Andre Jid: SSRİ-dən qayıdış – III

Альтернатива


Nobel mükafatlı, məşhur fransız yazıçısı Andre Jid bəzi avropalı yazıçı və intellektuallarla birgə 1936-cı ildə SSRİ-yə səfər edir. Alovlu kommunist kimi tanınan Andre Jidin SSRİ-yə dəvət edilməsi təsadüfi deyildi. SSRİ dünyaca məşhur yazıçıların öz ideologiyasına uyğun əsərlərini  yüz minlərlə tirajla çap edir, onları ölkədə təbliğ eləyir və səfərlərini təşkil edirdi. SSRİ-dən qayıdan yazıçıların əksəriyyəti bu ölkə haqqında ən xoş sözləri dilə gətirirdilər. Andre Jidin SSRİ-dən qayıtdıqdan sonra yazdığı "SSRİ-dən qayıdış" əsəri isə, qırmızı imperiyanın Avropa intelligensiyası arasındakı nüfuzuna ciddi zərbə vurur. Bu əsərə görə, Andre Jid sol baxışlı intellektualların da ciddi tənqidlərinə məruz qalır, kitabı isə SSRİ-də qadağan olunur. Amma son ana qədər Jid yazdıqlarından geri çəkilmir. 
Kultura.az fransız yazıçının SSRİ haqqındakı kitabını hissə-hissə tərcümə edərək, oxucularına təqdim etmək qərarına gəlib. Sovet imperiyasının dərk olunması baxımından Andre Jidin bu əsəri misilsiz mənbədir. 

SSRİ-də bir dəfə həmişəlik qərara alınıb - hər mövzuda hər kəsin yalnız bir fikri olmalıdır. Lakin insanların düşüncəsi elə formalaşdırılır ki, bu konformizm onları çətinliyə salmır, onlar üçün bu, təbii haldır, onlar bunu hiss etmirlər, bu haqda düşünmürlər, ona görə də, bunu ikiüzlülük adlandırmaq olmaz. Doğrudanmı, bunlar inqilab etmiş həmin insanlardır? Xeyr, bu insanlar inqilabdan faydalananlardır. Hər səhər “Pravda” onlara nəyi öyrənmək, nə barədə düşünmək və nəyə inanmaq haqqında məlumat verir. Və ümumi qaydaya tabe olmamaq heç də yaxşı hərəkət deyil. Nəticədə elə alınır ki, sən bir nəfər rusla söhbət edirsənsə, deməli, eyni vaxtda bütün rus xalqı ilə söhbət edirsən. Məsələ o bir nəfərin bütün göstərişləri hərfən yerinə yetirməsində deyil, sadəcə şərait elə qurulub, o, digərlərindən fərqlənmək gücündə deyil. Ruhun bu cür qəlibə salınması prosesinin lap körpəlikdən başladığını unutmamaq lazımdır... Onların səni, bir əcnəbini   heyrətləndirən qəribə davranışları, xoşbəxt olma bacarıqları məhz bu səbəbdəndir. Saatlarla növbədə dayanan insanlara sənin yazığın gəlir - onlarsa bunu tamamilə adi qəbul edirlər. Çörək, tərəvəz, meyvələr sənə görə pisdir – amma orda bunlardan başqası yoxdur. Gördüyün əşyalar, mallar sənə eybəcər görünür – amma onlara seçim üçün başqası təklif edilmir. Əgər heç nəyin müqayisə edilmə imkanı yoxdursa və keçmiş də lənətlənmişdirsə, o zaman sənə təklif edilən hər şeyi məmnuniyyətlə qəbul edirsən. Burada əsas məqam insanları, bir insan daha yaxşı dövrün gəlməsini gözləyərkən nə qədər xoşbəxt ola bilərsə, onların da o qədər xoşbəxt olduqlarına inandırmaqdır, onları dünyadakı bütün insanların onlardan daha az xoşbəxt olduqlarına inandırmaqdır. Bu cür inanca nail olmağın yeganə yolu xarici dünya ilə bütün əlaqələrə çıxışın etibarlı şəkildə qapanmasıdır (xarici dünya dedikdə sərhəddən xarici nəzərdə tuturam). Bunun sayəsində standart həyat şəraiti, yaxud müqayisədə daha pis həyat şəraiti olan bir rus işçisi özünü xoşbəxt hiss edir,  özünü daha xoşbəxt hiss edir, bir fransız işçidən daha xoşbəxt olduğunu düşünür. Onun xoşəbəxtliyinin tərkibi ümid, inam və məlumatsızlıqdır. 

