Mərdi niyə qovurlar?

Контра

Rüfət Hüseynli

“Mərdi qova-qova namərd edərlər” Maraqlı deyimdir. Maraqlı tərəfi də odur ki, çox bilmək istərdim, bənzəri deyim digər xalqlarda, fərqli toplumlarda da mövcuddur, ya yox. Məsələn, inanıram ki, "doğru danışanı yeddi köydən qovarlar", ”düz söz acı olar”, ”Yalan ayaq tutar, amma yeriməz”, "Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı" kimi zərb məsəllər, atalar sözləri, bütün millətlərdə var. Xüsusilə də vaxtilə Ərəb atalar sözləri ilə bir qədər maraqlandığım üçün dəqiq bilirəm ki, onlarda bu tipli misallar çoxdur. Elə Qərb toplumlarında da. Amma “Mərdi qova-qova namərd edərlər” bir başqadır axı. Bu fikir necə doğa bilər və cəmiyyətin zehniyyətinə necə ola bilər ki, bu qədər ölçülüb biçilmiş şəkildə dəqiqliklə otursun. Daşlaşmış bir yapı halını alsın. Bu tək bir formada ola bilər, deyilmi? Bəli, elə onu nəzərdə tuturdum. Dəfələrlə təkrarlanan, artıq ənənə halında olan, bununla heç kimin təəccübünə səbəb olmayan adi bir hal formasını alması ilə. Yəni, güman ki, mərdi çox yerdə qovublar, amma bu misalın məhz bizdə olması onu göstərir ki, ya bizdə bu artıq belə də qəbul olunub ki, mərd qovulmalıdır, ya da digərləri mərdi qovsalar da ondan namərd qayıra bilməyiblər.

Bu yaxınlarda bir filmə baxırdım. Bəri başdan deyim ki, filmlər haqda uzun uzadı və təfsilatlı məlumat vermə bacarığım yoxdur. Əksəriyyətinə baxmışam, amma adını belə bilmirəm. Hansı aktyorlar oynayırlar bilmirəm, çoxuna yarı yarımçıq baxmışam. Səbəb də odur ki, kanaldan kanala gəzişərkən təsadüfən rast gəlmişəm. Elələri də var ki, başdan yarıya qədər baxandan sonra məlum olub ki, sən demə, bir xeyli müddət əvvəl bu filmin yarıdan o biri tərəfinə baxmışammış. Beləliklə, bu hissələri montaj etmişəm hafizəmdə və tam filmi izləmiş olmuşam. İndi xatırlatdığım film də onlardan biridir. Adını bilən olsa, yazsın mənə. Məmnuniyyətlə əvvəlindən baxardım. Filmdə bir neçə qısa, bir-biri ilə heç uzlaşmayan, fərqli yerlərdə baş verən hadisələrdən bəhs edilir. Maraqlı hadisələrdən. Bu hadisələrin birində bir argentinalı aktyor oynayır. Başqa bir argentina filmində də onu görmüşəm əvvəllər. Deyəsən mühəndis rolundadır. Və deyəsən haqqını tələb edən, mübariz, doğru danışan birisidir. Elə ona görə də evində belə qınaq obyektidir. Hamı ondan narazı kimidir. Baxmayaraq ki,özünə qapanmış, qaradinməz adamdır. Əlqərəz, bu adamın qızının ad günüdür. Axşama tort alıb aparmalıdır evə. Şəhərin küçələri ilə maşınını sürə-sürə sağa sola boylanır. Qənnadı dükanı axtarır ki, hardan yaxşı bir tort ala bilər. Bir dükanın qarşısında maşınını saxlayır, enib daxil olur içəri. Bu adamın başı tort almağa qarışmış olsun, sizə kimdən deyim, evakuatordan.

Bəli, bəli. Tanış problemdir, hə.Adamın maşınını götürüb aparırlar. Aparırlar yox ee, qaçırırlar. Cəld, heç qımıldanmağa macal da tapmamış. Bizdəki kimi. Yox, bizdəkindən fərqli bir ştrix tapdım baxa-baxa. Deməli bizdə maşını aparırlar, sonra sən çıxıb maşını axtarırsan, qalırsan girinc giriftar ki, bu maşın hara yoxa çıxdı? Bəlkə qaçırıblar, aparıb hissə-hissə edib satacaqlar? Sonra yaxındakı taksi sürücüləri, nə bilim tində tum çırtlayanlar gəlib deyirlər ki, qardaş, maşını evakuator apardı cərimə meydançasına. Get, məsələn, Cavanşir körpüsünün altına filan. Özü də maraqlı tərəfi bilirsiniz nədir? Əslində bu hissləri bir neçə il bundan qabaq, bu evakuatorların maşın ovu mövsümünü yenicə açıq elan etdiyi dövrlərdə daha çox yaşayırdıq. Artıq xeyli vaxtır ki, bu mənzərə ilə qaşılaşanda oğrunun məsum adını ləkələmək, babalını yumaq kimi qaragüruh fikirlər heç kimin ağlına da gəlmir. Həmən bilirlər ki, evakuatorun işləridir. Bizdə maşın oğurluğu yayğın deyil. Elə bil qız qaçırıb xala evinə aparmağa bənzəyir maşın qaçırıb cərimə meydançasına aparmaq. Hə, çox uzaqlaşdım mətləbdən. Bizdən fərqli ştrix demişdim axı. Adamın maşınını aparırlarsa da, yerindəcə, asfalta üzərinə evakuator şəkli çəkilmiş cərimə məntəqəsinin ünvanı olan kağız yapışdırırlar. Yazıq çarəsiz, tortu da əlində gəlir cərimə meydançasına. Burada bir növbə var ki, gəl görəsən. Sıraya düzülənlər bir-bir cərimə meydançasının xəzinəsinə pullarını–cərimələrini ödəyərək maşınlarını götürüb gedirlər. Hə onu da qeyd edim ki, xəzinə şüşə arakəsmə ilə növbə gözləyənlərdən ayrılıb və bu şüşənin arxasında yerləşdirilmiş xidmət göstərmək üçün nəzərdə tutulmuş masaların yalnız birində cərimə meydançasının əməkdaşı iş başındadır. O biri masalar boşdur. Bizim hava limanı sərhəd keçid məntəqəmiz kimi bir şey təsəvvür edin. Növbə çatır bizim qəhrəmana. Yaxınlaşıb xəzinədə xidmət göstərən məmurla salamlaşır. Elə dərdini izah etməyə başlar başlamaz məmur kobudcasına onun sözünü ağzında kəsir, çox uzatmamasını tələb edərək  maşınının nömrəsini soruşur. Və cərimənin nə qədər olduğunu deyir. Adam deyir ki, mən etiraz edirəm, niyə axı sizə cərimə ödəməliyəm. Bu məbləğin evakuatorun məsrəfi olduğunu bildirən məmur sərt bir şəkildə bildirir ki, park edilməsi yasaq ərazidə saxlamısan, hələ bir danışırsan da. Adam park edilməni qadağan edən heç bir nişanın nə asfalt üzərində, nə də yol kənarında dirəkdə olmadığını izah etməyə çalışır. Məmur bildirir ki, əslində asfalt üzərində olub, amma son vaxtlar silinib deyə bilinmir. Bizim qəhrəman bunun onun problemi olmadığını, nişanın asfalt üzərində vaxtilə olub sonradan silindiyini bilməsinin mümkünsüz olduğunu desə də, məmur cərimənin ödənməli olduğunu tələb edir. Hüquqları tapdalanmış, bir qəpiklik olmuş biçarə mühəndis məhkəməyə müraciət edilməsinin gərəkdiyini söyləyir. Məmursa cavabında bildirir ki, evakuatorun məsrəfini ödədikdən sonra, istəsə, lap Roma Papasına da müraciət edə bilər. Yazıq adamcığaz pul kisəsini eşələyə eşələyə - bəlkə mənim bu qədər pulum heç yoxdur – deyir. Məmur da bildirir ki, nə vacibdir ki, nə vaxt olar, onda da gəlib maşınını götürərsən. Təbii ki, əlavə olaraq cərimə meydançasında qaldığı günlərin xərcini də ödədikdən sonra. Və burada mənim üçün hadisələrin ən kulminasiya nöqtəsi açılır. Sırada növbə gözləyən bütün camaat bu yazıq, hüquqları ayaq alta payandaz olan, amma mübarizliyini itirmək istəməyən üsyankar insanın üstünə qalxırlar. Onların əksəriyyətinin bu qansız, haqq yeyən maşının qurbanı olmasına baxmayaraq, hamı bir ağızdan adamcığazı ittiham edir. Ona boşboğaz deyən kim, növbəni ləngitməkdə günahlandıran kim. Öz dərd ortaqları tərəfindən belə bir ağır təpkilərlə ittiham olunan zavallı adam cəriməni ödəmək məcburiyyətində qalaraq məmura oğru və korrupsiyalaşmış bir sistemə müti qul kimi xidmət etməsi ilə elə onun da oğurluq ortağı olduğunu, dolayısı ilə elə oğru olduğunu deyir. Və tortunu götürüb evinə gedir. Amma artıq hava qaralıb. Evə çatan an qızı tort əvəzi deyəsən, balaca bir çörək diliminin üzərində yandırılan tək bir şamı artıq üfürmüşdü. Məclis çox sönük bir şəkildə dağılırdı. Tortun gəlişi  artıq bir işə yaramayacaqdı. Qızcığazın atası çox gecikmişdi.

Yadıma illər öncə bir tanışımla etdiyim söhbət düşdü. Nəsə problemi olmuşdu, heç cür haqqını müdafiə edə bilmirdi. Yanıb qovrulurdu. Bir dərdini qoyub o birindən söz açırdı. Boğaza yığıldığı, daha burada yaşamağın dözülməz olduğu qənaətindəydi. Köçüb getmək istədiyini, amma yaşlı ata anasını burada qohumların ümidinə buraxıb gedə bilmədiyini deyirdi. Və maraqlı bir fikir söyləmişdi o vaxt, heç yadımdan çıxarmamışam. Deyirdi ki, elə bilirsən qorxuram, sözümü deyə bilmirəm, yox, inan kimə istəsən deyərəm sözümü. Heç sonradan nə olacağını da düşünmərəm. Mənə nə etsələr vecimə olmaz. Amma bilirsən nə ağır gələr mənə. Mənlə iş bitməyəcək. Qorxum ondadır ki, qardaşımı da incidərlər. Razılaş ki, edərlər. Yəqin işdən də atarlar bayıra. Bacımın ərini də. Bacıoğlunun da başını ağrıdarlar. Elə qardaşım uşaqlarının da. Lap bir iki köynək uzaqda olanlara da yeli dəyər. Bax onda öz qohum əqrəbəm yığışıb qalxacaq üstümə ki, ay belə-belə olmuş, dilini farağat qoyub otura bilmirdin yerində? Özü də yüz faiz bilirəm qalxacaqlar. Yüz faiz bilirəm, əlaqəsi oldu olmadı, hər müşküllərinin günahkarı məni görəcəklər. Lap qonşu başlarına su axıdanda da. Çünki biz mərdi qova qova namərd edə bilirik.

İndi belə bir məsəlin qaynaqlarını gəl araşdırıb tap da. Gəl gör ki, bu məsəl bizdən başqa daha kimlər üçün doğmadır. Başqa haralarda mərdləri qovurlar ki, qınağa gətirsinlər. Özgə kimlərin nağıllarında arsız, yalançı cırtdanlar heç kimlə işi olmayan divlərin halal mülklərinə girib, başlarına oyun açıb, sonra da onlardan mənfi qəhrəman düzəltməyi bacarıblar. Mərd divlər riyakar cırtdanların əlində namərdə çevriliblər. Və ümumiyyətlə mərdi niyə qovurlar? Ağır söhbətdir.

Yadıma düşmüşkən bir əhvalatı da sizinlə bölüşüm. Keçən ilin yayında Tbilisidə maşınımı bir küçənin kənarında park etdim. Maşından endim və sonra başa düşdüm ki, burada maşın saxlamaq qadağan imiş. Bir qədər yaxınlıqda bir polis patrul maşını dayanmışdı. Polislər də maşında əyləşmişdilər. Yaxınlaşdım. Ehtiyatla pəncərə şüşəsini taqqıldatdım. Şüşəni endirdi. Maşınımı göstərdim. Burada maşını saxladığımı və yalnız sonra qadağan işarəsini fərq etdiyimi dedim. Məndən təxminən hansı müddətə burada park etmək fikrində olduğumu xəbər aldı. Yəqin iyirmi dəqiqə çəkə biləcəyini söylədim. Mənə problemin olmadığını, bu saatda mənim maşınımın heç bir şeyə mane olmayacağını dedi. Təşəkkür etdim. Deməli, cəmiyyəti idarə etmək üçün düşünülmüş qaydalar sərt olsalar belə, bir bəşərin qorunması gərəkən haqları bəzən onları üstələyə bilərmiş. Və bu haqlar özgə birilərinin haqlarına maneəyə çevrilmədiyi sürəcdə qaydalar belə bu haqlara görə tənzimlənərmiş.

Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade