Seymur Baycan: "Zəruri metaforalar"

Сеймур БАЙДЖАН


Onsuz da vəziyyət çox mürəkkəbdir, camaat çox əsəbidir, biz yazarlar da bir tərəfdən vəziyyəti mürəkkəbləşdirsək aləm qarışar, olan-qalan ağlımızı itirərik. "Niyə belə oldu?", "Niyə bu günə düşdük?", "Böhrandan necə çıxmaq olar?", "Bizi gələcəkdə nə gözləyir?", "Bizi ümumiyyətlə gələcək gözləyirmi?" kimi suallara yazıda cavab axtararkən, maksimum çalışıb yazını sadə dillə yazmalıyıq, sadə misallar gətirməliyik, terminlərdən qaçmalıyıq, əgər hətta varsa belə savadımızı, biliyimizi, intellektimizi camaata göstərməməliyik.

Fürsətdən istifadə edib yazar dostlarıma müraciət edərək onları mürəkkəb vəziyyəti sadələşdirməyə çağırıram. Bu müraciətdən xüsusən hörmətli Zamin Hacı öz payını götürsə çox yaxşı olar. Hörmətli Zamin bəy az qala hər yazısında xalq arasında "Narxoz" adlanan institutu bitirdiyini bizlərə xatırladır, yeri gəldi gəlmədi özünün iqtisadi biliklərini nümayiş etdirir. Halbuki, sovet zamanı "Narxoz"da rüşvət tüğyan edirdi, hətta səhv etmirəmsə oranı bir dəfə rüşvətə görə əməlli-başlı bağlamışdılar. Zamin bəyin əvəzinə başqası olsaydı "Narxoz"da oxumağını gizlədərdi və ordan aldığı diplomu sakitcə yandırardı. Özündən demək olmasın, məsələn, mən üc il dövlət və bələdiyyə idarəetməsi fakultəsində oxumuşam, özü də rüşvətsiz. Ancaq bu vaxta qədər bir dəfə də olsun yazılarımda dövlətin və bələdiyyələrin necə idarə olunması haqqında fikirlərimi və düşüncələrimi yazmamışam. Terminlərdən çox nadir hallarda istifadə edirəm. Oxuduğum hansısa əsərlə baş verən hadisələr arasında yazıda paralellər apararkən bunu o qədər sadə nəql edirəm ki, sanki nağıl danışıram. Yazarın işi mürəkkəbləşdirmək deyil, sadələşdirməkdir. İndi isə mürəkkəb vəziyyəti necə sadələşdirməyin konkret nümunəsini göstərmək istəyirəm. Elnur Astanbəyli səninləyəm, diqqətlə oxu və gör yazı necə yazılır, mürəkkəb vəziyyət necə sadələşdirilir.


Mürəkkəb vəziyyətin sadələşdirilməsi haqqında birinci nümunə:


Tutaq ki, F. adlı kifayət qədər populyar müğənni 90-cı illərdə müxalifət düşərgəsində idi. Onu efirə buraxmırlar, dövlət təbdirlərinə çağırmırlar. Çünki F. adlı müğənni "pis adamlara" qoşulmuşdu, müsahibələrində hakimiyyət əlehinə ağzına gələni deyirdi. Lakin F. adlı müğənni efirə buraxılmasa da, dövlət tədbirlərinə çağırılmasa da onun hörməti camaatın arasında günü gündən artırdı. Çunki o vaxt müxalifət düşərgəsi də kifayət qədər böyük idi. Başqa vətəndaşların simpatiyasını qoyuram kənara, elə təkcə siyasi mövqeyinə görə müxalifət düşərgəsinin hörmətini qazanmaq, bu duşərgənin sevimlisinə çevrilmək F. adlı müğənniyə bəs edirdi. Aylar, illər ötdü, çox sular axdı və ölkəyə pul gəldi. Hakimiyyət dedi ki, artıq bizim pulumuz var, F. oxumur cəhənnəmə oxumasın. Gedin pulunu verin Şakiranı, Rihannanı gətirin oxusun. Düzdü F. vəziyyəti dəyərləndirərək, vəziyyəti başa düşərək artıq 2005-ci ilin sonunda özü həvəslə oxumağa hazır idi, lakin təəssüf ki, ona o qədər də ehtiyac qalmamışdı. Şakira olan yerdə kimdir F-ya fikir verən? Məsələ bu qədər sadədir. Beləliklə F. bir müğənni və bir insan kimi hörmətini xeyli itirdi. Başqa bir müğənnini qızışdırıb saldılar onun üstünə, dava-şava qalxdı. Beləliklə 2005-ci ilə qədər böyük bir hörmət sahibi olan F. adlı müğənnini bir qəpiklik edib, atdılar kənara. Ondan əla bir təlxək düzəltdilər.


