post-title

Seymur Baycan: Firon


Boleslav Prus'un "Firon" romanının əvvəlində adamı bir sual düşündürür; görəsən, bir polyak yazıçısı əziyyət çəkərək, araşdıraraq Qədim Misir haqqında niyə yekə bir əsər yazıb? Nə demək istəyirmiş? Yekə bir əsər yazmağa həvəsi hardan tapıb? Lakin əsəri oxuduqca başa düşürsən ki, xeyr, bu əsər təkcə Qədim Misirdən bəhs etmir. Burada xeyli müxtəlif, dərin mətləblər var. Boleslav Prus təkcə Qədim Misir haqqında əsər yazmayıb, bütün dövrlər haqqında əsər yazıb. Əsərin süjeti, məzmunu haqqında heç nə yazmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, "Firon" əsərində bizim haqqımızda da yazılıb...

Beş-altı, bəlkə də yeddi ilin söhbətidir. Bir nəfərlə aramızda söz davası düşmüşdü. Haqq dünyasına köç edib deyə adın çəkməyi münasib bilmirəm. Hərçənd onun haqqında pis heç nə yazmaq fikrində deyiləm. O, haqqımda yekə bir yazı yazıb bəndənizi Azərbaycan ziyalılarını təhqir etməkdə, gözdən salmaqda ittiham etmişdi. Ona cavab yazısı yazmışdım. Yazmışdım ki, biz gərək hər şeydən əvvəl kimin ziyalı olduğunu müəyyən edək. Sənin üçün Bəxtiyar Vahabzadə, Rəsul Rza, Anar Rzayev, Elçin Əfəndiyev və onlar kimi yosunlu "parnik şairləri", "parnik yazıçıları" ziyalı hesab olunursa, bu, sənin problemindir.

Mənim üçün ziyalı bütün müsbəti və mənfi cəhətləri ilə Mirzə Cəlildir, Üzeyir bəydir, Ömər Faiq Nemanzadədir... Bircə qram ədalət duyğusu olan adam etiraf etməlidir ki, bu adamlara qarşı heç vaxt yersiz cümlə işlətməmişəm. Əksinə, maarifçi Azərbaycan klassiklərinin həm həyatını, həm də yaradıcılığını ölkədə dayanmadan təbliğ edən üç adam varsa, onun biri mənəm. Belə götürəndə pis cavab deyildi. Təəssüf ki, yazının sonunda əlim dinc durmamışdı. Yazmışdım ki, ümumiyyətlə, belə söhbətlər sənlik deyil, sən belə söhbətlərə qarışmasan, yaxşıdır. Get sazını dınqıldat. Bu sonuncu sözlər ona bərk toxunmuşdu və yəqin ki, haqlı olaraq bəndənizdən çox incimişdi. Sonralar biz bir neçə dəfə tədbirlərdə, məclislərdə qarşılaşdıq. O, hər dəfə üzümə düşməncəsinə baxırdı. Bir dəfə istədim münasibəti qaydasına salam. Buzları əridəm. İstədim, öz aləmimdə böyüklük göstərəm. Yaxınlaşdım, ədəb-ərkanla əl uzatdım. Salamımı almadı, əlim göydə qaldı. Doğrusunu desəm, əlimin göydə qalmasına görə pərt olmadım. Niyə? Çünki təmiz, vicdanlı bir adam idi. Sadəcə aldanmışdı. Nəyə aldanmışdı? Bu, bir azdan məlum olacaq. Belə bir adamın xətrinə dəydiyim üçün özümü bərk qınadım. Onu incidən cümləni yazdığıma görə möhkəm peşman olmuşdum. Bu əhvalatdan xəbərdar olan adamlar söhbətin kimdən getdiyini bilirlər.

