post-title

Mirmehdi Ağaoğlu: “Qur-qur” eləməyən hekayə


Adamlar küsəndə bir-birləri haqqında fikirləri də dəyişir. Kin, nifrət, lap elə adi inciklik qarşı tərəfin müsbət keyfiyyətlərini görməyə mane olur. Yanında münasibətləri kəsdiyin həmin adam haqqında nə qədər yaxşı şey danışırlarsa-danışsınlar qəbul etmirsən, hətta hərdən düşünürsən ki, səndən başqa heç kəs rəqibin mənfi tərəflərini görə bilmir. Qısacası, insanlar küsəndə haqlı-haqsız bir-birlərinə qarşı qərəzli olurlar.

Təbiidirmi? Bilmirəm. Bəlkə də. Amma bu xüsusiyyəti gəlin bir də xalqların münasibətlərinə proyeksiya edək. Bu dəfə də eyni şeyi görəcəyik. Bir-birinin mədəniyyətinə yuxarıdan aşağı baxmaq, iqnor etmək, qəbullanmamaq. Halbuki mədəniyyətin hər zaman barışdırıcılıq kimi ümdə funksiyası olub. Onun tərkib hissəsi kimi ədəbiyyat da bu missiyadan özünə bir pay götürür.

İyirmi ildən artıqdır ki, Ermənistanla apardığımız müharibə ədəbiyyatlarımız arasına da sədd çəkib. Onlarda gedən ədəbi prosesdən, yeni yazıçılarından xəbərsizik, onlar da bizdə gedən prosesdən xəbərsizdirlər. Əlbəttə, ordakı ədəbi prosesdən xəbərdar olmağa elə böyük ehtiyacımız da yoxdur. Sadəcə maraqlıdır. Görəsən ermənilər Qarabağ müharibəsi haqqında nə yazırlar, necə yazırlar? Mövzuya münasibətləri nə cürdür? Nəyi önə çıxarırlar; qarşı tərəfə - bizə nifrətimi, yoxsa İNSANımı? Buna əlahiddə ehtiyacım olmasa da bu yaxında təsadüfən qabağıma çıxan, müasir erməni yazıçısı Ovanes Yeranyanın ““Qurbağa”, yaxud çəkilməyən film üçün ssenari” adlı hekayəsini oxumaq imkanını da qaçırmadım.

Hekayə Qarabağ müharibəsindən bəhs edir: Qarabağ savaşında iştirak edən döyüşçülər növbəti əməliyyata yollanan zaman onlardan biri – Artur – bilmədən “qurbağa” tipli minaya ayağını basır. Tağım çıxılmaz vəziyyətə düşür. Artur ayağını çəksə özüqarışıq bütün dəstə öləcək. Ondan başqa hamı qaçıb canını qurtara bilər. Bəs o zaman Arturun həyatı necə olacaq? Komandir Vartan onun xilas yolunu düşünür. Bunun üçün döyüşçülərdən bir neçəsini kəndə traktor və dəmir lövhə dalıyca göndərir, dəstədə yer alan jurnalist Samsona isə tapşırır hadisəni anbaan lentə alsın.

Bu fürsətdən istifadə edən müəllif arabir kamerasını Samsonun kamerasına da fokuslayır: Arturun xilasından sonra dəstə evdə oturub video materiala baxır. Videonun ikinci baxışında isə (yeddi-səkkiz ay sonra) döyüşçülərdən Vardan və Artur artıq həyatda olmur. Arturgil o ayağını minanın üzərinə qoyduğu vaxt sağ qalsalar da hansısa növbəti əməliyyatda həyatlarını itirirlər. Müharibə belədir: bank kimi sənə kredit verir-verir, sonra brdəfəlik həyatını müsadirə edir.

Uşaqlar kənddən zəruri vəsait gətirib Arturu xilas edənəcən o, artıq özünün sayıqlamaya bənzər vəsiyyətini edir: Ana, bacım Lusineni filankəsə verərsən və başlayır dəstədə olan yoldaşlarının adını çəkməyə, xəyalən anasına öz təklifini verməyə.

Biz artıq burda erməni döyüşçüsü, düşmən obrazını yox, müharibə əjdahasının pəncəsində çapalayan adi İNSANı görürük. O, ölümlə üz-üzədir, daha doğrusu ölüm düyməsinin üstündə dayanıb, ayağını çəksə və ya azca dəbərtsə “ölüm atəşfəşanlığı” Arturun o biri dünyaya yollanmağının şərəfinə açılacaq. O, bayaq vuruşmağa tələsəndə döyüşçü idi, ayağını minanın üzərinə qoyub ölümünü gözləyəndə isə adi insandır, nə əynində forması var, nə də milləti maraqlıdır.

Və döyüşçü yoldaşlarını qoyub getməyi mənliklərinə sığışdırmayan bir dəstə insan. Onların çırpıntıları, həyəcanları, tərəddüdləri, qorxuları.

Bayaqdan deyə-gülə əməliyyata gedən bir dəstə özündənrazı insanlar indi civə kimi dağılıblar, bilmirlər nə etsinlər. Ağıllarında bircə şey var – Arturu xilas etmək.

Kəndə traktor və dəmir lövhə dalıyca yollanmış döyüşçülər qayıdırlar. Arturun xilası üçün lazımı işlər görülür. Dəstə artıq gülləyə hədəf olmağını belə unudub canfəşanlıqla hazırlıq işlərini yerinə yetirir. Son anda da Vardan Arturun yanından çəkilmir. Smbo da onların yanında dayanmaq və mahnı oxuyaraq gərginliyi azaltmağa çalışır, amma Vardan icazə vermir. Artur günahlarının bağışlanması üçün son dəfə Allaha dua edir. Və budur, Artur minanın üstündən ayağını çəkib lövhənin bu biri üzünə atılır. Amma...

Mina açılmır və ölüb ölümdən qayıtmış Artur qəzəbindən partlamayan minanı təpikləməyə başlayır. Çünki “Qurbağa” ona təkcə ölümü müjdələmirdi, həm də Arturun zəif tərəflərini açıb tökməyə vadar eləmişdi. Minanın üstündə dayanmış Artur ehram qarşısındakı tövbəkar kimi səmimi etiraflar eləmişdi.

Döyüşçülərin aralarında tez-tez işlətdikləri zarafat var. Bunu müəllif xatırlayır: “Dərk olunmayan ölüm ölməzlikdir.” Arturun minanın üstündə ölümü gözləmə anı isə “ölməzlik” deyildi, döyüşçülərin heç arzulamadığı durum idi, çünki bu durum onları təkcə ölümün dəhşətini dərk etməyə vadar etmir, həm də döyüşçü formasının içindən sıyırıb adi insana çevirir. Yeddi-səkkiz ay sonra isə Artur üçün o gözlənilməz ölüm gələcəkdi. Bunu biləndə düşünürsən ki, əcəba Vardan və Arturun minadan xilas olmaq üçün canfəşanlıqları əbəs deyildi ki?!

Əgər “Qurbağa”nı bir də başqa gözlə oxumağa çalışsaq və personajların adını bizim adlarla əvəz etsək hekayə düşmən əsəri olmaqdan çıxacaq. Dönüb olacaq adi bir hekayə, müharibə ilə toqquşmadan ortaya çıxan insani xüsusiyyətlərdən bəhs edən bir əsər.

“Qrubağa” önyarğılardan, qərəzdən arınmış hekayədir. Burada boğazdanyuxarılıq, pafos, qarşı tərəfə nifrət yoxdur. Sadəcə istəmədən, bəzən isə küyə gedərək müharibə alovunun içinə düşmüş insanlar var. “Qurbağa” düşmənə nifrət hekayəsi deyil. “Qurbağa” müharibəyə nifrət hekayəsidir. Buna görə də “Qurbağa” Qarabağ müharibəsində bizim tərəfdən də vuruşa bilər. Çünki Yeranyanın hekayəsi dövlətin, müharibənin, ideologiyanın yanında yox, İNSANın yanındadır.

Qoy, İNSAN qalib gəlsin, həmişə!

Yuxarı