Tim Parks – Nobelin qüsuru nədədir?

Литература

Görkəmli ingilis yazıçısı Tim Parksın Ədəbiyyat üzrə Nobel mükafatını tənqid etdiyi “Nobelin qüsuru nədədir?” adlı yazısını təqdim edirik.
 
 
İsveçli şair Tomas Transtörmer Nobel mükafatını qazandı. İnternetdəki bir neçə uzun şeirindən başqa Tranströmerdən heç nə oxumamışam, amma düşünürəm ki, onun qalib olması hər cəhətdən çox yaxşı seçimdir. Əvvəla Nobel jürisi baxımından. Açıqlayım.

Jürinin on səkkiz üzvü var, bunlar İsveç Akademiyası adlanan, XIX əsrin axırlarından Nobel mükafatını vermək üçün seçilmiş bir qurumun nümayəndələridir. Əvvəllər qurumun iki üzvü demişdilər ki, bu öhdəliyi öz üzərlərinə götürməkləri doğru deyil. Qurumun 1786-ci il tarixli yaranma sənədində Akademiyanın məqsədi belə ifadə olunmuşdu: “İsveç dilinin saflığını, gücünü və ucalığını dəstəkləmək.”  Dünyanın hər hansı bir yerindən ən dəyərli, “idealist yönümlü” əsərləri seçmək bu məqsədlə uyuşurdumu?

Akademiyanın bütün üzvləri isveçlidir, əksəriyyəti İsveç Universitetlərində tam ştat işləyən müəllimlərdir. İndiki jüridə beşcə qadın var, Akdemiya tarixində jüri rəhbəri qadın olmayıb. Hal-hazırkı üzvlərdən sadəcə biri 1960-cı ildən sonra doğulub. Bunun səbəbi odur ki, Akademiyadan istefa vermək olmur. Ömürlük həbsdir. Deməli, təzə qan nadir tapılır. Gəl gör ki, son bir neçə ildə jürinin iki üzvü əvvəlki anlaşmazlıqlara görə müzakirələrə qatılmaqdan imtina etdi; mübahisələrdən birinin mövzusu Salman Rüşdünün əleyhinə olan fətvaya reaksiya verilməməsi, digəri isə mükafatın “xaos və pornoqrafiya” müəllifi sayılan Elfrida Yelinekə verilməsiydi.

Bu adamlar beynəlxalq arenada dövrün ən böyük romançılarının, yaxud şairlərinin kim olduğuna necə qərar verirlər? Onlarla ölkədən çoxsaylı ədəbiyyat mütəxəssisinə müraciət edir, əmək haqlarını ödəyərək namizəd ola biləcək yazıçılarla bağlı rəylər yazdırırlar. Rəy yazanların adı gizli saxlanır, amma qaçınılmaz şəkildə bəziləri rəy verdiyi müəllifi şəxsən tanıyırlar.

Proses ərzində nə qədər kitab oxumaq imkanları olduğunu təsəvvür edək. Hər il yüz müəllifin namizəd göstərildiyini – sizə qeyri-mümkün gəlməsin – və jürinin hər namizəddən bir kitab oxumaqla işə başladığını ehtimal edək. Amma bu mükafat bir yazıçının bütöv yaradıcılığına verilən mükafatdır, deməli təsnifat nəticəsində namizəd sayını azaldaraq yerdən qalanlardan iki kitabını, sonra üç, sonra dörd kitab oxuyurlar. Böyük ehtimalla hər il iki yüz kitab oxumalı olurlar. (öz işlərindən əlavə) Bu kitablardan çox azı isveçcə yazılmış, yaxud isveç dilinə çevrilib; əksəriyyəti ingiliscə yazılmış, ya da ingilis dilinə tərcümə edilmiş olacaq. Amma məlum olduğu kimi, ingilislər və amerikalılar tərcüməylə çox da məşğul olmadıqları üçün, daha ekzotik dillərdə yazılmış kitabların fransızcaya, almancaya və ya ispancaya tərcümələrini oxumalı olacaqlar.

Unutmayın ki, romanlardan başqa, söhbət şeirlərdən də gedir və bu əsərlər dünyanın müxtəlif  yerlərində yazılır; başa düşüləndir ki, əsərlərin çoxu İsveç Akademiyası üzvlərinin çox da bilgi sahibi olmadığı mədəniyyətlər və ədəbi ənənələrlə sıx şəkildə bağlı olacaq. Deməli bu professorların hər il mənimsəyib qarşılaşdırmalı olduqları kitab topası heterogendir. Son on ildə yeddi mükafatın avropalılara verilməsi ilə bağlı səsləndirilən tənqidlərə jürinin hazırkı sədri Peter Enqlund belə cavab verib ki, üzvlərimiz ingiliscə kifayət qədər yaxşı bilirlər, ancaq indoneziya dilində özlərinə çox da güvənmirlər. Məntiqli cavabdır.

Bu məqamda dayanıb belə bir xəyal quraq: isveç dilinin saflığını qorumağa məsul olan isveçli professorlarımız ingiliscəyə çevrilmiş indoneziyalı bir şair, ancaq fransızca oxuya biləcəkləri kamerunlu bir romançı, afrikaner dilində yazan, amma almancaya tərcümə olunmuş, bir də əlbəttə ki, ingiliscə oxuya biləcəkləri, amma sırf yorğunluqdan isveçcəsinə də nəzər yetirəcəkləri bir əsəri, tutalım, Filip Rot kimi son dərəcə məşhur bir yazıçının əsərləri ilə qarşılaşdırırlar.

Həsəd aparılası işdir? Mənası varmı? Bir əsr əvvəl iki nəfər bu yükü daşımaqdan bezərək Akademiyanın “kosmopolit bir ədəbiyyat məhkəməsinə” çevriləcəyindən narahat olmuşdu. Bu, problem yaranacağını fəhmlə hiss etdikləri məqam idi. Səhv etmirdilər.

İndi isə təsəvvür edək ki, ömrümüz boyunca hər il dünyanın get-gedə daha çox maraq göstərdiyi və anlaşılmaz bir çılğınlıqla dəyərə mindirdiyi, topdan və az qala imkansız bir qərara qol qoymalıyıq. Bu qərarı necə verməli? Bu bəlanı sovuşdurmaq üçün geniş yayılmış sadə və sürətli meyarlar tapmağa çalışarıq. Borxesin də dediyi kimi, estetika çətin olduğu üçün, xüsusi həssaslıq və uzun-uzadı düşünmək tələb etdiyi üçün, ya siyasi təbəddülatlar, ya da insan haqlarının pozulması ilə bağlı dünyanın diqqətini çəkən bölgələri müəyyənləşdirməklə işə başlamaq olar; çox güman ki, vacib mükafatlar qazanmış, mövcud siyasi uçurumun düzgün tərəfini açıqca müdafiə etmiş yazıçıları taparıq və onları seçərik.

Nobelin Şərq Bloku müxaliflərinə, ya da diktaturaya qarşı olan Şimali Amerikalı yazıçılara, Aparteid əleyhinə olan Şimali Afrikalı yazıçılara, ya da ən qəribəsi, mükafatı qazanması İtaliyada heyrətə səbəb olan Berluskoni əleyhdarı Dario Foya verildiyi dövrdə bu mexanizm işlək idi. Şərəfli formul idi, amma təəssüf ki, hər problemli regionun (Tibet, Çeçenistan) böyük müxalif yazıçısı yoxdur; bundan başqa, mükafatın yazıçı qədər ölkəyə də verildiyi şəklində bir fikir də mövcud olduğu üçün, mükafatı dalbadal iki il eyni problemli bölgədən olan yazıçıya vermək mümkün olmur. Əsl çıxılmazlıqdır!

Bəzən jüri üzvlərinin ağzı yanır. 2004-cü ildə Almaniya və Avstriyada xeyli vacib ədəbi mükafatlar almış sol yönümlü feminist Yelinek yaxşı seçim kimi görünmüşdü. Amma Yelinekin əsərləri vəhşidir, əksəriyyətinin həzm olunması çətindir (məsələn, o, İtaliyada, ya da İngiltərədə qətiyyən mükafat qazana bilməzdi); xüsusilə Nobeli almamışdan qısa müddət əvvəl çap olunanu “Hirs” romanı həqiqətən də oxunması imkansız  kitab idi. Cəhd etdiyim üçün bilirəm, sonra yenidən cəhd etdim. Jüri üzvləri doğurdan bu romanı oxumuşdularmı?

Adamı maraq bürüyür. Mükafatın Yelinekə verilməsindən sonra yaranan mübahisələrin nəticəsində jüri üzvləri son illərdə tanınıb-bilinən müəllifləri seçməyə başladı, bu da heç kimi təəəccübləndirmir: siyasi olaraq uyğun gələn, yarıbayarı unudulmuş Pinter, ardınca isə mənim nədənsə Nobeli çoxdan qazandığını düşündüyüm Varqas Lyosa.

Bu halda arabir nə olur-olsun deyərək mükafatı bir isveçliyə vermək yəqin ki, çox böyük rahatlıqdır; bu dəfə mükafatı alan, öz millətinin yaşayan ən böyük şairi sayılan, Peter Enqlundun sevimli ifadəsi ilə, bütün yaradıcılığı nazik üzlü bir kitaba sığışan səksən yaşlı bir adamdır; kəsəsi, bütün jüri üzvlərinin isveçcədən bir neçə saata oxuya biləcəkləri bir şairdir. Bəlkə də jüri üzvlərinin bir illik akademik məzuniyyətə ehtiyacı vardı. İqtisadi böhran dönəmində diqqətdən kənarda qalmamalı bir məqam da var, bir milyon yarımlıq mükafat İsveçdə qalacaq.

Amma məsələnin ən sağlam tərəfi hamımızın bildiyi şeyləri, məsələn, amerikalı, ya da nigeriyalı, bəlkə də daha çox norveçli bir jüri üzvünün əsla belə bir qərar verməyəcəyini, bu mükafatın nə qədər cəfəng olmasını və onu ciddiyə aldığımız üçün bizim  nə qədər axmaq olduğumuzu bizə xatırlatmasıdır. On səkkiz (ya da on altı) isveçlinin İsveç ədəbiyyatını dəyərləndirməsi inandırıcı görünür – Tranströmerin mükəmməl bir şair olduğuna heç bir şübhəm yoxdu –  amma yüzlərlə fərqli ənənənin zəngin müxtəliflikdəki əsərlərini həqiqətən başa düşə biləcək bir insan ittifaqı ola bilərmi? Üstəlik, niyə onlardan bunu etməyini istəməliyik ki?

Tərcümə: Qismət  

Sim-sim.az
Kultura.az | Developed by Samir Yahyazade