Mürəkkəb vəziyyətin sadələşdirilməsi haqqinda ikinci nümunə:


Pul olmayanda gərək pulla görəcəyin işləri sözlə, danışıqla, vədlərlə, müxtəlif hərəkətlərlə həyata keçirəsən. Məsələn, hazırda, indiki şəraitdə bizim vətənimizidə nadir istisnaları nəzərə almasaq qadınla ciddi təmasda olmağın geniş yayılmış üç yolu var.

1. Evlənməlisən. (Yəni işi sənədləşdirməlisən, yazılmamış həm də yazılmış qanunlarla təması tənzimləməlisən. "Hə" almalısan, nişan taxmalısan, Novruz bayramında, Qurban bayramında, 8 Martda, Yeni İldə, qızın, qızın atasının, anasının, bacısının, qardaşının, ola bilər hətta qızın əmisinin, xalasının ad günlərində qız evinə hədiyyə daşımalısan, xına yaxmalısan, nəhayət toy etməlisən, zaqsa girməlisən və dəxi bu kimi vacib əməllərlə xalq və dövlət qarşısında təmasını qanuniləşdirməlisən.)

2. Dayanmadan klipə çəkilməlisən. (Şeirlə, romantikayla, ulduzlara baxmaqla, qarda dombalaq aşmaqla, ağlamaqla, gülməklə, mənalı baxışlarla, vədlərlə, oldu alovlu mesajlarla, sürprizlər etməklə, güllərlə, şokoladlarla, onu darıxmağa qoymamaqla, qısqanmaqla, qısqandırmaqla zadla ciddi təmasa girmək mümkündür. Lakin bu çox üzücü və çox yorucu prosesdir. Demək olar ki, uzun və incə bir yoldur. Bu prosesin, bu yolun axırı çox vaxt ağır qarğışların hədəfinə çevrilməklə qurtarır. Yeri gəlmişkən onu da qeyd edim ki, 90-cı illərdə bir vasitə olaraq vəd vermək (əmimin, xalamın ili cıxsın, ev tikilsin, atam Rusiyadan qayıtsın, böyük qardaşım evlənsin səni alacam deməklə) nisbətən ciddi və daha ciddi təmasa girmək prosesində çox istifadə olunurdu.

3. Pulla. (Pulunu verib xahişsiz, minnətsiz, məsuliyyət daşımadan ciddi təması həyata keçirirsən. Azpetrol yaxşı yol! Daha ulduza, aya, günəşə və digər səma cismlərinə baxıb çənən çıxana qədər danışmağa, gül-çiçək daşımağa, yağışın altında islanmağa, qarın içində dombalaq aşmağa, dərin və mənalı baxışlara, bir sözlə təlxəklik etməyə ehtiyac qalmır.)

