post-title

Aqşin Yenisey: “Sevgidən və qadından yazmaq…”- MÜSAHİBƏ


“Düşünən başı olan tənha ola bilməz”

“Milli şüurumuz vağzal görünüşlüdür, aydın dəyərlər sistemimiz yoxdur”

- Azərbaycanın ictimai-siyasi həyatındakı böhranı nə ilə əlaqələndirərdiz?

- Müzakirə mühitinin olmaması ilə. Ancaq bir məsələ də var ki, bizim toplum müzakirə mühitinə hazırdırmı? Müzakirə mühitini qarğabazarı kimi başa düşmür ki? Müzakirə aparmaq üçün etikaya və bilgilərə sahibdirmi? Ya hər kəs öz eqosunun istəyinimi bilgi kimi dəyərləndirir? Danışan faktlarmı, təhlillərmi olacaq, yoxsa boş başlara dəlik kimi açılmış ağızlarmı? Milli şüurumuz vağzal görünüşlüdür, aydın dəyərlər sistemimiz yoxdur. Babəkmi, imam Əlimi? Avropa hüququmu, müsəlman şəriətimi? Seçim etməliyik. Biz bunları qarışdırıb özümüzə mənəvi-psixoloji bir kokteyl hazırlamışıq, içəndə hər kəsin başı hərlənir.“Yaxşısını götürək, pisini ataq” milli psixologiyamızın ruhu bu kəlmələrdədir. Amma yaxşısı nədir, pisi nədir, aydın bilgilərə sahib deyilik. Tutaq ki, Avropa hüququnu yaxşı deyib götürdük, bunu patriarxal müsəlman əxlaqına necə uyğunlaşdıraq? Yaxud müsəlman patriarxalizmini qoruyaq, onda Avropa hüququna necə sahiblənək? Seçim etməliyik və bunun üçün açıq müqayisə müstəvisi də var. Bir yanda hüquq dövlətlərinə 80 ölkə içində liderlik edən Danimarika, o biri yanda bu 80 ölkənin arasında adları belə çəkilməyən qardaş müsəlman ölkələri. 
“Onları az adam sevir, amma oxumağa məhkum idi”


- Gözləntiniz nədir, problemləri arxada qoya biləcəyikmi?

- Həlli mümkün olmayan tənlik yoxdur, əgər o riyazi qanunlara uyğun tərtib olunubsa. Bir də var, özü-özünü çözmək əvəzinə, getdikcə dolaşdıran mücərrədlik. Hakimiyyətin və müxalifətin, hətta xalqın özünün belə sevməyə cəsarət etmədiyi şəxsiyyətlərə, fikir adamlarına ehtiyac var. Həm hakimiyyət, həm müxalifət, həm də xalq onlarla döyüşə-döyüşə söz və fikir azadlığı, hüquq bərabərliyi, demokratiya haqqında bilgilərə yiyələnə bilərlər. Tərcümə kitabları ilə xalqa demokratiya dərsi keçmək olmur. Xristianlıq inkivizisiyadan sonra Avropa aydınları ilə süpürləşə-süpürləşə özü də aydınlandı. Kilsə və Avropa monarxları ilə vuruşan Volteri, Didronu, Russonu, Mönteskyönü xatırlayın. Onları çox az adam sevirdi, amma hamı oxumağa məhkum idi. 

- Hesab olunur ki, günümüzün problemləri mövcud ədəbiyyatda öz əksini tapmır, hamı daha çox sevgidən, qadından yazır.

- Tarix boyunca sevgi və qadın ən təhlükəsiz mövzular olub. Şair və yazıçılarımızın sevgidən və qadından yazması heç də onların humanist və gözəllik aşiqi olmalarından irəli gəlmir. Sevgidən və qadından yazmaq siyasi və əxlaqi qorxaqlığın nəticəsidir. İkincisi, hər bir ciddi sənətkar çalışır ki, özünü öz xalqının yox, sənətin düyadakı inkişafına uyğunlaşdırsın. Bu gün sənət hansı mövzuları müzakirə edir və bu mövzuların arasında biz varıqmı? Yəni, ədəbiyyatımızın günümüzü əks etdirməməsinin əsas səbəbi budur ki, bizim günümüzün problemi sənətdə çoxdan həll olunmuş məsələlərdir. O problemlər, sadəcə, bizim cəmiyyət üçün aktualdır. İndi ədəbiyyatda heç kim xeyir və şər arasında ATƏT-lik etmir. Bu gün sənət ibrət meyarları yaratmır.“İctimai romanlar” dövrü Dostoyevski ilə bağlandı. Avropada “müəllif ölüb” desələr də bu hərfi mənada doğrudur, reallıqda isə müəllif ölməyib, qəhrəmana və qəhrəmanlara çevirilib.Yazıçı ilə obraz arasında sərhədlər götürülüb. Amma biz hələ də anasına baxıb qızını, müəllifinə baxıb romanını tərifləyirik.

- Sizcə, şeir dövrü bitibmi Hazırda oxucuların daha çox müzakirə etdiyi əsərlər də nəsrə aiddir.Romanlar daha çox oxunur.Bu sizə nə ifadə edir.

- Yaddaşımız, alt şüurumuz dil şəklində mövcuddur, yaradıcı şəxslər bunu təxəyyülləri vasitəsilə obrazlara çevirirlər. Roman daha çox şüur hadisəsidir, əsl şeir isə birbaşa altşüurun özünüifadəsidir. Homerin, Nizami Gəncəvinin, Con Miltonun, Şekspirin yazdıqlarına şeir demək doğru deyil hardasa, bu mətnlər qafiyəli cümlələrlə yazılmış nəsrdir. Çünki misra odur ki, onu heç vaxt cümlə kimi yazmaq mümkün olmasın. Şeir Füzulinin, Vaqif Bayatılının yazdıqlarıdır və əsl şeir bütün zamanlarda qıt olub. Müasir roman isə ədəbiyyatdan daha çox, istehsal hadisəsidir. Məsələn, Amin Maalof adlı bir yazıçı var, hamının orta məktəbdən bildiyi tarixi hadisələri yazır və bir sürü işbaz adam bu kitabları satıb pul qazanmaqla məşğuldur. Amin Maalof roman istehsalı ilə məşğul olanların ən yaxşısıdır hələ. Böyük kitab mağazalarına yeni romanlar hər gün pivə yeşikləri kimi gətirilir. Şeiri heç vaxt belə bir kütləvilik gözləmir. Əsl şeir həmişə qıt olacaq və bu, onun tükənməsi demək deyil.


- Sizin haqda, elə sizi yaxşı tanıyan adamlar deyirlər ki, Aqşin içkini buraxandan sonra yaza bilmir.

- Bu cür tənqidləri müsbət qarşılayıram, çünki özümü təftiş etmək üçün yuxumu qaçırırlar. İçki mənə hissiyyatımı elastikləşdirmək üçün çox kömək edib, buna görə ona təşəkkür düşür və bütün yaradıcı gənclərə ziyanlı vərdişlərdən çəkinməməyi tövsiyyə edirəm. Özünü cəzalandırmanın bundan yaxşı yolu yoxdur. Anar müəllim deyir ki, yaxşı əsərlər totalitar şəraitlərdə yaranır. Amma onun nəzərdə tutduğu totalitarizm yazıçı, şair üzərində başqasının nəzarətidir və belə nəzarətdə heç vaxt yaxşı əsər yarana bilməz, ya da yalnız yarandığı mühit üçün yaxşı ola bilər. Yaxşı əsər yazıçının özünün özünü cəzalandırması, özünün öz vicdanı qarşısında hesabat verməsi nəticəsində yarana bilər. Qaldı ki, içkini tərgidəndən sonra mənim yaza bilməmək faciəmə, tələsməyək, mən içki ilə vidalaşandan sonra hələ ki, kitab nəşr etdirməmişəm. Bu qənaətləri yeni kitab çıxandan sonraya saxlayaq.

“AYB ədəbi polis təşkilatıdır”

- Niyə tez-tez, bəzən də mütəmadi olaraq AYB-ni, Anarı hədəfə alırsız Bu haqda son zamanlarda müdafiə olunan bir fikir var ki, yazarların bir qismi AYB-yə məişət müstəvisində qısqanclıq edirlər.

