post-title

İki qardaş



Hekayə

Sevda heç kimə fikir vermədən yolun ortası ilə qaçırdı. Külək daha bərk qaçmasına mane olur, paltarını cırmaq istəyir, saçını üz-gözünə çırpırdı. Qəsəbənin mərkəzinə yaxınlaşanda o, dayandı, nəfəsini dərdi, təkrar qaçmağa başladı. Yoldan keçənlər maraqla ona baxırdılar. Sevda Abayı aparan polislərə çatmağa az qalmışdı ki, bir kişi onun qolundan tutub saxladı. Ərklə dedi:

- Dayan, özünü incitmə. Heç nə edə bilməzsən. 

Sevda soruşdu:

- Deyin görüm, onu nə üçün tutublar? Nə üçün ? Nə üçün?

Bu sual ağzından düşmürdü. Başına yığışmış adamlardan heç kəs bu suala cavab vermədi.  

İki il əvvəl qəsəbəyə çoxlu fəhlə gəldi.  Fəhlələri qəsəbə sakinləri mehribançılıqla qarşıladılar. Sakit bir qəsəbəyə kənardan çoxlu adamların gəlməsi hadisədir. Ən azı darıxan adamlar danışmağa  mövzu tapırlar. Fəhlələr dəniz kənarında böyük bina inşa edirdilər. Söhbət yayılmışdı ki, burda istirahət mərkəzi tikilir. İstifadəyə veriləndən sonra bura gəlib-gedən çox olacaq. Balıqçılar balıq satacaqlar. Qəsəbənin işsiz-gücsüzləri iş tapacaqlar. Qəsəbə sakinlərindən  bəziləri bu söhbətə inanır, bəziləri bu söhbətlərdən qorxurdular. 

Fəhlələri işlədən adam çox sərt adam idi. Fəhlərləri çox bərk işlədirdi. Heç kimə dinclik vermirdi. Fəhlələr ondan qorxurdular. Hərdən tikinti yerinə yekə bir maşında əlli yaşlı bir  kişi gəlirdi. Bu kişidən həm fəhlələr, həm də fəhlələri işlədən adam da qorxurdu. Deyirdilər, tikintinin əsl sahibi bu adam deyil. Onun da qorxduğu adam var. Bu söhbətlər o qədər uzanıb o qədər sirli məna daşıyırdı ki, fəhlələr tikintinin əsl sahibinin üzünü təsəvvürlərində canlandıra bilmirdilər. Bir dəfə axşam vaxtı tikintinin sahibinin necə adam ola biləcəyi haqqında mübahisə başladı. 
Biri dedi:
 -  O lap qoca bir adamdır. Ömrünün sonunda sakit yerdə yaşamaq istəyir. 
Biri dedi:
 - Qoca filan deyil, cavan oğlandı, Rusiyada biznesi var. Bunu da tikib qardaşına verəcək. 
Biri dedi:
-  Buranın sahibi kişi deyil . Qadındır. Özü də Türkiyədə yaşayır. Orda da otelləri var. 
Bu mübahisə çox uzun çəkdi, amma yenə də fəhlələr tikintinin əsl sahibinin necə göründüyü haqda yekdil qərara gələ bilmədilər. 

İstirahət mərkəzi çox tez tikildi. İş sürətlə gedirdi. Binanın ətrafına çoxlu ağac, güllər, bəzək kolları əkdilər. Yelləncəklər qoydular. İstirahət etmək üçün hər cür şərait yaradıldı. Sonra dənizin sahilini hasarladılar. Dənizə gedən yolun üstünə  bir köşk qoydular. Köşkdə iki adam otururdu. Onların əynində qara forma vardı. Qara eynək taxırdılar, özləri də həmişə nəsə yeyirdilər. 
Fəhlələr bütün işləri görüb getdilər. Köşkdə oturmuş iki adam  qəsəbənin kişilərinə dənizə sarı getməyi qadağan etdilər. Qəsəbənin kişiləri əvvəlcə bu qadağaya əhəmiyyət vermək istəmədilər. Bu qəsəbənin sakinləri əsrlərlə balıqçılıqla məşğul olmuşdu. İşləri balıq tutub satmaq idi. Bəzisi yaxında satırdı, bəzisi bir az uzaqda. Bəs əgər onlara dənizə sarı getməyə icazə vermirlərsə o zaman bu adamlar nə etməlidirlər? İki-üç adam qadağanı vecinə almayıb dənizdən gizlin də olsa balıq tutmaq istədi. Onları yaxaladılar. Şəhərdən polis maşını gəldi. 
Qadağanı pozanları maşına qoyub, apardılar şəhərə. On gün saxlayıb bir az döyüb, cərimələyib buraxdılar. Qəsəbə sakinləri bu hadisədən sonra vəziyyətin ciddiliyini dərk etdilər. Daha heç kim qorxusundan dənizə tərəf getmədi. İçlərindən oxumuşlarından bir-ikisi yığışıb qəzetlərə gizlicə şikayət məktubu yazdılar. Şikayət məktubu iki qəzetdə dərc olundu, amma bu məktuba fikir verən olmadı. Xeyli kişi qəsəbəni tərk edib, başqa yerlərə getdi. Qəsəbədə həyat nizamı pozuldu. Kasıbçılıq, evlərdə dava-dalaş, sərxoşluq edənlərin sayı artdı. İş tapmaq və yaşamaq çətinliyinin yaratdığı vahimə getdikcə daha artıq adamların qəlbinə dolurdu, səhərdən axşama qədər bir tikə çörəyi necə qazanmaq haqqında danışırdılar.  
Adamlar ev əşyalarını satmağa, dəyiş-düyüş etməyə başladılar. 

Abayı artıq maşına mindirirdilər.

Sevda polislərə yaxınlaşdı: 

- Buraxın onu. Nədir onun günahı?

Polislərdən biri cavab verdi:

- Günahı odur ki, dənizdən gizlincə balıq tuturmuş.

- Dənizdən balıq tutmaq olmaz?

- Yox, olmaz?

- Niyə olmaz?

- Söz güləşdirmə, ona görə olmaz ki, bizə belə tapşırıq verilib. Mən əmr yerinə yetirirəm. Olmaz deyirlər, deməli olmaz.

- Bəs biz nə yeyək?

- Bilmirəm.

- Allahdan qorxmursuz?

- Bacı, Allahı söhbətə qatma. Mən özüm namaz qılanam. İki dəfə də həccə getmişəm. Bir dəfə özümə görə, bir dəfə də atama görə. Kişi rəhmətə getdi, arzusuna çata bilmədi. Mən də bir övlad kimi onun arzusunu yerinə yetirdim. Çəkil kənara. Üz verəndə, astar istəmə. Əsəbləşdirmə məni. 

Bu dialoq polis maşınının yanında gedirdi. Camaat kənarda dayanıb, söhbətə qulaq asırdılar. Polislər Abayın başını maşının açıq qapısından içəri soxmuşdular. Bədəni çöldə qalmışdı. Abay arxaya çevrilib Sevdaya dedi:

- Get evə. Narahat olma. Bir-iki saata qayıdaram. Mənim heç bir günahım yoxdu.

Polislər  Abayın bədənini də başının ardınca maşına soxub, qapını bağladılar. Özləri də maşına oturdular.  Getdilər. Hamı dağılışdı. Bir-iki adam Sevdaya yaxınlaşıb təsəlli verdi. 

Sevda evə qayıtdı. Həyətdə əl-üzünü yuyub evə girdi. İki oğlu palazın üstündə oturub köhnə oyuncaqlarla oynayırdılar. Oyuncaqların hamısı sıradan çıxmışdı. Rəngləri itmişdi. İtin tükü tökülmüşdü. Maşının təkərləri yox idi. Əsgərin gözü çıxarılmışdı. Uşaqlar səssizcə oynayırdılar. Danışmırdılar. Əgər onlar ağlasaydılar, nəsə istəsəydilər, nəsə soruşsaydılar, bu Sevdaya daha az təsir edərdi. Uşaqların danışmaması Sevdanı məhv edirdi. Özü uşaqları danışdırmaq istədi. 
Uşaqlardan soruşdu:

 -  Yemək istəyirsiz? 

Uşaqlar səslə cavab vermədilər. Başlarını sağa-sola tərpətdilər. Sevda buranı təzəcə görürmüş kimi, hər tərəfə tamaşa elədi. Üstü tül örtüklü çarpayı, çarpayının arxasına, divara vurulmuş maral naxışlır xalça, qapısı açıq şifoner, yanının dəmirləri qopmuş, boyası getmiş sandıq, sandığın üstünə yığılmış yorğan – döşək, yastıqlar, bir sözlə, otaqda hər şey ona yad göründü. Pərdələri ağız-ağıza çəkilmiş pəncərənin önündəki masanın üstündə çərçivəyə salınmış bir şəkil vardı. Bu şəkil Sevdayla Abayın toy günü çəkilmişdi. Bəli, düz təxmin etdiniz, bəy və gəlin şəkildə gülümsəyirdilər. Həmin gün toyda iştirak edən qohumlar, tanışlar, dostlar onlara çoxlu xeyir- dua verdilər, azı yüz dəfə “xoşbəxt olun” dedilər. Bəs, onlar niyə xoşbəxt olmadılar?  Sevda ağır-ağır ayağa qalxıb, evdən həyətə çıxdı. Evin qabağında ayaq üstə dayanıb, ağlaya-ağlaya özü özünə suallar verdi:

-  Bəs mən nə edim? Bunları necə saxlayım? Kimin qapısına gedim? 

Dördbucaq həyət günəşin istisindən mürgüləyirdi. Hardasa sərçə balaları aciz-aciz cikkildəşirdilər. Sevda  özünə sual verə-verə həyətin ortasındakı alma ağacına tərəf getdi. Alma ağacı o qədər qollu-budaqlı idi ki, kölgəsində qırx adam otura bilərdi. Bu ağacın altında Abay həmişə balıq kababı çəkərdi. Manqaldakı kül köhnə və nisbətən sakit həyatdan xəbər verirdi. Manqalın yanında araq butulkasında neft vardı. 
Sevda butulkanı götürdü. Neftə bulaşmış etiketdə bütün hərflər bir-birinə qarışmışdı. Sevda butulkanın ağzını açıb nefti çiynindən aşağı çalxadı. Neft bədəni boyunca aşağı süzüldü. Canı gizildədi. Kibrit axtarmağa başladı. Həmişə buralarda kibrit olurdu. Tapmadı. Əsəbi halda əlini ağacın gövdəsinə sürtdü. Evə qayıdıb birbaşa mətbəxə girdi. Budur, o, əlində kibrit mətbəxin ortasında dayanıb. O, kibriti çəkəcək və qırmızı alov onun da ,uşaqlarının da canını əbədi təhqirlərdən, sonsuz iztirablardan qurtaracaq. O, kibriti çəkdi. Lakin yanan çöpü paltarına yaxınlaşdıra bilmədi. Elə bil, qolunun işçinə qurğuşun doldurmuşdular. Dayanıb, sakit yanan kibrit çöpünə baxdı. Mən nə edirəm? Bunun sonrası necə olacaq? Sağ qalmaq, yaşamaq istəyi ölmək istəyinə qalib gəldi. Barmaqları yandı. Kibrit çöpü kül olub yerə düşdü...


* * *       

Bazara yaxınlaşdıqca səs-küy artırdı. Girəcəkdə heyvanların, insanların, maşınların səsi bir-birinə qarışmışdı. Matorlar nərildəyib, havaya tüstü buraxır, itlər hürür, atlar kişnəyir,  sürücülər söyüş söyürdu. Sıraların və mağazaların qarşıları yorulmadan qışqırıb, malını tərifləyən müxtəlif çeşidli adamlarla dolu idi.  Bu fasiləsiz gurultuya alışmayan adamın başı hərlənərdi. İyirmiyə qədər hambal ensiz səkidə cərgə ilə çömbəlib oturmuşdular. Onların  arasında rəngi qaçmış, arıq yeniyetmələr, bir neçə qoca vardı. Adama elə gəlirdi onlar yük daşımaq nədi, ayağa qalxıb heç yeriyə bilməzlər. Hamısının çiynində kəndir parçası sallanırdı. Paltarları cırıq və çirkli idi. Bəziləri paltar əvəzinə bədəninə çuval keçirmişdi. Bir neçəsinin ayaqqabısı yox idi. Biri isə cırıq qaloşunu iplə ayağına sarımışdı. 

Hamballar qaş-qabaqlarını töküb, dinmirdilər. Qaşınırdılar. Gözləri ora-bura baxır, yük axtarırdılar. Bir nəfər onlara yaxınlaşıb, hambal lazım olduğunu deyəndə hamısı birdən ayağa qalxır, ağız-ağıza verib öz xidmətlərini təklif edirdilər. Bazarda yoxsullar bir-birlərini itələyə-itələyə, söyə-söyə dəstə-dəstə gəzirdilər. Onların sifəti qayğılı və qəzəbli  idi. Hamı bir tikə çörək axtarırdı. Ayaqyalın, sifətlərindən pasax axan uşaqlar hey özlərini ərzaq malları satılan mağazalara dürtür, satıcılar da elə hey onların yaxalarından yapışıb, bayıra tullayırdılar. Müxtəlif  mallar satılan sıraların arası ilə duru palçıq axırdı. Hər tərəfi zibil bürümüşdü. 

Ağ saçlı bir arvad, əlində boş zənbil, aclıq və yorğunluqdan taqətdən düşərək səkinin üstündə yıxılıb qalmışdı . Qəssab dükanının qarşısındakı ağacdan iki adam asılmışdı. Asılanlardan birinin köynəyi qana batmış, boynundakı ip isə düyün düyün olmuşdu. Yəqin ki, onu asanda ip bir neçə dəfə qırılmışdı. Ağacın altında çox arıq, qoca at başını aşağı salıb, yazıq-yazıq adamlara baxırdı. Adam satılan bölmə bazarın lap yuxarı başında yerləşirdi. Bura yığışan adamları  üç qrupa ayırmaq lazımdı. 

1. Adam satanlar. 
2. Adam alanlar. 
3. Adam alıb-satanlara tamaşa etməyə gələnlər. 

Adam satılan bölmədə hər cür adam satılırdı. Uşaqlar, qocalar, cavanlar. Kimisi öz atasını, kimisi öz anasını, kimisi də öz övladlarını bazara çıxarmışdı. Ehtiyac insanı hər cür hərəkət etməyə məcbur edir. Ehtiyac nə dəhşətli canavardır, nə qədər qorxulu kabusdur. Burda laqeydlik təbii hal sayılırdı.  Müştərilər arasında yerlilərdən əlavə xeyli əcnəbi vardı - türklər, iranlılar, ərəblər, ingilislər, fransızlar…. Hər bir satıcı uca səslə satdığı malı tərifləyir, yaxşı cəhətlərini sadalayırdı. Bu bazarda tək bircə adam sakitcə dayanıb müştəri çağırmır, satdığı malı tərifləmirdi.  Həmin adam Sevda idi. Oğlanları Sevdanın qarşısında dayanmışdılar. Biri sağında, biri solunda. Sevdanın sakit dayanması bir kişinin diqqətini cəlb etdi. Kişi yaxınlaşıb soruşdu:

- Neçəyə verirsən?

- Balacanı yüz əlli manata, böyüyü iki yüz manata.

- Baha deyil?

- Vallah, dayı, satmaq istəmirəm. Məcburam. İstəyirəm birini satıb, heç olmasa o birini saxlayım. 

Kişinin belindən xəncər asılsa da, davakar adama oxşamırdı. Təbiət xəsislik etməyib, bu kişiyə yekə baş bəxş etmişdi. Boynu buldoq itlərinin boynu kimi çiyinlərinə girmişdi. İri çənəsi onu lap itə oxşadırdı. Qırmızı saqqallı kişi üzünü balaca qardaşa tərəf tutub dedi:

-  Bala, köynəyini qaldır yuxarı. 

Uşaq köynəyini yuxarı qaldırdı. Uşağın qabırğaları səbət çubuqlarına oxşayırdı.

- Çox arıqdı. Hələ mən nə qədər xərc çəkib, bunu kökəltməliyəm. 

- Arıqlığı az yeməyindəndir. Yeməyi olsa, tez kökələcək. 

- Yüz iyirmi manata, allah xeyir versin. Bundan artıq verə bilmərəm. Danışmaqdan xoşum gəlmir. Görürəm, özün də abırlı qadına  oxşayırsan. 

- Nə deyirəm. Allah xeyir versin. Mənim  alverdən başım çıxmır. Birinci dəfədi adam satıram. 

Kişi cibindən bir dəstə pul çıxartdı. Yüz iyirmi manat sayıb Sevdaya uzatdı. Sevda pulu alıb uşağı belindən yüngülcə kişiyə tərəf itələdi. Aydın məsələdir ki, ayrılıq anında ana və qardaşlar ağlaşdılar. Lakin bu anları yazmağa heç bir ehtiyac yoxdur. Aydın məsələdir, hər kəsin öz taleyi var. Onu yaşamalıdır.  Dərdi böyük olanın səbri də böyük olmalıdır.  

Seymur Baycan
Yuxarı