post-title

Necə demokratikləşməli və korrupsiyadan xilas olmalı?


Anders Aslund, Atlantik Konsulun böyük elmi işçisidir. O, ən son olaraq "Ukrayna: səhv nədə oldu və onu necə düzəltməli" (2015) kitabını yazıb. Müəllif “Keçmiş Sovet Blokundakı üç region” adlı bu məqaləsində post-Sovet regionundakı bəzi ölkələrin necə demokratikləşməsindən, korrupsiyadan necə xilas olmasından, bəzilərinin isə niyə daha da avtoritarizmə və korrupsiyaya yuvarlanmasından bəhs edir. Bu məqalə demokratikləşmək və korrupsiyadan xilas olmaq, o cümlədən avtoritarizm və korrupsiyanın bir-birilə bağlılığını dərk etmək baxımından çox faydalıdır.

Keçmiş Sovet Blokundakı üç region

Korrupsiya dünyanın bir çox bölgələrində problemdir, amma o, post-kommunist ölkələrində xüsusi bir başağrısına çevrilib. Korrupsiyanın bir çox səhələri var və o, müxtəlif formalar şəklində özünü büruzə verir, ancaq mahiyyət etibarilə o, sadəcə, "şəxsi məqsədlər naminə ictimai resursları sui-istifadə etməkdən ibarətdir". Başqa sözlə, hakimiyyətdəkilər və onların tərəf müqabilləri dövlət gücündən əhalinin cibinə girmək üçün yararlanırlar.

Bir vaxtlar Sovet Blokunu təşkil edən və nəhəng ərazi boyunca yayılan bugünkü 21 ölkədə həm kommizm dövründə, həm də onun çöküşündən sonra korrupsiya geniş miqyas aldı. Kommunizm rüşvətxorluq üçün ideal şərtlər yaratmışdı. Marksizm-Leninizm qanunun aliliyinin inkarı üzərində qurulmuşdu, çünki heç nə qüdrətli Kommunist Partiyasından daha yüksək pillədə dayana bilməzdi. Kommunizm çökərkən kommunist partiyaları və onların nəzarət orqanları toz-dumana qərq oldular, özlərindən geriyə isə hər hansı prinsip və təcrübəni əks etdirən bir hüquqi nizam da qoymadılar. Bu ölkələrdə adekvat qanunlar yox idi, hüquq-mühafizə orqanlarıyla hüquqi təsisatlar qeyri-funksional idi. Kommunist iqtisadiyyatları geniş miqyasda himayəçi axtarışı imkanları yaradan qüsurlarla dolu idi. Hətta işdə oturmaqdan qocalan kommunist rəsmilərinin əlində nəhəng tənzimləyici vasitələr olsa da, inflyasiya səbəbindən real ictimai sektordakı əməkhaqlarında kəskin düşüş yaşanırdı. Əksəriyyət əziyyət çəkdiyi təqdirdə, bir qism hiyləgər opportunist sərvət toplamışdı. Sonradan görmə bir qrup kiçik biznesmen bir-birinin ardınca post-kommunist dövlətləri ələ keçirirdilər. Bir qayda olaraq, ən böyük qazanc götürənlər qeyri-qanuni nəhəng ödənişlər əldə edən dövlət rəsmilərindən ibarət kiçik qruplar və onlara bu ödənişləri verən varlı biznesmenlər olurdu ki, əvəzində monopoliya hüquqları və ya hansısa xüsusi dövlət güzəştilə təmin edilirdilər. Ən uğursuz təbəqə sadə əhali idi, çünki bütün bu korrupsiya sazişləri onların cibindən gedirdi. Burda dərk edilməsi gərəkən ən əhəmiyyətli məqam korrupsiyanın əvvəllər də, indi də təsadüfi olmamasıdır. Əksinə, o, hakimiyyətdən məqsədyönlü şəkildə sui-istifadədən qaynaqlanır və hakimiyyət dəyişikliyinin strukturunun təkamülü kimi gözdən keçirilməlidir.

Korrupsiyayla siyasi idarəçiliyin forması bir-birilə yaxından əlaqədardır. Kütləvi rüşvətxorluq və ya dövlət qəsbi hakimiyyətdəkiləri bəsləyir və o, avtoritarizmlə də sıx bağlıdır. Bir qayda olaraq, əhalinin maraqları korrupsiyaya ictimai nəzarət mövcud olarkən təmin edilir, bu nəzarətin ölçüsü nə qədər çoxdursa, demokratiya və hüququn aliliyi ictimaiyyətin maraqlarına o qədər çox cavab verir. Keçmiş Sovet Blokunun 21 ölkəsindəki göstəricilər hər şeyi aydın surətdə göstərir.

Bu, post-kommunist ölkələr 3 sinifə bölünür: Yaxşı müvazinətlilər, pis müvazinətlilər və bunların arasında var-gəl edən üçüncü qrup ölkələr..

Avropa Birliyinə qoşulan 9 Mərkəzi və Şərqi Avropa (MŞA) ölkəsi ən yaxşı qrupu təşkil edir. Onlar demokratik siyasi sistemləri əldə ediblər (hətta bəzilərində, məsələn, Macarıstan və Polşada demokratiyanın sağlamlığıyla bağlı şübhələr olsa da) və bu ölkələrdə rüşvətxorluq qənaətbəxş nəzarət altındadır. Beynəlxalq Şəffaflıq Təşəbbüsü Korrupsiya Qavrama İndeksi-nin (BŞT) korrupsiyaya nəzarət ölçülərində bu ölkələr bir-birlərinə yaxındırlar və getdikcə də yaxınlaşırlar. Onların demokratiya ilə ictimai inteqrasiya kombinasiyaları stabildir. Avropa Birliyinə yeni qoşulan və Avropanın ən çox korrupsiyalaşmış iki ölkəsi Bolqarıstan və Ruminiyaya (Yunanıstan və İtaliya kimi keçmiş üzvlərlə birgə) rəğmən, bu belədir.

Birinci cədvəlin əks qütbündə 7 pis müvazinətli ölkə qərarlaşıb. Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan bir vaxtlar SSRİ-ni təşkil edən respublikalar idi. Bu ölkələrdə hökumətlər avtoritar qapılar arxasındadır və onlarda iqtisadiyyat rüşvət maraqlarıyla qəsb edilib. Beynəlxalq Şəffaflıq Təşəbbüsü təşkilatı 2015-ci ilin reytinq siyahısında onları 107-dən 154-cən sıralayıb (Korrupsiya Qavrama İndeksi ən bərbad olan ölkələr Şimali Koreya və Somali 167-ci nömrədə qərarlaşıblar). Bu 7 ölkədəki iqtidarlar hakimiyyətdəkilər üçün hədsiz qazanclı, vətəndaşlar üçün isə acınacaqlı olan mövqedə oturublar. Avtoritar sabitlik bu ölkələrdə günün gerçəkliyidir və bu, iqtidardakı elitaya geniş kütlələrin maraqlarını tapdalamaqla korrupsiyadan eninə-uzununa bəslənməyə imkan verir. Nəhəng, qeyri-qanuni yollarla mənimsənilmiş sərvətləri əllərilə qarmalayan qüdrətli idarəçilər onları könüllü surətdə qaytarmaq istəmirlər. Onların Qərbin tövsiyələrinə və tənqidlərinə qulaq asmaq fikirləri də yoxdur. Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan neft ölkələridir. Əgər bir kimsə dünyada iqtisadiyyatları neft gəlirlərindən hədsiz asılı olan 16 ölkəni (ÜDM-lə hesablananda neftdən asılı olduqları görünür) araşdırsa, bu ölkələrin heç birində demokratiyanın olmadığını görər. İdarəçidən ötrü neft sərvətindən sui-istifadə texniki baxımdan çox asandır, əhali isə neftlə zənginliyin, ümumiyyətlə, onlara aid olmadığını düşünə bilər. Pis ad çıxaran "Neft lənəti"nin təbiəti də elə bundan ibarətdir. Neftlə zəngin bu 4 post-sovet ölkəsində böyük dəyişikliklər üçün yeganə şans iqtidarların ölkə daxilindən devrilməsidir, kənar dünyanın bunu sürətləndirmək və ya mane olmaq imkanları çox azdır. Prosesin yerindən tərpənməsi üçün ən aydın potensial mənbə neft qiymətlərinin aşağı həddə qalmasıdır, yəqin ki, 2014-cü ildə başlanan və iki ildir davam etməkdə israr edən indiki böhran nümunə ola bilər.

Orta qrupda 5 post-Sovet ölkəsi qərarlaşır: Ermənistan, Qırğızıstan, Moldova və Ukrayna. Onların da hər biri bir vaxtlar Sovet İttifaqına daxil olan "sosialist respublikaları" olublar. Bu qrup üç qrupdan ən maraqlısıdır. Buradakı ölkələr korrupsiya səviyyəsi və siyasi sistem baxımından xəritə boyunca yayılıblar və onların arasında yaxınlığın bariz xüsusiyyətləri yoxdur. Ermənistan və Qırğızıstan Rusiyanın təzyiqilə Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulublar. Bu ölkələrdə avtoritarizm və rüşvətxorluq səviyyəsi yüksəkdir - 2015-ci il BŞT-nin indeksinə görə onlar 95-ci və 123-cü pillələrdə qərarlaşıblar - ancaq onlar post-Sovetdə bu mənada ən bərbadları deyillər. Ermənistana rəqib Azərbaycanla qarşıdurmada Rusiyanın hərbi dəstəyi həyati əhəmiyyət kəsb edir. Qırğızıstan özünün Çinlə ticarət tranzitində Aİİ-nin gömrük baryerlərini dəmir pərdə kimi görür, o, bunlardan azad hərəkət edə bilməz. Rusiyanın layihəsinə üzv olmaq bu iki ölkəyə iqtisadi və siyasi idarəçilik baxımından pis təsir göstərir.

Gürcüstan özünün demokratiyaya yaxınlığıyla və BŞT-nin sıralama indeksindəki yeriylə (48-ci yer) post-Sovet məkanında Baltik ölkələrindən sonra ən yaxşı mövqeyə malikdir. O, post-Sovetdə yeganə qeyri-Baltik ölkəsidir ki, korrupsiyanı uğurla nəzarəti altına ala bilib: bu təşəbbüsdə ən məşhur qələbə keçmiş prezident Mixeil Saakaşvilinin hər kəsə əyan xoşbəxt-rüşvətxor Gürcü Yol Polisində apardığı təmizləmələr olub. Amma buna rəğmən, Gürcü demokratiyası və onun iqtisadi idarəçilikdəki irəliləyişləri xarici və daxili qüvvələrin təhdidi altındadır. Ukrayna sərhədin ən hüdudunda dayanıb. 42.5 milyon əhalisiylə o, Rusiyadan sonra ən böyük post-Sovet ölkəsidir. Ukrayna ölkədəki yüksək rüşvətxorluğa görə 2015-ci il BŞT-nin indeks sıralamasında bərbad yerdə qərarlaşıb (130-cu yer), ancaq bu ölkədə qızğın siyasi rəqabət və hətta tam demokratiyaya cavab verən xüsusiyyətlər var. Kiçik Moldova (2.9 milyon əhali) sıranı davam etdirir, nisbətən az korrupsiyasıyla o, BŞT-nin 2015-ci il indeks sıralamasında 103-cü mövqedə qərarlaşıb.

Daron Acemoğlu və Ceyms Robinzonun təbirincə desək, Mərkəzi və Şərqi Avropa ölkələri təqdirəlayiq bir çevrənin içinə bərk-bərk pərçim olunduqları halda, istismarçı post-Sovet ölkələri kor çevrənin daxilində tələyə düşüblər. Tərəddüd edən ölkələr isə əsrin dörddə biri ərzində çevrədən qaçmaqla məşğul olublar.

