Azərbaycanlılar niyə özlərindən utanırlar?

Gəncliyin tribunası

Əsasən sosial şəbəkə istifadəçilərinin öz doğum və yaşayış yerlərini xarici ölkələrin şəhərləri kimi göstərmələrini görmüsüz. Daha çox hallarda isə ətraf rayonlarda yaşayanlar özünü Bakı doğumlu və Bakıda yaşayırmış kimi göstərir. Bakıdan kənarda qalan insanlarla söhbətlərində də onların öz doğulduğu, yaşadıqları yerlərdən çox zaman utandığı və bu söhbətlər zamanı sıxıldığı aşkar görünür. Bu halın yaşanmasına ən əsas səbəb onların olduqları yerin mühiti, adətlərini bəyənməməsidir. Dünyaya açılımın az olması bəzən azərbaycanlılar üçün belə bir düşüncə yaradır ki, yalnız Azərbaycanda xoşagəlməz hadisələr yaşanır. Yaxud da elə düşünürlər ki, Azərbaycandan istedadlı bir insan çıxa bilməz, çünki biz ən rəzil və zəif, lazımsız xalqlardan biriyik. Buna görə də, “Yalnız Azərbaycanda,..” ifadəsi ilə başlayan yüzlərlə özünütənqid cümlələri var. Özünütənqid bir tərəfdən yaxşı olsa da, digər tərəfdən özündənutanma və bəzi zövq fərqliliyini – misal üçün meyxananı, çayxananı pis vərdiş kimi görmək heç də xoş deyil. Yaxud da olduğu yerin ləhçəsindən, spesifik sözlərindən qaçmaq belə insanları natamam tutur.

Nəticə olaraq sonda belə alınır ki, öz içimizdən çıxan hansısa mədəni nümunə ölkədə uğur qazana bilmir. Misal üçün “Ti kto takoy, davay dosvidaniya” adlı meyxana adi bir kənd toyundan çıxsa da, yalnız Rusiyada məşhurluq qazandıqdan sonra ölkədə də maraq gördü. Yaxud bozbaş kimi yemək deyəndə ağlımıza ilk gələn “bozbaş müğənni” olsa da, ermənilərin bu yeməyi özününkü kimi güclü təbliğ etməsi bizim də bu yeməklərə önəm verməmizə səbəb olur. Müğənni Elnur Hüseynovun Türkiyədə adi bir müsabiqədə çıxışı olmasaydı, çətin ki, ona qiymət verən olardı. İdmançı Ramil Quliyevin bu səbəblər üzündən nələr yaşaması da hər kəsə məlumdur. Sanki öz cəmiyyətimiz öz fikrindən əmin deyil, onlar üçün hansısa xarici vətəndaşın fikri əsas meyardı. Onlar öz fikirlərini ifadə etməkdən utanır, sıxılırlar. 

Ağıla ilk sual gəlir: Niyə?

Bir dostum öz uşağının bir dəfə şəkil çəkməyindən danışmışdı. Deyir ki, oğlu bir gün dairənin içini rəngləyib, amma dairədən kənara da çıxıb bu cızma-qara. O da oğlunun bu işini tərifləyib. Oğul da təəccüblənib ki, “Axı baxçada eyni dairəni çəkib içindən kənarı da rəngləyəndə müəllimə deyirdi ki, belə etmək olmaz, pisdir. Nə yaxşı sən təriflədin?”
Uşaqlıqda şənliyini ifadə edəndə  “Yavaş danış, eşitməsinlər”, “Camaatın içində gülmə” deməklə ilk olaraq ifadə azadlığı əldən alınır, daha sonra bu haqsızlığa etiraz edəndə “Ağlama!” deyib uşağını vuran valideyin və müəllimlər ilk etiraz mədəniyyətinin də üstündən gəlirlər. Nəticədə uşaqlar dairə içindən çıxa bilmir, qorxur, çəkinir, elə zənn edir ki, indi kimsə kənardan çıxıb ona hədə qorxu gələcək, vuracaq. Bu travma ömürlük uşaqların altşüuruna hək olunur və 2 tip insan formalaşır:

1) Etirazlardan qorxub özünü ifadə etməkdən utananlar, şiddətə məruz qalmamaq üçün bütün baş verənlərə lal-dinməz qalanlar.
2) Bütün psixoloji, fiziki şiddətdən sonra içində yığılan qəzəbi özündən zəiflərdən çıxmağa çalışanlar.

