Bernard Lewis: Avropa və İslam (Mühazirə, 2-ci hissə)

Публицистика


Cihad və Səlib yürüşü


Nə üçün İslam qələbə çalmalı, Avropa isə məğlub olmalı idi? İlk növbədə səbəblər üzə çıxır. Demək olar ki, İslam lap əvvəldən dünya imperiyası və bir çox fərqli irqlərin məskunlaşdığı üç qitə boyu yayılmış dünya sivilizasiya idi. Ona Misirin qədim sivilizasiyalarının və Məhsuldar Ayparanın əraziləri daxil idi və tezliklə İranla Şimali Hindistan da əlavə olundu. Müsəlmanlar Avropanın əsrlərlə xəbərsiz qaldığı yunan fəlsəfə və elminə, İranın müdriklik və dövlət idarəetmə sənətinə və bundan əlavə, habelə Şərqi Xristian və Bizans irsinə də varislik edirdilər. Cənubdan İslam, şərqdən səhra, qərbdən okean, şimaldan isə buzlu çöllər arasında sıxışıb qalan Avropadan fərqli olaraq, İslam dünyası bəzən müharibə aparmalı olsa da, çox vaxt sülh şəraitində Hindistan və Çinin zəngin və qədim sivilizasiyaları ilə əhatələnmişdi. Müsəlmanlar onların birindən mövqeli saylarla onluq kəsrləri, digərindən isə kağızı mənimsədilər. Bunların hər ikisi İslam cəmiyyəti və elminə çox böyük təsir göstərdi. İslam dünyası zəngin və çeşidli mədəniyyətlərdən, geniş torpaq və resurslardan və çoxşaxəli, çiçəklənən iqtisadiyyatdan faydalanırdı. Həmçinin İslam dünyasında Avropadan fərqli olaraq təcrübəli və qanunpərəst şəhər cəmiyyəti mövcud idi ki, Osmanlı imperiyasının son dövrünə qədər kişilərin və hətta əsgərlərin də İstanbulda qılıncsız gəzməsi avropalı səyahətçiləri heyrətləndirirdi. İman və sədaqətdə birləşmiş, quru və dəniz yolları şəbəkəsi ilə əlaqələnmiş İslam dünyası ticarət və zəvvarlığın ikiqat məqsədləri üçün yaradılmış vahid cəmiyyət və müəyyən müddət də vahid dövlət idi.

İslam dünyası həmçinin, özünü ifadə etdiyi vahid dil və mədəniyyət vasitəsilə də birləşdirilmişdi. Bu dünyanın kommunikasiya mühiti ərəb dilində idi. Bu, Modernizm öncəsi Xristian aləmində rast gəlinməsi mümkünsüz bir haldı - dövlət və kommeriya, elm və fəlsəfə, din və hüququn dili kimi əhatəsi, müxtəlifliyi və imkanlarıyla seçilən ərəb dili zəngin və çeşidli ədəbiyyat ilə görünməmiş şəkildə rəqibsiz idi; erkən Orta Əsrlərin ətalətli yunan dili, aşağı keyfiyyətli latın dili və Avropanın primitiv jarqonları bu vəziyyətlə hətta uzaqdan belə tutuşdurula bilən nəsə təklif edə bilməzdi.

İslamın qonşuluğundakı svilizasiyalardan yalnız Xristianlıq - inam, özünüdərk və niyyət baxımından - prinsipcə universal idi. O, regional baxımından Hindistan və Çin miqyaslı deyildisə də, öz inancını bütün bəşəriyyətə qəbul etdirmək niyyətində idi. Belə ki, böyük genişlənmədən əvvəlki Xristian aləmi faktiki olaraq Avropa ilə məhdudlaşırdı. Əlbəttə bəzi istisnalar vardı, lakin bu istisnalar çox da əhəmiyyət daşımırdı. Müsəlmanların idarəçiliyi altındakı xristian əhalinin hər hansı bir suverenliyi yoxdu və istənilən halda müxtəlif kilsə və mədəniyyətlərə məxsus idilər. Avropa xaricindəki yeganə xristian dövləti - Həbəşistan - isə uzaq idi və az tanınırdı. Necə ki Konfusianizm sivilizasiya baxımından çinli idi, eləcə də Xristianlıq sivilizasiya baxımından avropalı idi. Xristianlıq çox da böyük olmayan bir bölgənin dini idi. Ona ibadət edən xalqların hamısı eyni irqə mənsubdu və güclü ümumi mədəniyyəti, qarşılıqlı əlaqələri ilə seçilən az saylı etnik qruplardan ibarətdi. Başqa sözlə, Xristian aləmi daha çox İndus Hindistanına oxşayırdı, lakin ondan daha kiçik, daha boz və daha kasıb olması ilə fərlənirdi.
 
Xristian aləmi həmçinin, İslam ilə müqayisədə də həqiqətən kasıb, kiçik, geridə qalmış və monoxromdu. Parçalanmış, bir-biri ilə didişən xırda krallıqlar iki imperator və habelə bir müddət iki papa arasında bölünmüşdü. (Bu güclər arasında) kral və şahzadələrə qəyyumluq və hakimlik etmək uğrunda mübarizə gedirdi. Xristian kilsəsi də öz növbəsində Roma və Şərq kilsələri arasındakı daimi fikir ayrılığı və bidət çəkişmələri üzündən parçalanmışdı. Xristian aləmi Aralıq dənizinin onlara məxsus şərq və cənub sahillərini müsəlman fəthləri nəticəsində itirdikdən sonra hətta daha lokal görünürdü və əslində Asiyanın qərb kənarındakı kiçik yarımadaya qədər məhdudlaşdırılmışdı. Bu məhdudlaşdırmanın nəticəsi Avropa oldu. Bir müddət, həqiqətən də uzun bir müddət, məlum oldu ki, İslamın son zəfərinin, genişlənməsinin və Avropadakı müsəlman gücünün qarşısını alacaq nəsə yoxdur. 

Müsəlman ənənəsinə görə, Məhəmməd peyğəmbərlik həyatı boyu "bütün kafir krallar"a - fars Xosrova, Bizans çarına, Həbəşistan hökmdarına - yeni inancı, onun idarəçilik və hüququnu qəbul etməyə çağıran məktublar göndərib. Belə məktubların mətnlərini əks etdirməyə iddialı sənədlər hələ də qalmaqdadır. Lakin bu sənədlər müsəlman məktəblərinin əksəriyyəti də daxil olmaqla, müasir tənqidi məktəblər tərəfindən qəbul olunmur və həqiqət ondan ibarətdir ki, yeni inancın meydana çıxma və erkən yayılma tarixi ilə əlaqədar əhəmiyyətli dərəcədə və getdikcə artan bir qeyri-müəyyənlik mövcuddur. Kiçik istisnaları saymasaq, bizim biliklərimizin hamısı ərəb-müsəlman qaynaqlarından gəlir; bu biliklər yazıya köçürülməmişdən əvvəl nəsillər boyu şifahi yolla ötürülüb və güman ki, İslam dövlətinin erkən mərhələsindəki qızğın fraksiyaçı, sektant ixtilaflarda, tayfa və etnik mübarizələrdə təhrif edilmişdir. Müasir tənqidi məktəbin ilk növbədə bu mənbələrin çox hissəsinin dəqiqliyini, daha sonra isə həqiqiliyini sorğulaması qaranlıq məqamları aydınlığa qovuşdurmaq yerinə daha da bulanıqlaşdırır. Əminliklə deyilə biləcək tək şey odur ki, Peyğəmbərin ölümündən yarım əsr keçdikdən sonra İslam yeni ümumdünya dininə çevrildi; Xristianlığı və digərlərini əvəzləməyə iddia edərək bütün bəşəriyyətə müraciət etdi. Və beləliklə, Peyğəmbər tərəfindən Mədinədə əsası qoyulmuş Müsəlman Dövləti və cəmiyyəti dünyanın hakimliyinə doğru - sürətli şəkildə qazanılan bu müvəffəqiyyət öz dövründə ağıla əsaslanan uzaqgörənlik ilə izah edilirdi - irəliləyərək yeni böyük bir imperiyaya çevrildi.

Müsəlman hüququ öz erkən dövründən etibarən İslam dövlətinə və cəmiyyətinə rəhbərlik edənin əsas öhdəçiliklərdən biri kimi cihadın idarə edilməsini müəyyən etdi. Cihad termini belə demək mümkünsə, "Müqəddəs müharibə" kimi tərcümə olunur. Hərfi mənada bu ərəb sözü "mübarizə aparmaq" deməkdir və tez-tez "Allahın yolunda" mənasını verən fi sabil Allah ifadəsi ilə müşayət olunur. Ədalətli olsaq, bu söz son vaxtlara qədər - tamamilə olmasa da adətən - hərbi mənada başa düşülüb. Cihad imansızlara qarşı aparılan müharibədə - hücum zamanı kollektiv, müdafiə zamanı fərdi şəkildə - yerinə yetirilməli olan müsəlman borcu idi. Bu müharibə prinsipcə bütün bəşəriyyət İslamı yaxud Müsəlman Dövlətinin hakimiyyətini qəbul edənə qədər davam etdirilməli idi; təsirliliyi və müddəti baxımından Avropa şahzadələrinin bir-birinə qarşı apardıqları fasiləsiz müharibələrdə zaman-zaman bağlanan sülh müqavilələrindən elə də fərqlənməyən icazəli sülhlərə baxmayaraq, bu məqsədə çatılmayana qədər nəzəri cəhətdən sülh mümkün deyildi.

Cihad öhdəçiliyi kafirlərin torpaqları boyu bütün İslam sərhədlərində qüvvədə idi. Öhdəçilik eyni idi, lakin kafirlərin müxtəlif qruplarına qarşı yanaşmada əhəmiyyətli fərq vardı. Belə ki, İslamın şərq və cənub sərhədlərində, yəni Asiya və Afrikada şəxsi və ciddi dini inancları olmayan paqanlar, bütpərəstlər, asan öyrədilməsi mümkün barbarlar var idi ki, onlara təbii olaraq, İslam inancı və çarlığına girəcək yeni adamlar gözüylə baxılırdı. İslam yalnız bir yerdə, o da müəyyən müddət dövlət şəklini almış əsl rəqib inanc olan Xristianlıq tərəfindən davamlı müqavimətlə üzləşdi. Bu, Xristian aləminə qarşı aparılan cihada xüsusi xarakter verdi, çünki müsəlmanlar Xristianlığın yerləşdiyi torpaqlara müxtəlif vaxtlarda həm ən böyük təhlükə, həm də ən böyük imkan kimi baxıblar. Ərəblər üçün İran ilə Mərkəzi Asiyanın istilasından və Çin ilə Hindistanın sərhədd ərazilərinə hələ yekunlaşmamış hücumlardan sonra qeyd-şərtsiz ən əhəmiyyətli kafir torpağı Avropa idi. Bu məqsəd əsrlər sonra Osmanlı imperiyası üçün də dəyişilməz olaraq qaldı. Yerli kral və başçıların Cənubi, Cənub-Şərqi Asiyada, Aşağı Saxarada yerli kafirlərlə müharibə aparmasına baxmayaraq, böyük cihad, Darül-İslam və Harbül-İslamın əsas savaş meydanı, par excellence, Avropada idi. 

İslamın ərəb doğum yerindən qonşu ərazilərə irəliləyişi zamanı öhdəsindən gəlinən ilk maneələr hazırda Yaxın Şərq adlanan regiona nəzarət edən iki rəqib - Fars və Bizans imperiyaları idi. Fars maneəsi devrildi və tabeçiliyi ilə sonrakı sədaqəti İslama saysız-hesabsız tövhələr vermiş bu imperiya özünün bütün asılı əraziləri, paytaxt şəhəri və idarəedici elitası ilə birlikdə yeni İslam dövlətində birləşdirildi. Bizans maneəsi isə zəiflədildi və geri oturduldu, lakin təxminən Anadolunun cənub və şərq sərhədlərinə uyğun gələn ərazi iki imperiya arasında yeni sərhədd xətti oldu. 

Bu Xristian aləminin yeni şərq sərhədləri idi. Digər tərəfdən Məhsuldar Ayparanın, Misirin və Şimalı Afrikanın xristian torpaqları bir-birinin ardınca İslam çarlığında birləşdirildi və bu ərazilər Avropanın üzərinə ediləcək yeni hücumlar üçün dayaq rolunu oynadı. Şərqdən müsəlman hücumları davam edirdi və Bizans Toros dağlarındakı sərhədd xətti ilə Konstantinopolu ərəb qüvvələrinin davamlı mühasirə və hücumlarına baxmayaraq qoruyub saxlaya bildi. Qərbdə isə ərəb müsəlman ordularının sürətli irəliləyişi onları Aralıq dənizi adalarına və ən əsası İberiya yarımadasına qədər aparıb çıxardı. 710-cu ildə ilk müsəlman basqınçılar Mərakeşdən İspaniyaya keçdi. Deyilənə görə onlar incik yerli ispan hakimi tərəfindən dəvət edilmişdi. Ərəblər 718-ci ilə qədər yarımadanın çox hissəsini işğal edərək Prineydən Fransaya keçdilər. Fransada onlar 732-ci ildə Frank kralı Karl Martell (Charles Martel) ilə qaşılaşdılar və xristianlar tərəfindən təntənə ilə qeyd edilən Tur və Puatye döyüşlərində məğlub edildilər. Bu hadisə Qərb əfsanə və tarixşünaslığında axını döndərən və Avropanı - Xristian aləmini sarasin (ingiliscə saracen - Suriya və Ərəbistan ərazilərində yaşayan qəbilə üzvlərinə və ya ərəb-müsəlmanlara avropalılar tərəfindən Səlib yürüşləri zamanı verilən ad) təhlükəsindən xilas edən həlledici qələbə hesab edilir. Ərəb tarixçiləri bu döyüşü - əgər ən yaxşı halda bu barədə danışılırsa - kiçik toqquşma kimi təqdim edirlər. Belə ki, onlara görə Fransadakı macəralarının sonu bu döyüşlə yox, 715-ci ildə tutulmasına baxmayaraq 759-cu ildə itirilən Narbon şəhərinin ələ keçirilməsindəki uğursuzluqla başlayır. Müsəlman orduları 793-cü ildə və 840-cı ilin sonunda İspaniyadan Narbona və bu şəhərin qonşuluğuna uğursuz hücumlar etdilər, lakin şəhəri tuta bilmədilər və bu vaxt Pirineyin cənubundan çıxarıldılar. İspaniya uğrunda döyüş isə demək olar ki, səkkiz əsr, ilk müsəlman qədəmindən Qərbi Avropadakı sonuncu müsəlman dövləti Qranada əmirliyinin 1492-ci ildə məğlub edilib dağıdılmasına qədər davam etdi. Bu hadisəni on il sonra İspaniya tax-tacının müsəlman tabelilərinin üç təklifdən birini - xaç suyuna çəkilmə, sürgün yaxud ölüm - seçməsini nəzərə tutan fərmanların ilk silsiləsi izlədi. 

İspaniya ilə Portuqaliya uğrunda uzun, Cənubi İtaliya uğrunda isə daha erkən başlamış mübarizə xristianların qələbəsi və müsəlmanların qovulması ilə sona çatdı. Buna baxmayaraq, müsəlmanlar yeni və məhvedici bir əks-hücum üçün güc toplamaqda idilər, lakin təklükə bu dəfə qərbdən deyil şərqdən, həmçinin ərəblərdən deyil, İslamın yeni gücü türklərdən gəlirdi. Artıq XI əsrdə türk orduları və köçəri türk qəbilələri Anadolunun xeyli hissəsini Bizansın əlindən almışdı. Bir vaxtlar yunan və xristianların torpaqları olan bu ərazi indi türk və müsəlman torpaqlarına çevrilmiş, Xristian aləminin əsrlər boyu ərəblərə müqavimət göstərən şərq dayağı ilk ardıcıl hücumlardan əziyyət çəkməyə başlamışdı. Bu hücumlar dövrün Xristian aləmi - Avropa ilə İslam arasında yeni sərhədd xəttini müəyyən etdi. 

Türklər əvvəlcə Səlcuqların, daha sonra isə Osmanlı sultanlarının hakimiyyəti altında İslam imperiyalarının ən böyüyü və uzun ömürlüsünü qurdular. İspaniyaya dəvət olunan ilk ərəblər sayaq, hakimiyyət uğrunda mübarizə aparan xristian rəqiblərdən birinin müttəfiqi kimi dəvət olunan türk qüvvələri 1532-ci ildə Dardanelin Avropa sahilində yerləşən Qallipolinin şimalındakı Çimpə (Tzympe) qalasını işğal etdilər. Türklər bu işğaldan bir əsr sonra, Balkan yarımadasının tam sahibləri kimi Konstantinopolu Avropa və Asiyanı əhatə edən imperiyalarının tərkibinə sonuncu retuş kimi əlavə edəcək həmin son hücuma hazırlaşırdılar. Osmanlı sultanları İstanbuldakı yeni paytaxtlarından sonrakı ekspedisiya silsiləsini başladılar. Bu hücumlar onları Macarıstan düzənliklərinə, 1529 və 1683-cü illərdə isə iki dəfə Vyana divarlarına qədər gətirdi. Əsr yarım ərzində Budapeşt və Belqraddakı bazalardan idarə olunan türk orduları Xristian Avropanın ürəyinə bu vaxta qədər görünməmiş, hətta İspaniyadakı sarasinlərindən daha yaxın və böyük təhlükə yaratdılar.

Bu təhlükə nə Mərkəzi, nə də Şərqi Avropa üçün azaldı. Şimali Afrikadan kənarda idarə olunan müsəlman flotları sahilboyundakı şəhər və kənd limanlarına hücum edərək Aralıqda və açıq dənizlərdə Qərbi Avropa dövlətlərinə qarşı dəniz cihadı aparırdılar. Artıq Osmanlı dövlətinin tabeçiliyində olan Əlcəzairin və həmçinin Mərakeşin dəniz quldurları 17-ci əsrin əvvəllərindən etibarən İngiltərə və İrlandiyanın cənub sahillərinə basqınlara başladılar və 1627-ci ildə hətta İslandiyaya qədər gedib çıxdılar. Bu hadisə sonralar xronologiya, saqa və dualara mövzu oldu. 

Qərb tarixçiləri tərəfindən tez-tez gözardı edilməsinə baxmayaraq, mur və türklərdən başqa Avropaya doğru yönələn üçüncü bir müsəlman macərası var ki, Şərq fikrində dərin izlər qoyub. Şərqi Asiyadan gələn monqol işğalçılar Rusiya və Şərqi Avropanın çox hissəsini XIII əsr boyu istila edərək rus salnamələrində Qızıl Orda Xanlığı kimi anılan dövləti yaratdılar. Çingiz Xanın nəvəsi Qızıl Orda xanı Bərkə əsrin üçüncü rübündə İslamı qəbul etdi. Bəkrə xan Misirin Məmlük sultanları ilə əlaqə yaratdı və öz çarlığındakı monqollarla türklərin qarışdırılması yolu ilə müsəlman milləti yaratma prosesini başlatdı. Şərqi Avropadakı monqol qəbilələrinin birinin adına müvafiq olaraq tatar adı ilə tanınan monqolların 13-15-ci əsrlər arası hakimlik dövrü Rusiya salnamələrində "Tatar boyunduruğu" kimi xatırlanır. Hətta Qızıl Orda Xanlığının parçalanmasından Krım xanlığının 1783-cü ildəki ləğv edilişinə qədər Kazan, Astarxan xanlıqları, habelə Krımdakı varis xanlıqlar Şərqi Avropa ərazilərinin idarəçiliyini - nəzarətləri altında olmayan yerlərə isə basqınlar edirdilər - öz əllərində saxladılar. Krım xanlığı 1475-ci ildən etibarən Osmanlının vasalına çevrildi. Tatar qüvvələri adətən Osmanlı komandanlığı altında avropalı yağılara qarşı döyüşürdü və İstanbulun qul bazarını əsrlər boyu əmtəə ilə təmin edən Rusiya, Polşa və Litva kəndlərinə edilən tatar basqınları olmuşdu. 