Müxtəlif dövrlərdə yaşamış bir çox tarixçilər, fikir adamları, yazıçılar öz əsərlərində xalqı qadına bənzətmişlər. Biz də belə bir bənzətmə aparsaq mürəkkəb vəziyyət hədsiz dərəcədə sadələşər, terminlərə, əgər varsa biliyimizi, savadımızı, intellektimizi nümayiş etdirməyə, oxuduğumuz əsərlərlə baş verən hadisələr arasında paralellər aparmağa ehtiyac qalmaz. Beləliklə, ölkədə pul olmayanda hakimiyyət camaatımızla söhbətlər, görüşlər, siyasi şoular, müxtəlif cəlbedici, adamın ağzını sulandıran, xəyallarını pərvazlandıran vədlər vasitəsi ilə təmasa girir və öz daxili siyasətini həyata kecirirdi. Pul olmayanda hakimiyyət deyirdi ki, indi vəziyyət ağırdı, xonça düzəltməyə, toy eləməyə, ev tikməyə imkan yoxdur. Darıxma, səbirli ol, bir az vəziyyət düzəlsin mütləq səni alacam. Özünüzü yaxşı aparsanız hətta hovuza su da buraxacağıq. Pul gəldi və söhbət etməyə, görüşməyə, danışmağa, səma cismlərinə baxmağa, yağışda islanmağa ehtiyac qalmadı. Hakimiyyət beşdən-üçdən verib öz daxili siyasətini asanlıqla həyata keçirdi. Düzdü, camatımız istəyirdi ki, həm hakimiyyətdən pul alsınlar, həm də daxili siyasətin həyata keçməsi prosesi zamanı hakimiyyət və xalq arasında yalandan da olsa, bir az hisslər də olsun. Xalq hər şeyə hazır idi, hakimiyyətdən sadəcə bir az hisslərin imitasiyasını istəyirdi. Baxmayın, bir az utanırdılar. Şərqdə ilk demokratik dövlət, Şərqdə ilk opera, Babək, Nəsimi, Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Molla Nəsrəddin jurnalı, "qırx il qul kimi yaşamaqdansa bir gün azad yaşamaq", 80-ci illərin sonunda yapon jurnalının azərbaycanlıları ilin xalqı elan etməsi kimi söhbətlər və mövzular, qonşu Gürcüstanda hakimiyyətin xalqa təmasa girməsinin qanuniləşməsi bizim hakimiyyətin pul vasitəsi ilə öz daxili siyasətini asanlıqla həyata keçirməsi prosesində xalqın bir balaca utanmasını şərtləndirirdi. Camaat yaratdığı və özünü inandırdığı obrazın qurbanına çevrilmişdi. Bütün hallarda hər şeyi öz adıyla çağırmaq, hər bir prosesə öz adını qoymaq o qədər də asan deyil. Amma hakimiyyət dəhşətli bir qəddarlıq nümayiş etdirdi. Hakimiyyət dedi ki, arada qətiyyən hisslər olmayacaq. Nə doğrusundan, nə də yalançısından. Bunu ağlınızdan belə keçirməyin. Daxili siyasətin həyata keçirilməsi prosesində hisslər olacaqsa daha sizə niyə pul verməliyəm. Mən pulumu verəcəm siz də məni olduğum kimi qəbul edəcəksiniz, məni olduğum kimi sevəcəksiniz. Əgər məni olduğum kimi sevməkdən çox utanırsınızsa, Axundov, Zərdabi, Mirzə Cəlil, Hacıbəyov kimi şəxsiyyətlər, Şərqdə ilk demokratik respublika qurmağınız, Molla Nəsrəddin jurnalı və bu kimi söhbətlər sizi utandırırsa onda daxili siyasətin həyata keçirilməsi prosesində özünüz hissləri imitasiya edin. Beləliklə camaatımız daxili siyasətin həyata keçirilməsi prosesində öz tərəfindən hissləri imitasiya etmək uçun kilometri allah bilir neçəyə çəkilən və bir il keçməmiş darmadağın olan yollarla, bir tərəfi bəzədilib o biri tərəfi uçub dağılan binalarla, bayağı mərmər parklarla, ən uca bayraq dirəyi və alov qullələriylə, mənasız mahnı və idman yarışlarında əldə edilən mənasız uğurlarla fəxr etməyi bir fürsət kimi dəyərləndirdi. "93-də küçəyə çıxmaq olmurdu", "Tikdikləri xalqa qalacaq", "Ermənistanda da insan haqları pozulur", "Rüşvət hər yerdə var", "Polis hər yerdə adam döyür", "Hər halda ölkədə gedən abadlıq işlərini danmaq olmaz", "Bu inkişafı necə görməmək olar?" , "Bunlar yeyib-doyublar" və sairə və ilaxır kimi arqumentlərlə özlərinə zirehlər hörüb, sistemin yaratdığı şəraitdən bacardıqları qədər yararlanmağa çalışdılar. Özləri-özlərini bu süni arqumetlərinə inanmağa məcbur elədilər. İndi məlum səbəblərdən pul sürətlə azalır. Pul sürətlə azaldıqca daxili siyasəti həyata keçirmək prosesi günü-gündən olduqca çətinləşir. İndi daxili siyasətin həyata keçirilməsi prosesi ya qanuniləşməlidir, ya da ikinci variant işə düşməlidir, hakimiyyət tərəfindən camaata qarşı hisslər və duyğular ortaya çıxmalıdır. Bu da çox çətin prosesdir. Əvvəla geriyə qayıtmaq həmişə çətindir. Həftə sonları Milanda alış-veriş edən adam necə gedib indi "second hənd"-dən özünə pal-paltar alsın. Nəinki Milanda alış-veriş edən adamın, hətta "Zara"-dan pal-paltar alan adamın belə təzədən geriyə qayıdıb, gedib "second hənd"- dən pal-paltar alması rəsmən zülmdur, təhqirdir. Daha aydın desək, bu vaxta qədər pulla görülən işi indi qanunla tənzimləmək, yaxud təzədən romantikaya qayıtmaq, "səni sevirəm" demək asan deyildir. “Axırıncı aşırım” filmində Kərbəlayinin dediyi kimi: “Mən heç o nökər İmanin daxmasını da tanimiram indi istəyirsən ki, onun asdığı bayrağın altından keçim?” İkincisi, adamlar da pis öyrənib. Onlar daha sevgiyə inanmırlar. Sevgiyə inamlarını itiriblər. Üçüncü variant da var. Üçüncü variant camaatın müasir tibbin tanıdığı fürsətdən yararlanaraq "vəziyyəti" bərpa etdirməsindən və təzə sponsor axtarmasından ibarətdir. Belə də ki, unudulanlar unudanları əsla unutmazlar. Ümumiyyətlə hər bir xalq, hər bir cəmiyyət öz laqeydliyinin cavabını verməlidir. Özu də qat-qat ağır formada.


Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade