Testin dəfninə hazırlıq

Публицистика

Bu il qəbul imtahanlarında 17 min abituriyent 0-100 bal toplayıb. Ancaq Təhsil Nazirliyi bundan narahat olmamağı tapşırır. Deyirlər qəbulda keyfiyyət göstəricisi artıb 48 faiz olubdur. Qabaqkı illər daha pis imiş, “şükür eləyin” anlamında. 

Eyni zamanda həmin aşağı bal toplayanlara görə narahat olmaq lazım deyil. Onlar gedib Dağıstanda, Ukraynada, Türkiyədə-filanda cürbəcür gülməşəkər universitetlərə pulla qəbul olunub sonradan bizim ali məktəblərə köçürmə (“perevod” - öz dilimizdə yazsaq) ala bilirdilər. Nəticədə xeyli pul əldən çıxırdı. Bəs təhsil mafiyası bunu necə önləməli idi? Elə ən rahatı o səfeh uşaqların, pullu, vəzifəli adamların pulunu alıb vətəndə saxlamaq olardı. Ara yerdə dövlət büdcəsində neftdən yaranan kəsir bağlanardı.

Budur, artıq mafiya bu məsələ üzərində düşünüb-daşınıb və təhsil qanununa dəyişiklik deputatxanaya ötürülübdür. Həmin mürtəce dəyişikliyə görə ali məktəblərin nəzdində yaradılacaq pullu hazırlıq kurslarında 1 il “oxuyan” uşaqlar sonra imtahansız elə o məktəbə girəcəkdir. Test üsuluna - AXC hakimiyyətinin əlimizdə qalmış deyəsən sonuncu uğurlu hərəkətinə də beləcə paz çalınmaq üzrədir.

Sözgəlişi, mən AXC dövrü təhsil naziri işləmiş Firudin Cəlilovun bu məsələyə əcaib münasibətindən heyrətləndim. Deyir, bu kurslar pulsuz olsa normaldır. Heç bir normadan söhbət gedə bilməz. Ən əsası, bu hazırlıq kursu söhbəti konstitusiyadakı bərabərlik haqqını pozmaqdır. Loru dildə yazım, anlaşılsın, yoxsa təhsil mafiyasının pəncələri çox uzundur, camaatı dolaşığa salırlar. Hesab edin dövlətin bir universitetində “iks” ixtisasına qəbul üçün 25 yer ayrılıb. Hazırda bu 25 yerin hamısı üçün insanlar bərabər şərtlərlə mübarizə aparırlar. İndi təklif edilən dəyişikliklə, misal üçün, bu yerlərin 10 dənəsini hazırlıqdan gələnlər qamarlayacaq, deməli, başqa abituriyentlərin yer tutma şansı uyğun olaraq 10 yer azalacaq. Üstəlik, bu hazırlığın pulunu, yaxud pulsuzluğunu müəyyən eləmək faktiki mümkün deyil və ora düşmək üçün korrupsiya mexanizmlərinin ağzı açılacaqdır. O mexanizmlər ki, 1992-ci ildən bəri ac canavar kimi marığa yatıb gözləyirlər.

Elçibəy hakimiyyətinin təhsil sistemində apardığı bu fantastik çevrilişin - test üsulunun tətbiqi, onun gerçək mənası əslində bu ötən illərdə üzə çıxdı. Görünür AXC hakimiyyətinin çox qısa vaxtda - cəmi 1 ildə (!) gördüyü işlərin miqyasını bizim başa düşməyimiz üçün YAP hakimiyyəti altında onilliklər, hazırkı təqvimlə 24 il keçməli idi.

Rəsulzadənin Stalinlə görüşündən məşhur xatirəsi var. Stalin ona deyir ki, axı siz bu millətə nə verdiniz. Rəsulzadə deyir: “Doğrudur, biz millətə çox şey verə bilmədik, ancaq ona azadlığı dadızdırdıq”. AXC hakimiyyətinin qısa ömründən yadımızda qalan da elə o azadlıq dadıdır. Bu dadın biri də test üsuludur. İnsanlar ali məktəbə rüşvətsiz, özü də elliklə rüşvətsiz girməyin mümkünlüyünü görüb şok yaşamışdılar. SSRİ dövründə Azərbaycan KGB-nin sədri işləmiş Vaqif Hüseynov adlı birisi vardı. AXC hakimiyyəti haqlı olaraq bu cinayətkar ünsürü həbsə atmışdı. (Sözgəlişi, yapistlər 1993-cü ildə hakimiyyəti ələ keçirən kimi Hüseynovu azadlığa buraxdılar, getdi Rusiyaya. İndiyə qədər də ölkəmiz əleyhinə çirkin işlərlə məşğuldur). Həmin Hüseynov türmədə olarkən qızı universitetə qəbul olunmuşdu, ancaq Prezident Aparatında yüksək vəzifə tutan adamlardan birinin uşağı “kəsilmişdi”. Sonralar Hüseynov Moskvada intervü verib demişdi ki, qızımın qəbul olmasını türmədə eşidib sevinmişdim, çünki fikirləşirdim bunu pulla harasa Moskvaya-filana düzəltməli olacağam.

Hələ bu harasıdır, deyilənə görə, tələbə qəbuluna rəhbərlik edən Vurğun Əyyubun doğma bacısı qızı həmin il universitetə girə bilməmişdi. Vurğun Əyyub dayısı olduğu uşağı imtahandan keçirməmişdi. Bu prinsipiallıq 24 illik rüşvətxorlar hakimiyyətindən sonra əlbəttə, cəmiyyətimizə gülməli görünür. İndi bizim millət olaraq prinsipimiz “başını aşağı sal, oğurla, hamı necə, sən də elə” tipində cəngəllik qanunlarıdır.

Mənim bir qohumum, deyilənə görə, indiyə qədər Elçibəyin qarasınca danışır: “O hakimiyyətə gəlməsəydi, uşağı instituta qoyacaqdım. Həmin il xeyli dana, qoyun satıb pul yığmışdım, hamısı əlimdə qaldı, verməyə yer olmadı”.

Zamin Hacı 

Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade