyatın olmamasından, ciddi əsərlərin yazılmamasından şikayətlənirlər.

Sonra başa düşdüm ki, işləri allah qoymasa guya alternativ fikrə dəstək vermək olan bu adamlar bizim fəaliyyətimizi qəbul etmirlər. Qəbul etmirlər yumşaq sözdür, açıq və ya gizli şəkildə bizə nifrətlə, həqarətlə baxmaqdadırlar və Azərbaycan ədəbiyyatının anasını ağladan, ədəbiyyatın inkişafına hər vəchlə əngəl törədən məmurlaşmış ədəbiyyat kahinlərinə, 30-cu illərdə danos yazmaqdan barmaqları qabar olmuşların övladlarına pərəstiş, sitayiş etməkdədirlər və ədəbiyyat kahinlərinin, 30-cu illərdə danos yazmaqdan barmaqları qabar olmuşların övladlarının yaradıcılığından söz düşəndə dünya standartları heç yadlarına düşmür, əksinə onların yaradıcılığının bəsitliyinə müxtəlif vasitələrlə haqq qazandırmaq istəyirlər. Ölkəmizdə bu cür adamlar həddindən artıq çoxdur. Onların sıralarında hər təbəqədən adama rast gələ bilərsən. Müxalifət lideri, qəzet redaktorları, həkimlər, müəllimlər, tənqidçilər... Tənqidçilərin əksəriyyəti büdcədən maliyyələşən teşkilatlardan, qurumlardan maaş almaqdadırlar və öz rəhbərlərinə, ədəbiyyat kahinlərinə xoş gəlməkdən ötrü hər fürsətdə bizi gözdən salmağa çalışırlar. Bu da yaltaqlığın bir növüdür. Ən kiçik səhvimizi bizə bağışlamadıqları halda məmurlaşmış ədəbiyyat kahinlərinin mənasız əsərlərini şişirtməkdədirlər. Əlbəttə azad olmayan, daha konkret yaltaq adamın nə tərifi nə də tənqidi şəxsən mənə lazım deyil. Tərifləri də tənqidləri də özlərinə qalsın. Biz sadəcə vəziyyətdən danışmaqdayıq. Azərbaycanda elə adamlar var ki, onlar haqqımda xoş söz desələr bu məni həyəcanlandırar, oturub fikirləşərəm: görəsən harda səhv etmişəm ki, bu adamın tərifini qazanmışam.

Bizim baş redaktorlardan biri məmurlaşmış ədəbiyyat kahinlərinin birindən ağzı sulana-sulana müsahibə almışdı. Hər sualda sitayiş, heyranlıq fışqırırdı. Ürəyi soyumamış sonra da bir yekə yazı yazaraq gənc yazarları aşağılamış, onları cümlə yaza bilməməkde ittiham etmiş, müsahibə aldığı ədəbiyyat kahinini isə göyün yeddinci qatına qaldırmışdı. Az sonra bu baş redaktor məndən yazı istədi. Deyirəm, bəs mən cümlə yaza bilmirəm, yazı yaza bilmirəm, niyə məndən yazı istəyirsən? Bəy dediyin nədir, bəyənmədiyin nədir? Niyə gedib göyün yeddinci qatına qaldırdığın adamdan yazı istəmirsən? Deyir Seymur, kimdi onların yazısını oxuyan? Nərmin, bax, belə adamların arasında yaşamaqdayıq. Halbuki o baş redaktor mənim kimi sadə bir ailədə böyüyüb. Halbuki o da mənim kimi çox çətinliklər çəkib. Çətinliklə təhsil alıb. O evdən bu evə, bu evdən o evə köçüb. Ayaqqabı tapanda palto tapmayıb, palto tapanda ayaqqabı. Halbuki mənim yazdıqlarım ona daha yaxın, daha doğma olmalıdı və zatən də belədir. Sadəcə o heç cürə inanmır ki, usta Novruzun oğlu öz gücünə, mandatsız, vəzifəsiz, pulsuz yazıçı ola bilər. İnanmamağı cəhənnəm, bunu heç istəmir də. O belə hesab edir ki, yazıçı adını mütləq barmaqları donos yazmaqdan qabar omuşların övladları, məkrli, yaltaq, hər bir sistemlə asan dil tapanlar daşımalıdırlar. Bu da köləliyin bir növüdür.

Davam edək. Fikir vermisənsə adamlarımız fizikanın, kimyanın, tibbin Biləcəridən o tərəfə keçməməsindən o qədər də narahat deyillər, hətta bunu normal qəbul edirlər,amma gənc azərbaycan yazıçılarından Nobel mükafatı gözləyirlər. Niyə ədəbiyyatımız Biləcəridən o tərəfə keçə bilmir, niyə yazıçılarımız Nobel mükafatı ala bilmirlər deyib durublar. Elə bil Nobel mükafatı almaq bazardan qarpız almaq kimi çox asan bir işmiş və bizim gənc yazıçılar da o qədər mağmundurlar ki, bu asan işin öhdəsindən gələ bilmirlər, yəni gedib bazardan bir düz-əməlli qarpız seçib almağı bacarmırlar. Bunun adı ya ədalətsizlikdir, ya da savadsızlıq. Bəlkə də ədəbiyyatın bizim camaatın təşəkkül tapmasında oynadığı rolu, bizim də başqalarına nisbətən azad olduğumuzu təhtəlşüur olaraq anladıqlarına görə onlar ədəbiyyatın üstünə belə həddsiz ağır yük qoyublar. Doğurdan da azərbaycan xalqı deyilən bir xalqın tarixinə bir az ədalətlə baxsaq görərik ki, ədəbiyyatın oynadığı rol müstəsnadır. Bir rus publisistinin yazısını oxumuşdum. Soyadı yadımdan çıxıb, amma yazıdakı bir fikir dəqiq yadımdadı. Müəllif yazısında vurğulamışdı ki, biz öz klassiklərimizə qarşı çox tələbkarıq. Ona görə ki, o vaxt Rusiyada bir çox elmlər Avropayla müqayisədə inkişaf etməmişdi və biz başqa-başqa sahələrin o vaxtlar görməli olduqları işlərin hamısını rus yazıçılarının əsərlərində axtarmalı oluruq. Deyərdim ki, bizdə də eyni vəziyyətdir. Bir də görürsən ağlı başında olan bir adam deyir ki, hə, mənim azərbaycan klassiklərinə hörmətim var, amma o vaxt filan alman yazıçısı bax gör nələr yazırdı, Mirzə Cəlil, Haqverdiyev nə yazırdı. Baxırsan adamın üzünə, bilmirsən zarafat edir, yoxsa ciddi danışır. Zarafat edirsə belə şit zarataf etməzlər. Ciddi deyirsə lap pis. Məcbursan bu adama başa salasan ki, ey insan, Allah başı insana təkcə gəzdirmək, üstünə papaq qoymaq, gözəllik salonuna aparmaq üçün verməyib, Allah başı insana həm də düşünmək üçün verib. İnsan söz deyəndə nə dediyini bir az götür-qoy etməlidir. Ən nəhayət, insanın ürəyində bir qram, bircə qram ədalət hissi olmalıdı. Xalq savadsız, oxuyub yaza bilən adamları barmaqla saymaq olar, cəhalət tüğyan edir, nadanlıq hər addımdadır, adamlar şeyxin atını öpürlər, mollalar, axundlar iki- üç aydın fikirli, tərəqqipərvər adama, milləti maarifləndirməyə çalışanlara minbərlərdən lənət oxuyurlar, deyirlər ki, kim “Molla Nəsrəddin” jurnalını alıb yandırsa savab iş görmüş olacaq, belə bir vəziyyətdə Mirzə Cəlil, Haqverdiyev nədən yazmalı idilər? “Hərb və sülh” yazmalı idilər? Kim istəməz yaxşı əsər yazsın? Axı mövcud şərtləri də nəzərə almaq lazımdır.

“Quqark” təzə çıxmışdı. İnternet televiziyalardan biri məni verilişə dəvət etmişdi. Hələ veriliş başlamayıb. Aparıcı deyir ki, Seymur bəy, “Quqark”ı oxudum, filan yer xoşuma gəlmədi. Zəif yazılıb. Onunla razılaşıram. Deyirəm, düz deyirsən, orda boşluqlar var. Qayıdıb deyəsən ki, amma Viktor Hüqonun “Səfillər” əsərində filan yer var, ora əla yazılıb. Elə bil başıma bir vedrə qaynar su tökdülər. Deyirəm a kişi, nə Viktor Hüqo, nə “Səfillər”, sən nə dediyinin fərqindəsənmi? Viktor Hüqo. Fransa. İnqilablar. Barrikadalar. Akademiya. Jurnallar. Kitablar... Belə də ədalətsiz müqayisə olarmı. Deyirəm bir tərəfdən baxanda əslində sən bu müqayisənlə məni tənqid etmirsən, tərifləyirsən. Əl çəkmir. Deyir yox, elə deyil, qələm eyni, kağız eyni, yaza bilməmisənsə sənin günahındır. Xülasə, öz tərəfimdən söhbəti bitirdim. Elə bir vəziyyət yarandı ki, bunlar kameranı quraşdıra bilmədilər. O prosesin televiziya işçiləri arasında dəqiq adı var, fokuslanmaq deyirlər, nə deyirlər bilmirəm. Onu bilirəm ki, elə də çətin bir iş olmamalıdı. Dedim ki, bax neçə vaxtdı əlləşirsiniz, adi bir işi görə bilmirsiz. Necədi, indi mən sizi CNN-lə, Euronews-la müqayisə edim? Razılaşmır. Başlayır CNN-in, Euronews-un texniki imkanlarını sadalamağa. Mən də dedim ki, yox, razı deyiləm sən CNN ola bilmirsənsə bu sənin günahındır. Belə söhbətlər çox olur. Hamıya da hər şeyi başa salmaq, izah etmək çətindi. Buna enerji çatmaz. Adam sönər. Elmir Mirzoyev demişkən, durub hamıyla dava eləyəsi deyilsən ki? Ən acınacaqlısı da odur ki, bir çox insanlar adamda ruh düşkünlüyü yaratmaq üçün qəsdən belə edirlər. Mən öz müşahidələrimə əsaslanıb qəti şəkildə başa düşmüşəm ki, ürəyində ədalət hissi olan adam necə olursa olsun axır əvvəl həqiqəti az da olsa dərk edir.

Hansısa rayona gedirsən. Qulağı sınıq, arıq, bitmiş, geyimi-keçimi yaman gündə olan bir adamı göstərib sənə deyirlər: vaxtında yaxşı güləşçi idi, filan yaşda idman ustası adı almışdı, filan yarışlarda yer tutmuşdu, özünü bədbəxt elədi, indi yaman günə düşüb. Baxırsan ki,bir insanın uğursuzluğa düçar olmasından, bitməsindən elə vəchlə danışırlar ki, sanki elə bunu gözləyirmişlər. Baxırsan ki, bu uğursuzluq onlara daha çox lazım imiş. Niyə bir insan başqasının uğursuzluğa düçar olmasından bu qədər vəcdə gəlməlidir ki? Uğursuzluğa qarşı bu qədər marağın mənası nədir? Paxıllıq? Yoxsa adamlar uğursuzluq əhvalatı axtarırlar?

Nərmin, biz təsadüfi adamlarıq. O mənada ki, asanlıqla olmaya bilərdik. Çölün düzündə bitmiş, Allahın ümidinə qalmış ağacla münbit torpaqda əkilmiş ağacın arasında fərq çoxdur. Düzdür, bəzən çölün düzündə bitmiş ağac münbit torpaqda əkilmiş yüzlərlə ağacdan daha çox yararlı olur, amma bu universal həqiqəti dəyişmir. Ağac münbit torpaqda əkilməli, vaxtlı vaxtında suyu verilməli, dibi bellənməli, budanmali, dərmanlanmalı, mal-qaradan, uşaq-muşaqdan qorumaq üçün ətrafına çəpər çəkilməli, hətta deyərdim ki, üstünə də qəşəng, səliqəli bir quş yuvası qoyulmalıdır.

Hərdən özümü, hansı cəmiyyətə, hansı camaata mənsub olduğumu unuduram, yazdıqlarıma qarşı çox qəddar münasibət göstərirəm. Ciddi, hətta çox ciddi yazıçıların əsərlərini oxuyuram və deyirəm ki, axı mən niyə belə yaza bilmirəm. Yazdıqlarım, istər publisistika olsun, istərsə də ədəbiyyat,məni qane etmir, gözümdən düşür, mənasızlaşır, hətta bəzən əlim-qolum tamam soyuyur. Sonra hansı cəmiyyətə, hansı camaata, hansı coğrafiyaya mənsub olduğumu özüm özümə xatırladıram və bu münasibətin qəddar münasibət olduğunu özüm-özümə izah edirəm. Bilirsən bu nəyə oxşayır? Bir də görürsən yerli televiziya kanallarındabelə bir reportaj verilir. Filan rayon sakini Jiquli və motoskilet hissələrini qurub-quraşdıraraq maşın ixtira edib. Maşın tutaq ki, saatda 55 km yol qət edir və hər yüz kilometrə tutaq ki, doqquz litr benzin işlədir. Adamı göstərirlər. Düzəltdiyi maşını göstərirlər. Onu danışdırırlar. Deyir ki, uşaqlıqdan maşınlara marağım olub filan. Sonra oturur düzəltdiyi maşına. Bir az ora, bir az bura sürür. Maşını da gah daldan göstərirlər, gah qabaqdan, gah da yanlardan. Bu yaxınlarda yenə belə bir xəbər yayıldı.

Qax rayon Qum kənd sakini özündən maşın düzəldib. Mənə o xəbərdə qəribə gələn bir cümlə vardı. Deyilirdi ki, ixtira olunan maşının sənədi olmadığına görə istifadə eməkdə çətinlik yaranıb. Nə isə, iş bunda deyil. İndi bu Qax rayon Qum kənd sakini mən niyə Mersedes, mən niyə BMW düzəldə bilmirəm deyib bunu özünə dərd eləsə bu nə dərəcədə doğru tələb, bu nə dərəcədə doğru dərd çəkmək olar? Bütövlükdə alman xalqının əldə etdiyi bir texniki naliyyəti Qax rayon Qum kəndinin sakininin özündən tələb etməsinə dərəcədə düzgündür? Məncə düzgün deyil. Hər iki halda düzgün deyil. Xüsusən camaatın ondan Mersedes düzəltməyini tələb etməsi, bunu gözləməsi heç düzgün deyil.

Təbdirlərdə kənar adamların verdikləri nə yazırsan, nədən yazırsan sualından çox qorxuram. Nə yazırsan, nədən yazırsan sualları mənim üçün arzuolunmaz suallardır. Əvvəllər bu suallardan lap əziyyət çəkirdim. Sonra bu qorxulu suallara belə bir cavab tapdım və nisbətən yüngülləşdim: mən, bir insanın yetişməsi üçün vacib olan ənənələrin zəif olduğu bir ölkədə doğulmuşam, orda böyümüşəm, yaxşı təhsil ala bilməmişəm. On yaşımda öyrənməli, bilməli olduğum şeyləri 25-30 yaşımda öyrənmək məcburiyyətində qalmışam. Bunun özü də asanlıqla başa gəlməyib. Mən, nəsr ənənəsi zəif olan bir ölkənin ortabab bir yazıçısıyam. Sentimentallıqdan əziyyət çəkirəm, yerli əhəmiyyətli, yerli təyinatlı hekayələr yazmaqdayam, ümumilikdə isə yazdıqlarımı gecikmiş yazılar hesab edirəm, çünki mənsub olduğum xalq ümumilikdə tarixə gecikib. Nəinki gecikib, bir çox dərslərə ümumiyyətlə girməyib. Adının qabağına dalbadal qayıblar yazılıb.

Yuxarıda yazılanlar məğlubiyyət, əlləri yuxarı qaldırmaq kimi başa düşülməməlidir. Bu məktubla sadəcə reallığı ifadə etmək istədim. Çalışmaq, öyrənmək, zəhmət çəkərək inkişaf etmək, yazmaq və yaratmaq vacibdir.

Nərmin xanım, sənə həyat və yaradıcılığında uğurlar arzulayıram. Möhkəm ol, hec vaxt ruhdan düşmə! “Hətta ölü balıq belə axınla üzməyi bacarır”. Bu sözü heç vaxt yaddan çıxartmamalıyıq.

Yuxarı