Rastropovich in Baku

Сеймур БАЙДЖАН

On ildən artıqdır bir dəstə adam Rastropoviçin Bakıya gəlişinin nə demək olduğunu, bu gəliş nəticəsində baş verən hadisələrin mənasını camaata başa sala bilmir. Bir çox insanlar ciddi cəhdlə iddia edir ki, bu hadisələrdə heç bir yaltaqlıq və təlxəklik elementləri axtarmaq gərək deyil. Bu həngamə sadəcə Azərbaycan xalqının qonaqpərvərliyinin 
təzahürü idi. Bir az da açıqlasaq, guya camaat Rastropoviçin qabağına qonaqpərvər olduğuna görə çıxıbmış.Yəni, məşhur bir bakılı, dünya şöhrətli bir musiqiçi ölkəmizə gəlibmiş, camaat da buna dəhşət sevinib, o qədər dəhşət sevinib ki, hisslərinə nəzarəti itirərək durub özbaşlarına küçələrə tökülüblər. Bəziləri iddia edir ki, camaatın Rastropoviçin qarşısına çıxıb təlxəklik eləməsinin səbəbi klassik musiqiyə olan sevginin nəticəsi idi.

Gerçəkdən Rastropoviçin Bakıya gəlişi adi gəliş, onun qarşılanması zamani baş verən hadisələr adi hadisələr deyildi. Niyə? Ona görə ki, Rastropoviçin qabağında atılıb-düşənlərin, təlxəklik edənlərin dəstəsi çox rəngarəng idi. Bu dəstədə cəmiyyətin hər təbəqəsindən olan adama rast gəlmək olardı. Nağaraçalan, zurnaçalan, rəqs edən, bəstəkar, rəssam, muğam oxuyan, vokalist, aşıq, cuşka, qlamur, azdilli, rusdilli və sairə və ilaxır...


Sual isə açıq qalır. Bu adamlar niyə, nəyə görə Rastropoviçin qarşısına çıxmışdılar? Onlar nə istəyirdilər? Doğrudanmı Rastropoviçin qarşısına çıxmaqla öz qonaqpərvərliklərini, klassik musiqiyə olan sevgilərini nümayiş etdirirdilər? Doğrudanmı Rastropoviç sarayın dəvəti olmadan günlərin bir günü durduğu yerdə nəsə fikirləşib Bakıya gəlsəydi camaat 
onu belə şövqlə qarşılayıb şövqlə alqışlayacaqdı? Əgər sarayın dəvəti olmadan Rastropoviç Bakıya gəlsəydi doğrudanmı Alim Qasımov əlində qaval muğam oxuyacaqdı, Polad Bülbüloğlu aqzında bıçaq ləzginka oynayacaqdı, sadə camaat isə əl çalacaqdı? Təəssüf ki, belə deyil.Səbəb çox sadə və aydındı. Onlar Rastropoviçin qabağına ona görə 
çıxmışdılar ki, saraydan belə tapşırıq verilmişdi. Saraydan demişdilər ki, çıxın Rastropoviçin qarşısında təlxəklik edin. Onlar da bu tapşırığa canla-başla əməl etmişdilər. Conatan Svift "Qulliverin səyahəti" əsərində yazır: “Bütün Şərq xalqları sarayın xoşuna gələn şəxslərlə çox mehribancasına rəftar edirlər”.

Bəli, bir şərq xalqı olaraq azərbaycanlılar üçün hakimiyyət müqəddəsdir. Hakimiyətlə yaxından uzaqdan əlaqəsi olan adamla ünsiyyətə girməklə, həmin adama yaltaqlanmaqla, təmasda olmaqla azərbaycanlılar daxildən gələn güclü tələbatlarını ödəyirlər. Yəni hakimiyyətə dəxli olan adama yaltaqlanmaqla bir növ ayin yerinə yetirirlər. Söhbət ondan getmir ki, saraya dəxli olan şəxsə yaltaqlanmaqla onlar nəsə umurlar. Ummaq öz yerində. Nəsə olsa lap yaxşı, amma məsələ bu qədər sadə deyil. Hətta ummağa bir şey olmadıqda belə 
sarayla əlaqəli, saraya dəxli olan adamla ünsiyyətə girmək, təmasda olmaq, onlar üçün xoşdur.

Niyə durub-durub birdən Rastropoviçin Bakıya gəlişini, bu gəlişdən doğan həngaməni xatırladım. Lap yaxınlarda Dronqo Çingiz bir kitab mağazasının açılışında pafoslu, populist çıxış edibdir. Deyibdir ki, kitab mağazalarını bağlayıb yerində bərbərxana, kolqotqa mağazaları açdıq. Balzakdan, Emil Zolyadan, Nizamidən, Füzulidən, hakimiyyətin gəldi gedərliyindən, dühanın, yaradıcılığın əbədiliyindən danışıbdır. Baxmayanlar tapıb baxa bilərlər. O mənasız adamın bütün dediklərini bura köçürmək istəmirəm. Bəli, camaatımız
Dronqo Çingizin populist çıxışindan təsirlənərək möhkəm coşdu. Bu coşan adamlar bir düşünmədilər ki, kitab mağazalarının bağlanıb yerində mağaza açılması Dronqo Çingizin dəstəklədiyi, hər bir hərəkətinə haqq qazandırdığı, yaltaqlandığı hakimiyyətin mədəni siyasətinin nəticəsidir. Camatımız Dronqo Çingizin populist çıxışından niyə coşdu? Nədir bunun səbəbi? Sadəlövhlük? Siyasi düşüncənin aşağı olması? Deyən lazımdır ay Dronqo Çingiz sən niyə şikayətlənirsən? Kimdən şikayətlənirsən? Ümumiyyətlə sənin bu cürə 
mövzularda şikayətlənməyə, danışmağa haqqın varmı?

Belə sualları verən çox az adam oldu. Əksəriyyət çıxışdan təsirlənərək coşmuşdu. Bax elə buna görə də Azərbaycanda pis mənada hər kəs bildiyini rahatlıqla edir. Yaxşı bilir ki, sabah tərəzinin gözü bir az əyiləndə populist bir çıxış edəcək, bütün etdiyi pis əməllər unudulacaq, hər şey sıfırlanacaq. Nəinki etdiyi pis əməllər unudulacaq, hətta qəhramana da çevriləcək. Dəqiq belədir və belə də olacaq.

Seymur Baycan

Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade