Vurğun Əyyub: Bir müsahibəyə sözardı...

Публицистика


Hikmət Hacızadə müsahibə verib. Jurnalistin ədəbiyyatımız barəsində sualını da özünəməxsus şəkildə cavablandırıb, Azərbaycan oxucusunun böyük əksəriyyətinin özünə büt hesab etdiyi S.Vurğun haqqında da müəyyən fikirlər söyləyib. Və aləm bir-birinə dəyib.

Bilən də danışır, bilməyən də, yerliçilik, qohumbazlıq, təəssübkeşlik hissilə qeyzə gələnlər naşıcasına müdafiə qalası qurmağa çalışır, “mən də varam” iddiası ilə bağıranlar hərəkətə keçiblər. Çox az qisim insan təmkinlə, ağılla nəsə izah etməyə çalışır, S.Vurğun və onun mənsub olduğu ədəbi nəslin ideoloji-mədhiyyəçi yaradıcılığının obyektiv və subyektiv səbəblərini araşdırmağa çalışır.

Çoxu isə Hikmətin ünvanına söyüş söyməklə, təhqirlərlə, əxlaqsız, qəddarcasına yalan, ifitiralar söyləməklə S.Vurğuna “məhəbbət”lərini nümayiş etdirir. Hikmət isə cavab olaraq yeni ittihamlar irəli sürür, S.Vurğunun yazdıqlarından sitat gətirir, hərdən də illərdir tirajlanan dedi-qoduları dilə gətirir, izah, təkzib istəyir.

Bu barədə sosial şəbəkələrdə gedən müzakirələrə qoşulmaq istəmədim. S.Vurğun, sözsüz ki, öz dövrünün ən istedadlı yazarlarından biridir, yaradıcılığı böyük həcmlidir, mürəkkəbdir, özünə görə ziddiyyətli tərəfləri var... və onun yazdıqlarını sosial şəbəkələrin söz atışması səviyyəsində qiymətləndirmək mümkün deyil.

S.Vurğun yaradıcılığını ümumi sovet ədəbiyyatı kontekstindən ayırıb, repressiya illərinin bütün bəlalarını onun üzərinə yükləmək doğru yanaşma ola bilməz. Yanaşmanın absurdluğu həm də ondan görünür ki, guya, məsələn, Mikayıl Müşfiq antisovet əsərlərinə, çıxışlarına görə güllələnib, sosializmi, Stalini mədh edənlər isə sağ qalıb. Bunu deyənlər, sadəcə, 37-ci il repressiyasının məzmununu, xarakterini bilmirlər və M.Müşfiq yaradıcılığına dərindən bələd deyillər. Müşfiq sovet hakimiyyətini, sosializm ideallarını heç də S.Vurğundan az mədh etməyib... amma repressiyanın caynağından qurtula bilməyib. Səbəbləri daha geniş söhbətin mövzusudur.

Hikmətin sovet poeziyasının liderlərindən olan S.Vurğun haqqında söylədikləri onun bir vətəndaş, mütaliəli bir insan, ədəbiyyatda sosial problemlərin, ictimai ideyaların bədii əksinə önəm verən bir oxucu kimi şəxsi fikirləridir. Düşüncəsini söyləmək Hikmətin, onları qəbul edib-etməmək hər kəsin öz haqqıdır. Şəxsən mənim – S.Vurğun yaradıcılığına az-çox bələdliyi olan, vaxtilə yaradıcılığı haqqında yazmış biri kimi Hikmətin qiymətləndirməsində razılaşmadığım cəhətlər var.

Razılaşmadıqlarım barədə ayrıca araşdırma aparmağa və yazmağa ehtiyac var, imkan olan kimi yazacağam. İndilikdə isə məni yazmağa vadar edən cəmiyyətimizin bir hissəsində olan fərqli fikrə dözülməz dərəcədə olan təhqiramiz münasibətdir.

Bəyənmədiyim üslubu və X.Rzanın misralarını S. Vurğunun adına çıxmaq yanlışlığını bir kənara qoysaq (bu yanlışlığı özlərini ədəbiyyat biliciləri hesab edənlərin bir çoxu edib. Bir də ki, həmin misraların X.Rzaya mənsubluğu S.Vurğunun “26-lar” adlı mədhiyyə-poema yazdığını inkar etmir ki. Bu faktı necə gizlətmək olar ki?! ), Hikmətin dediyi ittihamlara ağlabatan cavab vermək əvəzinə hay-həşir, yalançı təəssübkeşlik, qoçu ədası ilə danışmaq baş alıb gedir.

Orta məktəbin dərsliklərində verilən şeirlərdən başqa S.Vurğunun yaradıcılığı ilə heç bir tanışlığı olmayanların hay-küyündən qulaq tutulur. S.Vurğunun gülməli arqumentlərlə müdafiəyə ehtiyacı yoxdur. Hikmətin ciddi ittihamına qarşı: “S.Vurğun “Azərbaycan” şeirini yazıb, sən kimsən?” tipli söz güləşdirmələrlə, cavab verməyi söyüş, təhqir, iftira yağdırmaq kimi anlayanların hesabına həqiqət aşkara çıxmaz. “Keçmişi qurdalamaq nəyə lazımdır?”, “Ölənin dalınca danışmazlar” kimi arqumentlər isə vecsiz və dişsizdir.

“Azərbaycan” şeiri S.Vurğun istedadını sübut üçün heç də ən yaxşı nümunə deyil. Ədəbi zövqü orta səviyyəli oxucununkundan irəli getməyənlərin rəyini şeirin bədii qüdrəti üçün əsas göstərmək çox qeyri-ciddidir. Kütləvi sevgi, populyarlıq heç zaman əsl sənətin göstəricisi olmayıb. Ona qalsa, indi az qala epidemiya şəklini almış meyxana surroqatını dahiyanə sənət nümunələri hesab etməliyik.

Füzulinin dahiliyindən hər addımbaşı danışanların mütləq əksəriyyəti Füzulinin bircə beytinin sehrini açmaqda acizdirlər. S.Vurğunun istedadının böyüklüyünü sübut edən başqa əsərləri var. Məsələn, oxuyanlar bilir ki, “Komsomol” poeması (adı bir çoxlarını qıcıqlandırsa da) onun yaradıcılığının ən gözəl əsərlərindəndir. Amma müzakirəyə qoşulmaq cəhdində olanların biri də bu əsərin adını çəkmədi. Yaxud “Unudulmuş tək məzar” şeirindənsə, “Demə Səməd Vurğun gəldi-gedərdi, Unutmaz bu oba, bu mahal məni” kimi orta səviyyəli misralara güvənənlər də tapıldı.

Heç kəs xatırlamaq istəmədi ki, S.Vurğun özü yazdıqlarının bir qisminin yaşarı olmadığını hiss edərək xanımı Xavərə müraciətlə yazmışdı: “Hanı qələm, hanı kağız, Tez ol gətir, a dildarım. Barı gəzsin ağız-ağız, İndən belə yazdıqlarım!” Bunu da Hikmət uydurmayıb ki, xanımlar və bəylər! Bu etirafdakı şair faciəsinə necə göz yummaq olar?

Bir zamanlar S.Vurğunu “Bakıda gedən müvəffəqiyyətli sosializm quruluşunu, qaynar ictimai həyatı” başa düşə bilməməkdə ittiham edir, məhvinə ideoloji əsaslar hazırlayırdılar. Şair repressiyadan qorunmaq üçün “Rəhbərə salam”ı, “Zamanın bayraqdarı”nı və digər sosializmi mədh edən əsərlərini yazdı, özünü amansız repressiya maşınının çəngindən qopardı... ancaq ilhamını, istedadını repressiyaya məruz qoydu, bir növ intihar etdi.

S.Vurğun faciəli bir istedaddır. Misi qızıla çevirmək gücündə olan istedadını həyat həqiqətlərindən uzaq məsələlərin təbliğinə həsr etdi. ALLAHIN bəxş etdiyi istedadı ədalətsiz, əxlaqsız bir rejimin ALLAHSIZ sahiblərinin mədhinə xərclədi. Topdan sərçəyə atəş açdı... və özü də repressiyanın qurbanına çevrildi.

İndi sovet hökumətinin fərqli fikir söyləyənlərinin ağzına daş basdığı zaman deyil. İnsanlar 30-40-cı illərdə nələr baş verdiyini öyrənmək, bilmək istəyir. Sovet hökumətinin əli repressiya illərində və ondan sonra da milyonlarla insanın, həm də, əsasən, günahsız insanların qanına bulaşıb. Bu qanlı qırğını törədən rejimi, şəxsləri mədh edən əsərlər yazılıb. Bu əsərlər ideoloji silaha çevrilib, insanları yalanlara inanmağa sürükləyib. İndiki gənclik həmin qanlı rejimi müdafiə, təbliğ edən əsərləri qəbul etmir.

Nə zamana qədər bu cür ittihamlara: “Neyləsin, yaşamaq lazım idi?”, “Təkcə S.Vurğun belə olmayıb ki” və sair bu tipli bəraətlərlə böyük bir dövrün faciələrini gizlətməyə çalışacağıq? Axı bu faciənin miqyası, fəlakətləri bütün çılpaqlığı ilə açılmayana, qınaq obyektinə çevrilməyənə qədər onların təkrarlanması təhlükəsi də qalır.

Sovet dövrü ədəbiyyatımızın mühüm bir dövrü gerçəkliyi əks etdirmək kimi bir missiyanı unudub, mədhiyyəçiliklə məşğul olub. (Lütfən, orta əsrlər ədəbiyyatımızdakı mədhiyyəçiliyi misal çəkməyin. Sovet yazarlarının mədhiyyəçiliyi ilə orta əsrlər ədəbiyyatımızın mədhiyyəçiliyi tamamilə fərqli hadisələrdir). Ədəbiyyatımızı doğru yola istiqamətləndirmək istəyiriksə, nə qədər ağrılı olsa belə, həqiqətləri aşkarlamalıyıq, nümunə göstərməliyik.

Sovet ədəbiyyatına, o cümlədən, S.Vurğun yaradıcılığına yeni baxış ortaya qoyulmalıdır. Yanlışlıqlarımızı indi biz ortaya çıxarıb qiymətləndirməsək, o səhvlərin təkrar olunacağı gün kimi aydındır. Bunu indi biz etməsək, gələcək nəsillər daha sərt və amansızcasına edəcək! Sovet mədhiyyə ədəbiyyatı gec, ya tez “proletar işinin vintciyinə” (Lenin) çevrildiyinə, təbliğ etdiyi yalanlara görə sorğu-suala çəkiləcək.

Hikmət bu məsələdə heç də bəzilərinin dediyi kimi özünüreklam məqsədi güdməyib. O, bizi düşünməyə, həmin səhvlərin bir daha təkrar olunmaması üçün nəticə çıxarmağa çağırır. Hikmət Hacızadənin S.Vurğun haqqında söylədiklərini guya hansısa məkrli bir planın tərkib hissəsi saymaqdan daha Allahsız, insafsız bir düşüncə ola bilməz. Hikməti tanıyanlar onun hərəkətlərində və fikirlərində nə qədər müstəqil və səmimi olduğunu yaxşı bilirlər.

Onu da deyim ki, Azərbaycan insanının qeyri-səmimiliyi adamda vahimə yaradır: bir tərəfdən əqidəsindən dönməyib dərisinin soyulmağına razı olan Nəsimiyə baş əyir, digər tərəfdən isə canını qorumaq üçün Stalinə, kommunist partiyasına mədhiyyə yazan sovet yazıçılarına haqq qazandırırlar. Repressiyaya uğramış adamların taleyi üçün göz yaşları tökmək nədir, bu repressiyanın ssenarisini yazan hakimiyyət sahiblərini, rejimi mədh edən əsərlər yazanları haqlı çıxarmaq nədir? Buradakı ziddiyyəti, qeyri-səmimiliyi necə anlaya və qəbul edəsən?

Kulis.az

Kultura.az | Developed by Samir Yahyazade