Azərbaycan mühacirət mətbuatı necə başladı: “Yeni Kafkasya”

Публицистика

Çarşıqapı, Qəndilli küçəsi - 5.

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ilin17 noyabr tarixində İstanbuldan Parisə – Əlimərdan bəy Topçubaşova göndərdiyi məktubda bu ünvana köçdüyünü yazır. Bir qədər əvvəl, 26 sentyabrda isə kommunizmə qarşı bütün türk dünyasının ilk jurnalı - “Yeni Kafkasya” nəşr həyatına başlayıb. İlk sayları Çarşıqapıda hazırlanan “Yeni Kafkasya” Azərbaycan mühacirətinin də ilk bəhəridir. Özü də siyasi mühacirət tarixinin bir parçası olan Mirzə Bala Məmmədzadə Azərbaycan mühacirət mətbuatının tarixinin “Yeni Kafkasya” məcmuəsi ilə başlandığını yazırdı.

Jurnalın təsisçisi Məhəmməd Əmin bəy Türkiyə mühacirətinin ilk illərində çox enerjili, yəqin ki, bir o qədər də həyəcanlıdır. Həmin illərdə (1923-26) siyasi mühacirətin manifestinə çevrilən “Azərbaycan Cümhuriyyəti (keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti)” əsərini, o cümlədən “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik”, “Rusiyada siyasi vəziyyət” kitablarını çap etdirir; Gürcüstandakı mühacirlərin də Türkiyə gəlməsi ilə dağınıq mühacirəti bir mərkəz ətrafında toplayır – “Müsavatın Xarici Əlaqələr Bürosu” və “Azərbaycan Milli Mərkəzi” yaradılır; mühacirlər qarşısında çıxışlar edir, Azərbaycan davası adına müxtəlif tədbirlərdə qatılır; vətəndə qalan müsavatçılarla gizli şəkildə məktublaşır, Bakıdakı gizli təşkilatlanmalar barədə məlumat, “qəzet və digər materiallar” alır; Avropa ilə əlaqələr saxlayır - Ə.Topçubaşova və Ceyhun Hacıbəyliyə yazır; Türkiyədəki xarici ölkə nümayəndələri ilə Azərbaycan məsələsi ilə bağlı müxtəlif görüşlər keçirir.

Kommunizm tezliklə çökəcəkdimi? Hərhalda, Azərbaycandakı üsyanların uğurla nəticələnəcəyi və milli hökümətin yenidən qurulacağı barədə ümidlər yox deyildi. Başlıca məqsədi “Qızıl rus ordularının istilasına uğramış Azərbaycan Xalq Cumhuriyyətinin müstəqillik və istiqlalını yenidən qazanmaq uğrunda mücadilə” aparmaq olan milli hökümətin sürgündəki siyasi təmsilçisi - “Azərbaycan Milli Mərkəzi”nin yaxın hədəfləri içərisində siyasi fəaliyyətini məmləkətə nəql etmək, Azərbaycanın siyasi həyatında aktiv yer almaq var idi. M.Ə.Rəsulzadə 1924-cü ilin 20 noyabr tarixində Ə.Topçubaşova yazırdı: "Bu günlərdə Moskvadan Türkiyə səfiri Muxtar bəy gəldi. Onun həyəcanı belədir; bolşeviklərin ömrü azaldı. O söz verdi ki, bizim işlərimizə yardım edəcək".

Lakin bolşevik idarəçiliyinin ömrü gözləniləndən çox oldu və Azərbaycandakı üsyanlara bəslənən ümidlər özünü doğrultmadı. Siyasi mühacirət gecikmədən başa düşdü ki, xaricdəki bütün milli qüvvələri arasında “könül və fikir birliyi” yaradacaq, milli şüuru diri tutacaq və xüsusilə, xitab kütləsinin mühüm hissəsini bolşevik idarəsi altında yaşayan gənclərin təşkil edəcəyi mətbuat orqanlarına böyük ehtiyac var. Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə milli-maarifçi mətbuata son qoyulması, həmin işin əhəmiyyətini daha da artırırdı.

Bu şərtlərdə İstanbulda “on beş gündən bir nəşr olunan ədəbi, ictimai və siyasi məcmua” – öz deyimləri ilə “siyasi Azərbaycan qaçqınlarının” ilk mətbu orqanı - “Yeni Kafkasya” böyük siyasi-tarixi əhəmiyyətə malik hadisəyə çevrildi. İlk gündən bolşevik idarəsi altında yaşayan həmvətənlərin vəziyyətinə və bolşevik zülmü üzündən mühacirətə gedən türklərin ictimai-siyasi həyatına aid yazılara səhifələrini açıq elan edən “Yeni Kafkasya” nəşr edildiyi dörd il ərzində təkcə xaricdə Sovet hakimiyyətinə qarşı mübarizə aparan Azərbaycan və digər türk xalqları nümayəndələrini öz ətrafında birləşdirməklə kifayətlənmədi, habelə özündən sonrakı mühacir mətbuatı üçün də yetəri qədər geniş mətbuat təcrübəsi miras qoydu. Azərbaycan mühacirətinin 1928-ci ildən etibarən ardıcıl olaraq nəşr etdirdiyi “Azəri türk”, “Odlar yurdu”, “Bildiriş”, “Azərbaycan yurd bilgisi”, o cümlədən türküstanlıların İstanbuldakı “Yeni Türküstan” (1927), İdil-ural türklərinin Berlindəki “Yeni yul” (1929) jurnalları məhz “Yeni Kafkasya”nın mənəvi varisləri idilər.

İstanbul – Çağaloğluda yerləşən Amedi mətbəəsində çap edilən jurnal 16 səhifədən ibarət olub, ərəb hərifləri ilə şəkilli, adətən ayın hər biri və on altısı tarixlərində nəşr edilirdi. Həmçinin 28 may istiqlal və 27 aprel işğal günlərində jurnalın xüsusi sayları hazırlandığı məlumdur. Sebahattin Şimşirin məlumatına görə, ilk sayı 1923-cü ilin 26 sentyabr tarixinə çıxan “Yeni Kafkasya”nın son sayı (cəmi 94-95 say) 1 oktyabr 1927-ci ildə nəşr edilib. (Bəzi mənbələrə görə, jurnalın son sayı – 1927-ci ilin 1 sentyabr tarixinə təsadüf edir). Jurnalın “sahibi-imtiyaz və müdiri-məsul”u (məsul katibi) (1923-25) dağıstanlı Səid Tahir Əfəndi olub. Dördüncü ilin 3-cü sayından (2 noyabr 1926) etibarən isə jurnalın adının altından “sahibi və baş muharriri: Resulzade Mehmed Emin” ibarəsi yazılmağa başlanıb. Dövrün Sovet kəşfiyyat idarəsinin məlumatlarına əsasən, jurnalın tirajı 200 nüsxəyə çatırmış (məlumat Əli Şamilin yazısından götürülüb).

“Yeni Kafkasya” özünün ticari bir müəssisə deyil, “qayə və fikir məcmuası” olduğunu elan etmişdi. Nəşriyyat xərclərini oxucuların abunəliyi və əvvəlki illərin saylarını cildlənmiş şəkildə satışa çıxarılması, habelə Rəsulzadənin öz kitablarının satışı vasitəsilə ödəyən jurnal zaman-zaman ciddi maliyyə çətinlikləri ilə üz-üzə qalıb. M.Ə.Rəsulzadə Polşa Xarici İşlər Nazirliyinin rəsmisi Tadeuş Qolubkoya məktubunda “Yeni Kafkasya” jurnalına maddi dəstək verməsini xahiş edir, Ə.Topçubaşova isə nəşr çətinliklərindən, mətbəəyə olan borcundan, vətəndaşların yardımına olan ehtiyacdan yazırdı. Buna baxmayaraq, jurnal redaksiyası hər hansı bir qurum yaxud şəxsdən maliyyə asılılığının olmamasına böyük əhəmiyyət verib və hər sayında oxucuları abunə olmağa təşviq edib. Çünki məmləkətinin istiqlalı uğrunda mübarizə aparan bir jurnalın maliyyə və digər buxovlarının olmaması onun fəaliyyət müstəqilliyi və yayın siyasəti baxımından çox vacib məsələ idi.

