post-title

Seymur Baycan: Sual haqqında bədii fəlsəfi esse


Şəkildə gördüyünüz bu canlının adı Kokodur. Koko 4 iyul 1971 ci ildə anadan olub. O, mindən artıq işarəni, iki mindən artıq ingilis sözünü başa düşür. Koko həmçinin kədərini, istəklərini, hətta narazılığını ifadə etməyi, zarafatlaşmağı bacarır. Lakin Kokonun çatışmayan bir cəhəti vardır. Koko sual verməyi bacarmır!

Burdan belə bir nəticə çıxarmaq olar ki, həqiqətən də insanın həm özünə, həm də ətrafdakılara, yaşadığı ölkəni idarə edənlərə sual vermək bacarığının , belə bir imkanın olması çox böyük bir nemətdir. Suallar isə zamandan, məkandan, ovqatdan asılı olaraq müxtəlif cürə ola bilər. Mən niyə yaşayıram? Həyatımın mənası nədi? Bəşəriyyət, insanlıq üçün bir faydam varmı? Mənim həyat və fəaliyyətim nə qədər əhəmiyyətli, nə qədər əhəmiyyətsizdi? Görəsən biz hardan gəlib, hara gedirik? Həyatım boyu necə ağac əkmişəm? Həyatda tutduğum mövqe nə qədər ədalətlidir? Yaltağammı? Görməmişəmmi? Övladlarıma verdiyim tərbiyə nə qədər doğru tərbiyədir? Hobbim varmı? Və sairə və ilaxır… 

İki ay əvvəl bir tədbirdə iştirak etdim. Almaniyadan Cənubi Qafqaza bir dəstə adam gəlmişdi. Dəstədə təxminən 50-60 adam olardı. Çoxu da yaşlı adamlar idi. Inanın aralarında elə yaşlıları vardı ki, çətinliklə, bəziləri güclə hərəkət edirdilər. Əlləri, başları əsirdi. Kobud desək bir ayağı o dünyadadı, amma yenə də gəzir, baxır, oxuyur, öyrənir, tanış olur. Almaniyadan gəlmiş dəstə qafqazli yazıcılarla, rəssamlarla, bəstəkarlarla görüşürdülər. Yəni təkcə kabab, xəngəl yeməyə, çaxır içəməyə gəlməmişdilər, səyahətlərində ən başlıca məqsəd qafqazlı yazıçılarla, bəstəkarlarla, rəssamlarla tanış olmaq idi. Bəndəniz də bu görüşlərdən birində iştirak etdi. Ədəbiyyyata necə gəlməyim, nədən yazmağım, mənsub olduğum xalqın nəsr ənənəsi, ədəbiyyatı haqqında danışmalı idim. Kifayət qədər obyektiv danışmağa çalışdım. Görüş üçün nəzərdə tutulmuş vaxt bitdi. Dedim ki, vaxtımız bitdi, amma problem yoxdu, kimin sualı varsa bildiyim qədər cavab verə bilərəm. Beləliklə, bu yaşlı adamlar əllərin yuxarı qaldıraraq sualların verməyə başladılar. Sualların çoxu sovet dövrünə, sovet ədəbiyyatına, sovet dövründə tərcümə olunmuş əsərlərə aid idi. Görüş daha iki saat davam etdi. Bir qram da yorulmadım. Beş saat da danışa bilərdim. Çünki diqqətlə dinləyirdilər, maraqlı suallar verirdilər. Divarla, daş –kəsəklə deyil, sual verməyi, dinləməyi bacaran, həqiqətən də maraqlanan insanlarla söhbət etdiyini hiss edəndə niyə yorulmalısan ki? Görüşdə bir qadın soruşdu ki, müasir alman ədəbiyatı haqqında nə qədər məlumatınız var. Bir- iki ad çəkdim, amma etiraf etdim ki, müasir alman ədəbiyyatı haqqında məlumatım səthidir. Həmin qadın görüşdən sonra bir vərəqə bir neçə cavan alman yazıçısının adın yazıb mənə verdi. Yəni yaşlı bir qadın klassika öz yerində, müasir ədəbiyyatlarından da xəbərdar idi. Sözüm onda deyil. Sözüm ondadır ki, bu yaşlı insanlar, bəşəriyyətə neçə-neçə dahi bəstəkar, filosof, yazıçı bəxş etmiş, yüksək elmi -texniki tərqqiyə nail olmuş mədəni, sivil bir xalqın nümayəndələri, əllərini qaldırıb üçüncü bir ölkənin hələ düz-əməlli bir uğur qazana bilməmiş yazıçısına sual vermək istədiklərini bildirəndə, parallel olaraq beynimdə elə hey bir suala cavab tapmaq istəyirdim. Görəsən onların yaşıdları, bizimkilər nəylə məşğuldurlar? Burda verilən suallar və cavablar, səsləndirilən fikirlər, burdakı söhbətlər onları maraqlandırırmı? Görəsən Azərbaycanda 50-60 nəfər yaşlı insan bir məkana yığışıb onlardan 20, 30, 40 yaş balaca bir insana bir saat, bir saat yarım qulaq asmağa özlərində həvəs və səbir tapa bilərlərmi? Taparlar. Yalnız bir şərtlə. Həmin adam onlardan pullu, ya da vəzifəcə üstün olmalıdı. Əks təqdirdə niyə özlərindən balaca bir adama qulaq assınlar. Onların həyat fəlsəfəsinə, daxili və xarici dünyalarına, təbiətlərinə istinad etsək bu onlara hansı faydanı verə bilər? Heç bir fayda verə bilməz. Əgər vəzifəcə onlardan üstün deyilsənsə axı sən nədən danışa bilərsən ki, onlar üçün maraqlı olsun? Ədəbiyyatdan? Yoxsa musiqi tarixindən? Tarixdən? Bəlkə fəlsəfədən? Heç nədən. Elə bir mövzü yoxdu. Sən elə mövzuya girməyə başlayanda biri qalxacaq ayağa və deyəcək ki, bilirsən necədi, mən o vaxt Yessentukidə olanda… Dalınca da elə bir absurd, elə bir surrealist əhvalat danışacaq ki, günlərlə özünə gələ bilməyəcəksən.

Dünyanın düz vaxtı bir proyektdə iştirak edirdim. Ona görə dünyanın düz vaxtı yazıram ki, o zaman hələ bütün xarici təşkilatları Azərbaycandan qovmamışdılar. Bu günün şərtlərindən baxanda həmin günlər çox uzaq görünür. Biz Azərbaycanın müxtəlif rayonlarında, şəhərlərində yaşadığımız regionun, mənsub olduğumuz xalqın problemlərinə uyğun sənədli filmlər göstərirdik və filmlərdən sonra müzakirələr təşkil edirdik. Doğurdan da filmlərin hamısı gözəl, kefiyyətli, düşündürücü filmlər idi. Məsələn, bir filmin mövzusun yazım mənzərə aydın olsun. Üçüncü ölkələrdən birinin vətəndaşı olan bir qadın illərlə İsraildə xadimə, evlərdə qulluqçu, dayə işləyərək evə, ata-anasına, övladlarına pul göndərirmiş. Qadın qəribçilikdə çox əziyyət çəkib. Neçə il ailəsindən ayrı qalıb. Geri qayıdanda övladları ilə ünsiyyət qurmaqda problemlər yaşayıb. Yaşı ötüb. Təzədən həyat qurmaq onun üçün artıq gecdi. Ən dəhşətlisi odur ki, qadının illərlə göndərdiyi pulla ata-anası yekə bir ev tikmək istəyiblər. Bünövrəni o qədər böyük götürüblər ki, indi evi tikib başa çatdırmaq mümkün deyil. Ev qalıb yarımçıq, bir qadının da həyatı rəsmən məhv olub. Təfərrüata girmirəm ,başa düşən düşdü, düşməyənə altı cild əsər yazsan da xeyri yoxdu. Filmdə qaldırılan problem tanış problemdir elə deyilmi? Azərbaycanda yüzlərlə, minlərlə belə oxşar talelər var. Nə qədər adam ömrün qürbətdə çürüdüb. Yekə bir ev tikmək istəyib. Evlərin çoxu yarımçıq qalıb, tikilib başa çatanlarda da adam yaşamır. Belə baxanda adamlarımız bu filmin müzakirəsində aktiv iştirak etməli idilər. Çünki problem onlara tanışdı, öz problemləridi. Amma etmirdilər, həvəs göstərmirdilər. Müzakirədə iştirak edənlər də öz düşüncələrin, fikirlərin ifadə etməkdə çətinlik çəkirdilər. O müzakirələrdə necə əcaib-qəraib fikirlər, münasibətlər eşitdim onu bir ALLAH bilir. Yadımdadı N. rayonunda yuxarıda məzmununu yazdığım filmi nümayiş etdirib sonra müzakirə aparanda bir kişi ədəb-ərkanla qalxdı ayağa və belə bir fikir söylədi : “Tarixən məlumdur ki, qadında analıq hissi kişilərə nisbətən daha güclü olur” . Özü də bu adam adi bir adam deyildi. Allah qoymasa güya rayon ziyalılarından biri idi. N. şəhərində isə müsəlman şərqində qızların təhsil problemindən bəhs edən bir filmi göstərib müzakirələrə başlamaq istədikdə bir kişi ayağa qalxıb dedi ki, bunun əvəzinə bizə “Nu poqodi”ni göstərsəydiniz daha maraqlı olardı. Belə əcaib-qəraib fikirlərə gülmək də olmurdu. Necə güləsən. Həqiqətən də baxırdım ki, doğurdan da bu adamlar üçün göstərdiyimiz filmlər sadəcə maraqlı deyil. Maraqlı deyil, vəssalam! O zaman “maraqlı” ola bilərdi ki, gərək orda ön sırada mütləq icra başçısı, ya da polis rəisi, prokuror oturaydı.

*** 
Diqqət etmişəm bizim valideynlər uşaqlarla az danışırlar. Uşaqların suallarına cavab vermək istəmirlər. Əslində uşağın sual verməsi çox yaxşı bir şeydir. Hər şey sualla başlayır. Sual nə qədər kəşflərə və icadlara səbəb olubdur, sual nə qədər tərəqqiyə təkan veribdir. Bizim valideynlərin çoxu ən yaxşı halda uşağın verdiyi suala “böyüyəndə özün biləcəksən” cavabı verirlər. Bir tərəfdən də fikirləşirsən ; axı özləri nə bilirlər ki? Uşağa nədən danışacaqlar? Gərək insan özü bir şey bilsin ki, uşağa da nəsə öyrətsin, nədənsə danışsın. 

Bir dəfə metroda getdiyim zaman bir ana qapıya söykəmiş uşağına iradın bildirdi. Dedi ki, qapıya söykənmə, qapı qəflətən açılar yıxılarsan. Qatar Nizami stansiyasıyla 28 May stansiyasının arasında dayanmışdı. Ananın övladına dediyi sözləri aydın eşitdim. Düşündüm ki, ilahi sənə şükür deyəsən bunlar öz uşaqları ilə danışmağa başlayıblar. Amma qadın uşağa iradın bildirməklə qane olmadı. Qapının açılacağı və uşağın tunelə düşəcəyi təqdirdə uşağı gözləyən aqibəti, baş verə biləcək hadisəni elə qanlı boyalarla, elə manyakal tərzdə, elə sadiscəsinə təsvir etdi ki, ətim ürpəşdi. Danışmasaydı bundan min dəfə yaxşı idi.

P.S Yazını bitirdikdən sonra başqa bir mənbədən Kokonun sual verməyi bacardığını öyrəndim.

Yuxarı