- Tənqidlərin hədəfi Anarın özü deyil, ölkədə ədəbiyyata inzibati nəzarət rolunu oynayan, artıq çoxdan dağılmış totalitar sistemdən miras qalmış bir ədəbi polis təşkilatın mövcudluğudur və bu təşkilat büdcədən aldığı pullarla ədəbiyyatın əleyhinə fəaliyyət göstərir. Şəxsən məni oxucuların vergisi hesabına əyri-üyrü adamların ədəbiyyatımızı məhv etməsi narahat edir. Bu təşkilatda struktur dəyişikliyi edib, bəlkə də, onu bir sənət mərkəzinə çevirmək olar. Amma indiki halda AYB və Anar müəllim hələ də Stalinin göstərişlərini həyata keçirirlər.

- Məsələn, nə Anar, nə də AYB var. Nə baş verərdi?

- Ən azı, ədəbiyyatımızdakı totalitar mütilik aradan qalxardı, xalqa və hökumətə yarınan yazıçı və şair obrazı ictimai dəyər yox, karikatura mövzusu olardı.

- Kimləri dünya ədəbiyyatı pilləsinə çıxarıb özgələri qarşısında üzümüzü ağ edə bilərik İndikilər, ya keçmişdəkilər - fərqi yoxdur.

- Biz kimlərisə təklif etməklə bu işi çözə bilmərik. Azərbaycan ədəbiyyatının dünyaya çıxışı olmalıdır ki, dünya oxucusunun seçim imkanı olsun. Bizə görə Bakıda dahi olan şairin şeiri, yad dilləri demirəm, qardaş türk dilinə uyğunlaşdırılanda metal yığınına çevrilir. Bir məsələni də deyim ki, dünya ədəbiyyatına çıxmaq üçün, sadəcə, kiçik maddi imkan lazımdır. Jurnallar və naşirlər kimliyindən asılı olmayaraq yeni mətnlərin yolunu gözləyirlər.Yetər ki, tərcümə edib onlara təqdim edəsən. Biz bir dövlət olaraq özümüz maraqlı deyilik dünyada tanınmağa.Ya da belə tanınırıq; Qərbin məşhur müğənnisini gətirib onların özlərinə Bakıda konsert veririk.Biz burada Türkiyədə bir jurnala internetlə məktub yazdıq və jurnalın bir nömrəsini Azərbaycan poeziyasına ayırdılar.Adamların üzünü belə görməmişik hələ.


- Ümumiyyətlə, sizə elə gəlmir ki, yazarlarımız özlərini əsərləri ilə yox, sosial şəbəkələrdə fiziki mənada tanıdıb oxucunun bayağı istəklərilə hesablaşan virtual zombiyə çevrilirlər.

- Öz gənclərimizi bu qədər aşağılamayaq. Şərait yaratmaq lazımdır ki, onlar qızlı-oğlanlı bacardıqca səhv edə bilsinlər. Səhv ən gözəl müəllimdir. Hüqo yazır ki, tanrı birinci siçanı yaratdı, sonra başa düşdü ki, səhv edib, dərhal pişiyi yaratdı. Demək istəyirəm ki, həyatın özü də tanrının səhvləri ilə zəngin və maraqlıdır. Əgər o, Hüqonun dediyi siçan səhvini etməsəydi, indi, ən azı, uşaqlar “Tom və Cerri” kimi əbədi bir qaçdı-tutdunu izləmək zövqündən məhrum olardılar.


- Aqşin bəy, cəmiyyətimizin mühafizəkarlığında və yeniliyə açıq olmamasında islam dinin rolu varmı.

- “Rolu varmı” yumşaq ifadədir, islam dini islam dünyasının yeganə faciəsidir. Xristianlıq çoxmillətliliyi ifadə etdiyi üçün mentalitet qatqısı yoxdur. İudaizmdə və islamda vəziyyət belə deyil. Qatı müsəlman harada yaşamasından asılı olmayaraq, özündə həm də bir ərəbi təmsil edir. Avropa inkvizisiyadan sonra xristianlığı kilsəyə sıxışdıraraq dünyaya açıldı və bu barədə minlərlə kitab yazılıb. Xristianlar öz “Antixrist”lərini yazdılar, biz öz “antiməhəmməd”imizi yaza bilmədik və bu gün əlimizi-qolumuzu sallayıb, sadəcə, öz məhvimizə baxırıq. Biz daha bəşəriyyətə lazım deyilik.

“Öz millətinə görə narahat olmayan şair kölədir”

- Daha çox dini mühafizəkarlıqdan, bu dinin cəmiyyətə heç nə qazandırmamasından yazırsız. Sizcə, bizdə kosmopolit düşüncə tərzi hakim mövqedə dayansa, bu, çıxış yolu olacaq?

- Kosmopolitizm də din qədər təhlükəli ideologiyadır. Kosmopolitizm kommunizm ideologiyasının təməl prinsiplərindən biridir. Belə ki, kommunizm millətçiliyi qəbul etmir, çünki kommunizmin düşməni olan milli burjuanın təməl duyğusu millətçilikdir. Marksla Bakunini ayıran məsələlərdən biri də bu idi. Bakunin Marksı gizli millətçi hesab edirdi. Sovet KQB-si də buna görə millətçiləri aradan götürürdü. Bundan xəbəri olmayan bizim gerizəkalılar isə elə bilir ki, kosmopolitzm insanpərvərlikdir və vətəni, milləti sevmək barbarlıqdır. Halbuki məqsədi dövləti ictimai qurumlarla əvəzləmək olan Marksın kommunist davamçıları dünyanın ən qəddar və ən millətçi dövlət liderləri idilər. Yeganə meyar hüquq dövləti qurmaqdır.

- Salam Sarvanın yaratdığı məlum qalmaqaldan sonra o fikir gündəmdə idi ki, yazar millətçi, vətənpərvər olmamalıdır.Niyə?

- Mən millətçi və vətənpərvərəm. Öz millətinə və vətəninə görə narahat olmayan şair mənə görə kölədir.

- Bəs niyə öz ölkəsi adına döyüşə gedən Heminquey, Selincer, yaxud ölkəsinin imperiya savaşlarına haqq qazandıran Kamyu, Hüqo bizdə sevilir, amma millətçilikdən danışan hansısa şairimiz, yazıçımız yeni yetişən ədəbi mühit tərəfindən dışlanır?

- Bu, sadəcə, savadsızlıqdır, öz ölkəsinin tarixini bilməməkdir. Ancaq bir məsələ də var ki, məşhur ifadədə deyildiyi kimi, vətənpərvərlik, adətən, fırıldaqçıların sığınacaq yerinə çevrilir.Tənqidə açıq tərəfi də vətənpərvərliyin məddahlığa imkan tanımasıdır. Ancaq bu, bir reallıqdır ki, məddaha ehtiyacı varsa, problem vətənin özündədir.

- Qarabağ üçün döyüşərdiniz?

- Nəinki Qarabağ, Salyanın şoran torpaqları üçün də döyüşərəm və bunun şəhidlik zirvəsi ilə, filanla heç bir əlaqəsi yoxdur. Ankarada hər gün suriyalı uşaqlarla qarşılaşıram, cır-cındır içində, əyinlərində böyük adam paltarları kafelərdə yemək masalarına yaxınlaşıb kirli əlləri ilə adamlardan yemək istəyirlər. Öz övladımı bu vəziyyətdə təsəvvür edəndə, düşmən öldürmək gözümdə müqəddəsləşir.

- Bizim yazarlar elə bil tənhalıq məsələsini bir az yanlış anlayırlar. “Sənə məktub yazıram”da yalnız (yalqız) adamı gözəl təsvir etmisiz.Sizcə, yalnızlıq bölüşülürmüFeysbuk-da tənhalıqdan danışan yazar nə dərəcədə məntiqlidirHesab etmək olar ki, yalnızlıq, yalqızlıq yazar üçün qidadır, bundan yemlənib daha yaxşı əsər yazmaq olardı bir köşəyə çəkilib.

- Mənim şeirimdəki yalqızlıq məişət təkliyidir, fəlsəfəsiz-zadsız. Və mənə görə tənhalıq həmişə məişət hadisəsi olub.Tənhalığı müfləşdirənlər, fəlsəfələşdirənlər onu yaşaya bilməyənlərdir, yaşamaq istəməyənlərdir. Başı və başının içində düşünən beyni olan insan tənha ola bilməz. Səni qəbul etməyə bilərlər, bu isə yaradıcı adamın yaradıcı olmayanlarla yeganə fərqidir.Buna görə şeirdə zırıldamaq yox, məsələn, balkonda siqaret çəkmək olar.

Cəbhə.info

Yuxarı