Əlbəttə, Avropa tarixçiliyində, xüsusilə də müharibə silsiləsində Səlib yürüşləri kimi tanınan Avropa əks-hücumları dövrü də var. Axır vaxtlar həm Qərbi Avropada, həm də Yaxın Şərqdə Səlib yürüşlərini - o dövrün Avropa güclərinin müsəlman yaxud da ərəb torpaqlarına qarşı qəribə və yırtıcı təcavüzü kimi - Qərb imperializminin ilkin məşqi olaraq görmək və təqdim etmək praktikası yayılıb. Lakin Səlib yürüşlərinin bu məzmunda şərhi nə öz dövrünün xristianları, nə də müsəlmanlarının ağılına gəlmişdi. Həmçinin müasir xristianlar Səlib yürüşlərini Xristian aləminin itirilmiş torpaqlarını və xüsusilə də İsa Məsihin yaşadığı, təlim keçdiyi və öldüyü müqəddəs torpaqları geri qaytarmaq məqsədilə aparılan dini müharibə hesab edir. Bu konteksdə xatırlana bilər ki, Səlibçilərin Levanta gəldiyi zaman ərəb-müsəlman istilaçılarının bu torpaqları xristianların əlindən almasından heç dörd əsr keçməmişdi və bu torpaqların əhalisinin mühüm hissəsi, güman ki hətta böyük əksəriyyəti hələ xristian idi. Dövrün müqayisə olunmaz dərəcədə səlibçilərinkindən daha zəngin olan ərəb tarixşünaslığında Səlib və Səlibçi terminləri heç yoxdu və hətta bu terminlərin ifadə etdiyi məna, ehtimal ki, qavranılmırdı. Səlibçi işğalçılara qarşı aparılan döyüşlər çox ətraflı şəkildə təsvir edilməsinə baxmayaraq, səlibçilər adətən etnik adlarla - franklar, çox hallarda sadəcə kafirlər yaxud müvafiq lənətlərlə nadir hallarda xristianlar olaraq - təsvir edilmişdir. Cüzi istisnaları saymasaq, müsəlman tarixçilər səlibçilərin hardan və nə üçün gəldiklərinə çox az maraq göstərirdilər və onların gəliş-gedişləri haqda məlumatları həvəssizcə verirdilər. Bu, müsəlmanların zəifləmə və parçalanma əsri idi və müsəlman dünyası Şərqdən və Qərbdən, daxildən və xaricdən, hər yandan barbarlar - şimal çölləri və cənub səhralarından köçərilər, Qafqazdan gürcülər, Avropadan qaliyalı və normanlar - tərəfindən hücuma məruz qalırdı. İlk dəfə düşmən Bizansın yardımçıları kimi rastlaşılan, daha sonra isə müstəqil idarəçilərə çevrilən frank işğalçıları diqqətdən kənarda qalmamalıdır. Eduard Qibbonun (Edward Gibbon) barəsində böyük məharətlə danışdığı İslam ilə Xristian aləmi arasındakı "Böyük Debat" verbal cəhətdən müsəlman həmsöhbətin iştirak etmədiyi yaxud varlığından xəbərsiz olduğu monoloq idi.

Avropa-İslam əlaqələrinin daha uzun prespektivində Səlib yürüşləri sadəcə bir epizod idi; onun İslam dünyası daxilində yeganə əhəmiyyətli nəticəsi Avropa ilə ticarət əlaqələrinin inkişaf edərək genişlənməsi və yerli xristianlarla münasibətlərin pisləşməsi oldu. Səlib yürüşləri Xristian və İslam dünyası arasındakı hücum və əks hücumların get-gəllərində qəti olmayan xristian qələbəsi ilə başlayaraq qəti xristian məğlubiyyətiylə sona çatdı. 

İspaniyaya qoyulan ilk mur qədəmindən türklərin Vyananı ikinci mühasirəsinə qədər keçən təxminən min illik zaman kəsiyində Avropa daima İslamın təhdidi altında oldu. İlk əsrlərdə bu ikiqat təhdid idi, yəni təkcə işğal və istila deyil, həm də dindən döndərmə və assimlasiya idi. İslam çarlığının xristianların əlindən alınmış ən şərq əraziləri, İranın ilk müsəlman qərbi ilə Ərəbistanın çox hissəsi Xristianlıqdan dönmə idi. Şimali Afrika, Misir, Suriya və hətta İranın hakimiyyəti altındakı İraq da xristianlığın Avropanın çox hissəsindən daha qədim və dərin kök saldığı xristian ölkələri idilər. Bu itkilər çox hiss edildi və Avropanı da eyni tale gözlədiyi qorxusunu gücləndirdi. Müsəlman inancı və ərəb mədəniyyəti İspaniya və Sciliyada çox cəlbedici oldu və hətta xristian inanclılar da ərəb dilini sıx-sıx istifadə edirdi. 

Avropada ərəbşünaslığın əsasının qoyulmasına, əsrlər sonra Orientalizm adı ilə tanınan disiplinin meydana gəlməsinə digər sadə faktorlardan daha çox yuxarıda bəhs edilən qorxu səbəb oldu. Belə ki, çalışqan rahiblər Qərbi Avropanın monastrlarında ərəb dilini öyrənir, Quranı tərcümə edir və digər müsəlman mətnlərini tədqiq edirdilər. Bunu iki məqsədlə edirdilər: ilkin və əsas məqsəd o idi ki, xristian qəlbləri İslama sapmaqdan qorusunlar, ikicisi isə, buna çox az ümid etsələr də, müsəlmanları Xristian inancına gətirmək idi. İndi artıq birinci məqsəd gərəksizləşmişdisə, ikincisi sadəcə mümkün deyildi - xristianların bunu dərk etməsi üçün bir neçə əsr lazım oldu. 

