Reallığın hiper ifadəsi – Seymur Baycan

Сеймур БАЙДЖАН


AzTV-nin qüdrətindən və fəlsəfəsindən danışdığım zaman bir gənc danışdıqlarıma kəskin etiraz etdi. Dedi ki, orda göstərilənlər yalandır. Etirazını  əsaslandırmaq üçün bir tədbiri misal göstərdi. Dedi ki, o tədbirə insanlar öz xoşu ilə getməyib, zorla aparıblar.

Gəncin gətirdiyi misal maraqlıdı, amma həqiqət deyil.

Orda göstərilənlər yalandır deyərək AzTV-ni ciddiyə almamaq, həyat təcrübəsinin az olmasından irəli gəlir. Tutaq ki, X adlı tədbirə insanlar öz xoşları ilə getməyiblər. Tutaq ki, müxtəlif üsullardan istifadə edərək həqiqətən də ora adamları zorla yığıblar. Amma bu vəziyyəti dəyişmir. Birincisi, getməsinlər. Niyə gedirlər? O gedənlərin hansına yaxınlaşsan adama Qərb və Şərq sivilzasiyasının toqquşmasından, gizli güclərin dünyanı idarə etməsindən, Armstronqun aya çıxanda azan səsi eşitməsindən danışacaq. Uşaq deyillər. Hərəsi bir ailənin başçısıdı. Öyüd verirlər, nəsihət verirlər, danlayırlar, bəzən döyürlər…

İkincisi, əgər X adlı tədbirə adamları zorla yığıblarsa və AzTV adamların zorla yığıldığı tədbiri çəkib göstərirsə, bunun özü də həqiqətin, realllığın ifadəsidi. Hətta deyərdim reallığın hiper ifadəsidi. Bağışlayın, hər zaman vəziyyəti sadələşdirməyin tərəfdarı olmuşam. Hər zaman qarışıq cümlələrdən qaçmışam. İstəmədən belə əndrabadi görünən cümlə alındı.

Bir dostum bizə qonaq gəlmişdi. Bu adam dinmir, dinmir birden ele söz deyir ki, mat qalırsan. Hədsiz dərəcədə həyata, hadisələrə yaradıcı baxışı var. Çox incə bədii təfəkkürə malikdir. Televizor açıq idi. AzTV-də nəsə bir iclasdan reportaj verirdiler. Nazirlər, deputatlar filan yığışıb hansısa bir məsələni müzakirə edirdilər. Müzakirəyə ciddilik qatmaq üçün arada qarşılarındakı vərəqlərdə qeydlər aparırdılar. Dostum ekrana baxdı, baxdı və birdən dedi: “Qəribə ölkədə yaşayırıq, dövlət televiziyası mafiyanın iclasından reportaj verir. ”

Mütamadi olaraq AzTV-yə baxıram. Niyə? Reallıq hissini itirməmək, hansı ölkəyə, hansı camaata mənsub olduğumu yaddan çıxarmamaq, daima reallıqla təmasda olmaq üçün. Həm də sözün açığı AzTV bəndənizə yaradıcılıq impulsları verir. On gün AzTV-yə baxmasam beynim quruyar. Bir cümlə də qaralaya bilmərəm. AzTV yaradan və yaratmağa həvəsləndirən, təxəyyülü qıcıqlandıran kanaldı.

Azərbaycanda başqa hansı kanal 37 represiyalarının qurbanlarından bəhs edən verilişə “Gecə döyülən qapılar” adı qoya bilər? Vaqif Mustafayev nə qədər çalışdı Space-i AzTV səviyyəsinə qaldırsın, bacarmadı. Vaqif müəllimi qınamalı deyil. Çətin işdi.

Dünən yenə oturub AzTV-yə baxdım. Xəbərlər proqramı başladı. İlk yarım saatda verilən xəbərlərdən danışmaq istəmirəm. Səmimi etiraf etsəm danışa bilmirəm. Sonra dünyadan xəbərlər verdilər. Zəlzələ, yanğın, tufan, sel, daşqın, aclıq, epidmiya, partlayış, nümayişlər, mitinqlər, tətillər, hərc-mərclik, xaos, qırğın, qiyamət…

Bu xəbərlərə baxıb belə bir nəticə çıxarmaq mümkün idi; görürsüz bütün dünya dağılır, fəlakət, xaos hər tərəfi bürüyüb, insan insanın ətini yeyir… Biz isə əlləşib – vuruşub İranla, Turanla danışıb, balanslaşdırılmış siyasət aparıb birtəhər sabitliyi, asayişi təmin etmişik.  Hətta fövqəlgüclə də hansısa bir formada dil tapıb ölkədə təbii fəlakətlərin baş verməsinin qarşısını almışıq. Ona görə də bir tikə çörəyinizi yeyib, başınızı aşağı salın.

Xəbərlər proqramından sonra “Günün nəbzi” deyilen bir veriliş başladı. Bu veriliş bəndənizə səksəninci illərin lap axırlarında, doxsanıncı illərin əvvəllərində populyar olan “Aktual ekran” verilişini xatırlatdı. Yaşlı nəsil “Aktual ekran” verlişini yaxşı xatırlayır. Studiyaya müxtəlif cürə adamlar dəvət olunurdu. Dəvət olunan adamlar vətəndaşları elə hey şaiyələrə uymamağa, asayişi pozmamağa, həmrəyliyə, xalq naminə birləşməyə çağırırdılar.

Tarix doğrudanmı təkrar olunur? Bəzən təkrar olunur, amma cuzi fərqlərlə.  Günün nəbzi verlişinə yerli kadrlardan əlavə, həm də xarici kadrlar dəvət olunmuşdu. Verilişin qonaqları dünyada baş verən hərc-mərclikdən, xaosdan,  ölkəmizdə gedən inkişafdan, ölkəmizin beynalxalq miqyaslı tədbirlərə ev sahibliyi etməsindən danışırdılar. Sözlərindən belə çıxdı kı, hələ indiyə qədər bəşər tarixində İslam Oyunları səviyyəsində bir yarış keçirilməyib və hər bir Azərbaycan vətandaşı belə bir yarışın ölkəmizdə keçirilməsindən qürur hissi hiss etməlidi. Əgər qürur hissi hiss etmirsə, deməli, həmin adam sadəcə düz yolun yolçusu deyil. Ölkəmizin inkişafını istəməyən, ölkəmizin uğurlarını gözü götürməyən qüvvələrin təsiri altına düşüb. Söz xarici kadra da verildi. Bu kadr öz çıxışında elə bir yaltaqlıq nümayiş etdirdi ki, hətta verilişin aparıcısı xarici kadrın lap ağ elədiyini başa düşdü və onun çıxışını kəsməli, dediklərini yumşaltmalı, malalamalı oldu.

Image result for gündüz ağayev AzTv

AzTV-nin aparıcısı bir xarici kadrın çıxışını kəsibsə, onun nə qədər absurd şeylər dediyini özünüz təsəvvür edin. Yaltağın milləti olmur. Belə də ki, nə veclərinə pulların qazanırlar. Biz kimik, hansı səviyənin yiyəsiyik, İslam Oyunları nədi, Azərbaycanda hansı qanunlar hökm sürür, hər şeyi çox gözəl bilirlər. Bizim özümüzdən də yaxşı bilirlər. Altda qalanın canı çıxsın. Belə bir xarici ilə açıq söhbətim olub. Bir məclisdə qarşılaşmışdıq. Şirəyə gələnlərdən biri idi. Ona dedim ki, düzgün hərəkət etmirsən. Yalan danışırsan, özün də yalan danışdığını çox gözəl bilirsən. İnsan hər yerdə bacardığı qədər insanlığını nümayiş etdirməlidi. Russodan, Volterden, Didrodan filandan sitat gətirdim, adamın zəhləsin çox tökdüm. O isə mövzudan yayınaraq bizim mətbəxin gözəlliyindən, adət – ənənəmizin zənginliyindən, təbiətimizin füsunkarlığından, muğamdan, xalçadan, tardan, sazdan, qavaldan, zurnadan   danışırdı. Çünki xaricilər belə şeylərdən danışanda bizimkilər hayıl-mayıl olurlar. 

Bendəniz də məntiqlə hayıl-mayıl olmalı idi.  Mən isə dediyimi deyirdim. Axırda adam rəsmən bezdi.  Açıq aşkar dedi ki, bilirsən nə var, yaxşı eləyirəm, pulumu qazanıram. Siz şərait yaratmayın. Özünüzə düz-əməlli ölkə qurun, qura bilmirsinizsə danışmayın. Azərbaycan yağlı bir qazdı biz də gəlib yoluruq. Bu qədər açıq bir cavab aldım. Əlbəttə, razılaşmaq olmaz, hərçənd yenə də öz payımı götürdüm. Doğrudan da ölkədə yaltaqlıq tuğyan edirsə, yaltaqlıq rəsmən yaşamağın vacib bir elementinə çevrilibsə başqalarından, kənardan gələndən nə gözləyəsən?

Günün nəbzi verilişinə baxıram. Söhbətlərə, danışılanlara qulaq asdıqca düşünürəm, gör   bir camaatın siyasi düşüncəsi nə qədər aşağı olmalıdır ki, ona belə nağıllar danışırlar. Yaxud bir camaat nə qədər riyakar olmalıdır ki, özünü bu nağıllara inanmış kimi göstərməlidir. İkisindən biridi. Üçüncü variant ağıla gəlmir. 
Kultura.az | Developed by Samir Yahyazade