post-title

Mənalı və mənasız söhbətlər

Rəsmən durduğum yerdə mənasız bir söhbətə girməli oldum. Bilmirəm, bəlkə də mənalı söhbət idi. Kimin həvəsi varsa söhbətin mənalı və ya mənasız olduğunu özü üçün müəyyənləşdirə bilər. 

Suvenirlər və rəsm əsərləri satılan məkanda gəzirdim. Stalinin portretini gördüm. Portret çox iştahla, həvəslə çəkilmişdi. Dilimi dinc saxlaya bilməyib küçə rəssamından soruşdum:

- Bu portreti turistlərə satmaq üçün çəkmisiniz, yoxsa Stalinə hörmətiniz var?

Suala çox konkret cavab verildi: 

- Stalin çox böyük şəxsiyyət idi. 

- Niyə? Yüzminlərlə insanı sürgünə, lagerlərə göndərdiyi üçün?

-  Stalin olmasaydı biz müharibədə qalib gələ bilməzdik?

- Hansı müharibədə?

- Almanlarla müharibədə.

- Hansı qurbanlar bahasına qalib gəldik. Müharibədə verilən qurbanlardan xəbəriniz var? “Jukov kimi qalib gəlməkdənsə, Napaleon kimi məğlub olmaq yaxşıdı” sözü havayı yerə yaranmayıb…

Bu sözdən sonra küçə rəssamı əsəbləşdi və nəticədə Stalinin dahiliyi, şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi haqqında səhvlərlə, miflərlə, şişirtmələrlə dolu uzun, isterik bir çıxış dinləməli oldum. Onun sözünü kəsmədim. Səbrlə qulaq asdım. Cavab da vermədim. Ona görə yox ki, həvəsim və veriləcək cavabım yox idi. Ona görə ki, artıq bu cürə cəfəngiyatlara cavab verməyəcək qədər müdrükləşmişəm. Belə adamlara müxtəlif məkanlarda, müxtəlif dövrlərdə çox rast gəlmişəm. 

Bakı Dövlət Universitetinin həyətində kitab satdığım zamanlar kitablar düzlümüş stola orta yaşlı, kostyumlu, qalstuklu, zahirən cinayətkara, manyaka, sadistə bənzəməyən bir insan yaxınlaşdı. Kəmali-ədəblə Hitlerin “Mənim mübarizəm” kitabını istədi. Dedim yoxdu. Soruşdu bəs nə vaxt olacaq. Dedim bilmirəm. Ona belə bir sual verdim: “Hitlerin kitabı sizin nəyinizə lazımdı?” "Oxumaq və bilmək istəyirəm Hitler o kitabda nə yazıb, alman xalqı niyə o adamın arxasınca düşüb, niyə alman xalqı özünü bəlaya salıb" – belə desəydi, belə bir cavab versəydi, buna ancaq sevinmək olardı. Amma çox təəssüf ki, belə demədi. Belə cavab vermədi. Dedi ki, Hitlerə çox böyük hörmətim var. Soruşdum siz kimsiniz, peşəniz nədi, nəylə məşğulsunuz? Dedi tarix müəllimiyəm. Bəli, Hitlerə böyük hörmət bəsləyən adam Bakı Dövlət Universitetinin tarix müəllimi imiş. Deyirəm siz tarix müəllimisiz və Hitlerə də böyük hörmətiniz var, eləmi? Təsdiq edir. Deyirəm bu faciədir. Xəbəriniz var sovet əsgərləri yüzminlərlə alman qadını zorlayıb. Alman xalqı hələ də Hitler dövründə törədilmiş cinayətlərin yükünü öz çiynində daşımaqdadı. Siz tarix müəllimi ola-ola milyonlarla insanın həyatını məhv etmiş bir cinayətkara necə hörmət bəsləyə bilərsiniz? Yəqin dərsdə tələbələrinizə Hitlerin böyüklüyü haqqında danışırsınız? Başladım nə başladım. Möhkəm əsəbləşmişdim.

İndi siz Hitlerə hörmət bəsləyən tarix müəlliminin tələbələrinin, ümumiyyətlə belə bir təfəkkür yiyəsinin dərs dediyi universitetin nə gündə olduğunu təsəvvür edin. Bu qədər də qeyri-ciddilik olarmı? Olmaz, amma əfsuslar olsun ki, vəziyyət belədi. Bakı Dövlət Universitetinin tarix müəllimi Hitlerə pərəstiş edir. 

Yuxarıda qeyd etdiyim kimi belə adamlara müxtəlif məkanlarda çox rast gəlmişəm. Amma bir görüş var ki, onu heç cürə yaddan çıxarda bilmirəm. Bacarmıram. Bu haqda deyəsən üç dəfə yazmışam. Mövzu açılıb deyə o görüş haqqında bir daha yazacam. Ümumiyyətlə, o görüş haqqında əlli dəfə yazsam da yenə az olar. 

Deməli, bir proyektdə iştirak edirdim. Biz, müxtəlif ölkələrdən olan jurnalistlər repressiya olunmuş xalqların nümayəndələrini tapıb onlarla danışmalı, onlardan müsahibə almalı idik. 

Hərəmizi bir tərəfə göndərdilər. Mən də bir dəstə jurnalistlə gəldim Batuma. Burda güc-bəlayla, repressiya olunmuş xalqların hadisələri öz gözləri ilə görmüş nümayəndələrini tapdıq. Onları danışdırdıq.

Danışdıqları dəhşət idi. Sadəcə dəhşət. Düzdü, dövrümüzdə dəhşət sözü tez-tez, yeri gəldi-gəlmədi istifadə olunur, amma inanın ki, bu sözü burda söz xatirinə yox, yerində istifadə etmişəm.

Nələr danışmadılar. Yük vaqonlarında günlərlə yol getmələrindən danışdılar. Onlara yır-yığış etmək üçün cəmi bir saat vaxt verilib. Hara getdiklərini, niyə getdiklərini bilmirlər. Vaqonda arvad-uşaq qarışıb bir-birinə.

Vaqonun küncünə bir şal asıblar. Hamı təbii ehtiyacını ora, şalın arxasına ödəyirmiş.  Arvad, kişi, uşaq… Nəcis, sidik vaqonun içində ora-bura axırmış.  Bunu təsəvvürünüzə gətirməyə çalışın. Sonra onları aparıb atıblar Orta Asiyanın çöllərinə.

Qırılan qırılıb, qalan qalıb. Çox şeylər danışdılar. Hamısını yazmağa nə imkan var, nə də həvəs. Söhbətin sonunda  bu dəhşətləri görmüş adamlara sual verirdim. O vaxt belə bir söhbət vardı ki, Stalinin bu hadisələrdən xəbəri yox idi. Doğurdan belə idi?

Image result for stalin

İosif Stalin

Bir başqası isə lap doqquzluğa vurdu. Dedi ki, əgər Stalin indi sağ olsaydı, mən öz oğlumla bir yerdə onun uğrunda ölümə gedərdim. Bəli, bunu o adam deyirdi ki, xalqı sürgün olunmuşdu. Yanımızda şotland əsilli bir ingilis vardı. Bu söhbətləri eşidəndə adam rəsmən məhv oldu. Özü də yaxşı vuran idi. Butulka əlindən yerə düşmürdü. On gün bir yerdə olduq, mən onu butulkasız, qədəhsiz, stakansız görmədim. Həmişə deyirdi: ey qafqazlılar, mənlə içmək sizə asan olmayacaq. Xülaseyi-kəlam, işimizi bitirəndən, müsahibələr alandan sonra getdik restorana ki, bir qismət çörək yeyək. 

Həmin şotland əsili ingilis susmuşdu. Çox düşüncəli görünürdü. Arada bizə sual verirdi: axı onlar necə belə düşünə bilirlər? Biz də deyirdik ki, əşi çox ürəyinə salma, adamdı da, qocalıblar, propaqandanın qurbanlarıdır. Yeməyini ye-zad. Doğurdan axı hansı izahı verəsən? Mayakovski demişkən; nə kasaddır dünyanın söz emalatxanası, bizə lazım olan bir sözü kimdən və hardan alaq? Yadımda belə qalıb. Həqiqətən də bəzən elə anlar olur ki, öz hisslərini, şahidi olduğun hər hansı səhnəni bir sözlə ifadə etməyə çalışırsan və həmin sözü heç cürə tapa bilmirsən. Nəsə, hal-hazırda lirikadan uzaq olsaq, mövzumuza qayıtsaq, daha yaxşı olar. 

Bildiyiniz kimi faşist Almaniyasının SSRİ-yə hücumundan sonra Stalin öz çıxışında "qardaşlar və bacılar, mənim dostlarım" ifadəsin işlətmişdi. Amansız repressiyalar, qorxu mühiti, xəbərçilik, donosbazlıq, üzədurmalar insanları o qədər əldən salmış, o qədər rəzilləşdirmişdi ki, hətta müharibənin başlamasına sevinənlər də vardı. Nə qədər qəribə olsa da bu olubdur. Bəziləri isə Stalinin çıxışını eşitdikdə düşünürdülər ki, artıq Stalin dəyişib.Vəziyyət onu dəyişməyə məcbur edib. Əlbəttə, insanların qanına susamış, yüz minlərlə insanın həyatını məhv etmiş bir adamın birdən-birə "qardaşlar və bacılar, mənim dostlarım" ifadəsi işlətməsi müxtəlif hisslər doğurmalı idi. Bu cürə ifadələr işlətmək Stalinin üslubuna heç cür uyğun deyildi. Bir sovet filmi var. Yaddaşım aldatmırsa, Lelinqradın mühasirəsindən bəhs edən “Mühasirə” filmi olmalıdı. Həmin filmdə adamlar radionun başına yığışıb Stalinin çıxışını dinləyirlər.

Stalin qardaşlar və bacılar ifadəsin işlətdikdə bir qız başın çevirib qəribə bir tərzdə, daha çox kinayə ilə gülümsəyir. Bütün hallarda, ümumən çox insan Stalinin dəyişdiyini, qara günlərin arxada qaldığını, həmrəyliyə ehtiyac yarandığını düşünürdü. Hesab edirdilər ki, vətənin başı üstünü qara buludlar alıb, yaxın keçmişdə baş verənləri təzədən eşələməyə gərək yoxdu. Bəlkə də insanlar Stalinin dəyişdiyinə özlərini inandırmaq istəyirdilər. Əslində isə hər şey çox sadə idi. Stalin qardaşlar və bacılar, mənim dostlarım ifadəsini həyacandan, xalqın dəstəyinə böyük ehtiyac duyduğundan işlətmişdi. Konstantin Simonovun “Ölülər və Dirilər” əsərinin qəhramanı Serpilin də Stalinin dəyişdiyini güman edənlər sırasındadı. Lakin Serpilin Stalinlə görüşəndə cəbhədə verilən dəhşətli itkilər, döyüş taktikasını dəyişməyin labüdlüyü haqqında danışanda gözləri Stalinin gözlərinə sataşır. Stalinin gözlərindəki ifadə Serpilini qorxudur. Serpilin başa düşür ki, böyük bir səhvə yol verib. Stalin dəyişib eləməyib. Elə həmənki adamdı. Onun üçün insanın ölümü, insan taleyi heç bir əhəmiyyət daşımır.

Deyilənə görə Stalin “Bir insanın ölümü faciə, milyonların ölümü statistikadı” sözünü işlətməyib. Deyilənə görə bu söz Anatoli Rıbakovun “Arbat övladları” əsərində işlədildikdən sonra geniş yayılıb. Bilmirəm, heç dəqiqləşdirməyə həvəs də olmadı. Məsələnin mahiyyəti bunda deyil. Məsələnin mahiyyəti başqadı. Məsələnin mahiyyəti ondadır ki, bir insanın ölümü faciə, milyonların ölümü statistikadı sözü Stalinin təbiətinə çox uyğun idi. Ona görə, hətta işlətməyibsə belə, bu söz ona belə möhkəm yapışıb. 

Related image
Georgi Jukov

Deyilənə görə Jukov da “Əsgərlərə rəhm etməyin, arvadlar yenə doğacaq” sözünü işlətməyib. Bəs əgər Jukov bu sözü işlətməyibsə, o zaman niyə bu söz ona belə yapışıb? Yenə eyni vəziyyətdir. Çünki bu söz Jukovun təbiətinə, sərkərdəlik fəaliyyətinə çox uyğundu. 

*** 

Durduğum yerdə mənasız söhbətə girdiyim günün axşamı Viktor Yerofeyevin “Stalinə alqış” adlı yazısını bir daha oxudum. Rusiyada keçirilən bir sorğuda Stalin böyük səs çoxluğu ilə tarixi şəxs kimi birinci yerə layiq görülmüşdü. Araz Gündüzün dilimizə çevirdiyi “Stalinə alqış” yazısı sorğunun nəticələri açıqlanandan sonra yazılıb. Yazını kiçik ixtisarla burda tirajlamağı vacib hesab edirəm. Lütfən diqqətlə oxuyun və düşünün: 

"Stalinin ölkənin tarixində birinci şəxs sayılmasıdan daha böyük bir biabırçılıq ola bilməzdi.

Heç vaxt Stalini sevən adamı aşağılama. Onun üstünə qışqırma, ayaqlarını yerə döymə, özündən çıxıb acıqlanma, ondan mümkün olmayan şeyi tələb eləmə.

Bu, çox ağır xəstəliyə yoluxmuş birisidir, bu insana xas olan xəstəlik deyildir, onun mənəviyyatında çıxıq vardır.

Ona yazığın gəlməsin, sənin acımağın onu quduzlaşdıra bilər. Onu inandırmağa çalışma, beləsini inandırmaq mümkün deyildir.

Nə yaxşı, ölkənin yarısı Stalini sevir! Birdən bütün ölkə onu sevsəydi, onda bundan daha pisini düşünmək olmazdı. Ölkənin yarısı Stalini sevir – bunun özü gələcəyə ümidlə baxmaq üçün yetərli deyilmi?

Mən Stalini sevmirəm. Ölkənin yarısı Stalini sevir. Mən indi, ölkənin onu sevən bu yarısı ilə nə edim?

Vətənində yaşayanların yarısı Stalini sevirsə, bu, öz ölkəndən üz döndərmək üçün çox yaxşı bir səbəbdir, üstəlik, öz xalqının üstündən qara bir xətt də çəkmək olar.

Çox uzun bir müddətdə Stalini sevənlərdən zəhləm gedib. Mənə elə gəlirdi, Stalini yalnız əbləh (idiot) olmaqla sevmək mümkündür. Ancaq sonradan bu mövqeyimi dəyişdim.

Mən əbləhlərlə bağlı başqa cür düşünməyə başladım. Əbləh olmaqda heç bir utanmazlıq yoxdur. Rus ziyalıları özlərinin yüngülağıllıqları ilə həmişə, insana olduğundan artıq dəyər vermişlər.

Stalinə olan sevgi, bizə verilən bu yüngülağıllıq irsini xərcləməkdir. Kim deyir, Stalin ölüb? Stalin bizim aramızda yaşayır.

O, ədalət arzusu ilə yaşayan xəstə qocaların ürəyində yaşayır, o, insan kimi yaşamaq hüququ əlindən alınmış, alçaldılmış və təhqir olunmuş adamlarda yaşayır, o, adam öldürməkdən çəkinməyən banditlərdə və canilərdə yaşayır, o, özlərinin cəzasızlığına inanan polislərdə və məmurlarda yaşayır, o, ölkəni idarə eləməyi bacardıqlarını düşünən hakimiyyətin yuxarı qatında yaşayır, o, hakimiyyətin yuxarıdan aşağıya yönələn bütün qatlarında yaşayır.

O, məsuliyyət duyğusunun nə olduğunu bilməyən gənclərdə yaşayır, o, bizim hamıdan yaxşı olduğumuzu düşünən millətçilərdə yaşayır, o, Stalinin uzun illər müttəfiqlik elədiyi faşistlərin bugünkü törəmələrində yaşayır, o, Rusiya imperiyasını bərpa eləyib diriltmək istəyən, öz qonşularına yuxarıdan aşağı baxan, sonra isə qonşularının, öz şəxsində yaratdığı Stalindən iyrənib üz döndərdikləri ilə bağlı qara-qışqırıq qoparanlarda yaşayır.

Stalin yaşayır – Sovet İttifaqının himninin, üstündə əl gəzdirilib, Rusiyanın himninə çevrilmiş mətnində yaşayır, satqın jurnalistlərdə yaşayır, dinlə slavyan millətçiliyini öz ideologiyalarına qarışdırıb, bizanssayağı riyakarlığa qapılan kommunistlərdə yaşayır.

Stalin yaşayır – o, sinif yoldaşlarına qarşı zorakılıq eləyən məktəblilərdə yaşayır, qayda-qanun yaratmağı dustaq nəzarətçiliyi səviyyəsində anlayan güc strukturlarının nümayəndələrində yaşayır.

Biz özümüzün bədbəxt tariximizin qurbanları olduğumuz üçün və bunun belə olduğunu anlayıb öyrənmək istəmədiyimiz üçün, Stalin hələ də yaşayır.

Sadomazoxizm bizim sevimli xalq oyununa çevrildiyi üçün, Stalin yaşayır. Ah, gör bizdə nə qədər Stalin yığılıbdır!

Stalini sevmək – hər şeydən öncə, sənə oxşamaq istəməyənlərdən gülünc şəkildə qisas almaqdır. Stalin – bizim yaramazlıqlarımızın qaynayıb daşıdığı çirkab çənidir.

Mən Stalinlə bağlı rəyimi heç vaxt dəyişməyəcəyimi yaxşı bilirəm: bu, mənim dəyişilməz mövqeyimdir.

Ancaq bir çoxlarının düşüncəsinə görə, Stalini sevən adamların böyük çoxluğunun mənəviyyatını köklü surətdə dəyişə bilsək, onlar bu sevgilərindən daşınacaqlar: onların anlamazlıqlarını aradan qaldırsaq, gözlərini açsaq, insanlara sayğı göstərməyə öyrətsək və ürəklərini insani duyğularla doldursaq, onlar bu yanlışlarından əl çəkəcəklər.

Ancaq belə düşünmək sadəlövh bir yanlışlığa qapılmaqdır. Stalin bizim bir xalq kimi bütünlüyümüzün qarantı və əbləhliyimizin dayağıdırsa, onu sevməmək mümkün deyildir.

Rus mədəniyyəti üçün anlaşılmaz olan, uzaqlardan gəlib buralara çıxmış Stalin, Rusiya üçün heç bir yaxşılıq eləməmişdir. Heç bir. Yaxşı olan nəyimiz varsa, xalqın dedi-qodusunun gücünə, Stalinin adına yazılmışdır, onun firavan həyat qurmasından tutmuş Alman faşizmi üzərində qələbəsinədək, bütün deyilənlərin hamısı ağ yalandır.

Ancaq biz təkcə elə Stalinin oğulları və qızları deyilik, biz onun tarixi valideynləriyik. Stalin ancaq bizim torpağımızda kök ata, meyvə yetirə bilmişdi. Biz özümüz öz gücümüzlə heç nə eləyə bilmədiyimiz üçün onu sevirlər.

Bizə gah gürcü diktator, gah da holland futbol məşqçisi gərək olur. Biz yaşamağı bacarmırıq.

Bizə kilsə zəngləri altında araq içmək və başımızın üstündə oynayan qamçı gərəkdir, yoxsa biz özünəməxsusluğumuzu itirərik.

Qamçı bizə mane olmur, araq isə Stalindən sonra Vısotskini xalq qəhrəmanına çevirib sevə bilməyimizə kömək eləyir. Heç vaxt, Stalini sevən adamı alçaltma: onsuz da o özü bütün ömrünü alçaltmışdır”.

***
Image result for константин симонов Живые и мёртвые

Bir suala cavab verməyə çalışaq. Adamlar niyə hələ də Stalinin şəxsiyyətinə pərəstiş etməkdə davam edirlər? 

Həqiqətən də mütləq gücü, hüdudsuz hakimiyyəti sevən adamlar var. Özlərindən asılı deyil. Təbiətləri belədi. Özlərini bir gücün zərrəciyi, uzaqdan uzağa bir tərəfdaşı, dəstəkləyicisi kimi hiss etməkdən ötrü fundamental insan haqlarından vaz keçməyə hazırdılar. Bu cürə adamlar tapındıqları gücün, sevdikləri hüdudsuz hakimiyyətin bütün cinayətkar əməllərinə bəraət qazandırır, bəziləri hətta gücün cinayətkar əməllərinə bəraət qazandırmağı özlərini həyat fəlsəfəsi, həyatlarının mənası hesab edirlər. Amma bütün hallarda Stalinə pərəstişin davam etməsində savadsızlıq da öz rolunu oynayır. Xüsusən bizim coğrafiyada. Bizim coğrafiyada adamlar bir mətndən oxuduqlarını, biz mətndən əxz etdiklərini, bir mətndən çıxardıqları nəticəni çox vaxt ömürlərinin sonuna qədər beyinlərində gəzdirirlər. Hansısa mövzuya qayıdıb alternativ mənbələrlə tanış olmaqla, hadisələrlə yenidən qiymət verməyə ərinirlər. Ölkəmizdə hələ də nə qədər insan elə bilir ki, İkinci Dünya Müharibəsi 41-ci ildə başlayıb. Orta məktəb tarix kitabında belə oxuyublar belə də yadlarında qalıb və yəqin ki, ölənə qədər belə də qalacaq. 

Stalinin asketik həyat keçirməsi haqqında söhbətlər də Stalinə pərəstişin davam etməsində şübhəsiz güclü rol oynayır. "Stalin öldü, ondan yalnız şineli, bir cüt uzunboğaz çəkməsi qaldı" kimi söhbətlər bu gün hər tərəfi qamarlayanların, hər tərəfi hasarlayanın, çapıb-talayanın fonunda adamlara güclü təsiretmə qüvvəsinə malikdi. Etiraf edim ki, bir vaxtlar bəndənizə də bu söhbətlər çox cəlbedici gəlirdi. Doğurdan da çox cəlbedici söhbətlərdi. Lakin bir incə məqam var. Nədən ibarətdi o məqam? Ondan ibarətdir ki, Stalin özü özünə bütün mükafatları vermişdi. Ölkənin mütləq hakimi idi. Şəninə şeirlər, poemalar yazılırdı. Adına tank buraxılırdı. Söhbəti uzatmayaq, qısası bütün ölkə əlində idi., hər bir sahəyə özü nəzarət edirdi. Yəni, Stalinin asketik həyat keçirməsi haqqında söhbətlərə çox da aldanmaq olmaz. Sadəcə onun üslubu başqa idi və üslubun başqa olması adamları çaşdırır. 

İki cür şöhrətpərəstlik var:

1. Ağıllı və vicdanın nəzarət etdiyi şöhrətpərəstlik.

2. Ağıldan və vicdandan mərhum şöhrətpərəstlik.

Birinci şöhrətpərəstlik zərərsiz şöhrətpərəstlikdir. Çünki ona ağıl və vicdan nəzarət edir. Hətta bu cür şöhrətpərəstlik bəzən faydalar da verir. İkinci şöhrətpərəstlik isə ağıldan və vicdandan mərhum olduğu üçün zövqsüzlük, bozluq, yeknəsəklik, fəsadlar, bəlalar və faciələr yaradır. 

Seymur Baycan

Yuxarı