post-title

Əxlaqın dünyəvi əsasları

Bir gün şərab tanrısı Dionisis müəllimi Silenusun yoxa çıxdığını öyrənir və çox məyus olur. Yunan əsatirlərinə görə Silenus sərxoş olub yolunu azır və kral Midasın bağlarına gedib çıxır. Midas Silenusu tanıyır və onu sarayına dəvət edib ehtiram göstərir. Daha sonra Silenusu Dionisisin hüzuruna geri aparır. Sevimli müəlliminin qayıtdığını görən Dionisis çox sevinir və bu yaxşılğının müqabilində Midasın ən böyük arzusunu çin edəcəyini deyir. Midas Dionisisdən elə bir güc istəyir ki, toxunduğu hər şeyi qızıla çevirə bilsin və Dionisis dərhal onun istəyini yerinə yetirir. Midas böyük sevinclə sarayına qayıdır və ətrafında gördüyü bütün əşyaları qızıla çevirməyə başlayır, hətta bağındakı gülləri belə. Asudə vaxtlarını keçirdiyi bağın bütün güllərinin ətir saçmayan qızıla çevrildiyini görən Midasın qızı qəm-kədərə boğulur. Qızına təskinlik vermək istəyən Midas ona səhvən toxunur və beləliklə qızını da qızıla çevirir. Beləcə Midasın məşhur “qızıl toxunuş”-u ona və ailəsinə faciə gətirir. Əfsanəyə görə Midas kor-peşman Dionisisin hüzuruna qayıdır və ondan gücünü geri almağı xahiş edir. Dionisis Midasa əllərini Paktolus (Türkiyədəki Sart çayı) çayında yumağı məsləhət görür və bu yolla Midas gücünü itirir. Paktolus çayı qızılla zənginləşir və Heredota görə Qarunun xəzinəsinin mənbəyi də elə məhz bu çay olubmuş. 

Yunan əsatirlərində acgözlük, şəhvət, lovğalıq və digər pis insani xarakterlərlə bağlı bu qəbildən rəngarəng hekayələr çoxdur. Əsatirlərdə diqqəti cəlb edən odur ki, insan necə əxlaqlı olmağı məhz tanrılardan öyrənir. Yəni qədim yunandan bəri insan toplumları əxlaq prinsiplərini metafiziki əsaslara söykəməyi üstün tutmuşlar. Baxmayaraq ki əxlaqın subyekti ölümlü insan və əxlaqın tətbiq olunduğu yer dünyadır, amma son təhlildə əxlaq hər zaman müqəddəslərin diqtəsində olmuşdur.

Yunan əsatirlərində diqqəti cəlb edən ikinci məqam odur ki, hər nəqədər ölümlü insan tanrıların boyunduruğunu qəbul etsədə, mübarizədən də geri qalmır. Yəni əslində yerdəkilərlə göydəkilərin savaşı elə insanlıq tarixi qədər qədimdir. 

Dünya dəyişir, dəyişən dünya bizdən də dəyişməyi tələb edir. Bir neçə on min il öncə, əkinçilik sivilizasiyası formalaşmağa başlayanda, qədim insan övladlarından birini yeni tikəcəyi evin bünövrəsində qurbanlıq qoyun kimi kəsir və bəlkə də elə bünövrəyə də bastırırdı. Tikiləcək evin tanrılar tərəfindən fəlakətlərdən qorunması üçün bu vacib idi – tanrı insan alışverişi bunu tələb edirdi. Yəni inanclar və tanrılar insana bu vəhşiliyi əxlaq kimi sırımışdı və insan da müti şəkildə ona diqtə edilən əxlaqa riayət edirdi. Lakin formalaşan əkinçilik vərdişləri və insanın ən azından iş qüvvəsi kimi dəyərinin artması ölümlüləri bir daha tanrılara qarşı üsyana qaldırırdı. İnsanlıq tanrılarla arasındakı pakta və əxlaq qaydalarına yenidən baxmağı tələb edirdi. 