Düşüncələrimi sahmana salmaq mənimçün həddən ziyadə çətindir – çünki bütün bu problemlər bir-birilərilə qarşılıqlı əlaqədədirlər və artıq bir-birilərinə sıx birləşmiş haldadırlar. Mütəxəssis deyiləm, buna görə də, iqtisadi problemlər məni yalnız psixoloji tərəfdən maraqlandırır. Təcrid olunaraq yaşamağın, sərhədlərin qapanmasının psixoloji səbəbləri mənə tamamilə aydındır: yeni düzən tam bərqərar olana qədər, işlər tam qaydasına düşənə qədər, SSRİ əhalisinin xoşbəxtliyi naminə bu xoşbəxtliyin xarici təsirlərdən qorunması vacibdir. 
SSRİ-də mədəniyyətə və elmə yönəlik fövqəladə səylər bizi heyran edir. Lakin bu təhsil insanları yalnız mövcud düzənə görə sevinməyə, “Oh, SSRİ... Ave! Spes unica!” (“Ah, SSRİ... Yaşasın, yeganə ümid!” İsa Məsihlə bağlı dini nəğməyə göndərmə - tərcüməçinin qeydi) deyə düşünməyə məcbur etmək funksiyasını görür. Və bu mədəniyyət də yalnız bir məqsədə xidmət edir, səmimi deyil, təmənnalıdır və demək olar, tamamilə tənqiddən məhrumdur (marksizmə baxmayaraq). Bilirəm, SSRİ-də “özünütənqid” deyilən bir şey var. Uzaqdan baxanda bu düşüncə tərzinə heyran qalmışdım və indi də o fikirdəyəm ki, əgər bu, səmimi və ciddi olaraq tətbiq edilsə, heyrətamiz nəticələr əldə etmək olar. Lakin tezliklə anladım, xəbərçilik və xırda bəhanələrlə şikayət etməkdən başqa (yeməkxanada sup soyuqdur, klubdakı oxu zalı yaxşı süpürülməyib), bu tənqid yalnız insanın doğru “xətt”ə uyğun olub-olmadığına dair özünü sorğulamasından ibarətdir. Burada “xətt”in özü müzakirə olunmur. Müzakirə olunan məsələ bu və ya digər işin, yaxud davranışın, yaxud hansısa nəzəriyyənin bu müqəddəs “xətt”ə uyğunluğudur. Bu “xətt”i keçmək istəyənlərinsə vay halına! “Xətt” daxilində ürəyin nə qədər istəyir, tənqid elə. Lakin “xət”dən kənara çıxmağa icazə yoxdur. Oxşar nümunələri tarixdən bilirik. Mədəniyyət üçünsə düşüncənin bu formasından daha təhlükəli bir şey yoxdur. 

Sovet vətəndaşı xarici ölkələr haqqında fövqəladə məlumatsızlıq vəziyyətindədir. Bundan əlavə, o, xaricdə bütün sahələrdə hər şeyin SSRİ-dəkilərdən əhəmiyyətli dərəcədə pis olduğuna inandırılıb. Bu illuziya məharətlə bəslənib saxlanılır: hər kəsin, hətta narazıların belə, onları şər qüvvələrdən qoruyan bir rejimin varlığına sevinməsi lazımdır.
İndi bir neçə nümunə ilə göstərəcəyim “üstünlük kompleksinin” də səbəbi budur.
Orada hər tələbə xarici dil öyrənməlidir. Fransızcaya qarşı tamamilə etinasızlıq hökm sürür. İngiliscə, əsas da almanca öyrənirlər. Lakin onların bu dillərdə necə pis danışdıqlarını eşidəndə heyrətə gəldim. Bizdə beşinci sinif məktəbliləri belə bunlardan daha yaxşı danışır. 
Bu haqda onlardan birindən soruşduq və belə bir cavab eşitdik (rusca cavab verdi, Cef Last tərcümə etdi): “Bir neçə il qabaq Almaniya və Birləşmiş Ştatlar bizə nəsə öyrədə bilərdilər. Amma indi bizim xaricidən öyrənəcəyimiz heç nə yoxdur. O zaman, onların dilində niyə danışaq ki?”

Əslində, xaricdə baş verənlərə qarşı tam laqeyd görünmürlər, lakin onları daha çox xaricilərin onlar haqqında nə düşündükləri narahat edir. Onlar üçün ən önəmli şey – onlara kifayət qədər heyran olub-olmadığımızı bilməkdir. Buna görə də, onların məziyyətləri, ləyaqətləri haqqında lazımı qədər məlumatlı olmadığımızdan narahatdırlar. Bizdən gözlədikləri bilgidən daha çox tərifdir. 

Uşaq bağçasının həyətində (gənclər üçün edilmiş başqa başqa hər şey kimi, bura da həqiqətən tərifə layiqdir) ətrafıma toplaşmış gözəl balaca qızlar dalbadal sual verirlər. Onlar Fransada uşaq bağçalarının olması ilə maraqlanmırlar, onları maraqlandıran şey budur: Fransada yaşayanlar SSRİ-də bu cür gözəl uşaq bağçalarının olduğunu bilirlərmi?
Onların verdikləri suallar bəzən elə sarsıdıcıdır ki, bu sualları burda səsləndirməkdən çəkinirəm. Kimsə bunları özümdən uydurduğumu düşünə bilər.  Mən deyəndə, Parisdə də metro var, üzlərində skeptik bir təbəssüm yaranır. “Hətta tramvaylarınız da var? Bəs avtobuslarınız necə, varmı?..” Bir nəfər soruşur ki, Fransada da məktəblər varmı? (söhbət artıq uşaqlardan getmir, bunu soruşan kifayət qədər təhsil almış işçidir). Digəri, bir az çox məlumatlı olan birisi, çiyinlərini çəkib deyir: “Hə, əlbəttə, Fransada da məktəblər var, amma ordakı məktəblərdə uşaqları döyürlər”. O, bunu etibarlı mənbələrdən öyrənib. Fransadakı bütün işçilər çox bədbəxtdirlər. Və təbii ki, bütün bunların səbəbi bizim hələ “inqilab etməməyimizdir”... Onlar üçün SSRİ-nin sərhədlərindən kənarda yalnız qaranlıq mövcuddur. Gözləri açılmış bir neçə insan istisna olmaqla, kapitalist dünyasında hər kəs qaranlıqda sürünür. 

Rus filmləri haqqında söhbət edərkən “Çapayev” və “Biz Kronştaddanıq” filmlərinin Parisdə böyük uğur qazandıqlarını deyəndə, təhsilli və çox yaxşı tərbiyə almış qızlar (yalnız xüsusi seçilmiş uşaqların daxil olduğu Artek düşərgəsində) xeyli təəccübləndilər. Axı onlara Fransada rus filmlərinin qadağan olduğunu söyləyiblər. Bunu onlara öz müəllimləri söylədiyinə görə, hiss etdim ki, onlar müəllimlərinin deyil, mənim sözlərimə şübhə edirlər. Fransızlar zarafatı sevirlər!

Heyran olmağımız üçün bizə təqdim edilən bir hərb gəmisinin (“Tamamilə SSRİ-də istehsal olunub”) göyərtəsində bir qrup dəniz zabitləri ilə söhbət edərkən, “Məncə, Fransada insanlar SSRİ-də baş verən hadisələr haqqında daha çox məlumatlıdırlar, nəinki SSRİ-dəki insanlar Fransada baş verənlər haqqında”, - deyə fikir bildirmək cəsarətini göstərdim. Dərhal etiraz tonunda deyinmələr başladı: “Pravda” bizi hər şey haqqında kifayət qədər məlumatlandırır”. Qəfil qrupdan lirik ruhlu bir nəfər dilləndi: “SSRİ-də baş verən bütün yeni, böyük və gözəl hadisələr barədə yazmağa dünyadakı kağızlar yetməz”.

Nümunəvi uşaqlar – vunderkindlər, medalçılar, diplomçular üçün cənnət olan bu nümunəvi Artek düşərgəsində (mənim fikrimcə, daha sadə və daha az artistokratik olan digər pioner düşərgələri daha üstündür) on üç yaşlı bir uşaq, səhv etmirəmsə, Almaniyadan gəlmiş, lakin burdakı düşüncə tərzini artıq mənimsəmiş bir oğlan mənə parkı göstərir və diqqətimi onun gözəlliyinə çəkməyə çalışır: 
“Baxın, son vaxtlara qədər burda heç nə yox idi... qəfildən o pilləkən peyda oldu. Bütün SSRİ-də vəziyyət belədir: Dünən heç nə yoxdur, sabah hər şey var. Ordakı işçilərə baxın, görün necə işləyirlər! SSRİ-nin hər yerində belə məktəblər və pioner düşərgələri var. Təbii ki, hamısı bu cür gözəl deyil. Çünki “Artek” dünyada yeganədir. Stalin özü bura ilə xüsusi maraqlanır. Bura gələn uşaqların hamısı da heyrətamizdirlər.
Bir azdan on üç yaşlı bir oğlanın ifasına qulaq asacaqsınız, o oğlan gələcəyin ən yaxşı skripkaçısı olacaq. Bizdə onun istedadı artıq o qədər yüksək qiymətləndirilir ki, çox məşhur qədim ustalardan birinin çox nadir bir skripkasını ona hədiyyə ediblər.
Hələ burada – bu divara baxın! Bu divarın cəmi on günə tikildiyini təsəvvür edə bilərsinizmi?”

Bu uşağın entuziazmı o qədər səmimidir ki, bu tələm-tələsik tikilmiş divarın üzərindəki çatları ona göstərmək istəmirəm. O, sadəcə onda qürur hissi yaradan şeyləri görmək istəyir. Heyranlıq içində davam edir: “Hətta uşaqlarda buna heyrətlənirlər”.

Ordakı bu uşaq nitqləri (bəlkə də, öyrədilmiş, təlqin edilmiş) mənə o qədər xarakterik təsir bağışladı ki, elə həmin axşam onları qeydə aldım və indi də sizə söyləyirəm...

Tərcümə: Rəşad Səfər

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade