Rasim Qaraca: Qurtarıcı insan

Rasim Qaraca

“İnkar Mübarəkdir” – kitabından bir parça


Bunları yazarkən birdən-birə Siyamək yadıma düşdü, təbrizli şair dostum Siyamək Səbri. Nə üçün onun qədrini bilmədim, yetəri qədər diqqət göstərmədim? Yüksək idealların axtarışında olan bu güneyli qardaşımız 2012-ci ildə Ankarada körpüdən atılaraq intihar etmişdi. İntihar səbəbi həmin idealların daşıyıcılarını heç bir yerdə tapa bilməməsiydi. Yazımın bu yerində Siyaməki xatırlamam təsadüfi deyil. Dünyada özünü ideya uğrunda qurban verən çox sayda insan var, lakin bəzən bu cür insanları öz soydaşların və müasirlərin arasında axtarıb tapmaq istəyirsən. Bəlkə də Siyamək parlaq bir örnək deyil, kimsə tanımır onu, hələ kəşf olunmasına və dərk olunmasına zaman lazımdır. Elə isə bir neçə kəlmə ilə Siyaməkin kim olduğunu oxuculara çatdırım. 15 il əvvəl virtual debatlar çeşidli forumlar üzərindən aparılırdı. Alatoran.org saytının forumu Azərbaycan dilində olan forumlar arasında ən aktivlərindən idi və Siyamək də bu forumda yazırdı. Yaşadığı Norveç ölkəsi haqqında kiçik oçerkləri ilk dəfə burada oxuculara çatdırırdı, sonra mən bu oçerklərin bir neçəsini Alatoran jurnalında dərc elədim, daha sonra bu yazıların toplanaraq kitab şəklində dərc olunması ideyası yarandı. Siyaməkin, hamıya olduğu kimi, özünə qarşı da tənqidi münasibəti kəskin idi, özünü bir kitab yazacaq qədər yetişkin hesab etmirdi. Bu mənada kitabın yazılması çox çətinliklə başa gəldi, periodik olaraq Siyaməki gördüyü işə inandırmaq, həvəsləndirmək gərəkdi.  Ədəbi dildə yaza bilmirdi, Təbriz ləhcəsində necə danışırdısa eləcə də yazırdı, son dərəcə təvazökar idi, yazmaqda olduğu kitabın nəsə əhəmiyyət daşıdığına inanmırdı. Lakin mənə görə həmin kitab bir neçə cəhətinə görə önəmliydi: Güney Azərbaycandan çıxmış aydınlar arasında kitab yazmaq alışqanlığı demək olar ki, yoxdur, ən yaxşı halda şeir, roman və ya folklor janrında bir kitab meydana gətirərlər, ancaq dokumental araşdırma kitabı yazan bir yazara rast gəlinmir, varsa da fars dilində ola bilər, ana dilində yazılmış olması bir ilk idi. İkincisi, Güney Azərbaycandan kitab yazan şəxslərin var olması, yazar kimliyi ilə meydana çıxması, mənim düşüncəmə görə, oradakı azadlıq hərəkatı üçün faydalı idi, öz ölkələrində yurd dışında tanınan bir yazar statusu qazanmaları tez-tez rast gəlinən bir hadisə deyildi. Bütün hallarda, yaxşı ki, kitab yazıldı, təbii yazılma şəklini, dilini, üslubunu qorumağa çalışaraq yüngül redaktə ilə 500 tirajla dərc olundu. 


Adətən olduğu kimi, üstündən çox illər keçəndən sonra, artıq Siyamək də həyatda olmayanda, kitab haqqında əks-sədalar gəlməyə başladı: “o kitab yaxşı kitab idi” deyənlər oldu. Söhbət bunda deyil. Bir şəxsiyyət kimi Siyaməki və yazmış olduğu əsəri mənim üçün qiymətli edən eyni zamanda onun öz ideallarına sədaqəti idi. Biz öz ideallarımızı uşaq yaşlarımızda oxuduğumuz kitablardan alırıq, onlarla yaşayırıq və həyat yollarının hansısa kilometrində, müxtəlif səbəblər üzündən bu yükdən özümüzü azad edirik, onları asanlıqla yarı yolda buraxırıq, Siyamək kimi insanlara rast gələndəsə həyatdakı ülvi missiyamız yada düşür, birdən cin vurmuş kimi ayılırıq, ey dadi-bidad deyirik, iradəmiz çatarsa yenidən özümüzdə güc toplayıb yarıda buraxdığımız o yola davam edər, əks halda məişətin amansız girdabında məhv olub gedərik. Bu mənada Siyamək qurtarıcı insan idi, öz həyatı və ölümüylə güclü bir məsaj buraxaraq ideallarına sona qədər sadiq qalmanın mümkün olduğunu çatdırırdı bizə. Siyaməkin özəlliyi də bunda idi, öz ideallarına maksimum sadiq olmasında. Norveç Krallığında vətəndaşlıq almışdı, işi-gücü vardı, maddi sıxıntısı yox idi, onun yerinə kim olsa həyatı maksimum qamarlamağa çalışardı, ancaq o, yeri, göyü, insanları sorğulamaqdan əl çəkmirdi, özünü deyil, öz millətini deyil, bütün insanlığı düşünürdü, dünyadakı ədalətsizlik onu narahat edirdi, israrla əbədi cavabsız suallara cavab axtarırdı.  Yazmış olduğu “Norveç dəftəri - Bir mühacirin notları” kitabının əsas məğzi də bundan ibarət idi: “Norveç cəmiyyətini quran böyük ideya insanları hardadır, uzun illər bu ölkənin hər yerini dolaşdım, ancaq o düşüncənin daşıyıcılarına rast gəlmədim.” Siyaməkin müşahidəsinə görə Norveçlilər həftənin beş gününü işləyən, bu günlər ərzində qazanmış olduqları pulları qalan iki gündə eyş-işrətə, əyləncəyə xərcləyən, əsla yüksək ideallarla yaşamayan insanlar idi. Öz ifadəsilə desək “yarımoyanmış” bir millətin aydını olaraq bu məsələlər onu düşündürürdü. Quzey Azərbaycandan bir çox insanla əlaqəsi vardı, ilk dəfə Bakıya gələndə artıq bir kitabın müəllifiydi. Buranın az-çox düşüncə sahibi saydığı adamlarıyla görüşmüş, xəyalında qurmuş olduğu ideala uyğun insanları sanıram burada da tapmamışdı. 2012-ci ildə, intihar etdiyi gün mən təsadüfən Ankaradaydım. Bəlkə də son günlərində biri-birimizə yaxın olan yerlərdən keçmişik, fərqində olmamışıq. Siyaməki xatırlamağım səbəbsiz deyil. Ola bilər bu şanlı qardaşımız həyatda ideal insanlara rast gəlmədi, ancaq o özü bir ideal oldu. Bəzən belə də olur, insan ölümüylə özünə dəyər qazandırır, özünə qıymaqla Siyamək ümumən həyatın ədalətsizliyinə qarşı olduğunu, sona qədər bu ədalətsizliklə barışmadığını, bütöv, bölünməz bir həyat yaşadığını sübut etdi. Bizim eyş-işrət düşkünü, pul hərisi, vəzifə, karyera, şan-şöhrət maraqlısı yazar və şairlərimiz Siyaməkin işıqlı xatirəsilə müqayisədə nə qədər miskin görünürlər? - bunu siz deyin. “Bir mühacirin notları”nın təkrar-təkrar çap olunacağına, Siyaməkin bu yeganə övladının əbədi yaşayacağına inanıram. Siyaməkin adı tarixdən silinib gedə bilməz, getməməlidir...

Hə, mən bu suala cavab verməliyəm, hansı qazanda bişdim, mənim kimi bir qanqal otu neçə oldu yetişdi, niyə belə acıdil, barışmaz, tərs bir insana çevrildim? Ülvi hisslərlə yola çıxmışkən nə üçün kin dağarcığına çevrildim və nəyə görə nifrət hissim hər zaman tətikdədir? Səbəbsiz deyil, çünki yalan bataqlığından çıxmaq istəyənlərin necə amansızlıqla qarşılandığını gördükdən sonra sizin də başqa cür olmayacağınıza əminəm. Siyaməkin taleyi buna örnəkdir. Nə üçün Siyamək ölməli, ancaq biz yaşamalıyıq, axı nə üçün yaxşılar getməli, bu dünyada yalnız biz pislər qalmalıyıq? Nə üçün biz soxulcan kimi yaşamağı intihar etməkdən üstün sayırıq? Ali insanları, üst insanları görməzlikdən gəlirik, onları yerin dibinə soxuruq, onların olmamasını öz murdar psixologiyamızın dərin qatlarında arzu edirik, onların ölümünə öz xəyali imzamızı atırıq, acı həqiqətləri bizim üzümüzə deyəcək daha bir insanın yoxluğuna daxilimizdəki şeytanın acı gülüşüylə cavab veririk. Siyamək mənim üçün həyatımdakı meyarlardan biridir, qarşıma çıxan insanları bu meyarla ölçürəm, bir az da qanqallaşıram, nifrət dağarcığım bir az da şişir. 
Kultura.az | Developed by Samir Yahyazade