Bu, əgər İslamın Avropadan görüntüsü idisə, bəs onda Avropanın özü İslam aləmindən necə görünürdü? Deyilə bilər ki, Viktoriyan İngiltərə Mərkəzi Asiyadan necə görünürsə, bax Avropa da İslam aləmindən əsasən o cür görünürdü. Ərəb mənbələri Avopanı qorxulası heç nəyi, öyrəniləsi çox az şeyi olan eqzotik, mənzərəli və daha çox primitiv əhali tərəfindən məskunlaşmış uzaq və tədqiq edilməmiş çöllük kimi təsvir edirdi. Müsəlman İspaniya və Şimali Afrika mənşəli çox az cəsur tədqiqatçı var ki, Avropanın qatı zülmətinə girməyə və öz səyahət qeydlərini miras qoymağa risk ediblər; biz həmin əlyazmalarda onlardan bir neçə əsr sonra Afrika və Asiyaya səyahət etmiş avropalı səyahətçilərin əlyazmalarında rast gəlinən həqarətli qeydlərin eynisini görə bilərik. Ərəblər əlbəttə ki, Bizans haqda məlumatlı idilər. Onlar qədim yunan və Hellas sivilizasiyasını və həmçinin az da olsa, Konstantinopoldakı xristian-yunan mədəniyyətini tanıyır və ona hörmət edirdilər. Lakin eyni hörmət İslamın mərkəzi əraziləri ilə müqayisədə çox aşağı səviyyəli mənəvi və maddi sivilizasiyası ilə fərqlənən Orta Əsrlər Mərkəzi və Qərbi Avropasına qətiyyən göstərilmirdi - həqiqətən ortada hörmət etmək üçün hər hansı bir səbəb də yox idi. 

Bununla yanaşı, Bizans xaricindəki Avropanın barbarizm və kafirliyin xarici çöllüyü kimi qavranmasına baxmayaraq, ərəblər onu da dərk edirdilər ki, avropalılar İslamın şərq və cənub qonşuluğundakı adi barbarlardan fərqlənirlər. Avropalılar hər şeyə rəğmən, İslamla əvəz olunmasına baxmayaraq, əsl vəhyə əsaslanan real dinin ardıcılları idilər və bununla da müsəlmanların digər yerlərdə qarşılaşdıqları politeist və bütpərəstlərdən xeyli üstündülər. Eyni zamanda politeist və bütpərəstlərdən fərqli olaraq, onlar asanlıqla İslama iman gətirməyə və onu mənimsəməyə çox da istəkli deyildilər və daha çox öz əvəz olunan inanclarına - onu İslamdan daha üstün etmək ambisiyası ilə - inadla bağlı qalmışdılar. 

İkinci böyük qarşıdurmada - bu dəfə Renessans Avropası ilə Osmanlı İslamı qarşılaşırdı - çox az adam öz inancını dəyişməyə meyl etdi və inancını dəyişərək "türkə dönmə" adlananların əksəriyyəti də Osmanlının imkanlar səltənətində karyera axtarışında olan macəraçıları idi. Müsəlmanlar həmişəki kimi əvəz olumuş və vaxtı keçmiş din tələblərindən əl çəkmək fikrində deyildilər. Xristian Avropanın böyüyən missioner səyləri isə əsasən Amerikaya, Asiya və Afrikanın uzaq xalqlarına və İslamın şərq, cənub torpaqlarına istiqamətlənmişdi. Avropaya qarşı İslam təhlükəsi özünün Osmanlı formasında ilk növbədə hərbi və siyasi, müəyyən ölçüdə də sosial idi. Osmanlının avropalı sahibkara olan çağırışı və təklif etdiyi imkan bütpərəstliyə geri dönmək deyildi, əksinə Osmanlı imperiyasının genişlənən böyük Avropa, Asiya və Afrika bazarlarını istismar etmək idi. 