Birinci tip insanlara əhalinin böyük qismi daxildir. Onlar üçün meyar çoxluğun düşüncəsidir. Yeni bir fikir görərkən həmin fikri qiymətləndirmək yerinə “Hamıdan ağıllı çıxmısan” deyə tənə edərlər. Onlar üçün əsas odur ki, qışqıran, vuran, döyən, dairədən çıxmamağı tapşıran (valideyn və müəllimdən qalmış travma) özündən güclülər ona nə etməyi tapşırır. Başlanğıcda göstərilən nümunələr də bu çoxluğa aiddir. Hər şey edəcəklər ki, təki özündən güclü qışqırmasın, vurmasın. Onlar özlərinin var olduğu, iştirak etdiyi hər şeydən utanır. Çünki uşaqlıqdan özlərini alaçaldılan, hörmətsiz və əzilən görüblər. Onlar var olduqları ilə qürur duymağı, özünü inkişaf etdirməyin nə olduğunu bilmirlər. 

İkinci qurup isə, həmin bu zəifləri idarə edir, vurur, döyür, qışqırır. Onlar üçün uşaqlıqda gördükləri onları qəzəbləndirən insanlar nümunədir. Lakin onlar yalnız qəzəblərini boşaltmağa çalışır, uşaqlıqdan bəri gördükləri mənəvi və fiziki alçalmanı qəbul etsə də onunla barışmayıb bunun qisasın şiddət gördüyü adamdan deyil, özündən zəifdən çıxmağa çalışır. Belə hallar daha çox əsgərlik zamanı baş verir. Misal üçün, köhnə əsgər yeni gələn əsgəri yatan yerdə döyür və səbəb kimi də onu göstərir ki, o da yeni əsgər olanda onu hansısa əsgər döyüb. Bu tip insanlar yalnız özündən zəiflərə qarşı olduğu üçün özündən güclülərə bunu heç zaman edə bilmir və malik olduğu gücə əsasən vəhşi, qara gücə və hiyləgərliyə hesablanmış bir sistemin ən başından birinci tip insanlar olan hissəsinə qədər olan boşluğu doldururlar. 

Bu proseslərin üçüncü tip adamları da var ki, onlar azlıqdırvə sistemdə yer tutmur. Onlar ya mənəv və fiziki şiddətdən kənar böyüyüb, ya da bu şiddəti göstərənlərə qarşı mübarizə aparıb. Adətən şiddətdən kənar böyüyən insanlar ətrafdakı heç bir şeyə baş qoşmadan öz işlərini mükəmməl şəkildə yerinə yetirib, yalnız öz haqlarını müdafiə etsə də, şiddətə qarşı çıxmış insanlar fərqli olur. Şiddətə qarşı çıxmış insanların içində uşaqlıqdan etirazçılıq ruhu olduğundan bu hiss onları ömür boyu müşayət edir. Belə insanlar ən inanılmaz dirənişlər göstərə bilir və cəmiyyəti dəyişə bilirlər. Lakin təbiətin qanunları elədir ki, bu tip insanların özbaşına, sırf öz iradə kefiyyətləri hesabına ortaya çıxmağı çox az hallarda yaşanır.

Bu kefiyyətə malik insanları necə artırmaq olar?

İlk növbədə onu nəzərə almaq lazımdır ki, “etirazçı böyütmək” deyərəkən yalnız dağıtmaq xüsusiyyətləri nəzərdə tutulmamalıdır. Dairənin içini rəngləməkdən kənara çıxaraq kənarı da rəngləmək etirazdan əlavə olaraq özünü qurucu, mədəni ifadə etməyin də yoludur. İnformasiyanın geniş yayıla bildiyi dövrdə bu məsələni həll etmək o qədər də çətin deyil. Bu tipdə filmlər, kitablar, sosial müzakirələr uşaqların gənc yaşlarından düşünüb özünü ifadə etməsi üçün əsas köməkçi məsələ ola bilər. Lakin bu filmlərin, kitabların yerli mühitin insanlarının yazması, müzakirələrin yerli mühitin insanları tərəfindən həyata keçirilməsi daha məqsədəuyğundur. İnsanlar uşaq vaxtlarından tək Con, Cek, Alikseyin yox, həm də İlqarın, Əlinin, Vahidin də timsalında özünü görməyi bacarmalıdır. Onlar başa düşməlidir ki, elə Azərbaycanın hansısa rayonunda - Lənkəran, Quba, Oğuzda da nələrsə etmək, xoşbəxt yaşamaq mümkündür. Bunun üçün Bakıya, Avropa və Amerikaya getməyə ehtiyac yoxdur. Personajlardan tutmuş real əhvalatlara qədər biz insanları öz ölkəmizin mühitində böyütməyi və bundan utanmamağı öyrətməliyik, dəyərlər yaratmalıyıq. Hansı mədəni zənginliyə malik olduğumuzu, istedadlı olduğumuzu kəşf etməli, bunu ifadə etməliyik. İstedadların öz içimizdə uğur qazanmasını təmin etməliyik.

Rahim Salıyev
Kultura.az | Developed by Samir Yahyazade