İlbər Ortaylı – “Hophopnamə”yə təqdimat

Литература

Sim-sim.az Qismətin tərcüməsində görkəmli türk tarixçisi İlbər Ortaylının böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin “Hophopnamə” kitabının Türkiyə nəşrinə yazdığı giriş yazısını təqdim edir.
 
Mirzə Ələkbər Sabir İslam dünyasında xalqın topladığı ianə ilə heykəli qoyulan ilk böyük şəxsiyyətdir. Bu keyfiyyət belə onun kim olduğunu ifadə etmək üçün bəs edir.
Rusiya 1828-ci ildəki “Türkmənçay müqaviləsi” ilə irəlilədi və İran dövlətinin əlindəki və ya nəzarətindəki Azərbaycan xanlıqlarını dağıtdı. Qərb türklüyü içində fars mədəniyyətini və yaşayış formalarını ən yaxşı şəkildə mənimsəyən Azərbaycan XIX əsr boyunca Rusiya ilə də yaxın münasibətlər qurdu.  Tiflis Qafqazın şərqli, amma qərbliləşən mərkəzi idi. Azərbaycanlı Mirzə Fətəli Axundzadənin pyesləri Tiflisdə yazılmış, orada səhnələşdirilmişdi. Bu, Türk teatr tarixi üçün çox vacib bir dönüm nöqtəsidir. Eyni zamanda, ilk farsca qəzet də orda nəşr olunub. Kosmopolit Qafqaz Rusiyasız da qərbə inteqrasiya etməyi bacarırdı.

Rusiya Qafqaza bütün dəhşəti ilə daxil oldu. O dövrün Lermontov, Qribayedov, hətta Puşkin və Tolstoy kimi böyük yazıçılarının əsərlərində görüldüyü kimi, Qafqaz Rusiya üçün ynei üfüqlər açdı. Eyni zamanda, Rusiya tarixi və mədəni kökləri güclü olan Qafqaza yeni bir dünya bəxş etdi. Mən dediyim, Qafqazı məğlub edən Yermoloyevin ordularından çox, Puşkinin Rusiyasıdır.

Azərbaycandakı (gürcülərdə də var idi) zəngin poeziya ənənəsi, bu ənənənin içindəki lirizm, digər tərəfdən ironiya Mirzə Ələkbər Sabir kimi bir xalq dühasını ortaya çıxardı. Qısa ömrü içində yazdığı şeirlər əvvəlcə doğulduğu Şamaxının, sonra bütün Azərbaycanın, ardınca isə İran, Türkiyə və Orta Asiyanın üfüqlərini əhatə edib. Şeirləri Şərqi Türküstandan Balkanlara qədər hamının dilində tərənnüm edilib. Təkcə türkcə yox, farsca və ermənicə danışanlar arasında da dillərə düşüb. Yenilikçilərin ən güclü mətbuu orqanı “Molla Nəsrəddin” idi. Mirzə Ələkbər Sabir “Molla Nəsrəddin”lə eyniləşib.O, Orta Şərq modernləşməsinin tipik öncüllərindən biridir. O, bir tərəfdən mədrəsə mollaları ilə dalaşır, sonra üzünü o yana tutub Rus həyatını qərblilik zənn edənlərlə toqquşur,  daim Qafqaza daxil olan feodal sistemi tənqid edirdi. Amma digər tərəfdən milli həyatın folklorik xüsusiyyətlərini də heç kim onun qədər qoruyub istifadə etmirdi. Ən böyük özəlliyi də sıravi Azərbaycanlıdakı rəngli satirik damarı çox yüksək səviyyədə təmsil etməsidir. Elə bilirəm ki, Mirzə Ələkbər Sabir Rusiyaya və radikalizmə qarşı mübarizə aparan “Cədidçilər” (yenilikçilər) dediyimiz bir dövrlə məhdudlaşacaq. Dünənki Şərq kimi, bugünkü və sabahkı Şərq də onu həmişə baş tacı edəcək, çünki onun mövzuları aktual olmaqdan çox, insan cəmiyyətlərinə aiddir.
Deyəsən onu həmişə diri saxlayan da elə budur.
Kultura.az | Developed by Samir Yahyazade