“Alatoranda yazılanlar” – Seymur Baycan

Сеймур БАЙДЖАН

“Bizim nəslin qismətinə uçmaq üçün qanad qazanmaqdan başqa, bir də uçacağımız fəzanı yaratmaq düşdü”.

Rasim Qaraca

Bu günə qədər yüzlərlə yazı yazmışam, amma bu gün on, maksimum on beş yazının altına nisbətən rahatlıqla imzamı qoya bilərəm. Qalanları gözümdən düşüb və sürətlə gözümdən düşməkdədirlər. Vəziyyətin bu cür hal almasınının təbii, yoxsa qeyri-təbii prosesin nəticəsi olduğunu dəqiq bilmirəm. Bəlkə də elə belə olmalıdı. Hadisələrə, əsərlərə, ümumiyyətlə həyata baxış dəyişir. Gündəmi zəbt etmiş keçici, xırda, əhəmiyyətsiz hadisələrə baş qoşmamağa, daha qalıcı, daha vacib hesab etdiyim mövzularda yazılar yazmağa nə qədər çalışsan da bir vaxtlar yazdığın yazılarda nümayiş etdirdiyin emossiya köhnəlir. Köhnə yazıları oxuyarkən özüm-özümə sual verirəm: “Görəsən niyə bu qədər həyəcanlanmışam?” O vaxtın həyacanı, emossiyası indi mənə bayağı, yersiz, lazımsız görünür.

Məhz bu səbəblərdən Rasim Qaracanın “Alatoranda yazılanlar” kitabında köhnə, hətta lap köhnə yazılara rast gəldikdə çaşıb qaldım. Yəqin Rasim istəyib ki, kitabı qalın olsun – nə gizlədim, gizlətməli bir şey də yoxdur, açığı ağlıma gələn ilk fikir bu oldu. Köhnə yazıların kitaba salınmasını gərəksiz hesab etdim. Lakin kitabı oxuduqca fikirimi dəyişməyə məcbur oldum. Nə yaxşı Rasim köhnə yazıları kənarda saxlamayıb. Çünki, kitabı oxuduqca ötən illərdə baş verən müxtəlif cür hadisələri, ötən illərin ab-hasasını, məclisləri, səfərləri, qəzetlərin ədəbiyyat əlavələrini, qəzetlərin ədəbiyyat səhifələrini, nə yolla olur-olsun ruh düşkünlüyü yaratmaq istəyən, sənə bir heç olduğunu sübut etmək istəyən saysız hesabsız adamları canlı-canlı xatırlayırdım.

Kitabı oxuduqca, hətta ən köhnə hesab edəcəyimiz yazılar belə öz yerini tutur və böyük bir tablonun yaranmasına öz xidmətin göstərir. Bu tabloda nələr yoxdur? Dava-dalaşlar, yeni düşüncəyə qarşı həqarətlər, kinayələr, ümid, ümidsizlik, məğlubiyyətlər, nadanlıq, cəhalət, yaltaqlıq, simasızlıq… Saymaqla qurtaran deyil, hər şey var bu tabloda. Yazıları oxuyub düşünürəm ki, bəli həqiqətən də, doğurdan da illər gəlib gedib. Nə qədər adam hər iki mənada artıq yoxdu. Yazıları oxuyuram və düşünürəm ki, görəsən biz hansı günahın sahibi idik, hansı bağışlanmaz cinayəti törətmişdik? Sanki ölkədə baş verən bütün bəlaların baiskarı biz idik. Ötən illərdə baş verən hadisələrdən məlumatsız bir gənc insan “Alatoranda yazılanlar” kitabını oxuduğu zaman xeyli qəribə-qəribə adlara rast gələcək. Hadisələrdən xəbərsiz bir insanın beynində belə suallar yarana bilər: “Kimdir bu adamlar? Niyə onların əlehinə yazılar yazılıb? Bu adamlara qarşı yazı yazmaq nəyə lazım imiş? Bu davaların səbəbi nə imiş görəsən?”

Bu adamlar, özündə güc tapıb ortaya çıxmış beş-altı gəncin üstünə qarğa quzğun kimi tökülmüş, bu beş-altı gəncə bir heç olduqlarını sübut etməyə çalışan, onları söndürmək istəyən adamlar idi. Yazıları oxuyuram və başa düşürəm ki, doğurdan da onların sayı həddindən artıq çox olub və onlar hər yerdə idi. Televiziya kanallarında, müxalifətyönlü və iqtidaryönlü qəzetlərdə, radiolarda, jurnallarda, müxalif partiyaların qərargahlarında… Bütöv bir ordu. Hara gedirdin həqarətli, kinayəli bir münasibətlə qarşılaşırdın. Bilmirdin kimə cavab verəsən. Ataları donosbaz, bioqrafiyaları başdan-başa ləkəli sovet ziyalılarına pərəstiş edən kölələri, yaltaqları gördükdə adamın ürəyi qalxırdı. Ən qəribəsi odur ki, belə kölələr müxalifət düşərgəsində daha çox idi. Biz hər hansı formada pis vəziyyətə düşəndə onlar açıq aşkar sevinirdilər. Heç cürə başa salmaq olmurdu ki, bizim məğlubiyyətimiz elə sizin mənsub olduğunuz düşərgənin, ümumilikdə ölkənin və camaatın məğlubiyyətidir. Siz sovet ziyalılarına pərəstiş etdikdə, büdcədən maliyyələşən ittifaqları qoruduqda mübarizə apardığınız hakimiyyətin ömrünü uzadırsınız. Günlərin bir günü başa düşdüm ki, bütün bu izahlar mənasızdır. Azərbaycanda ordeni, medalı, vəzifəsi, pulu olmayan yazıçıya sadəcə nifrət edirlər. Vessalam. Görəsən, biz bu qədər həqarətin, kinayənin, düşmənçiliyin qarşısında necə tab gətirə bildik? Bu özümə də qəribə görünür. Görəsən, insan həyatında neçə dəfə “sən kimsən” sözünü eşitməlidir? Yüz dəfə, min dəfə, yoxsa on min dəfə?

“Alatoranda yazılanlar” kitabı müstəqillik illərinin tarixidir. Müxtəlif hadisələr baş verir, kimisi axsayır, kimisi dala qalır, kimisi geri qayıdır, lakin kitabın müəllifi, Rasim Qaraca öz yolundadır. Başqalarını da yazmağa, özünü ifadə etməyə həvəsləndirir. Hərçənd onun etimadı bir çox hallarda özünü doğrultmur. Amma bu Rasimin günahı deyil. Biz yazılarda prinsipial bir adam görürük. Rasim tək deyil çox olduğunu göstərmək üçün, bir deyil, bir neçə tüfəngdən atəş açan adamı xatırladır. Rasim apardığı davanın mahiyyətini anlayan, hansı yolda olduğunu, nə etdiyini həqiqətən dərk edən adamdır. Bizim ölkədə apardığı davanın mahiyyətini anlayan, nə etdiyini həqiqətən dərk edən adam nadir hadisədir.

“Alatoranda yazılanlar” kitabını oxuyub bitirdikdə bu gün baş verən acınacaqlı hadisələr, ölkənin düşdüyü biabırçı vəziyyət məntiqə uyğun görünür. Yeni fikrə qarşı kütləvi həqarətin, düşmənçiliyin nümayiş edildiyi bir ölkədə nələr olmalıydısa, onlar da olub.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Seymur Baycan

Abzas.net
Kultura.az | Developed by Samir Yahyazade