Bu yeni vəziyyət İslamın avropalılar tərəfindən davam edən və zamanla dəyişən tədqiqində də öz əksini tapdı. Artıq tədqiqatın məqsədi Xristianlıqdan İslama sapmanın qarşını almaq yaxud müsəlmanları Xristian inancına gətirmək deyildi. Həmçinin tədqiqat mərkəzləri də artıq monastrlarda yerləşmirdi. İndi İslamı və İslam dünyasını öyrənənlər yalnız bu yaxınlarda yenidən, bir daha bir-birinin baxış sahəsinə gəlmiş yeni yollarla gedirdilər. Qərbi Avropa boyu yaranan bütün universitetlərdə Renessans həvəsi və entuziazmiylə dolub-daşan və humanistlərin filoloji metodları ilə silahlanan alimlər özlərini dini və digər klassik ərəb mətinlərinin tədqiqinə həsr edirdilər. Diplomatiya, müharibə və kommersiyanın idarəedilməsi ilə məşğul olan praktiki iş adamları "Türkiyə xəbərləri"ni səbirsizliklə gözləyir və qorxuncluğu ilə yanaşı onları həvəsləndirən qonşularının hazırkı vəziyyəti və yaxın keçmiş haqqında hesabatlar toplamaq və şərh etmək üçün böyük səy göstərirdilər. Bu tədqiqatlar universitetlərdə alim və professorların da diqqətini çəkməyə başladı. Hərhalda Sendviç keşişi və Oksforddakı Linkoln Kollecinin keçmiş akademik üzvü Riçard Knoll 1603-cü ildə özünün "Türklərin ümumi tarixi" adlı əsərini nəşr etdirdi. Riçard Knollun bircə türk belə tanımaması və ömrü boyu İngiltərədən kənara çıxmamasına baxmayaraq, o, türk xronikalarının tərcüməsi də daxil olmaqla bir neçə avropa dilində əhəmiyyətli ədəbiyyat strukturu yaratmağı bacardı. R.Knoll həmçinin, "müasir dünyanın dəhşəti türklərin möhtəşəm imperiyasını" çox ətraflı və əhəmiyyətli tarixi dərinliklə təsvir etməyin də öhdəsindən gəlmişdi.
 
Riçard Knoll ilə onun çoxsaylı avropalı sələf və xəbərçilərinin ərəb və türk ekvivalentləri uzun müddət mövcud olmadı. Müsəlmanların avropalılara qarşı olan bu həvəssizliyi ümumi məzmunda Orta Əsrlər dövründəki həvəssizliyin davamı idi. Aydındır ki, Osmanlı rəsmiləri və məmurları zaman-zaman sərhəddləri xaricindəki dəyişikliklərlə maraqlanırdılar, lakin belə bir maraq tədqiqat və məktularda nadir hallarda əks olunurdu. Qeyri-İslami dilləri öyrənməyə cəhd göstərilmirdi. Avropa dillərini və şərtlərini bilmək tələb olunandasa, müsəlman idarəçilər qeyri-müsəlman təbəələrinə və ya xidmətlərində olan qaçqın və digər avropalılara güvənməkdən məmnun idilər. Biz hazırda onları güman ki, vətənə geri dönməyənlər adlandıra bilərik. Yəhudilərin xristianlar tərəfindən təqibi, eyni zamanda katoliklərlə protestantların qarşılıqlı təqibi bu vacib insani resursun təchizatını yetəri qədər təmin edirdi. Silah-sursat və hərbi-dəniz sahəsindəki Avropa icadları bəzən - müəyyən ölçüdə - qəbul edilsə də, sənət, elm, hətta Avropa siyasi və iqtisadi nəzəriyyələri İslamın əhatəsinə və həyata qeyri-məqbul görülürdü və bu səbəbdən də rədd edilirdi. Əgər İslamın erkən əsrlərində belə bir münasibət başa düşülən idisə - müəyyən mənada buna hətta haqq da qazandırmaq olardı -, XVII əsrin sonundan etibarən (baxmayaraq ki, Türk paşaları hələ də Belqrad və Budapeştdə idilər və türk ordular Vyananı təhdid edirdi) belə bir münasibət artıq təhlükəli dərəcədə vaxtı keçmişə çevrilirdi.


Europe and Islam
BERNARD LEWIS 
THE TANNER LECTURES ON HUMAN VALUES 
Brasenose College, Oxford University, February 26, 1990

Tərcümə: Misir Məmmədli

Kultura.az | Developed by Samir Yahyazade