“Yeni Kafkasya” elə ilk sayında ““Yeni Kafkasya” İdarəsindən” adlı yazı ilə bildirirdi ki, “Yeni Kafkasiya” nəşriyyatı yalnız Qafqaz sahəsi ilə məhdudlaşmayıb, bütün Şərqdən, xüsusilə xaricdəki türklərin vəziyyətindən mümkün olduğu qədər məlumat verməyə səy göstərəcəkdir. Məcmuəmizin Azərbaycanda, Gürcüstanda, Dağıstanda, İranda xüsusi müxbirləri olduğu kimi, Türküstan, Əfqanıstan, Krım, Volqa boyu kimi türk və müsəlman Şərq məmləkətlərinin vəziyyətindən da məlumat almaq imkanı vardır”. Bu yazı jurnalın yazar heyətinin nə qədər geniş coğrafiyanı əhatə etdiyini göstərməklə yanaşı, çox böyük ehtimal, həm də məcmuənin qeyd edilən yerlərə çatdığını və həmin ölkələrdə oxunduğunu göstərir.

“Yeni Kafkasya”nın zəngin yazar heyəti tam olaraq bilinməsə də, nəşr həyatı boyunca jurnalda 139 imza dərc edildiyi məlumdur. Jurnalda iştirak edən əsas müəlliflər və imzalar aşağıdakılardı: M.Ə.Rəsulzadə, Əhməd Naim, Əhməd Cavad, Hüseyn Cavid, Mirzə Bala, Abdulla Battal, A.Şeyxislamzadə, Abdulla Cövdət, Yusuf Akçura, Əhməd Zəki Validi, Əli Mənsur, Əli Mərdan, Ayaz İshaki, Qurbanqulu, Azərbaycanlı Əli Kamal, Azərbaycanlı Əli Əfsər, Azərbaycanlı Fuad, Azərbaycanlı Gültəkin, Almas İldırım, Azəri, Bakılı, Gəncəli, Gürcü, Cəfər Sadıq, Də¬mir¬çioğlu, Gürcü, Qara Hüseynzadə, Qafqaziyalı, Ka¬zanlı, Krımlı Seyid Cəfər Əhməd, M.Qərib, Fuad Mahmud, Əbdülqadir, Acaralı, Müxbir, Milli, Mustafa, Müsavatçı, Rusiyalı bir müsəlman mühacir, Sinan, Daşdəmir, Turan, Türküstanlı, Türkmən, Uran, Yaqub Qədri, Sədri Maqsudi və.s.

Göründüyü kimi, bəzi imzaların kimlərə məxsus olduğu məlum olsa da, adətən bir müəllif bir neçə imzadan istifadə etdiyi üçün bir xeyli imzanın sahibi məlum deyil. Buna görə də, şübhəsiz, “Yeni Kafkasya”nın yazar heyyəti 139-dan az olub. Bundan əlavə, jurnalda 1923-27-ci illər ərzində 374 imzasız yazı yer alıb.

Tədqiqatçılara görə, “Yeni Kafkasya”da yazı müəlliflərinin adlarını gizlətməsinin əsas səbəbi jurnalın Sovet Rusiyasına qarşı mübarizə aparması idi. Belə ki, jurnala bolşeviklər tərəfindən ciddi şəkildə göz qoyulurdu və nəticədə bir qismi Türkiyə xaricində yaşayan yazarları bolşevik təhlükəsindən yayınmaq üçün fərqli imzalar istifadə etməyə məcbur olurdular.

Jurnalın baş yazarı və təsisçisi M.Ə.Rəsulzadə ilk saylarda adını gizlətsə də, “Yeni Kafkasya”nın sonrakı saylarda açıq imza ilə yazıb. Jurnalın ilk açılış yazısı - “Atəş çalan Prometey” də Rəsulzadənin qələmindən çıxıb.Yazıda yunan mifologiyasında odu tanrılardan oğurlayıb insanlara verən Promotey simvolik şəkildə Qafqaza, onun ciyərini parçalayan zalım quş isə Rusiyaya bənzədilir: “Qafqasiyanın köksünü didən Rusiya imperiyası bir qartal deyilmi?”

Jurnalın adının Qafqazla bağlı olması da xüsusi diqqət çəkir. Xaləddin İbrahimli 1996-ci ildə Bakıda nəşr etdirdiyi “Azərbaycan siyasi mühacirəti” kitabında bu barədə yazırdı: “Dərginin “Yeni Qafqasiya” adlandırılmasından da görünürdü ki, Azərbaycan mühacirləri bütün Qafqaz mühacirləri ilə iş birliyi yaradılmasının ilk təşəbbüsçülərindən olmuşdur. Son dərəcə zəruri olan bu birliyin gerçəkləşməsi üçün həm mühacirləri, həm də Türkiyə ictimaiyyətinin siyasi zümrəsini ideoloji-siyasi cəhətdən hazırlamaq istiqamətində “Yeni Qafqasya” çox işlər görürdü”. Fikrimcə, jurnala belə bir adın seçilməsi Rəsulzadənin xüsusi təşəbbüsü olub. Çünki, 1930-cu illərdən etibarən Qafqaz birliyi-konfederasiyası ideyasının reallaşması istiqamətində əsas təşəbbüskarlardan biri kimi azərbaycanlılar içərisində onu görürük. Jurnala Qafqazla bağlı adın seçilməsi, çox güman, həm regiondan olan mühacirlərin dəstəyini qazanmaq, həm də Sovet hakimiyyətinə qarşı mübarizə aparan qüvvələri bir mərkəz ətrafında birləşdirmək məqsədi daşıyıb.

Ümumiyyətlə isə, jurnalın yayın siyasətinin müəyyən olunmasında M.Ə.Rəsulzadənin mövqeyi xüsusi rol oynayıb. İlk gündən millətçi-istiqlalçı xətti götürən, “Azərbaycan milli müdafiə orqanı” “Yeni Kafkasya”nın 1924-cü il yanvar sayında Stalinə ünvanlanan açıq məktubda, Rəsulzadə məqsədlərini açıq-aşkar bəyan edirdi: “...Moskvada olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım... Sizin istədiyiniz bu mübadilə baş tuta bilməz. Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər...”.

M.Ə.Rəsulzadə müəllifi olduğu baş məqalə və digər yazılarda əsasən bolşevik həqiqətlərini, Şimali Azərbaycanda bolşevik siyasəti və repressiyaları, kəndli üsyanlarını, türk inqilabını, Türkiyədə kommunist propoqandasını, Rusiya-Türkiyə münasibətlərini, İran və Gürcüstanın siyasi məsələlərini, o cümlədən Qafqaza aid məsələləri işıqlandırıb. Lakin bütün bu yazı və məqalələrin arxa fonunda həmişə kommunizmin tənqidi və ifşası ilə millətçi təbliğat dayanıb. Bu baxımdan, Rəsulzadənin jurnalın 3-cü ilində yazdığı və kommunizmə elmi tənqidi yanaşması ilə seçilən “İxtilalçı sosializmin iflası” məqalələr seriyası diqqət çəkir. Həmin məqalələrin 1928-ci ildə İstanbulda ayrıca kitab şəklində “İxtilalçı sosializmin iflası və demokratiyanın gələcəyi” adı altında çap edilməsi, Rəsulzadənin kommunizmin elmi əsaslarla tənqidinə böyük əhəmiyyət verdiyini göstərir.

Tarixçi S.Şimşir "Yeni Kafkasyada Məmməd Əmin Rəsulzadəyə aid olduğunu düşündüyümüz imzalı və ya imzasız 215 civarında məqalə var" yazır və yazarın istifadə etdiyi imzaları qeyd edir. Nəsiman Yaqublu da Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyasında S.Şimşirə əsasən eyni məlumatı verir. Jurnaldakı mətinləri araşdırmış Adəm Cana görə isə, yazar açıq imzalarla - Resulzâde Mehmet Emin, Mehmet Emin Resulzâde, Resulzâde, M. E. ve Mim Elif - cəmi 42 yazı yazıb. İmzasız yazılar barədə isə dəqiq say demək olmaz. Hərhalda, imzasız yazıların ümumi sayını nəzərə alsaq və imzasız baş yazıların redaktor tərəfindən yazıldığını təxmin etsək, S.Şimşirin gəldiyi qənaətin reallığa uyğun olduğunu deyə bilərik.

