Seymur Baycan: Cırcırama və qarışqa

Сеймур БАЙДЖАН



Cırcırama və qarışqa haqqında təmsilin məzmununu çox adam bilsə də yazının mesajı açıq-aşkar aydın olsun deyə təmsilin məzmunu bir daha yazmalı olacağıq. Bildiyiniz kimi qarışqa qışı düşünərək yay boyunca çalışır, zəhmət çəkib qış üçün yem tədarükü görür. Cırcırama isə gül-çiçəklərin arasında uzanır, çalır və oxuyur. Yay qurtarır. Havalar soyuyur. Güllərdən və çiçəklərdən əsər-əlamət qalmır. Bildirçinin bəyliyi biçin qurtarana qədərdir. Bütün yayı çalıb oxuyan cırcırama yeməyə heç nə tapmır. Vəziyyət belə kritik olduğu halda cırcırama qarışqanın hüzuruna gedib ondan növbəti yaza sağ çıxmağına bəs edəcək qədər yem istəmək qərarına gəlir. Xahiş minimal xahişdir. Qarışqa isə cırcıramanın xahişini eşitdikdə çox sərt cavab verir. Deyir ki, mən bütün yayı zəhmət çəkib, tər töküb qış üçün azuqə toplamışam. Mən işləyirdim sən isə çalıb oynayırdın. İndi get çal oyna. Təmsildə cırcıramanın sonrakı aqibəti yazılmasa da onun yaza çıxmadığı, acından öldüyünü ehtimal etmək olar. Burda bir incə nüansa diqqət etmək lazımdı. Cırcırama qarışqadan yaza sağ çıxmasına bəs edəcək qədər yem istəyir. Demir elə hər il sən işləməlisən mən isə çalıb oxumalıyam. Hardan bilmək olar bəlkə cırcırama papağını qarşısına qoyub dərin düşüncələrə dalıb öz həyat tərzində dəyişiklik etmək qərarına gələcəkdi. Nə bilmək olar bəlkə cırcırama növbəti yayda oxumağın və çalmağın daşını atıb bir işin qulpundan yapışıb qış üçün azuqə toplayacaqdı. Tam səmimi deyirəm, hətta uşaq dövründə bu təmsili oxuyanda qarışqanın kobudluğunu başa düşə bilmirdim. Zəhməti nə qədər sevsəm də təmsilin tərbiyəvi əhəmiyyəti mənə bir o qədər də çatmırdı. Bir canlı sənin qapına gəlib, yaza sağ çıxmaq üçün yem istəyir. Sən isə deyirsən ki, yayda işləmirdin, çalıb oynayırdın, indi də get çal-oyna. Yəni get öl. Bu təmsilə çəkilmiş bir rəsm yadıma düşür. Deyəsən elə orta məktəb dərsliyində idi. Rəsmdə qarışqa səmimi bir proletariat, cırcırama isə ifrat meşşan kimi təsvir olunmuşdu. Görünür rəssam təmsilin məzmunundan çox ilhamlanmışdı. Rəsmin bir tərəfində qarışqa qan-tər içində belində yuvasına dən daşıyır, o biri tərəfdə isə cırcırama güllərin və çiçəklərin arasında uzanıb, qucağında gitara çalıb-oxuyur. Beləliklə, biz sovet məktəblilərinə zəhmətin vacibliyi təlqin olunurdu.

Bu məşhur söhbətin ikinci variantı da var. İkinci variantda da hadisələr birinci varianta olduğu kimi cərəyan edir, sadəcə ikinci variantda sonluq tamam başqa cürdü və sonluğun başqa cür olması söhbətin mesajını tamam dəyişir. İkinci variantda da birinci variantda olduğu kimi qarışqa yay boyunca çalışır, zəhmət çəkir qış üçün azuqə toplayır. Cırcırama isə güllərin, çiçəklərin arasında uzanıb çalıb-oxuyur. Yay qurtarır. Soyuqlar düşür. Güllər və çiçəklər solur. Cırcırama yeməyə heç nə tapmır. Belə olduğu halda qarışqanın yuvasına gedib ondan yaza sağ çıxmağına bəs edəcək qədər yem istəmək qərarına gəlir. Qarışqa cırcıramanı gülər üzlə qarşılayır. Cırcırama çəkinə-çəkinə deyir ki, bəs öz səhvimi başa düşürəm, mən oxuyurdum sən isə işləyirdin. İndi yeməyə heç nə yoxdur. Mümkünsə mənə yaza sağ çıxmağa bəs edəcək qədər yem ver. Qarışqa cırcıramanın xahişini eşitdikdə deyir: “Niyə utanırsan? Bağışla mən səni yaddan çıxartmışam. Mən gərək özüm sənin payını əvvəlcədən verəydim. Sən yayda çalıb oxuduğun zaman mən həzz alırdım, ruhum dincəlirdi və daha şövqlə, daha həvəslə işləyirdim. Əgər sən çalıb oxumasaydın mən o cürə həvəslə işləyə bilməzdim”. Beləliklə qarışqa cırcıramaya yaza sağ çıxmasına bəs edəcək qədər yem verib ədəb-ərkanla onu evinə yola salır.

Əlbəttə bu söhbətdə çox böyük bir hikmət vardır. Anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər. Niyə? Sual oluna bilər bu söhbətin hikməti nədədir. Gəlin bir anlıq hətta ən inkişaf etmiş və güclü xalqları mənsub olduqları yazıçılarsız, rəssamlarsız, bəstəkarlarsız, heykəltəraşlarsız, filosoflarsız təsəvvür edək. Söhbət o şəxslərdən gedir ki, onlar artıq bir xalqa mənsub deyillər, bəşəriyyətin ümumi sərvətinə çevriliblər. Hətta iqtisadi cəhətdən ən güclü və inkişaf etmiş xalqları belə yazıçılarsız, filosoflarsız, rəssamlarsız, bəstəkarlarsız təsəvvür etdikdə onlar çox sönük görünürlər. Yazıçıları, bəstəkarları, rəssamları, filosofları çıxdıqda onları dünyada tanıdan, onlara güc verən nə qalır? Bir sürü geyim, parfümer, mebel, qab-qacaq, maşın brendləri. Hərçənd bu brendləri yaradan adamların da bioqrafiyasını bir balaca dərindən araşdırsaq onların da birbaşa ya dolayısı ilə incəsənətlə əlaqəli adamlar olduqlarını görəcəyik. İngilisləri Şekspirsiz, Dikkenssiz, fransızları Viktor Hüqosuz, almanları Götesiz təsəvvür etmək çətindir. 2015-ci ilin statistikasına görə Şekspirin ev muzeyini (ev bir dəfə demək olar ki, dağılıb, təzədən restavrasiya edib muzey kimi açıblar S. B) yeddi yüz yetmiş bir min yeddi yüz adam ziyarət edib.

Söhbət hansısa bir din xadiminin qəbrini, məqbərəsini ziyarət edənlərdən getmir, Şekspirin ev muzeyini ziyarət edənlərdən gedir. Hansısa bir din xadiminin məqbərəsini, qəbrini ziyarət edən adamlarla Şekspirin ev muzeyini ziyarət edən adamların arasında savad və dünyagörüşü baxımından səviyyə fərqinin olması şübhəsizdir. Qələm olmayan yerdə qılınc çox effektsiz görünür. Qələm dedikdə mən ümumiyyətlə incəsənətin vacibliyini nəzərdə tuturam. Bir uğurlu film ölkəyə və xalqa on neft quyusundan daha çox fayda verə bilər. Zatən belə nümunələr çoxdur. Çox böyük maddi zənginlik içində yaşayan xalqlar var. Lakin böyük bir maddi zənginlik içində yaşmaqlarına baxmayaraq həmin xalqlar incəsənət məsələsində axsadıqlarına görə reputasiyaları xeyli zədəlidir. Dünyaya çıxartmağa, onlara hörmət qazandıracaq brendləri yoxdur.

Bəzən bu mövzularda danışdığın zaman bir çox insanlar diletantcasına sənətkarların məişət pozğunluqlarını sadalamağa başlayırlar. İctimai-siyasi məzmunlu pozğunluqla məişət pozğunluğu arasındakı sərhədi hər zaman müəyyən etmək gərəkdir. Dostoyevskinin qumarbaz olması bağışlanılan hərəkətdir, amma onun mütləqiyyətə xidmət göstərməsini bağışlamaq çətindir. Russonun övladlarından imtina etməsi onun yaradıcılığına heç bir halda kölgə sala bilməz. Çünki çırağın özü hisli-paslı olsa da onun verdiyi işıq vacibdir.

Stefan Sveyqin “Dünənin dünyası” haqqında çox yazılıb. İndən belə də yazılmalıdır. Məndən olsa o kitabı hər kəs oxumalıdır. O əsər universitetlərdə tədris olunmalıdır. Sveyq “Dünənin dünyası”nda yazır ki, varlı yəhudilər özlərinin təkcə bankir, ticarətçi kimi tanınmağını istəmirdilər. Ona görə də aralarından çıxan sənət adamlarına həvəslə yardım göstərirdilər. Yəni qarışqanın öz missiyası, cırcıramanın da öz missiyası vardı. Bunun biri o birisinə güc verirdi. Biri o birisindən güc alırdı.

Üç ildən artıqdır davamlı olaraq ikinci dünya müharibəsi ilə maraqlanmaqdayam. Müxtəlif ölkələrin çəkdikləri sənədli filmlərə baxıram, mətnlər oxuyuram. Baxdıqca, oxuduqca faciənin, dəhşətin miqyasını təsəvvür etməkdə çətinlik çəkirəm. Alman nizam-intizamını, işgüzarlığını, ənənənin gücünü, “amerikan möcüzəsi”ni nəzərə almaqla bərabər almanların elə bir ağır yükün altından çıxmaları, təzədən dünyada hörmət sahibi olmaları mənə möcüzə kimi görünür. Çünki işin iqtisadi tərəfindən savayı bir mənəvi tərəfi də var. Düşünürəm ki, əgər alman xalqına mənsub və bəşəriyyətin sərvətinə çevrilmiş, həmçinin zamanında faşizmə yox deməyi bacarmış şəxslər olmasaydı alman xalqının o ağır yükün altından çıxması xeyli çətin olardı. Bir az həssas mövzudur, çox açıq yaza bilmirəm. Standartlar imkan vermir. Lakin nə demək istədiyim ümid edirəm bəlli oldu. Məsələn, sovet yazıçılarının yazdıqları, sovet rejissorlarının çəkdikləri ikinci dünya müharibəsindən bəhs edən romanlarda, filmlərdə belə sovet əsgərlərinin və zabitlərinin arasında gedən maraqlı dialoqlara rast gəlirik. Tutaq ki, əsgərlərdən biri bütün alman xalqına lənət yağdırır. Başqa bir sovet zabiti isə onu başa salır ki, alman olmaq faşist olmaq demək deyil. Alman başqadır, faşist başqadır. Fikrini əsaslandırmaq üçün Şillerin, Bethovenin, Henrix Heynenin (hərçənd Henrix Heyne yəhudi əsilli alman şairi idi) və bu kimi nəhənglərin adını çəkir. Əlbəttə ki, alman kommunistlərinin adları, xüsusən Ernest Telmanın da adı çəkilir. Söhbət o əsərlərdən gedir ki, həmin əsərləri yaradanlar sovet ideologiyasına tam xidmət edirdilər. Yaratdıqları əsərlərdə bolluca pafos və yalanlar vardı. Həmin əsərlərdə 41-ci ilin yayında sovet ordusunun verdiyi dəhşətli tələfatlardan çox cüzi danışılır, bəzi hallarda ümumiyyətlə danışılmır. 39-cu ildə sovetlərlə faşist Almaniyasının Polşanı yarıya bölməsindən isə bəhs etməkdən söhbət belə gedə bilməz. Biçarə sovet insanları elə bilirdilər ki, müharibə 1941-ci ildə başlayıb. Söhbət o romanlardan o filmlərdən gedir ki, orda faşist Almaniyasının sovetlərə hücumu birbaşa xainlik kimi təqdim olunurdu. Demək istəyirəm ki, alman xalqına mənsub və bəşəriyyətin sərvətinə çevrilmiş imzalar, şəxslər alman xalqının ağır yükün altından çıxmasında müstəsna rol oynadı. Ola bilsin tarixçilərə bu fikir cəfəngiyat kimi görünsün, zərəri yoxdur, nə dediyimin məsuliyyətini hiss etməkdəyəm. Konkret misal gətirək. Aleksandr Çakovskinin “Mühasirə” romanı əsasında çəkilmiş Leninqradın mühasirəsindən bəhs edən dörd hissədən ibarət Mühasirə adlı bir sovet filmi var. Həmin filmdə yüksək rütbəli bir alman zabiti radioda Bethovenin musiqisinə qulaq asır. Başqa bir zabit sual verir: "bu Berlin radiosudur?" Zabit deyir: “Yox, Leninqrad radiosudur”.

Kultura.az | Developed by Samir Yahyazade