Günlərin bir günü bərk acmışdım. Girdim bir kafeyə ki, bir qısmat çörək yeyim. Günortadan keçmişdi. Girdiyim kafedə adam az idi. Bir də gördüm, yuxarıda bəhs etdiyim adam oturub kafenin küncündə. Tək oturub. Naqolay vəziyyət yarandı. Geriyə qayıda bilmədim. Tək oturmaq da yaxşı alınmırdı. Yaxınlaşmağa da üzüm gəlmirdi. O, özü bəndənizi çağırdı: "Gəl bura". Yaxınlaşdım, amma əl uzatmadım. Salamsız, kəlamsız birbaşa əyləşməyi təklif etdi. Əyləşdim. Gördüm masanın üstü zəifdi. Ofisiantı çağırıb sifarişlər verdim. Başladım yeməyə. Söhbət etmirdik. Arada stəkanı qaldırırdı. Toqquşdururduq. Sağlıqsız filansız içirdik. Bir müddət vəziyyət belə davam etdi. İstəyirdim, xətrinə dəydiyim üçün ondan üzr istəyəm, amma bilmirdim, söhbətə hardan başlayım, nədən başlayım, nə deyim. Allah xasiyyətimi kəssin. Belə məsələlərdə çox acizəm. Beynimdə söhbətə başlamaq üçün münasib söz axtardığım vaxt o üzümə baxıb dedi:

- Sənə bir sual verəcəm, amma xahiş edirəm, düzgün cavab ver.

Söhbətə başlamağına sevindim. Dedim ki, sualını ver, bacardığım qədər doğru cavab verəcəm. Nəsə bir xüsusi, çətin sual verəcəyini gözləyirdim.

- Sən bunları necə tanıdın?

Bunları deyərkən kimləri nəzərdə tutduğunu bilmədiyim üçün suala sualla cavab verdim:

- Kimləri?

- Bəxtiyarı, Rəsul Rzanı, Anarı, Elçini...

Dedim ki, axı onları tanımaq üçün çox da böyük bir dühaya malik olmaq lazım deyil. Bir balaca ədəbiyyat duyumu, bir balaca düşünmək qabiliyyəti olan adam onların necə boş, ədəbiyyatdan uzaq adam olduğunu görməlidi. Məni də o təəccübləndirir ki, adamlar necə bunu görmürlər. Dəhşətdir... Başladım danşmağa. Dedim ki, axı Sovetin bütün mükafatlarını alan adam Sovet dağılanda özünü həyasızcasına dissident adlandıranda heç özünüzə sual vermədiniz, heç bir düşünmədiniz ki, bu, necə olur? Və bunun kimi başqa cümlələr və fikirlər. Hansılar ki, müxtəlif yazılarda dəfələrlə, təkrar-təkrar yazılıb. Danışdım, danışdım. O isə qulaq asırdı. Bəndəniz susanda kədərli bir halda dedi: "Bizi yaman aldatdılar". Ümumiyyətlə, nə olmuşdu, nə baş vermişdi, bilmirəm, həmin gün o, çox kədərli idi. Dedi ki, bağışla, o vaxt onlara görə sənin əleyhinə yazı yazmışdım. Mən də öz növbəmdə etdiyim kobudluğa görə üzr istədim. Bu söhbət yaddaşımda çox yaxşı qalıb. Ona görə ki, bizim ölkədə yaşda böyük adamın özündən yaşda balaca adam qarşısında aldadıldığını, səhv etdiyini dilə gətirməsi nadir hadisədir.

O, aldadıldığını, aldandığını başa düşdü, hətta bunu dilə belə gətirdi. Böyüklük göstərdi. Bəs başqaları? Axı aldanmalar çoxdur. Onları əsasən iki qrupa bölmək olar:

1. Aldandıqlarını heç cürə həzm edə bilməyənlər və aldandıqlarını başa düşsələr də bunu etiraf etməkdən utananlar.

Burada utanmalı bir şey yoxdu. Lazımı qədər düşünməyiblər, hissə qapılıblar. Tiraj, medallar, mükafatlar gözlərini qorxudub. Cəsarətsiz olublar. Heç ağıllarına gəlməyib ki, tirajlı, mükafatlı, ordenli adam içi boş adam ola bilər.

Aldandıqlarını etiraf etməyənlər daha bir səhvə yol verməkdədirlər. Belələri haqqında Andre Jid "SSRİ-dən qayıdış" əsərində yazır: "Əgər mən lap əvvəldən yanılmışamsa, bunu nə qədər tez etiraf etsəm, o qədər yaxşıdır, çünki mənim bu səhvimin qurbanı ola biləcək insanlara görə məsuliyyət daşıyıram. Bu məsələdə eqoizm insana mane olmamalıdır".