“Yeni Kafkasya”da ən çox yazısı olan digər yazar tanınmış mühacir Mirzə Bala Məmmədzadədir. Bolşeviklərin təqibindən İran Ənzəlisinə qaçan Mirzə Bala jurnala məqalələrini ordan göndərib. Müəllif bolşevik agentlərini çaşdırmaq üçün məqalələrinin altında hər dəfə başqa-başqa ünvanlar qeyd edib: “Mirzə Bala Əfqanıstan”, “Mirzə Bala İstanbul”, Daşdəmir Bakı”, “A.K. Ənzəli”. Yazarın jurnala Məmmədzadə, Mirzə Bala, M. Mirzə Bala, Mirzə Bala, Daş Dəmir, A.K, Ayın Kaf, Əli Kutluk, M. M. B. və M. B. imzalarıyla təxminən 70 yazı yazdığı müəyyən edilib. Tanınmış mühacir jurnalda siyasi xarakterli məqalələrlə yanaşı, Azərbaycan ədəbiyyatı ilə bağlı məqalələr də yazıb. Bundan əlavə, mühacirət nəsri tətqiqatçılarına görə, Mirzə Balanın “Yeni Kafkasya”nın 15 dekabr 1925-ci il tarixli sayında işıq üzü görmüş “On dəfə öldürülən” hekayəsi Azərbaycan mühacir nəsrinin ilk nümunəsidir. Həmin hekayəni Rəsulzadənin “Qəzetəçi Seyyid”i və Fuad Əmircanın “İntiqam alan kölgə”si izləmişdir. Jurnalda Mirzə Balanın “Vətən qaldı” və “İldırım” adlı daha iki hekayəsi çap edilib.

Jurnalda yazıları çap olunan digər maraqlı, amma kimə məxsus olduğu bilinməyən imza Azəridir. Azərinin yazdığı 52 məqalədən çoxu siyasi mövzuları əhatə edib və bolşeviklərə qarşı ən kəskin hücumların bu məqalələrdə idi.Tədqiqatçılara görə, jurnala əvvəldən axıra qədər yazması və bolşeviklərin Azərbaycan siyasətini yaxşı bilməsi, Azərinin Rəsulzadəyə yaxın adam olduğunu göstərir.

Bu üç yazardan əlavə, “Yeni Kafkasya”ya ən çox məqalə yazan imzalar bunlardı: Kazanlı Abdullah Battal, Cəfər Sadiq, Türkmən, Sinan, A. Zəki Velidi (Toqan), Türkistanlı (Əhməd Naim), Gürcü, Kamal, Mustafa (Çokayoğlu), Sədri Maqsudi (Arsal), Ə. Şeyxülislamzadə (Əkbər Ağa), A. Qurban, Dəmirçioğlu.

“Yeni Kafkasya”da nəşr olunduğu müddətdə 6-sı imzasız olmaqla, 49 şeir çap edib. Müəllifləri qeyd edilən 43 şeir Gültəkin, Əhməd Cavad, Əli Usta, Azərizadə, B..., Almas İldırım, Gülsərən, Hüseyn Cavid, Nafia Şükrü, Sinan və Suut Saffetə məxsusdur. Məcmuədə Azərbaycandan ən çox şeiri (6) dərc olunan şair Əhməd Cavaddır. Jurnalın əsas şairi (21 şeir) Gültəkindir. 1920-27-ci illərdə Türkiyədə fəaliyyət göstərən Gültəkinin əsl adının Zeynəlabdin olduğu, M.Ə.Rəsulzadənin şərəfinə özünə Əmin adını götürdüyü bilinir. Əmin Abid 1922-26-cı illərdə sovet hökümətinin təqaüdü ilə İstanbul universitetinin ədəbiyyat fakultəsində təhsil alıb. Onun Türkiyə həyatından geriyə qalanlar “Yeni Kafkasya”da dərc olunan vətən və istiqlal mövzulu şeirləri (bir məqaləsi), “Buzlu cəhənnəm” şeir kitabı və İstanbul Universiteti Türkiyat İnstitutunda saxlanılan Azərbaycan ədəbiyyatı tarixi mövzusunda hazırladığı diplom işidir. Bakıya qayıtdıqdan sonra Azərbaycan ədəbiyyatı üzrə maraqlı tədqiqatlar aparan Əmin Abid haqqında araşdırmaçı Dilqəm Əhmədin “ Əmin Abid Gültəkin” yazısından ilkin məlumat almaq olar.
Jurnalın elan etdiyi məqsəd və proqrama görə, “ “Yeni Kafkasiya” millətçi, xalqçı və istiqlalçı bir qəzetdir. Azərbaycanın qanlı istiladan qurtarılmasını, Qafqazın rus əsarətindən çıxarılmasını, Şərqin yenilənmə və çağdaşlaşma işində müvəffəqiyyət qazanmasını hədəf qəbul edir. “Yeni Kafkasiya” bütün türklərin vəhdətinə, kültürəl baxımdan bir-birini tanımalarına, mədəni inkişaflarına xidmət edir və siyasi istiqlallarını dəstəkləyir. Qızıl rus zülümlərinə məruz qalan dostlarımızın əhvalından və bu zülümlər üzündən vətəndən ayrı düşən türklərin siyasi-ictimai həyatından bəhs edən məcmuəmiz, eyni zamanda bu zülümlərə qarşı aparılan milli istiqlal mücadilə mərhələlərini təqib edir və işıqlandırır”.

Göründüyü kimi, jurnalın vizionunda təkcə Azərbaycanın müstəqilliyi deyil, bütün Qafqaz xalqlarının rus-bolşevik işğalından qurtarılması, türk dünyasının siyasi istiqlalı və mədəni vəhdəti, habelə Şərqin müasirləşməsi-demokratikləşməsi əhəmiyyətli yer tutub. Təsadüfü deyildi ki, türk dünyası siyasi mühacirətinin ən tanınmış nümayəndələri məhz “Yeni Kafkasiya” səhifələrində siyasi məqalələrlə yanaşı, bir sıra mühüm mədəni müzakirələr açmış, türklərin ortaq ədəbi-yazı dili, kültür birliyi, latın əlifbasına keçid kimi bir sıra aktual məsələlər daim jurnalın diqqət mərkəzində olmuşdur.

Jurnal özünün xeyli uğurlu fəaliyyətinə baxmayaraq, nəşr həyatı boyu davamlı olaraq bir sıra təzyiqlər və əks-propaqanda ilə üzləşib. Belə ki, Azərbaycandakı gərgin vəziyyət və rus-bolşevik istilasına qarşı davam edən üsyanlar fonunda əsas diqqət mərkəzi bu ölkədəki ictimai-siyasi proseslər olan “Yeni Kafkasya”nın nəşrə başlaması bolşevikləri ciddi şəkildə narahat edirdi. Buna görə də, mətbuatın ictimai fikrə təsirini çox yaxşı bilən Sovet rəhbərliyi yerli mətbuat orqanlarında azərbaycanlı mühacirlərin, əsasən isə M.Ə.Rəsulzadənin əleyhinə yazılar çap etdirməyə başladı: “Bakinski raboçi” qəzetində Rəsulzadənin rəhbərliyində “Yeni Kafkasya”nın nəşri ilə bağlı səkkiz sütunluq yazı çıxdı. Həmin yazıda “Yeni Kafkasya”da yazılanların çoxunun əsassız rəvayətlər olduğu iddia edilərək, xalqa tövsiyyə olunurdu ki, bu “əhəmiyyətsiz” jurnalda çıxan xəbər və məqalələrin heç birini ciddiyə almasınlar. Həmin yazıya öz səhifələrində cavab verən jurnal isə qarşı tərəfdən soruşurdu: ““Yeni Kafkasya” madəm bu qədər əhəmiyyətsiz bir jurnaldırsa, yayın həyatına başlaması nə üçün “Bakinski raboçi”də səkkiz sütunda manşet olaraq xəbər verilir”. Bununla qane olmayan jurnal redaksiyası “Yeni Kafkasya”da yer alan hər bir iddianın rəsmi sənədlərə əsaslandığını, istəndiyi təqdirdə sübut edilə bilinəcəyini elan edirdi.

“Yeni Kafkasya”nın nəşrinin Sovet hökümətində bu qədər narahatlıq yaratması onun “əlaltından” Azərbaycana gətirildiyini və geniş şəkildə yayıldığını göstərir. Rəsulzadənin Topçubaşova məktublarından, habelə Mirzə Balanın yazdıqlarından aydın olur ki, jurnal həmin illərdə Azərbaycanda açıq-aşkar oxunurmuş.

Tədqiqatçılar görə, “Yeni Kafkasiya” Azərbaycanda o dərəcədə təsirli olub ki, Müsavat Partiyası və onun fəaliyyəti Kommunist Partiyası konfransları və İcraiyyə Komitələrinin illik hesabatlarının ən əhəmiyyətli gündəm məsələsinə çevrilib. Xüsusən, jurnalın Kommunist Partiyasını hədəfə alan “Bolşevik fraksiyasında ayrılıq” (1925), “Bolşevik fraksiyasında ihtilal əlaməti” (1923), “Mücadilə alovlanır” (1926) başlıqlı yazıları partiyanın xalq arasındakı nüfuzunun azalmasına və yeni qiyam baş verəcəyi xəbərlərinin yayılmasına səbəb olub. Jurnalın 1925-ci il 10-cu sayında bütün Azərbaycan ərazisində silahlı kəndli üsyanlarının baş verdiyi xəbər verilirdi. Silahlı üsyana qoşulmayan kəndlilər isə ərzaq toplamağa gələn məmurlara ərzaq verməkdə dirənərək üsyanlara dəstək verib. Bu vəziyyət şəhərlərdə qıtlıq yaradıb. Həmin vaxt İranda məskunlaşan və çox güman ki, Şimaldan mütəmadi məlumatlar alan Mirzə Bala jurnalın 1926-cı il 9-cu sayına göndərdiyi yazıda fabrik və mədən işçiləri arasında hökümətdən narazılığın artığını və etirazların açıq şəkildə dilə gətirildiyini bildirirdi.

Jurnalın Azərbaycana keçirilməsinin qarşısını ala bilməyən Sovet höküməti “Yeni Kafkasya”nın millətçi və bolşeviklərin siyasət və yalanlarını ifşa edən məqalələrinə qarşı öz mətbuat orqanlarında ən yüksək səviyyədə cavab verməli olub.

Kommunist Partiyasının rəsmi mətbuat orqanları - “Kommunist” və “Bakinski raboçi”, o cümlədən “Yeni fikir”, “Zarya Vostoka”, “Pravda”, “İzvestiya” kimi qəzetlərdə Müsavat Partiyası və siyasi mühacirət əleyhinə yazılar yazılır, müsavatçılığın Sovet höküməti üçün böyük bir təhlükə olduğu bildirilirdi. Mircəfər Bağırov Daxili İşlər Kommisarı sifəti ilə 1926-cı ildə “Kommunist” qəzetində yazdığı məqalədə bildirirdi ki, müsavatçılar “ “Yeni Kafkasiya”nı Azərbaycana keçirtməklə yetinməyib, ziyalılar və müəllimlər vasitəsilə müstəqillik və millətçilik fikirlərini gənclər arasında və hətta utanmadan sovet əsgərləri arasında belə yaymağa çalışmaqdadırlar”.