Post-Sovet korrupsiyasının təkamülü

Post-Sovet dünyasındakı korrupsiya təkamül edib. Kommunizmin çöküşündən sonrakı ilk dövrlərdə rüşvət sazişləri necə gəldi, harda gəldi bağlanırdı. Qanunlar və qaydalar o qədər də pozulmurdu, çünki onlar sadəcə olaraq mövcud deyildilər, eyni vaxtda saysız-hesabsız dövlət qulluqçusunun aldığı maaş isə heç yeməklərinə çatmırdı. Bir çoxu öz vəzifələrindən sui-istifadə etməklə göbələk kimi artan sahibkarlardan pul çırpışdırırdı. Andrey Şleyfler və Robert Vişni bunu "qeyri-mütəşəkkil" korrupsiya adlandırır.

Yüksək çinli yırtıcı məmurların əvvəllər belə xaotik dövlət məsələsindən az baş çıxardıqlarını deməyə ehtiyac yoxdur. Lakin müntəzəm olaraq, onlar "çirkli pullar"a daha çox nəzarət etməyə və onu öz tərəflərinə çəkməyə başladılar. Korrupsiya yuxarı axmağa başladı. Qayda-qanunun yoxluğu şəraitində özbaşına çiçəklənən reketçiliyi hüquq-mühafizə orqanları daha çox nəzarətə aldılar.

2000-ci illərdə keçirilən bir çox sorğular göstərir ki, Rusiyada ödənilən rüşvətlərin sayı azalıb, buna baxmayaraq, rüşvətin miqdarı o qədər çoxalıb ki, rüşvətxorluğun ümumi miqyası artıb, başqa sözlə desək, artmaqda olan pul hakimiyyətin yuxarı başında oturan az qism insana gedir. Eyni zamanda dövlət administrasiyasının funksiyası yaxşılaşıb. Rusiya qeyri-mütəşəkkil korrupsiyadan daha effektiv dövlət qəsbinə keçib. İdarəçilərin ən əsas məqsədi odur ki, pulun onların istədiyi yerə getdiyinə əmin olsunlar, yəni rüşvət ya onların öz, ya da qohumlarıyla dostlarının ciblərinə getməlidir.

Buna bənzər təkamül prosesi digər avtoritar ölkələrdə də baş verib. Ümumən bu ölkələrin hər biri bir feodal strukturu əxz ediblər, idarəçi maliyyəni qeyri-rəsmi şəkildə yuxarıdan aşağıya elə düzür ki, müəyyən hissə aşağıya gedir, amma əksəriyyəti yuxarıda qalır. 7 həqiqi qəsbkar post-Sovet dövləti öz mənafelərini güdən oğrular tərəfindən idarə olunan kleptokratiyalara çevriliblər. Bu, xarici investorları da caydırmamalıdır. Bir çox xarici biznesmenlər bəzi bu cür rejimlərdəki stabilliyi və proqnozlaşdırıla bilinən gələcəyi qiymətləndirirlər. Azərbaycan və Qazaxıstan zəngin neft ehtiyatları və stabil idarəçilik kombinasiyalarına görə, birbaşa xarici investisiyanın yönəldiyi əsas iki ölkəyə çevriliblər. Onların hər birində ödənilməsi gərəkən rüşvətin miqdarını asanca hesablamaq olur və investorlar buna özlərinin investisiya qərarlarında asanlıqla qiymət qoya bilirlər.

Müvazinətsiz 5 keçmiş Sovet ölkəsində, əksinə olaraq, nizamsız korrupsiya baş qaldırıb. O, proqnozlaşdırıla bilməyən şəkildə müxtəlif gizli künc-bucaqlara, çatlaqlara və dövlət bürokratiyasının səviyyələrinə yayılıb, baxmayaraq ki, bəzi səviyyələr (bəzi yüksəkçinli dövlət rəsmiləri) həqiqətən də dürüst ola bilərlər. Moldova və Ukraynada sahibkarlar tez-tez kimə pul ödəmək lazım olduğunu bilmədiklərindən gileylənirlər və yaxud onlar müəyyən məbləği ödəyə, amma əldə edəcəklərini düşündükləri xidməti almaya bilərlər. Ortada var-gəl edən qrupun maraqlı cəhəti onun üzvlərinin daim dövlət qəsbinə sərbəst niyyətlənmələridir. Hərçənd bu beş ölkənin hər birində avtoritarizmin tələb etdiyi gücə konsentrasiya olmağın çətin olduğu üzə çıxıb. Buna görə də bu ölkələrin heç birində diktatura qurmaq mümkün olmayıb. Regionlararası sərt bölünmə hakimiyyətin mərkəzləşməsinə imkan vermir. Ukraynada rus dilində danışan şərqlə, ukrayn dilində danışan qərb arasında parçalanma mövcuddur. Moldova avropapərəstlərlə kommunistlərə ayrılıb. Qırğızıstanda cənubla şimalı hündür dağlar ayırır. Gürcüstanda çoxsaylı azlıqlar və mürəkkəb dağ icmaları var. Ermənistan Azərbaycanla müharibə şəraitindədir.

Bu narahat ölkələrin hər birində - hamısı 1991-ci ildə müstəqillik qazanandan bəri yetəri qədər qan görüblər - çəkişməli və nizamsız daxili siyasi ab-hava davam edir. Bu da öz növbəsində onlarda özünəməxsus korrupsiyanın formalaşmasına gətirib çıxarıb, hamısında da oxşar nizamsızlıq var. Onların hər birində nə zamankı rejim korrupsiyanın faydalarından yararlanmaq istəyib, güclü xalq müqavimətilə qarşılaşıb və o, məhvə məhkum olub. Nəticədə bu ölkələrdə korrupsiya siyasi piramidanın zirvəsinə, həqiqətən avtoritar olan digər post-Sovet ölkələrindəki qədər nüfuz edə bilməyib.

Ortadakı ölkələrin hər birində "rəngli inqilab" və yaxud buna bənzər şey baş tutub. 2003-cü ildə Gürcüsdanda “Qızılgül” İnqilabı, Ukraynada 2004-də “Narıncı” İnqilab baş verib, 10 ildən sonra isə Avromaydan hərəkatı yaşanıb. 2005-ci ildə Qırğızıstanda “Zanbaq” İnqilabı baş verdiyi təqdirdə, Ermənistanda və Moldovada ardıcıl güclü xalq çıxışları baş verib.

Təkrarlanan siyasi qeyri-sabitliyi və nizamsız korrupsiyanın qarışığını nəzərə alsaq, bu ölkələrin iqtisadi baxımdan yaxşı performans göstərməməsi təəccüblü deyil. Dünya Bankının Dünya İnkişaf Göstəriciləri bazasına əsasən, Ermənistandan başqa, digər ölkələrin hər birinin ÜDM-i (Əhalinin Alıcılıq Qabiliyyətinə əsasən ölçülür) 1990-cı ildəkindən aşağıdır.

Ukrayna önə çıxır: heç bir ölkədə Ukraynadakı qədər aşkarlığın və korrupsiyanın eyni vaxtda qarışığı mövcud deyil. Belə bir qarışıq çox qeyri-stabildir. Ukrayna elədir ki, o, ya devrilmiş prezident Viktor Yanukoviçin hakimiyyəti altında olduğu vaxtdakı kimi müntəzəm olaraq korrupsiyaya uğramalı və getdikcə avtoritarlaşmalı, ya da korrupsiyanın kökünü kəsib tam demokratiyaya doğru irəliləməlidir.

Korrupsiyaya qarşı mübarizə mürəkkəb məsələdir, amma kommunizmin çöküşündən dörddə bir əsr keçdikdən sonra əlimizdə onun necə olduğu barədə yaxşı ideyalar var. Bir neçə iqtisadi göstərici göz qabağındadır. Birincisi, normal bazar iqtisadiyyatının qurulması vacibdir, belə ki, ilkin oğurluğun böyük hissəsi əmrə-müntəzir iqtisadiyyatın cəsədindən quduzcasına qidalanırdı. Birinci addım dövlət nizamlaması və azad bazar qiymətləri arasındakı imtiyazlı arbitrajı aradan qaldırmaq üçün qiymətlərin və mübadilə kurslarının yunifikasiyasından ibarət olmalıdır. Qiymətlər və mübadilə kursları sərbəst buraxılanda, inflyasiya artır, bu da bank sektorundakı imtiyazlı oyunçulara spekulyativ qazanclar üçün yeni imkanlar açır, ona görə də qiymətləri sürətlə stabilləşdirmək mütləqdir. Sonra Maliyyə Nazirliyi bütün milli maliyyə axınlarını idarə etməyi öz öhdəsinə götürməli, dövlət büdcəsindən ayrılan imtiyazlı ödənişləri ləğv etməli və dövlət maliyyəsində şəffaflığı təmin etməlidir. Dövlət şirkətləri korrupsiyanın əsas mənbəyidirlər, ona görə də ya satılmalı, ya da ən azından şəffaflığın təmin edilməsi və hərtərəfli korporativ idarəçilik üçün müstəqil bordlara həvalə olunmalıdırlar.

Baş verən hər bir nöqsanlı praktikada güclü tamahkar maraqlar mövcud olduğu təqdirdə buna necə nail olmaq olar? Cavablar sürətli və təəccüblüdür. Erkən, sürətli və daha radikal islahatlar olduğu təqdirdə, həyata keçəcək imkanlar da çoxalır. Yubanma bir də qurtulmaq hədsiz çətin olan himayədar axtarışı maraqlarının çoxalmasına səbəb olur. Demokratiya həyati əhəmiyyətlidir: hətta yaxşı əməllər görmək üçün hakimiyyətə səmimi olaraq gələn siyasətçilər belə qanunsuz olaraq varlanmaqdan iştahlana bilərlər, demokratiya da odur ki, insanlar bir nəfərin peyda olub kələyə yol vermədən iş görə biləcəyi zamana qədər "kələkbazları rədd eləyə" bilirlər. Demokratiyaların avtoritar rejimlərdən çox daha az korrupsiyalaşmasının səbəbləri elə-belə deyil.

Hakimiyyətdəkiləri təftiş edə bilməkdən ötrü, ölkənin qanunverici hakimiyyətdə daha effektiv işləyə bilən güclü müxalifətə ehtiyacı var. Yeni hüquqi və iqtisadi sistem qurmaq üçün yüzlərlə yeni qanunlar tələb olunur. Yalnızca hərtərəfli işləyən demokratik qanunvericilik bunu düzgün həyata keçirə bilər. Prezident fərmanı qaydası əvəz olunmalıdır: o, həmişə hərtərəfli müzakirədən keçirilmiş və qəbul edilmiş qanunlardan keyfiyyət və ardıcıllıq baxımından geri qalır. Həmçinin qanunverici orqanlar hədsiz şəffaf olmalıdırlar, nazirləri öz yerlərində oturdan ictimai dinləmələr mütləqdir.

Buna baxmayaraq, çoxlu maliyyəsi və imtiyazları olan idarəçilər müxalifətlə əməkdaşlıq edə bilərlər, necə ki, Moldovada və Ukraynada bu baş vermişdi. Buna görə də, vətəndaş cəmiyyəti və əzmkar azad media formasında nəzarətçi göz olmalıdır, öz növbəsində, onların hər ikisi də əgər effektiv işləmək istəyirlərsə, şəffaf olmaq üçün ictimai sektora ehtiyac duyurlar.

Əsaslı iqtisadi və siyasi islahatlardan sonra hüququn aliliyinin inşasına keçilməlidir. Şərqi Almaniya, Estoniya və Gürcüstan ən radikal və uğurlu ədliyyə islahatları aparan ölkələrdirlər. Bu islahatlar erkən, çəkişməli və hərtərəfli idilər. Onlar köhnə kommunist məhkəmələri, hakimləri silib süpürdülər və hər şeyə yeni heyətlə sıfırdan başladılar. İslahatlar prinsiplər əsasında həyata keçirilməlidir, ancaq hansı sahələrdə dəyişikliklərin həyata keçiriləcəyi götürülmüş cəmiyyətin ən vacib ehtiyac və şəraitlərindən hərtərəfli xəbərdar olmaqla müəyyən olunmalıdır. Həqiqi islahatlar istəyən və onları reallaşdırmağa cəsarət edən liderlər əvəzsizdirlər. İslahatlar fikir birliyi, yaxud mübahisələr olmadan həyata keçirilə bilməz, çünki ölkənin ən varlı və ən güclü insanlarının bəziləri böyük itki ilə üzləşməlidirlər. İslahatları bəzi ölkələrin etdiyi kimi adda-budda həyata keçirmək, astagəl və az təsirli nəticələrə gətirib çıxarır.

Siyasi sistemin çəkisi

Kommunist partiyaları bütün Sovet Blokunu idarə edirdilər, lakin kommunizmdən əvvəlki siyasi sistemlər və konstitusiya ənənələri fərqliydi. Mərkəzi-Şərqi Avropa (MŞA) ölkələrinin müharibələrarası (I və II Dünya müharibələri-tərc) konstitusiyaları Monteskyönün hakimiyyətlərin bölünməsi ideyasına əsaslanırdı. Onlardan bir neçəsi, xüsusilə Polşa və Rumıniya post-kommunizm dövrünə əsas hakimiyyətlərin bölüşdürüldüyü prezidentlik formasında başladılar, ancaq bu, AB standartlarına məcbur edilmədən əvvəl idi. Bir neçə güclü prezidentlik üsuluyla idarə edilən üzvü olsa da, AB digər üzvlərini parlamentizm istiqamətinə yönəldir, MŞA ölkələrinin konstitusiyaları da bunun əsasında təkmilləşiblər.

Keçmiş SSRİ-nin avtoritar ölkələri isə əksinə, bütün xüsusiyyətlərilə güclü prezidentlik üsul idarəsi ilə idarə olunurlar. Böyük miqyasda onlar köhnə Sovet xüsusiyyətini yenidən istehsal ediblər. Onların çoxunda kommunizm çökəndə köhnə kommunist başçısı ölkəni partiya mərkəzinin binasından idarə etməkdə davam etdi, bircə fərq ondaydı ki, indi o, "Sovet Sosialist Respublikası"nın baş katibi olmaq əvəzinə, prezident idi. Əldə rəhbər tutulan idarəçilik metodu qanunvericilikdən keçmiş qanun layihəsi daxil yazılı təlimat olmaqdansa, sadə bir telefon zəngindən ibarət idi və bu metod indi də davam edir. Bu cür sistem iqtidardakıları özlərinin "praktiki" mikromenecmentlərinin xeyrinə qanundan imtina etməyə həvəsləndirir.

Bu məsələdə də ortadakı dövlətlər nə bu düşərgədədirlər, nə də o birisində. Özlərinin suveren mövcudluqları dövründə onlarda təkrarlanan konstitusional dəyişikliklərlə yadda qalan yarım-prezidentlik üsul idarələri hakim olub və onların hər birisi icraedici hakimiyyət uğrunda prezidentlə baş nazirin daimi çəkişməsinə düçar olublar. Yarım-prezidentlik sistemləri qeyri-stabillikdən əziyyət çəkir (nəticədə də hökumət az effektiv olur), ancaq prezidentlik üsul-idarəsi avtoritarizmə doğru qaçışda rekordlarla zəngindir. Beş ölkənin beşi də təmiz parlamentizmə can atıblar, ancaq bu yolda öz gücünü mühafizə etmək istəyən prezident tərəfindən yubadılıblar. Bir çox ölkə parlament seçkiləri qaydalarını sınaqdan keçirib və islahatlar üçün tələb siyahıları yayılıb. Təküzvlü dairələrdə səslərin çoxunu qazanmaq prinsipi biznes adamlarına fərdi yerləri satın almağa asanlıqla imkan verdiyindən, partiya siyahılarıyla proporsional nümayəndəlik və səs-payı baryerləri sistemi daha münasib yoldur. Partiya siyahılarındakı yerlərin alınıb-satılmasının qarşısını almaq üçün, Finlandiyada və Almaniyada olduğu kimi seçicilərin təkcə partiyalara deyil, həmçinin seçdiklərə namizədə də səs verməyə icazələri olmalıdır. Kampaniya təkcə ictimai maliyyə əsasında ödənilməlidir və televiziya təşviqatı ciddi surətdə nizamlanmalıdır.

Siyasi sinif üzvləri arasındakı maraqlar və münaqişələri məhdudlaşdırmaqdan ötrü, şəxsi hesablarla bağlı ciddi məlumat toplanmalı, onlara nəzarət edilməli və kənar gəlirlərə qadağa qoyulmalıdır.

 

AB nəyə görə vacibdir?

AB-nin qonşuluqdakı ölkələrə idarəçilik baxımından etdiyi təsir hədsiz heyrətamizdir. “Freedom House” və İstehlak Qiymətləri İndeksi-nin göstərdiyi kimi onların hamısı əla istiqamət götürüblər. Keçmişə nəzər saldıqda, belə görünür ki, AB-yə daxil olmaq prosesi çox yaxşı strukturlaşdırılıb. Qurum potensial yeni üzvlərdən bir çox çətin tapşırıqları yerinə yetirmələrini tələb edirdi, ancaq bu əziyyətlərin qarşılığında mükafat da böyük idi.

1989-cu ildə post-kommunist MŞA ölkələrində irəli sürülən əsas şüar qızğın "Avropaya qayıdış" çağırışından ibarət idi. Siyasi liderlər və böyük xalq çoxluqları oxşar şəkildə Avropanın demokratiya dəyərlərini, hüququn aliliyini və azad-bazar iqtisadiyyatını rəhbər tuturdular. Bütün bu dəyərlər korrupsiya ilə mübarizədə həyati əhəmiyyət daşıyır. Bu dəyərlər həyata keçirilərkən, ola bilsin, bəzi siyasi liderlər içlərində o qədər də coşğu hiss etməyiblər, lakin AB-yə üzvlük uğrunda ictimai dəstək o qədər qüvvətli idi ki, heç bir maneə buna tab gətirə bilməzdi.

Avropa Birliyinə daxil olmazdan əvvəl, MŞA ölkələri vətəndaşlarına Avropa boyunca sərbəst səyahət etmək hüququ verməklə, AB çox böyük bir nüfuz qazanmış oldu. İlkin mərhələdə azad ticarət sazişləri vasitəsilə AB özünün nəhəng bazarını açmış oldu. Sovet Bloku hakimiyyəti altında şərq istiqamətli olan MŞA ölkələri öz ixracatlarını çevik şəkildə qərb istiqamətinə yönəltdilər və tezliklə xarici ticarətlərinin üçdə ikisini AB ilə həyata keçirməyə başladılar. 1992-95-ci illərdə AB MŞA ölkələri ilə "assosiasiya sazişləri" bağladı. Beləliklə, onlar demokratiyanın şərtlərinə, hüququn aliliyinə, insan hüquqlarına hörmətə, bazar iqtisadiyyatına və effektiv idarəçiliyə (1993-cü ildə formalaşdırılan və "Kopenhagen tələbləri" kimi tanınan) doğru irəliləyərlərsə, rəsmi namizədlər kimi qəbul olunacaqdılar.

AB özünün nəhəng "acquis communautaire" (layiqli cəmiyyət - tərc) rubrikası altında potensial yeni üzvlərdən təhlükəsiz demokratiyanın, hüquqa əsaslanan qanunların və bazar iqtisadiyyatının bazisini təşkil edən AB-nin yüzminlərlə səhifə həcmindəki qanunlarını qəbul etməyini tələb edirdi. Hətta AB-nin ektensiv texniki köməkliyi ilə belə, bunları həyata keçirmək üçün hər bir ölkəyə on illik gərək oldu. Hər bir namizəd ölkə parlamentin razılığını əks etdirən sərt prosedurları tətbiq etməyə məcbur oldu ki, bu normalar səylə və rəsmi şəkildə qanunların və institutların şəbəkələri boyunca həyata keçirilmiş olsun.

2004-cü ilin mayında keçmiş Sovet Bloku ölkələri - Çexiya Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa və Slovakiya Avropa Birliyinə tamhüquqlu üzv kimi qəbul olundular. 2007-ci ilin başlanğıcında isə Bolqarıstan və Rumıniya onlara qoşuldu. Birinci qrupun qəbulu uzun müddət geniş şəkildə əsl uğur kimi əks-səda doğurmuşdu.

Hərçənd Bolqarıstan və Rumıniya quruma üzv qəbul ediləndə reaksiyalar o qədər də ümidverici olmadı. Bir çox tənqidçi iki ölkənin çox asanlıqla üzv qəbul edilməsindən şikayətlənirdi və deyirdilər ki, AB bu ölkələri qəbul etməzdən əvvəl onlardan hüququn aliliyini hərtərəfli və ciddi şəkildə təmin etmələrini tələb etməliydi.

Quruma üzv qəbul ediləndən sonra hər bir üzv ölkə öz illik ÜDM-nin 3-4 faizi həcmində AB-dən qrant alırdı. Bu məbləğin böyük hissəsi infrastruktur layihələrinə və kənd təsərrüfatı sektoruna sərf olunurdu. Əvvəllər MŞA regionunda səyahət etmək təcrübəsi olan bir kəs AB yardımlarının milli paytaxtların aeroportlarında və aeroport yollarında hansı dəyişikliklərə yol açdığını aydın şəkildə görə bilər - bu, onların əvvəllər gördüklərindən və yaxud qonşuluqdakı qeyri-AB ölkələrinkindən kəskin şəkildə fərqlənir.

Ancaq Macarıstanda Viktor Orbanın və onun Fideş partiyasının 2010-cu ildə seçkilərdə qalib gəlməsindən sonra baş verən anti-demokratik dönüş göstərir ki, bir ölkə quruma daxil olandan sonra AB-nin şərt rıçaqları müəyyən qədər təsirdən düşür. Lakin bu tendensiya şişirdilməməlidir. “Fredoom House” hələ də Macarıstanı azad ölkə kimi sıralayır. Hazırkı Polşa hökuməti də avtoritar meyillər sərgiləyir, ancaq o, polyak vətəndaş cəmiyyəti və Avropa Komissiyası timsalında əzmkar müxalifətlə üz-üzədir. Avropa Məhkəməsinin AB boyunca yurisdiksiyası mövcuddur və o, hətta müstəqil ədliyyə güzəşti olan ölkələrdə də (Polşa kimi) milli qanunvericiliyə qarışa bilər. Son illərdə Avropa Komissiyası AB-nin qanuni standartlarına cavab verməkdə uğursuzluğa düçar olan Bolqarıstan və Rumıniyaya qrant verməkdən imtina edib.

AB-nin təsiri əslində güman olunandan çox daha təsirli və təkidlidir. Yuxarıdakı cədvəldə Korrupsiya Qavrama İndeksi-nin (KQİ) göstəricilərinə əsasən, 2000-2015-ci illərdə Polşa, Rumıniya və müvafiq olaraq Ukraynada korrupsiyaya nəzarətin yaxşılaşdığı öz əksini tapıb. 2005-ci ildən, AB-yə qoşulduğu ilk bütöv ildən sonra Polşa öz idarəçiliyini ilbəil yaxşılaşdırıb. Rumıniya bu illər boyunca Polşadan daha korrupsiyalaşmış olaraq qalıb, lakin 2006-cı ildən etibarən (ölkənin AB-yə qoşulmasından bir il əvvəl) o, KQİ-də ciddi irəliləyiş əldə edib. Müəyyən dövr ərzində yerində saydıqdan və bir balaca geriləyəndən sonra, o 2011-də yenə performansında sürət yığıb. Ukrayna (AB üzvü olmayan) bu üç qonşusu arasında həmişə ən çox rüşvətlə yüklənmiş ölkə kimi qəbul edilib, ancaq yenə də 2000-dəki əsaslı islahatlardan sonra o müəyyən qədər irəliləyişə nail olub. 2002-ci ildən bəri onun KQİ-sində aşağı dərəcə olub, geriləmə o qədər də ciddi olmayıb, ancaq o, real irəliləyiş də nümayiş etdirməyib.

İkinci cədvəl bəzi maraqlı nəticələr təklif edir. Korrupsiya ilə mübarizə sahəsində AB-nin ödünc verdiyi köməklik açıq-aşkar və göz qabağındadır. Quruma daxil olandan sonra, AB-nin təsirinin ötüşdüyü barədəki yayğın qənaətə rəğmən, həm Polşa, həm də Rumıniyanın AB-yə üzv olduqdan sonra görünməmiş irəliləyişə nail olduqları inkaredilməz faktdır. Eyni şey yeni üzvlərə də aiddir. Üzv olduqdan sonrakı təkmilləşmə səbəblərini qavramaq o qədər də çətin olmamalıdır: AB-yə inteqrasiya daha çox ticarətə, birbaşa xarici investisiyaya, miqrasiyaya, digər AB ölkələrinə təlim səyahətlərinə, ciddi istehsalat qaydalarını özündə ehtiva edən böyük AB qrantlarına və Avropa Hüquq Məhkəməsi vasitəsilə AB yuristiksiyasına yol açır. İkinci cədvəl "yaxşı niyyətlərinə baxmayaraq, donorlar məhdud nəticələr əldə ediblər" deyən Alina Munqiu-Pippidinin səhv etdiyini ortaya çıxarır. Tamam əksinə, bütün şərti yardımlarla müşayiət olunan AB-yə üzvlük heyratamiz nəticələr doğurur. Bundan başqa, çox da uzaqda olmayan 2005-ci ildə Polşa, Rumıniya və Ukraynanın korrupsiya dərəcələrinin oxşar olması Ukraynaya da ümidin olduğunu göstərir.

AB təsirinin ən ibrətamiz nümunəsi Rumıniyadır, bu yaxınlaracan bu ölkədə korrupsiya geniş yayılmışdı və üstəlik, həqiqi islahatçı liderlik də yox idi. Müntəzəm keçirilən Avrobarometr ictimai sorğularına əsasən, pis idarəçilikdən təngə gələn rumınlar Avropada ən AB-pərəst xalq idilər. Rumın liderləri ictimaiyyətin inadkar qəzəbini eşitdilər və qeyri-qanuni qazanclarının məhdudlaşacağını bilsələr də, AB üzvlüyü üçün var güclərilə çalışmağa başladılar. Parlamentin AB-nin tələb etdiyi anti-korrupsiya qanununu qəbul etməsindən sonra, Brüsselin dəstəklədiyi vətəndaş cəmiyyəti onun reallaşdırılmasında israr etdi. Rumıniyanın müstəqil Milli Antikorrupsiya Direktoratı (DNA) 2003-cü ildə yaranıb. Astəgəl başlanğıcdan sonra o, keçmiş Baş nazir daxil olmaqla, yüksək çinli rəsmiləri məhkəmə qarşısına çıxarmağa və həbs etməyə başladı.

Əlində seçici mandatı, vizyonu və qətiyyəti olan bir lider - Estoniyanın Baş naziri Mart Laar ağla gəlir - sürətli islahatlar üçün yaxşı tapıntıdır, ancaq belə kalibrdə olan şəxslər nadir hallarda ortaya çıxır. Milli liderlər korrupsiyayla mübarizədə o qədər də maraqlı olmazlarsa, nə baş verə bilər - Rumıniya xüsusilə bu mənada ibrətamiz nümunədir. Bu, vaxt tələb edir, ancaq bu ölkədə korrupsiya tədricən nəzarət altına alınır.

AB tanrıların dəyirmanları kimidir, o, yavaş-yavaş üyüdə bilər, ancaq o həmin dəyirmanlar kimi qat-qat yaxşı üyüdür. MŞA ölkələrindəki fəaliyyəti onun demokratiyaya və korrupsiyanın azaldımasına necə töhfə verdiyini göstərir. O, mərhəmətsizcə, tədricən və əzmkarcasına işləyir. O, əl çəkmir. Onun həyata keçirmək qaydası etibarlıdır: o, üzvlüyə namizəd kimi qəbul olunmuş ölkələrin nələrə ehtiyac duyduqlarını yerbəyer etməkdə hədsiz səriştəlidir. AB demokratiyanın inşasında tarixi unikal maşın olduğunu isbat edib.

Məqsədyönlü yardım

Bu diskusiyadan çıxarılan qənaətlər açıq-aydındır. AB-yə daxil olan ölkələr artıq təhlükəsizlikdədirlər və qurumdan kifayət qədər yardım alırlar. Bəzilərinin məxsusi yardıma ehtiyacı var, ancaq onlar növbəti Qərb yardımı üçün əsas hədəflər olmamalıdırlar.

Geri qalan 7 avtoritar post-Sovet ölkəsinə gəldikdə isə, onlar yalnızca özlərinə sərvət toplamağa köklənmiş avtoritarların dəmir barmaqları arasında nisgil çəkməkdədirlər. Bu rejimlər islahat keçirməkdənsə, çox güman daxildən partlayışa məruz qalacaqlar. Digərlərinin bu rejimlər üçün edə biləcəyi ən yaxşı kömək, xaricdə alternativ elitaya təhsil vermək ola bilər ki, korrupsiyalaşmış rejimlər sarsılanda onlar geri qayıtsınlar. Qərb tələbə təqaüdlərində səxavətli olmalıdır, amma o, çox şey də edə bilər.

İndi də gələk post-Sovetin iki dünyası arasında qalan Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldova və Ukrayna kimi 5 qeyri-sabit ölkəyə. Bunlar Qərb yardımının köklənməli olduğu qrupa daxil olan ölkələrdir. Yaxından baxanda görünür ki, Ermənistan və Qırğızıstan zaman mənasında ikinci plana keçiblər. Moskva onları özünün proteksionist Avrasiya İqtisadi İttifaqına dürtüb və o qədər təzyiq göstərir ki, onların islahatları çox sönük görsənir. Birinci cədvəldə göründüyü kimi, Qırğızıstan və Ermənistan dəhşətli korrupsiyaya və avtoritarizmə düçar olmuş digər post-Sovet ölkələri qrupuna yuvarlanmağa yaxındırlar.

Bu mənada Gürcüstan, Moldova və Ukrayna Qərbin köməkliyinin köklənə biləcəyi ən yaxşı ölkələrdirlər. Ümumilikdə təxminən 50 milyon əhaliylə bu ölkələr 2009-cu ildə Polşa və İsveçin təşəbbüsü olan AB Şərq Tərəfdaşlığı layihəsinin açar üzvləridirlər.

AB bu ölkələrin hər birinə assosiasiya sazişi təklif etməklə doğru iş görüb (Ermənistan Rusiyanın təzyiqilə Aİİ-yə qoşmazdan əvvəl bu sazişi imzalamışdı). "Acquis communautaire"-nin bir çox cəhətlərini əhatə edən islahat proqramı daxil olmaqla bu sazişlər çox vacibdirlər. AB-nin səhvi qoşulma prosesinə Rusiyanın hərbi cəhətdən müdaxilə etməyə hazır olduğunu hesablamamaqda idi. Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstana qarşı müharibəsi bunun əlaməti kimi bir sübut idi. 2013-cü ilin avqustundan başlayaraq əlamətlərin sayı daha da artdı, Moskva Ukraynaya qarşı sərt dillə çıxış etməyə başladı, ardınca da Vladimir Putin sentyabrın 23-də təhlükəsizlik siyasəti hədələriylə Ermənistan Aİİ-yə qoşulmağa məcbur etdi. AB-nin koordinə edilmiş xarici və müdafiə siyasətinə hədsiz ehtiyacı var, amma bu, başqa söhbətin mövzusudur.

Ukrayna, Moldova və Gürcüstan assosiasiya sazişlərini ratifikasiya etməklə AB-yə üzvlük yolunda artıq ilk vacib addımı atıblar. Ancaq bu sazişlərə əl gəzdirilməsi labüd olan ticarət əsasnamələri daxildir, belə ki, onlar Moldova və Ukrayna ixracatına hədsiz sərt kvotalar tətbiq edir (əsasən kənd təsərüffatı məhsullarına) və bu, ölkələrin AB bazarına qətiyyətlə istiqamətlənməsinə mane olur. AB öz bazarını bu ölkələrə daha çox açmalıdır ki, onların anti-korrupsiya islahatlarında daha təşəbbüskar olmalarına rəvac versin. Şərq Tərəfdaşlığı ölkələrini maliyyələşdirmək məsələsi də məhdud olaraq qalır. Sovet fəhlələri arasında yayılmış məşhur deyim vardı: "Biz özümüzü elə aparırıq ki, guya işləyirik, onlar da özlərini elə aparırlar, guya əməkhaqqı verirlər". İndi Ukraynalılar bunu belə deyirlər: "Biz özümüzü elə aparırıq ki, guya islahatlar aparırıq, AB də özünü elə aparır, guya bizi dəstəkləyir". Mükafat kimi göstərilən AB-yə üzvlüyün yoxluğu şəraitində, AB-nin bu ölkələrdəki müxtəlif maraq qruplarına təklif etdiyi stimulların korrupsiyayla mübarizədə kifayət edib-etmədiyi hələ qeyri-müəyyəndir.

Ukraynanın ərazisi və AB-nin dörd ölkəsilə sərhəddə yerləşməsi onu hədsiz əhəmiyyətli edir. Əgər o, uğur qazansa, Gürcüstan və Moldovanın da yolu açılacaq. Ukraynada dövlət islahatını işlək etmək AB-nin əsas hədəfi olmalıdır. Vizasız azad səyahət AB-nin bu ölkələrlə bağlı verə biləcəyi ən vacib qərar olar. Moldova artıq bunu əldə edib, Ukrayna isə tezliklə əldə edəcəyinə ümid bağlayır.

Dünyanın bu hissəsində demokratiyanın inşasında və korrupsiyaya nəzarətdə sınaqdan çıxmış yeganə yol AB-yə daxil olmaq yoludur. Lissabon Müqaviləsinin 49-cu bəndinə əsasən, AB dəyərlərinə "hörmət edən" onu "təşviq etməkdə qərarlı olan" istənilən Avropa ölkəsi "Birliyə daxil olmaq üçün müraciət edə bilər". AB ölkənin üzvlük üçün müraciət etməsindən əvvəl bir çox şərtlər irəli sürür, real olaraq bu, 2020-ci ildən əvvəl mümkün deyil. Proses bir qayda olaraq ən azından 10 il davam edir, o, Kopenhagen kriteriyalarını bol-bol yeməli və "acquis communautaire"nin nəhəng tapşırıqılarını yerinə yetirməlidir.

Qəbul edilmə dövrü vacib institutsional islahatlar və uyğunlaşma prosesini əhatə edir. Əgər AB demokratiyanın müvəffəqiyyət qazanmasını və onun Şərq qonşuluğunda kök atmasını istəyirsə, o, Ukraynaya və hazırda avtoritarizmlə demokratiya arasında var-gəl edən orta ölkələrə üvlük təklif etməklə pozitiv addımlar atmalıdır. Bunun 2030-cu ildən əvvəl baş tutmayacağını nəzərə alsaq, AB-nin cari problemləri az əhəmiyyət daşıyır. Avropa Komissiyası fəaliyyət göstərməkdə davam edir və o, yaxşı idarəçilik üçün institutlaşmanın necə vacib olduğunu yaxşı bilir.

Demokratiya Jurnalı 28:1 (2017), 89-101. © Məqalə Johns Hopkins University Press-in icazəsi ilə Azərbaycan dilinə tərcümə edilərək Meydan.TV saytında yayımlanır.

Yuxarı