Yəni kimsə sənin həssas nöqtələrinə toxunub, Təbriz, yaralı Araz, ana dilimiz, Dədə Qorqud kimi mövzularla manipulyasiya edib səni aldadıbsa, sən də hisslərə qapılıb aldanmısansa, utanmadan bunu etiraf etsən, öz keçmişini cəsarətlə saf-çürük etsən, daha düzgün addım atmış olarsan. Çünki sənin etiraf etməməyin, hətta keçmişindən utandığına görə aldandığın şəxsləri müdafiə etməyin başqalarının da aldanmasına şərait yaradır.

2. Aldanıb da aldandıqlarının fərqinə olmayanlar.

Bu adamların çoxu savadsızdır, düşünmək qabiliyyətindən məhrumdurlar. Onlara baş qoşmağa dəyməz. Ümid edək ki, nə vaxtsa əziyyət çəkib bir az düşünərlər. Bizlik bir şey yoxdu. Əlimizdən heç nə gəlmir.

Üçüncü bir kateqoriya da var. Bu kateqoriyaya aid adamlar qorxulu, riyakar və ikiüzlü adamlardı. Kimdir onlar? Onlar nəyin nə olduğunu, kimin kim olduğunu bildikləri halda özlərini həyasızlığa qoyanlardı. Çünki şərait belə tələb edir. Ortada mənfəət var.

Nə demək istəyirəm. Hər şeydən əvvəl gənclərə Boleslav Prusun "Firon" əsərini oxumağı tövsiyyə edirəm. Düzdür, bu tövsiyyəyə əməl edən (buna inanmaq çətin məsələdir) əsəri oxuyub bitirdikdə bir az qəribə vəziyyətə düşəcək. Düşünəcək ki, axı adamlar dəyişib. İndi adamlar günəşin niyə tutulduğunu artıq bilirlər. Onları daha günəş tutulması ilə aldatmaq olmaz. Belə düşünənlər bir məsələni unutmasınlar. Bəli, adamların günəşin tutulmasının səbəbini bilirlər, amma hər dövrün öz "günəş tutulması" var.

İkincisi, gənclər Sovetin şişirdilmiş ziyalılarına qarşı münasibətini açıq şəkildə bildirməyən heç bir siyasətçiyə inanmasınlar. Kim, hansı siyasətçi, Sovetdən qalma Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqınin, Rəssamlar İttifaqının qapısını bağlayacağını açıq demirsə, deməli, həmin adama əsla inanmaq lazım deyil. Sovet ziyalılarina qarşı mövqeyini açıq şəkildə ortaya qoymayan adamın siyasi fəaliyyətinin heç bir nəticəsi olmayacaq. Bu, şəksiz olaraq belədir. Bu mənada Azərbaycanda siyasətçi yoxdur. Bütün bunlar mənasız söhbətlərdi. Nə qədər mənasız bir söhbət etdiyimin fərqindəyəm. Ona gorə ki, bu məsələnin nə qədər əhəmiyyətli bir məsələ olduğunu beş-altı adamdan savayı heç kim dərk etmir.

Epiloq

Üçüncüsü, günlər keçdikcə ölkədə pul azalır. Pul azaldıqca ölkə təbii vəziyyətinə qayıdır. Pul ölkədəki vəziyyəti təbii halından çıxarıb xeyli dərəcədə süniləşdirmişdi. Deməli, ölkə təbii vəziyyətinə qayıtdıqca bizim milli kahinlərimiz də aktivləşəcəklər. Maraqlı günlər qabaqdadır. Düzdür, milli kahinlərimiz birdən-birə aktivləşməyəcəklər. Onlar təcrübəli adamlardı. Yavaş-yavaş aktivləşcəklər. Əvvəlcə avtobusdakı basabasdan, havaların pis keçməsindən, suyun, qazın yaxşı gəlməməsindən danışacaqlar, yazacaqlar. Sonra yavaş-yavaş dozanı qaldıracaqlar. Sonra yenə bizim milli kahnlərimiz, ədəbiyyatımızın və siyasətimizin Şeyx Nəsrullahları insanları "günəşin tutulması"yla qorxudub onları kütləvi şəkildə ovlayacaqlar. Əllərin, qolların bağlayıb aparıb dolduracaqlar "Təpəgözün mağarası"na. Beş-altı adamdan savayı çox adam aldanacaq. O, beş-altı adamı da eşidən olmayacaq. Bax mənim həmin beş-altı adama yazığım gəlir. İlahi, doğurdanmı hər şey bir daha təkrarlanacaq?


Yuxarı