Həmçinin Rəsulzadənin məktublarından məlumdur ki, həbs edilib sorğuya çəkilən müsavatçılardan “Yeni Kafkasya” jurnalını kimlərin oxuduğu soruşulurmuş. “Yeni Kafkasya” eyni zamanda Sovet kəşfiyyatı tərəfindən də ciddi şəkildə izlənib. Araşdırmaçı-jurnalist Əli Şamil Əmin Abidlə bağlı bir yazısında bu barədə yazır ki, “müsavatçılar nə qədər gizli çalışsalar da onların fəaliyyəti haqqında Sovet Xüsusi Xidmət orqanları yetərincə informasiya toplaya bilirmiş. Abid Tahirli yazır: SSRİ Xalq Komissarları Soveti yanında Dövlət Birləşmiş Siyasi İdarəsi rəisinin köməkçisi Petrosyan türk və tatar mühacirlərinin nəşirlərini, o cümlədən də ilk növbədə “ Yeni Qafqasiya”nın demək olar ki, hər nömrəsini oxuyur, müvafiq tədbir görülməsi üçün əyalət təşkilatlarına göstəriş verirdi. Onun Ufaya-siyasi idarənin Başqırdıstan şöbəsinin rəisi Muzıkanta 8 iyun 1927-ci il tarixli 156162/s130 nömrəli məktubunda deyilir ki, türk-tatar mühacirlərinin nəşirlərinin icmalını sizə göndərərək qeyd edirik ki, onların antisovet təbliğatı, ilk növbədə Sovet Şərqində yayılması nəzərdə tutulan çap məhsullarının nəşri sahəsində fəallığı artmışdır. Son aylar milliyətçi quruplara ünvanlanmış 3 puta qədər çap məhsulu müsadirə edilmişdir. Antisovet türk ədəbiyyatının gətirilməsində canlanma bizim orqanlar qarşısında belə məhsulların ölkəyə daxil olmasının qarşısını qətiyyətlə almaq vəzifəsini qoyur.(Azərbaysan Dövlət Arxivi, P/F848,73/126 nömrəli qovluq)...”

Göründüyü kimi, azərbaycanlıların mühacirətdə apardıqları siyasi mübarizəyə ciddi diqqət ayıran bolşeviklər bütün mümkün vasitələrlə çalışırdılar ki, “Yeni Kafkasya”nın Azərbaycanda yayılması və Türkiyədə nəşrinin qarşısını alsınlar. Bu məqsədlə, 1925-ci ildə SSRİ Xarici İşlər Komissarı Çiçerin Türkiyə hökumətindən öz ərazisində antisovet nəşrləri dayandırmaq və azərbaycanlı mühacirlərə sığınacaq verməmək xahişini etmişdi. Sovet hökümətinin Türkiyə hökümətinə ünvanlanan bu məzmunlu xahişlər dəfələrlə təkrarlandı.

1925-ci ilin dekabr ayında Türkiyə ilə SSRİ arasında imzalanan “Dostluq və tərəfsizlik müqaviləsi” “Yeni Kafkasya” naşirləri üçün fəaliyyət şərtlərini daha da çətinləşdirdi. Və nəhayət Sovet rejiminin davamlı diplomatik təzyiqləri nəticə verdi: jurnal 1927-ci ilin sonunda Türkiyə Daxili İşlər Nazirliyinin təklifi ilə “zərərli” nəşriyyat kateqoriyasına aid edilərək bağlandı.

Lakin redaksiya heç vaxt itirmədi: artıq 1928-ci ilin 1 fevral tarixində yeni jurnal - “Azəri türk” məcmuəsi nəşrə həyatına başlamışdı.

İstifadə edilmiş ədəbiyyat siyahısı:

Nikpur Cabbarlı, Azərbaycan mühaciət nəsri, Bakı, 2011.
Nəsiman Yaqublu, Məhəmməd Əmin ensiklopediyası, Bakı, 2013.
Adem Can, “Yeni Kafkasiya” mecmuası, bilig, 2007.
Belkıs Ulusoy, Azerbaycan siyasi mühaceretinin İstanbul’daki basın faaliyetleri (1923-31), İletişim fakültesi dergisi.
Saime S.Gökgöz, Sovyet karşıtı Azerbaycan türk siyasi mühacir neşriyatında “türk inkilabı”: Yeni Kafkasiya və Resulzade Mehmed Emin, Modern türklük araştırmaları dergisi, 2008. 
Əli Şamil, Gültəkin imzasının Ə.Abidə məxsus olduğunu təsdiqləyən yeni sənədlər. “Ədəbi nəzəri məcmuə” I kitab, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Bakı, 2003.

Kultura.az
Misir Məmmədli
Kultura.az | Developed by Samir Yahyazade