Babək Abbaszadə - Monoton

Литература

Hekayə

Uşağı təzəcə əmizdirmişdi ki, yenə ərinin budilniki işə düşdü. Samiri yatızdırıb əl-ayağa düşdü. Səhər yeməyini hazırladı, hər şeyi masaya düzdü, çayı süzdü, şirin elədi. Əri əl-üzünü yuyub çayını içdi, saata baxdı. Bir kəlmə də kəsmirdilər. Heç kim ona heç vaxt sabahın xeyir demirdi. Ərinə mesaj gəldi, rəngi açıldı, kimin yazdığını təxmin etmək elə də çətin deyildi. Gəzdiklərindən hansısa sabahın xeyir yazmışdı, yəqin. Rafiq əynini geyindi, telefonu götürüb tələsik evdən çıxdı. Özünü elə aparırdı ki, sanki, evdə adam yoxdu. Qapının arxasından zəif də olsa onun səsi eşidilirdi, “hə, hazırlaş axşam 7-nin yarısı gəlib götürəcəm".
Əvvəlkilərə oxşayan, daha doğrusu, əvvəlkilərin eynisi olan daha bir gün başladı.

Blokdan gələn tələsik addım səsləri. Həyətlərdən işə düşən soyuq maşın motorlarının səsləri. Motorlardandan çıxan tüstülər. Xəttə ilk çıxan avtobuslar. İşə gedən qonşular, məktəbə gedən şagirdlər, tələbələr. Hamı harasa gedirdi və hər şey, hətta payız küləyinin qovduğu saralmış yarpaqlar belə, harasa tələsirdilər, ondan başqa. Onun gedəcək yeri, tələsəcək işi yox idi. 

Nə işləmək üçün bir bildiyi, bir bacardığı var idi, nə işləməyinə icazə verən.

Yenə həmin ev, həmin boz divarlar, həmin alaqaranlıq otaqlar, pəncərədən görünən həmin boz və köhnə binalar, paslı peyk antenalar, balkonlardan asılmış nəmli paltarlar. Kim bilir, min neçə yüzüncü dəfə idi, hər şey olduğu kimi təkrarlanmağa başlamışdı, sanki, lənətlənmiş, sonu olmayan qapalı bir dövrəyə girib, içəridə yolu itirmişdi.

4 il idi ki, o, həyatı yaşamırdı, sadəcə, müxtəlif növ pəncərələrdən seyr edirdi. Pəncərə, TV, telefon. O həyatı görürdü, eşidirdi, amma yaşamırdı.

Evin pəncərəsindən dəstə ilə məktəbə gedən, səsli-küylü balaca qızlara baxıb xəyallara daldı. İndi geriyə qayıtmaq, sadəcə onlardan biri olmaq üçün, hər şeyi qurban verməyə hazır idi. “Kaş ki, onlar bir bilsəydilər həyatlarının necə qiymətli vaxtlarıdır, kaş ki, onlar kimi yenidən məktəbə, itirilmiş cənnətə getsəydim, yəqin ən az 3 xarici dil öyrənərdim, fizikanı, kimyanı, biologiyanı və qalan bütün fənnləri oxuyardım, mühəndis olardım, bəlkə də, həkim”.

Televizorda həmişə cavan, eynəkli həkimləri görəndə həsəd aparırdı. Onların daimi işi var, onlar gərgin işlərlə məşğuldurlar, onlar sevinirlər, həyəcanlanırlar, kədərlənirlər, onlar həyatı doya-doya yaşayırlar, sadəcə seyr etmirlər. Onlara çoxlu zənglər gəlir, hamı onlardan nəsə soruşur, biri nəsə öyrənir, biri nəsə xahiş edir, onlar hamıya lazımdır, o isə heç kimə. 17 yaşında o artıq həyatla sağollaşıb kənara çəkilmişdi.

17 yaşında Xatirəni məcburi xalası oğlu Rafiqlə evləndirəndə anası gülə-gülə deyirdi ki, uşaqdılar də, öyrəşəcəklər. Xalası da gülə-gülə təsdiqləyib deyirdi ki, hə də, guya hansımız sevib evlənmişik ki, sonra hamı gülüşürdü. Beləcə, 3 nəfər insanın bədbəxtliyinin təməlləri gülə-gülə atılmışdı.

Boz buludların arxasından gələn boz günəş şüaları onsuzda sönmüş şəhəri daha da sönük göstərirdi. Saat 12 oldu. Qarşıdakı binanın altındakı kafelər dolmağa başladılar. Yaxınlıqdakı banklarda, dövlət idarələrində, sığorta şirkətlərində işləyən insanlar iki-iki, üç-üç kafelərə axışırdılar. Onlar əl-qol hərəkətləri ilə mübahisə edir, siqaret çəkir, bir-birinin sözünü yarımçıq kəsir, kiməsə zəng edir, yeməyin üstündən çay içir, sonra tələsə-tələsə işə qayıdır, bir sözlə, özləri də bilmədən həyatı yaşayırdılar. Əgər, bütün dünyanı teatra bənzətsək, bütün insanlar aktyor, aktrisa idilər, ondan başqa. O, bu nəhəng teatrın tək və yalqız tamaşaçısı idi.

Onun həyatı kənardan izlədiyi gizli bir pəncərəsi də var idi – bacısının ona bağışladığı, arada 1-2 manat balans yüklədiyi telefon. 

"Insatgram"da o, keçmiş sinif yoldaşlarının, xalası, bibisi uşaqlarının, keçmiş rəfiqələrinin fotolarını izlədikcə, daha da pis olurdu. Hətta indi İstanbulda fahişəlik eləyən iki keçmiş sinif yoldaşlarının fotolarına belə həsəd aparırdı. Ona ən pis təsir edən də elə bu idi. 

Onlar bir gün bu şəhərdə, başqa gün başqa şəhərdə işləyir, bəzən işlədikləri fahişəxanadan qovulur, sonra başqasında işə başlayırdılar. Bəzən onları kirayə qaldıqları evdən qovurdular, onlar evi dəyişirdilər. 

Onların həyatında yaxşı-pis fərq etməz, dəyişikliklər olurdu. Onun həyatında isə, sanki, kimsə pauzanı basıb çıxıb getmişdi. Hətta sonuncu dəfə 4 il əvvəl özünün alıb divardan asdığı kalendar belə dəyişməmişdi, nə onu ordan götürən var idi, nə də yenisi ora asan. Buna heç ehtiyac da yox idi. Nə fərqi var ki, indi neçənci ildi, hansı ayın neçəsidi, guya bilsə nolacaq ki, indi təqvim onun üçün sadəcə yan-yana və alt-alta düzülmüş rəqəmlər çoxluğu idi.

Nə qədər bilsə də ki, fahişəlikdə həsəd aparılmalı heç nə yoxdu, yenə də, özündən asılı deyildi, onlara həsəd aparırdı. 

İnsan həmişə bildikləri ilə yaşamır ki, bəzən emosiyalar daha üstün gəlirlər. Onların fotolarına baxanda Xatirənin də emosiyaları onun indiyə qədərki doğru-yanlış bildiklərinə, düşüncələrinə meydan oxuyurdular. Xatirənin içində vəhşi bir instinkt qarşısıalımaz bir şəkildə onu İstanbula tərəf çəkirdi. 

Bu, onun özünün də bilmədiyi nəsə qeyri-adi, dağıdıcı, heç nəyə tabe olmayan bir instinkt idi. Bu instinkt müti insanlardan başqa heç kimin qalib gələ bilmədiyi azadlıq instinkti idi. Xatirəni həsəd apardığı da də elə bu idi, onların azadlığı.

Artıq Xatirənin beynində ən qədim mübarizə, heç vaxt heç-heçə bitməyən, mütləq ya birinin, ya da digərinin qələbəsi ilə başa çatan, dünyadakı yaxşı və pis şeylərin hamısının səbəbkarı - xeyirlə şərin mübarizəsi başlamışdı. 

Xeyir deyirdi: bax haa, bu işin gecələr döyülməyi, söyülməyi var – şər deyirdi: nolsun ki, sən ona fikir vermə, Rafiq də səni hərdən gecələr döyür, söyür, nə fərqi var ki, səni kim döyür. Xeyir deyirdi: elə bilmə ki, onlar həmişə otellərdə, yemək içmək məclislərində olurlar, bəzən onlar iş olmayanda həftələrlə, ac-yalavac gəzirlər, şər həmən cavab verirdi: insan niyə yemək yeyir ki, acından ölməmək üçün, acından ölmürlərsə, deməli həmişə nəsə tapırlar yeməyə.

Budur hava qaralmağa başladı. İnsanlar yenə iki-iki, üç-üç işdən evə tələsir, bəziləri hələ də evə getmək istəmir, dostları ilə şəhərə gəzməyə çıxır, bəziləri yeyib-içməyə gedirlər. Ailəsi ilə axşam gəzintisinə çıxanlar da az deyildi. Rafiq də yenə iki dostu ilə gəzdikləri qadınları da götürüb puba getmişdilər. Qaranlq boz şəhərin bozluğunu gizlətdikcə, şəhər canlanırdı. Əvvəllər Rafiqin evə tez gəlməyini gözləyərdi, daha gözləməli heç nə yox idi.

Arıtq, neçənci gün idi ki, beyni xeyir və şərin mübarizə meydanına dönmüşdü. Özü də istəmədən bütün günü pəncərədən həyatı seyr edə-edə xeyirlə şərin davasına qulaq asırdı. Gah xeyirin tərəfinə keçirdi, gah da şərin. Bəzən ikisinin də haqlı olduğunu düşünür, bəzən isə ikisindən də bezir, ikisini də beynindən qovmaq istəyirdi. O qovmağa çalışdıqca onlar daha da qızışır, bütün günü bir-biri ilə deyişir, nə onu rahat buraxırdılar, nə də bir-birini.

***

Güzgünün qabağına keçdi, ilk dəfə özünə müştəri gözü ilə baxdı. “Yox, hələ gec deyil, beş-on il bir təhər yaşamaq olar.” Xeyir hardansa yenə beynində peyda olub soruşdu: lap tutaq ki, beş-on il onlar kimi yaşadın bəs sonra? Şər fısıldadı: ən azından beş-on il yaşayacan, daha bu yarıqaranlıq otaqlarda çürüməyəcəksən.

***

Plan artıq hazır idi. Həyəcandan gözünə yuxu getmirdi, tez-tez saata baxır, sonuncu dəfə Samirin gecə acıb ağlamağını eşidəcək, sonuncu dəfə onu əmizdirib, sonuncu dəfə öpüb sonra özünü həyatın tam ortasına atacaqdı.Seyrçi olmaqdan bezmişdi, nə qədər çətin də olsa, o da bir oyunçu olmağa qərar vermişdi.

Dan yeri ağarmağa başlayırdı.Səhərin soyuq payız küləyi var gücü ilə onu gah sağa, gah da sola itələyir, sanki, onu oyatmağa, bir də düşünməyə, evə qaytarmağa çalışırdı. Bütün xoşbəxt adamlar indi dərin yuxuda idilər. Birazdan yenə yarı-yuxulu oyanacaq, tələm-tələsik hazırlaşıb özlərini evdən bayıra -həyata atacaqdılar. 4 il sonra o da artıq harasa tələsə-tələsə gedir, tez-tez dönüb həyəcanla arxaya, xüsusən, artıq uzaqda qalmış pəncərələrinə baxırdı. Bu dəfə Xatirə hamını qabaqlamışdı. O, artıq həyatın kənarında yox içərisində idi. Gecə növbəsi işləyən yarı-yuxulu taksi sürücüləri ona ümidlə baxır, 3-5 manat da qazanıb tez gedib yatmaq istəyirdilər. Deməli, o artıq kimlərəsə, hər hansı bir formada lazımlı idi, 4 il sonra.

Küçənin sonunda bir də dönüb arxaya baxdı.Nə gördüsə donub yerində qaldı.Özünü itirdi, bilmədi, qaçsın, dayansın, ya geri qayıtsın. O nə qorxdu, nə də həyəcanlandı. Sadəcə donub yerində qaldı. 4 il həyatı seyr etdiyi pəncərədən çölə yarı-qaranlıqda sarı işıq saçırdı. Deməli, Samir acıb ağlayırdı. Həyəcanladığından onu əmizdirməyi unutmuş, sonuncu dəfə onun gözlərindən öpməyi, boynundan qoxlamağı yadından çıxarmışdı.

Bakının soyuq və tozlu payız küləyi gözyaşlarını sildiyi yaylığını başından dartıb çıxardı və saralmış yarpaqlara qatıb küçə ilə sürüməyə başladı.

***

Həm rəfiqələri, həm iş yoldaşları ona deyirdilər ki, narahat olma, uzağı bir ilə öyrəşəcən, təzə-təzə bizə də çətin idi, bax indi heç vecimizə də deyil. 

O da ümid edirdi ki, bir gün öyrəşəcək. Bir insan düşdüyü vəziyyətə uyğun olaraq çox iş görə bilər, amma bəzən elə də olur ki, hansı vəziyyətə düşürsən düş, nə qədər cəhd edirsən et, gec də olsa başa düşürsən ki, bu iş sənlik deyil. O, iki il dözdü, nə qədər çalışdı, amma öyrəşə bilmədi.

O iki il İstanbulda fahişə işlədi, amma fahişə ola bilmədi.

***

Sonuncu dəfə mən onu görəndə Mersində, 3 ulduzlu bir oteldə təmizlikçi işləyirdi.
Kultura.az | Developed by Samir Yahyazade