post-title

Kremlin informasiya müharibəsi



Pyotr Pomerantsev

"Əgər Stalin 80 faiz zorakılıq, 20 faiz təbliğatdan ibarət idisə, onda Putin 20 faiz zorakılıq, 80 faiz təbliğatdan ibarətdir". Bu sözləri bir dəfə mənə rus jurnalistika professoru İqor Yakovenko demişdi.
 
Vladimir Putinin hökmranlığında media həyati əhəmiyyət kəsb edir. 1990-cı illərin sonunda ilk dəfə Baş nazir təyin ediləndə, Putin bir çoxu üçün kiçik siyasi ümidlər vəd edən mülayim adamdan başqa bir kəs deyildi. Lakin Çeçenistan müharibəsindən və onu güclü hərbi lider kimi təqdim edən total televiziya makiyajından sonra, Putin 2000-ci ildəki prezident seçkilərində qalib gəlməyə müvəffəq oldu, ardınca isə o, öz hakimiyyətini daha da möhkəmləndirdi. Prezident olduqdan sonra televiziyanı qamarlamaq və onu birbaşa öz nəzarəti altına keçirmək onun ilk addımları idi. Rusiyanın media maqnatları - həm onun yüksəlişini dəstəkləyənlər, həm də ona müxalif olanlar - ya həbslə üzləşdilər, ya da sürgünə getməyə məcbur edildilər. 

Rusiya televiziyasının ilkin siyasi psevdo-reallıqları tor kimi hörməyə başlaması 1996-cı ilə gedib çıxır. O zamanlar Vladimir Qusinski və Boris Berezovski kimi oliqarxlar prezident Boris Yeltsinə hakimiyyətdə qalmağa kömək edirdilər, iddiaları da bu idi ki, onun əleyhinə olan namizədlər faşist-kommunist təhlükəsinin tör-töküntüləridir. Hələ 1990-ların əksər illərində Rusiya oliqarxları müxtəlif dezinformasiya kampaniyaları vasitəsilə bir növ nəzarət və balansı təmin edən yalan-dolan sistemi yaratmışdılar. Amma televiziya Putinin nəzarəti altında mərkəzləşəndən sonra, Kreml həm televiziyanı, həm də siyasəti nəhəng ssenarili bir realiti- şou kimi idarə etməyə başladı. 

Şounun mərkəzində elə prezidentin özü dayanırdı: çılpaq sinəli Putin at sürür; Putin pələngləri tumarlayır; dəri gödəkçə geymiş Putin "Harley" sürür. Putini ikinci dərəcəli filmin xarizmatik kişisi kimi səhnələşdirən şəkillər çəkilir və bu şəkillər onun imicini bir superqəhrəman-çar kimi real siyasətin zirvəsində göstərməkdən ötrü çoxaldılırdı (Rus xəbərlərində müntəzəm olaraq göstərilən bir səhnə: Putin ölkəni iflasa apardıqlarına görə dövlət nazirlərinə və regional qubernatorlara təpinir). 1999-dan 2011-ci ilə qədər bu şounun aparıcısı Vladimir Surkov idi. Prezident Administrasiyasının rəsmi rəis müavini olan Surkov incəsənətdən tutmuş dinə qədər, siyasi partiyalardan tutmuş vətəndaş cəmiyyətinə qədər hər şeyə cavabdeh idi. Hər cümə günü Surkov əsas xəbər kanallarının rəhbərlərilə görüşür, onlara bu həftənin vacib xəbərlərinin nədən ibarət olacağını, hansı siyasi fiqurların televiziyaya buraxılacağını deyirdi. 

2014-cü ildə Ukrayna müharibəsi başlayandan bəri bu sistem daha sərt xarakter aldı. 7 ölkənin QHT-lərinin Avropa Birliyinin (AB) maliyyə dəstəyilə apardığı araşdırma - "Rusiya televiziyasının ismarıcları: 2015 monitorinq report"a görə, Kremlin nəzarətindəki kanalların prezident və hökumət haqdakı xəbər buraxılışı ya pozitiv, ya da neytral olur, müxalifətçilərə gəldikdə isə onlar ya ümumiyyətlə göstərilmirlər, ya da adətən pis yöndən təqdim edilirlər. Araşdırma göstərir ki, 2015-ci ilin Martında “Birinci Kanal”ın xəbər buraxılışının nə az, nə çox, düz 32 faizi Ukraynaya həsr edilib, müqayisədə daxili siyasətə 12.7 faiz, iqtisadiyyata 4 faiz, sosial məsələlərə isə 1.3 faiz yer ayrılıb. 