Əslində İsamili İbrahimin bıçağından xilas edən tanrının göndərdiyi mələk və qoç deyildi. Dəyişən ictimai formasiya və təsərrüfat vərdişləri insandan artıq övladını deyil malını qurban verməyi tələb edirdi. Amma yenə də insanlığın bu yeni əxlaq kriteriyası üçün lazım olan legitimlik ilahi idi – ilahi olmalıydı, çünki əxlaq və onu dəyişə bilmək müstəsna olaraq tanrıların ixtiyarında idi. İsmailin hekayəsi eyni zamanda onu göstərir ki, tarixin müəyyən mərhələsində insanlıq əxlaq qaydalarının passiv icraçısından aktiv ixtiraçısına çevrilib. Fəqət günümüzə qədər bir şey dəyişməz qalıb - əxlaq hələ də müqəddəslərin monopoliyasındadır.
Təsərrüfatən inkişafı ilə birlikdə insanın təkcə dünyaya baxışı deyil, elmi-texnologi vərdişləri də inkişaf edirdi. Prometeusun Olimp dağından odu oğurlamasından bəri insanlıq elmi-texnologi inkişaf üçün də tanrılarla münaqişədə olmuşdur. Ölülər üzərində cərrahi praktika apardığı üçün ölüm fətvalarının hədəfi olan İbn Sina, dünyanın fırlandığını dediyi üçün inkvizasiya məhkəmələrində yarğılanan Qaliley kimi alimlərin minillik mübarizəsindən sonra, qismən də olsa, elm dünyəviləşdi. Fəqət əxlaq hələ də məbədin kölgəsindən ayrıla bilməyib.

Başda qeyd etdiyim ki, dünya dəyişir və bizdən də dəyişməyi tələb edir. Artıq süni zəka (artificial intelligence), robot texnologiyası və hətta sürücüsüz avtomobillər reallığımıza çevrilib. Dünyanın aparıcı elm mərkəzlərində yeni texnologiyaların texniki aspektləri ilə yanaşı onların iş prinsipləri və “əxlaqı” ilə də bağlı qızğın debatlar gedir. Sürücüsüz avtomobillərin qaçınılmaz qəza zamanı necə hərəkət etməli olduğu isə bugünlərdə ən çox müzakirə olunan mövzudur. Misal olaraq, təsəvvür edin ki, sürücüsüz avtomobil qaçınılmaz qəza vəziyyətindədir və avtomobili idarə edən süni zəka iki piyadanı vurmaqla ağaca çırpılmaq arasında seçim etməlidir. Əgər biz süni zəkanı yutilitarian baxışla kodlasaq onda avtomobil ağaca çırpılmağı seçəcək və sərnişinin həyatını təhlükəyə atacaq. Aparılan sorğular göstərir ki, insanların çoxu bunu məqbul hesab edir, yəni bir sərnişinin ölümü iki piyadanın ölümündən (yutilitarian baxışa görə) hər zaman daha az faciəvidir. Fəqət elə həmin respondentlərə “Sizcə, sizin avtomobiliniz sizin yoxsa piyadaların həyatını daha çox üstün tutmalıdır?” şəklində sual verdikdə, əksəriyyət fikrini dəyişir və sərnişinin həyatının prioritet olmalı olduğunu bildirirlər. 

Yeni texnologiyalar bizi tarixdəki heç bir insan sivilizasiyasının üzləşmədiyi çətinliklə sınağa çəkir. İnsanın əxlaqın əsaslarını müəyyən edib əxlaqlı olması artıq kifayət deyil, biz eyni zamanda əxlaqı tenxologiyaya da ötürməliyik. Ötürməli olduğumuz əxlaq aydın olmayan fəlsəfi  prinsiplər şəklində deyil, riyazi alqoritmlərlə ifadə olunacaq dəqiqlikdə və konkretlikdə olmalıdır. Bu məqamda çətin ki, tarixin qaranlıqlarından gələn müqəddəs mətinlər bizə kömək olsun. Yəni tarixdə ilk dəfə insan artıq əxlaqın aktiv yaradıcısına və ötürücüsünə çevrilir – çevrilməlidir. 

İnsan süni zəkaları və robotları hansı əxlaq prinsipləri ilə proqramlaşdırmalıdır? “Hər şey tanrı üçündür” kimi prinsiplərlə əxlaqlanan süni zəkalar günün birində bizi tamamilə məhv edə bilərmi? Qərb filosofları belə hələ ki bu sual qarşısında aciz görünür. Amma dəqiq olan budur ki, insanlıq əxlaqı tamamilə müqəddəslərin ixtiyarından çıxarmalı və onun dünyəvi əsaslarını müəyyən etməlidir. 

Samir Hüseynov
Yuxarı