Televiziya xəbərləri beləliklə, "Ukraynadakı xaos"la Putin zəmanətli stabil Rusiyanın yan-yana qoyulduğu böyük teatra çevrilib. Rusiya xəbərlərində sonradan jurnalistlərin ifşa eləyəcəyi saxta televiziya nümunələri göstərilməyə başlanıb, məsələn, özlərini Ukrayna "faşistləri"nin vəhşiliklərinin "qurbanları" kimi qələmə verənlərdən (əslində isə onlar aktyorlar idi) müsahibələr alınıb və Ukrayna qüvvələri tərəfindən çarmıxa çəkilən bir uşağın saxta hekayəti uydurulub. Holland və Latviya hökumətlərinin maliyyələşdirdiyi Avropa Demokratiyaya Yardım layihəsinə açıqlamasında Rusiya mətbuat araşdırmaları professoru deyib ki, "xəbərləri və cari məsələləri (görünən) diqqətəlayiq, sensasiyalı dramsayağı quraşdırmaq" kimi cəhdlərilə "Kreml fakt və uydurma arasındakı xətti bulanıqlaşdırıb". 

Surkov və onun ardıcılları nə qədər ki, əllərində televiziya var, siyasi prosesi xalis tamaşaya çevirməklə daxili siyasəti yönləndirə bilirlər. Surkovun hətta "müxalifətçi" siyasətçilərə birbaşa telefon çıxışı var, o, onlara nəyi, harda və necə deməyi tapşırır, məqsəd isə hər zaman Putini müqayisədə daha yaxşı göstərməkdir. Rusiya parlamenti buna görə də, xareoqraflaşdırılmış natiqlik məkanına çevrilib. "Duma müzakirə yeri deyil" - 2003-cü ildə Dumanın sözçüsü Boris Qrızlov belə bəyan etmişdi. Surkov eyni şəkildə sözabaxan QHT-lər yaratmaqla, liberal elitalar yetişdirməklə və hətta radikal modern-art festivallarına sponsorluq etməklə, eyni zamanda isə "Naşi" kimi millətçi gənclik təşkilatlarının üzvlərini modern-art kuratorlarını döyməyə təşviq etməklə və yarlıq yapışdırılmış liberalları satqın kimi qələmə verməklə vətəndaş cəmiyyətinə nəzarəti əlinə alıb. Bu strategiya Kremlə istənilən formadakı diskursu öz əlində cəmləşdirməyə, ondan öz məqsədləri üçün yararlanmağa, ən axırda isə lazım gələrsə, onu dişsiz və absurd kimi göstərməyə imkan yaradıb.

Surkovun ardıcılı Vyaçeslav Volodinin əlində diskurs daha da sərtləşdirilib: liberallar indi təhlükəli "5-ci kolon" kimi xarakterizə edilir, imperialist radikal sağ isə zorakı avanqard kimi mobilləşdirilir. Ancaq Kreml hələ də bütün hekayələrə istiqamət verir, istənilən arqumentin istənilən vaxtda və istənilən situasiyada öz ehtiyacına uyğun formada çərçivələnməsinə imkan yaradır. Beləliklə, siyasi tolk-şoular müntəzəm surətdə millətçilərin Kremlin sanksiya verdiyi liberallara hücum etməsini göstərir. Endryu Vilsonun "siyasi manipulyasiyanın yüksək inkişaf etmiş sənayesi" adlandırdığı da məhz budur, post-Sovet dünyasına bu ümumən "polit-texnologiya" kimi məlumdur. 

Rusların hamısı Kremlin ritorikasına inanırlarmı? Bu, ola bilsin səhv sualdır. Vaslav Havelin "Gücsüzlərin gücü" əsərində yazdığı kimi,

"Sovet bloku sistemə olan coşğun inama görə ayaqda durmurdu, əksinə təbliğat ideoloji indoktrinaya nail olmaqdansa, xalqa işarə verirdi ki, ümumi diskursda güzəştə getmək daha düzgün "davranışdır", bu, hamı üçün sərfəlidir".

Eyni şəkildə, Putinin "idarə olunan demokratiya"sının məqsədi də xalqa rus demokratiyasının real olduğuna inandırmaq deyil, onlara necə hərəkət etməli olduqları ismarıcını çatdırmaqdan ibarətdir. Rusiyaşünaslar bu ziddiyyəti görəndə tez-tez karıxırlar: nəyə görə hədsiz populyar olan Putin böyük ehtimalla qalib gələcəyi seçkilərdə pozuntulara yol verir? Demokratik şəkildə seçildiyini "sübut" etməkdən ötrü, o gərgin mübarizəli yarışa girsə, daha çox etimad qazanmazmı? İvan Krastevin və Stiven Holmsun aydınlaşdırdığı kimi, bu suallar Rusiyada prezident seçkilərinin mahiyyətini yanlış tərəfə yozur. Seçkilərin əsl məqsədi əslində Putinin toxunulmaz imicini cilalamaqdır, bu, elə bir imicdir ki, həqiqi seçkilər keçirilsə, zədələnə bilər. 

Kreml göstərmək istəyir ki, onun ssenariyə total nəzarəti var. Rejimin məhkəmələrdən sui-istifadə etməsinin arxasında da bu prinsip dayanır. Müstəqil fikirli oliqarx Mixail Xodorkovskinin və müxalif lider Aleksey Navalninin məhkəmələri bir çoxu üçün absurd idi - Xodorkovski özü özündən neft oğurlamaqda, Navalni isə heç bir qazanc götürmədiyi təqdirdə, guya çirkli biznes müqavilələrində iştirak etməkdə ittiham edilirdi. Hər iki halda hökm verən məhkəmə təqsirin sübutu kimi müdafiəçi tərəfin şahidlərinin ifadələrini əsas tutmuşdu. Lakin bu absurd elə məsələnin məğzidir - Kreml "ağ qaradır" və "qara ağdır" deyə bilər və heç kim də bunu yalanlaya bilməz. 

Kreml təbliğatı mahiyyət etibarilə əhaliyə sinizmi təşviq etməkdən ibarətdir. Sinizm dövlətə sərf edir: insanlar istənilən instituta inamlarını itirəndən, yaxud heç bir dəyəri qəbul etməyəndən sonra, dünya müstəvisində hər cür konspiroloji baxışı asanlıqla qəbul edirlər. Dövlət televiziya kanalları da aktiv şəkildə bu vizyonu yayırlar, məsələn, dünyadakı istənilən demokratiya hərəkatının arxasında CIA-nın (Mərkəzi Kəşfiyyat Agentliyi – tərc) görünməz əli var, hər kəs və hər şey satıla bilər. Kreml insanların alternativ siyasətə dair ümidlərini puça çıxarır, eyni zamanda isə israr edir ki, Qərb də ən azı onlar qədər çirkə bulaşıb. 

Kreml bu nəzəriyyəni keçərli eləməkdən ötrü hər yana konspiralogiya nəzəriyyələri yayır. “Rusiya Bu gün” (Russia Today) xəbər agentliyinin rəhbəri Dmitri Kiselevin aparıcısı olduğu RTR-də yayımlanan “Vesti Nedeli” həftəlik proqramı bu mənada xüsusilə diqqətəlayiqdir. Şouda Kiselev təhrif olunmuş və konteksdən çıxarılmış həqiqətlər kokteylini elə toplayır və interpretasiya edir ki, yeni reallıq yaransın. Məsələn, seksual maariflənməni əks etdirən İsveç uşaq TV şousu Avropanın seksual pozğunluq bataqlığı olmasının göstəricisidir və yaxud Navalninin Yeldə vaxt keçirməsi onun ABŞ-a işləməsinin əlamətidir. Oxşar şəkildə "ABŞ niyə Avropada müharibə istəyir" və "Putin Ukraynaya ordu yeritsə, Rusiyanı nə gözləyir" kimi onlayn videolar Ukraynada müharibəni qızışdıran rus millətçilərinin əslində Qərbin əlinə işləmiş olduqlarını, beləliklə, Rusiyanı Donbasdakı müharibəyə bulaşdırmaq istədikləri kimi bər-bəzəkli konspirasiyaları guya faş edir. Bu klassik "agitasiya propaqandası" deyil, burda əslində məqsəd birdir: biganəlik, inamsızlıq və qeyri-müəyyən paranoya yaymaq. 

Rejimin davamlı nəzarətinin ən axırıncı açar elementi isə korrupsiyadır, o, hazırkı şaquli idarəetmə strukturunun toxunulmazlığını təmin edir. Maliyyə lütfkarlıqları və güzəştli davranışlar sərgiləməklə prezident yaxın ətrafını və digər oliqarxları fərəqətdə saxlayır. Dmitri Medvedevin gethagedində, Putinin gəlhagəlində baş tutan Soçi Olimpiadası buna yaxşı örnəkdir. Medvedev prezident olanda onun oliqarxları ali vəzifələrdəydilər və ən cəlbedici müqavilələri əldə edirdilər. Putin 2012-ci ildə yenidən prezidentliyə qayıdanda isə Medvedevin adamları kənarlaşdırıldı, əvəzində Putinin oliqarxları yenidən ən yağlı və ali  vəzifələrə gətirildilər.  

Sol ilə Sağ arasında oyun

Kreml bu siyasi texnologiya qatışığından, plastilin ideologiyadan və korrupsiyadan təkcə ölkə daxilində deyil, xarici əlaqələrdə də istifadə edir. Soyuq Müharibə dövründə Kreml ideoloji münasibətlərini əsasən oxşar solçu qruplarla qururdu. Bu gün isə Kreml sol və sağ qruplarla həm əlaqələr yaradır, həm də onları maliyyələşdirir: Avropanın sağ qanad millətçiləri Rusiyanın anti-AB mesajlarından təhrik olur; Avropanın ifrat solçu qrupları onun ABŞ hegemoniyasına qarşı mövqeyindən şirniklənir; ABŞ-ın mühafizəkar dindarlarına isə Kremlin homoseksuallığa qarşı tutduğu mövqe cəlbedici gəlir. Kremlin belə dəyişkən ideologiyadan istifadə etməsi ona müxtəlif aktyorlarla əməkdaşlıq etməyə və Qərbdə parçalanmalara vüsət verən bir sıra prinsiplər təşviq etməyə imkan yaradır. 

Kreml Şərqi Avropanın keçmiş və hazırkı kommunist partiyaları ilə dərin institutsional əlaqələrini hələ də saxlayır. Ukrayna hətta Kremlin vəkilliyini etdiyinə inandığı Kommunist Partiyasının fəaliyyətinə qadağa qoyub. Almaniyadakı Sol partiya da (Die Linke) açıqca Rusiyanın mövqelərini müdafiə edir. NATO-ya görə, Rusiya yaşıl hərəkatları da manipulyasiya edə bilib, o, buna Avropanın ekologiya qruplarını - o qruplar ki, onların qazma üsuluna qarşı çıxan agendası Kremlin Avropanı Rusiya qazından asılı etmək istəyilə üst-üstə düşür - maliyyələşdirməklə nail olub. Baxmayaraq ki, Kreml ölkə daxilində anti-kapitalist solçu qrupları sıxışdırır, ekologiya aktivistlərini isə həbs edir. 



Sağa gəldikdə, Kreml radikal sosial mühafizəkarlarla və anti-AB millətçilərilə əməkdaşlıq münasibətləri qurub. Hər iki tərəfdən, ABŞ-dan Atlantikəcən sağ-qanaddan olan siyasi fiqurlar və qruplar, mühafizəkar köşə yazarı Patrik Buşanandan tutmuş Fransanın sağ qanad lideri Marin Le Penecən (onun partiyası Moskvadan maliyyə alıb), Britaniyanın anti-AB siyasətçisi Naycel Farajdan tutmuş Macarıstanın anti-semit Jobbik partiyasına qədər, həmçinin ABŞ mərkəzli anti-LGBT təşkilatı Dünya Ailələr Konqresi Putinə rəğbət bəslədiklərini bəyan ediblər, əvəzində isə onlar Rusiyanın nəzarət etdiyi hava yollarında ürəkləri istədiyi qədər vaxt keçirməklə mükafatlandırılıblar. Avropa və ABŞ-dakı  radikal sağ qanad aktivistləri, ağ irqçilər, neo-nasistlər və anti-semitlər Avropada Kremlə bağlı ideoloji konfranslarda peyda olublar, eyni zamanda isə Kreml məsləhətçiləri Yaltada Avropa və ABŞ-ın radikal sağçı partiyalarına mühazirələr deyiblər. 

İdeoloji əməkdaşlıqlar qurarkən Kreml maliyyə cəhətdən də şirnikləndirici davranır. Misal üçün, Avstriyanın radikal sağçı Azadlıq Partiyasının keçmiş mərhum lideri Yörq Hayder bir dəfə rus biznesmenlərinin iqamətgah  icazələrinin təmin olunmasına yardım edəcəyinə söz vermiş, əvəzində 900, 000 avro əldə etmişdi. Anton Şexovtsovun sözlərinə görə, "Putin Rusiyası Avropanın radikal sağçı partiyalarıyla həm də ona görə əməkdaşlıq edir ki, onlar Rusiyanın siyasi və biznes elitalarının Qərbin iqtisadi, siyasi və sosial dairələrinə nüfuz etməsinə kömək edirlər... həmin ruslar üçün radikal sağın korrupsiyalaşması daha əhəmiyyətlidir, nəinki irqçi ultra-mühafizəkarlığı".

Şexovtsov həmçinin qeyd edir ki, maliyyə əməliyyatları mütləq birbaşa rüşvət vermək demək deyil. Radikal sağçı hərəkatlara bağlı biznesmenlər siyasi dəstək verdikləri təqdirdə, Rusiya ilə münasibətlərdə güzəştlərlə təmin edilirlər. Məsələn, belə şəxslərdən biri, Fransa naminə Avroskeptik partiyasının lideri fransız Filip de Vilyer Rusiya Krımı ilhaq edəndən sonra orada biznes qurmuşdu, o, Moskvada və Krımda lunaparklar tikirdi. Şexovtsova görə,

Putinin Avropanın radikal sağıyla əməkdaşlığı ideoloji ortaqlıqdan yox, iqtisadi və siyasi məqsədlərdən qaynaqlanır. 

Özünün nisbi zəifliyinə baxmayaraq, Kreml Nicu Popeskuyla Mark Leonardın "assimetrik qarşılıqlı asılılıq" adlandırdığı sənəti öyrənə bilib - Rusiya digər ölkələri puluna, bazarlarına və ticarətinə şirnikləndirməklə öz maraqlarını təmin edir. Kremlin əsas “kozır” kartı enerjidir. İsveç Müdafiə Agentliyinin araşdırmasından məlum olur ki, 1992-2006-cı illər arasında Rusiya Mərkəzi və Şərqi Avropa ölkələrinə satdığı qazı 55 dəfə kəsib. Rəsmi şəkildə Rusiya bunun texniki səbəblərdən qaynaqlandığını söyləyib. Ancaq bunlar elə bir zamanda baş verib ki, ya Rusiyanın təsir etmək istədiyi seçkilər keçirilib, ya da onun təşəbbüslə çıxış etmək istədiyi hansısa enerji müqaviləsi olub. 

Mesaja nəzarət

Rusiyanın beynəlxalq televiziya yayımı “Russian Today” (RT) Kremlin birgə işlədiyi müxtəlif qrupları birləşdirən beynəlxalq forum mahiyyəti daşıyır. Kanalın rəsmi statistikasına görə, onun hazırda qlobal miqyasda 600 milyon insana çıxışı var, bunun 3 milyonu isə dünyadakı müxtəlif otel otaqlarını əhatə edir. Kanal milyardlıq onlayn hitiylə və "Youtube"da ən populyar xəbər kanallarından biri olmaqla öyünür. Nəhəng büdcəli kanal (300 milyon dollardan çox olduğu güman edilir) ərəb, ingilis, alman və ispan dillərində yayımlanır. Baxmayaraq ki, RT-nin həqiqi tamaşaçı sayı onun iddia elədiyindən qat-qat azdır və milyardlıq hitin heç də hamısı siyasi proqramlarla əlaqəli deyil, ancaq Kremlin ümumi düşüncə məğzinin aşkara çıxarılması baxımından kanalın proqramlarını saf-çürük eləməyə dəyər.  

RT-nin yayımının çox az qismi Rusiyayla əlaqədar mövzuları əhatə edir. Onun yayım cədvəli özünün "digər" adlandırdığı və şəbəkənin məxsusi mövqeyini əks etdirən "yayımlanmayan" xəbərlərə fokuslanıb. "WikiLeaks"-in yaradıcısı Culian Assancın RT-də şousu vardı, eləcə də şotlandiyalı siyasətçi Corc Qalloveyin. Amerikalı sol nəzəriyyəçisi və linqvist Noam Çomski kanalın daimi qonaqlarındandır. Kanal 9/11 hadisələrinə dair konspirasiya nəzəriyyələrini səxavətlə təqdim edir, o, həmçinin ABŞ-dakı "Occupy Movement" barəsindəki materiallarına görə Emmi mükafatına layiq görülüb. RT UKIP-in (Britaniya millətçi partiyası-tərc) lideri Naycel Faraj kimi sağ qanad fiqurlarına da yayımında müntəzəm olaraq yer ayırır. Elə kanallar var ki, onlar RT-nin bəzi sağ qanad "ekspertləri"ni ekstremist və radikal qruplarla əlaqələri olduqlarına görə “persona non qrata” elan ediblər. Məsələn, Holokost inkarçısı Rayan Douson "insan hüquqları aktivisti" kimi, neo-nasist Manuel Oksenreyter "Yaxın şərq analitiki" kimi RT-də peyda olublar. Bunlara baxmayaraq, RT birmənalı olaraq hegemoniya əleyhdarı deyil. O, həmçinin keçmiş CNN aparıcısı Larri King kimi establişment fiqurlarına da efirində yer verir, King bir dəfə RT-də şou aparıb və tez-tez də onun reklamlarına çəkilib. 

Anti-qərb baxışlarına görə RT-yə ilk dəfə baxmağa başlayan tamaşaçılar, tezliklə ən kəskin "mövqe"dən də o yana adlayan televiziyanın digər proqramlarıyla yemlənirlər. Bir müddət əvvəl RT-nin ispandilli versiyasında yayımlanan Ebola virusunun arxasında ABŞ-ın dayanması barədəki materialı, 1980-larda SSRİ-nin QİÇS virusunun arxasında CIA-nın əli olduğunu irəli sürən dezinformasiyanın müasir əks-sədası hesab edilir. RT-nin arxasında duranlar Ukrayna hökumətini sağçı xunta adlandırıb, Ukrayna millətçilərininin isə yəhudiləri hədələdiyini iddia edib. 

Kanal Krımın Simferepol şəhərinin ravvini Mişa Kapustinlə müsahibəni elə redaktə edib ki, ravvinin Ukrayna millətçilərinin anti-semit hərəkətlərinə görə Krımı tərk etdiyi təəssüratı yaranıb. Faktiki olaraq isə, Kapustin Rusiyanı regiondakı addımlarına görə tənqid edib, Rusiyaya qarşı Qərbin sanksiyalarını dəstəkləyib və o, "Times of Israel" qəzetinə açıqlamasında Krımı tərk etməsinin əsas səbəbinin, əslində, Rusiyanın aqressiyası ilə bağlı olduğunu bildirib. 

"Krımda yəhudilərə qarşı hansısa birbaşa təhlükə yoxdur" - Ukrayna Yəhudi Komitəsinin rəhbərliyi açıqladığı bəyənatda bildirib: "Rusiya hökuməti dünyanı bizi qoruduqlarına inandırmaqdan ötrü situasiyanı manipulyasiya edir". Belə dezinformasiya yayan təkcə RT deyil. "New York Times"da Adrian Çenin yazdığı kimi, Kreml "troll ferma"larından və botlardan onlayn saxta hekayələr yaratmaq üçün istifadə edir, məsələn, guya ABŞ-da Ebola virusu çaxnaşmalar yaradıb, guya İŞİD ABŞ şəhərlərinə terror hücumları təşkil edib. 

Bu və ya digər şəkildə belə dezinformasiya kampaniyaları səfehcə görünə bilər. Əgər əslində məqsəd bütövlükdə cəlbedici və inandırıcı klassik yumşaq güc yaratmaqdırsa, onda bu əksinə işləyir (Ukraynadakı münaqişə başlayandan bəri Putinin Qərbdəki reytinqi aşağı düşüb). Amma əgər məqsəd daha az inandırıb baş bişirmək, daha çox informasiya mühitini çirkləndirib şübhə və çaşqınlıq toxumları səpməkdirsə, onda böyük ehtimalla bu cəhdlər Rusiyaya "psixoloji informasiya" müharibəsi vizyonunda uğur gətirir. 

Rusiyanın Baş Hərbi Dəniz Qüvvələrinin Elektron Müharibə Direktoratının keçmiş rəhbəri, təqaüddə olan kontr-admiral Vladimir Pirumovun sözlərinə görə, informasiya müharibəsi "həm hərb, həm də sülh dövründə texnika və digər vasitələrin köməyilə qarşı tərəfin informasiya resurslarına təsir etmək yolu ilə milli siyasət obyektlərini mühafizə etməkdir". Düşmənin informasiya sistemləri informasiya müharibəsində yeganə hədəflər deyil: burda məqsəd həm də dezinformasiya (yalan), manipulyasiya (situasiyaya uyğun, yaxud  sosial), propaqanda (konversiya, pozma, ruhdan salma, fərarilik, əsiralma), lobbiçilik, böhrana nəzarət və qarayaxma vasitəsilə düşmən əhalisinin psixologiyasına təsir etməkdir. 

Rusiyanın Dezinformasiya Kampaniyaları 

2011-ci ildə nəşr edilən "İnformasiya-Psixoloji Müharibə Əməliyyatları" əl kitabı kəşfiyyat zabiti kursantlarına elə təlimat keçir ki, onlar "görünməz radiasiya" kimi hərəkət edərkən "əhali heç nədən duyuq düşməsin". Latviyalı elm adamı Canis Berzins Rusiya hərbinin gələcəyindən yazarkən öncəgörücülük edir: Rusiya “birbaşa müharibədən təmassız toqquşmalara", "fiziki mühitdən insan şüuru və kiberməkan uğrunda  müharibələrə" keçəcək. Bu təmassız, daimi müharibənin silahları TV kanalları, enerji şirkətləri, banklar, internet trolları, xaricdə qarışıqlıq törədə biləcək Rusiyanın köçkün qrupları, bir sözlə, "siyasi, iqtisadi, informativ, texnoloji və ekoloji kampaniyaların kombinasiyası" ola bilər. 

Misal üçün, 2007-ci ildə Estoniyada baş verənlərə nəzər yetirməklə bunun necə işlədiyini görmək olar. Etnik ruslar - əksəriyyəti Stalinin eston millətçiliyinin kökünü kəsmək üçün məcburən köçürdüyü insanların törəmələri - Estoniya əhalisinin təqribən 25 faizini əhatə edir. Sovet İttifaqının dağılmasından sonra, Estoniya hökuməti 1946-cı ildən sonra ölkəyə yerləşən sakinlərin və onların törəmələrinin tam vətəndaşlıq alması üçün Eston dilindən sınaq imtahanından keçmələrini tələb edən qanun layihəsi qəbul etdi. Etnik rus əhalisi özünü müstəmləkəçi kimi görmürdü, amma onlar qanun layihəsindən hiddətlənmişdilər. Bu insanlar adətən Rusiya TV kanalına baxırlar, o kanal da ki, rəsmi rus dəsti-xəttilə Estoniyanın 1944-cü ildə öz müstəqilliyindən "könüllü" şəkildə imtina etdiyini yayımlayır. 



Tallində hər il rus millətçiləri və müharibə veteranları II Dünya Müharibəsindəki Sovet zəfərini qeyd etmək üçün Bürünc Əsgər abidəsinin önündə toplaşırdılar. Onlar Sovet mahnıları oxuyur və abidənin qarşısına sovet bayraqları qoyurdular. Bəzi estonlar isə bu abidəni Sovet işğalının simvolu kimi özlərinə həqarət hesab edir. Eston millətçiləri əks-yürüşlər keçirməyə başladılar, bir yazıçı isə abidəni partladacağı ilə hədələdi. 2007-ci ilin martında Estoniya parlamenti abidənin hərbi məzarlığa köçürülməsilə bağlı qərar qəbul etdi. 

Nəticədə Rusiya mediası və siyasətçiləri özlərindən çıxdılar. "Eston liderlər faşizmlə əl-ələ gedirlər" - Moskvanın meri açıqlamasında dedi. "Abidənin götürülməsi faşist orgiyasıdır", - Rusiya Kommunist Partiyası bəyan etdi. "Rüsvayçı qərardır" - Rusiyanın xarici işlər naziri iddia etdi. Rusiya mediası ölkədə nasistpərəstlərin dominant olduğunu vurğulamaq üçün Estoniyaya "eSStoniya" adı qoydu və etnik ruslar Bürünc Əsgər abidəsini qorumaq üçün düşərgə saldılar. 

26 aprel gecəsində etnik rus kütləsi polisə molotov kokteylləri atmağa başladı. İğtişaşlar baş qaldırdı, kütləvi yağmalama prosesi getdi və bir nəfər öldü. Rusiya mediası iddia etdi ki, həmin şəxsi polis öldürüb (polis öldürməmişdi). Mətbuat həmçinin şayiə yayırdı ki, bəzi ruslar bərə limanında ölümcül döyülüblər, bəzilərinə işgəncə verilib, bəzilərinə isə sorğu-sual zamanı psixotropik maddələr yeridilib. Aprelin 27-də Estoniyada hökumət, qəzet və bank işçiləri ofislərinə gələndə, tarixin ən güclü kiber hücumu nəticəsində kompüter sistemlərinin sıradan çıxdığını aşkar etdilər. Estoniya sistemdən kənarlaşdırılmışdı. 

Bunu sübut etmək mümkün olmasa da, bu gün bir çox eston əmindir ki, mətbuat yayımı, iğtişaşlar və kiber hücumlar Moskva tərəfindən koordinə edilmişdi. Müstəqil fəaliyyət göstərdiyini iddia edən, amma əslində Kremlin gənclər qruplarına və rus millət vəkillərinə bağlı "Patriot hakerlər" hücumun arxasında olduğunu bəyan etdi. Estoniyadakı etnik rus QHT-lərinin də etirazların təşkilində rol oynadığı bildirilir. Keçən il Estoniyanın prezidenti Toomas İlveslə müsahibəm zamanı o qeyd etdi ki, Bəzən ağlımızdan keçir ki, hücumların arxasındakı sirr bizi bir paranoyak kimi NATO müttəfiqlərimizə etibarsız göstərmək, beləliklə, alyansda bizə olan inamı aradan qaldırmaq istəyindən ibarət olub. 
Belə informasiya əməliyyatlarının əsas məqsədi tez-tez çaşdırıcı olur, əslində onlar ikinci və üçüncü dərəcəli effektlər əldə etməyə yönəlir. Bu strategiya estonları Kremlin real niyyətlərini hər zaman ehtimal etməyə sövq edir: "Rus politoloqlar Estoniyanı fəth edərik deyib təhdid edəndə, işğalımı nəzərdə tuturlar?" - prezident İlvesin keçmiş müdafiə müşaviri İlvi Masso sual verir və maraqlanır: "Onlar sadəcə bizim kefimizimi qaçırırlar, yoxsa Qərb jurnalistlərinin onlardan sitat gətirib, bazarlara bizim təhlükədə olduğumuz barədə signal çatdırmasınımı istəyirlər" - ki, investisiyalar yerlə bir olsun? 

Rusiya təkcə yaxın ətrafında, yaxud Avropada informasiya müharibəsi yürütmür. 2014-cü ilin oktyabrında Putin və Argentina prezidenti Kristina Fernandez de Kirçner RT-nin Argentina televiziyasında ispan dilində yayımlanmasına dair saziş imzalayıblar. "Bizim xalqlarımız hansısa vasitəçi olmadan da dil tapa bilərlər" – Kirçner Putinlə müştərək video konfransda iddia etdi ki, milli mətbuat (media onun hökuməti üçün də həyati vacibdir) və beynəlxalq mətbuat həqiqi Argentinanı və həqiqi Rusiyanı əks etdirmir. 

Putin həmin bəyanatı bu sözlərilə dəstəkləyib: "Elektron medianın sürətli inkişafı dövründə xəbərlərin çatdırılması hədsiz əhəmiyyət kəsb etməyə başlayıb və bundan sarsıdıcı silah kimi istifadə edib ictimai düşüncənin manipulyasiya edilməsinə gətirib çıxarıb". RT-nin əməkdaşlığı Latın Amerikası ilə kifayətlənmir. Məsələn, kanal Suriya dövlət televiziyasında reportajlar yayımlayır, belə reportajların birində göstərilir ki, suriyalı üsyançılar guya Bəşər Əsəd qüvvələri tərəfindən kimyəvi hücuma məruz qaldıqlarını göstərməkdən ötrü yalandan özlərini qazla zəhərləyirlər.  

Kremlin yanaşmasının nə dərəcədə effektiv olduğunu, onun əslində nə mahiyyət kəsb etdiyini demək çətindir. Lakin Kremlin düşüncə tərzi həm də ona görə diqqət və analiz tələb edir ki, digər avtoritar rejimlər oxşar yanaşmalar tətbiq edirlər. Məsələn, Çin vətəndaşlarını itaətdə saxlamaq üçün mediadan dəyişik formalarda istifadəni gücləndirir. Kremlin ideologiyadan istifadəsi necə elastikdirsə, hakimiyyətdəki Çin Kommunist Partiyasınınkı (ÇKP) da elədir. Bu gün ÇKP həm Konfutsizmdən, həm kommunizmdən Maoçu təbliğat musiqilərinin müşayiətilə Şanxay bazarını dəstəkləmək üçün istifadə edir. Bundan başqa, Çinin təbliğatı Rusiyanınkı kimi indoktrinləşdirmədən daha çox işarə vermək xarakteri daşıyır. ABŞ dövlət hesabatında göstərildiyi kimi, Çinin informasiya taktikaları "hansı ölkənin ordusunun qalib gəlməyindənsə, hansı ölkənin hekayəsinin qalib gəlməsi əsasında... idarə olunur".

Kremlin hazırkı strategiyası siyasi prosesin bütün sifətlərinə nəzarət-manipulyasiya etməkdən ibarətdir. O, buna hansısa situasiyada müəyyən  ideoloji mövqe sərgiləməklə, ümidləri puça çıxaran təbliğat və konspirologiya nəzəriyyələri əsasında quruluş verilmiş sinik vətəndaşlıq yaratmaqla nail olur. Bu, həmçinin Rusiyanın beynəlxalq rəqiblərini və müttəfiqlərini ondan nə gözləmək lazım olduğunu bilməməklə qeyri-müəyyənliyə salır. Dünyadakı qeyri-liberal rejimlər oxşar strategiyaları mənimsəyir və qlobal psevdo-reallıqlar şəbəkəsi yaradırlar. Buna görə də, dünya liberal demokratiyaları bu saxta nağılların qarşısını almaq və onları həqiqilərilə əvəzləmək üçün qollarını çırmalamalıdırlar. 

Pyotr Pomerantsev

Pyotr Pomerantsev Leqatum Keçici Forumlar İnstitutunun böyük elmi işçisidir, o, iyirmi birinci əsr propaqandasından əhatəli şəkildə yazır. Pomerantsev həmçinin “Heç nə həqiqət deyil və hər şey mümkündür: Yeni Rusiyanın surreal Ürəyi” kitabının (2014) müəllifidir. 

Meydan.tv
Yuxarı