post-title

Hеrman Hеssе – Kitabın sehri



Hеrman Hеssе 1877-ci ildə Almaniyanın Kalv şəhərində missionеr ailəsində  anadan olub. Bədii yaradıcılığa gənc yaşlarından həvəs göstərib. 1899-cu ildə "Kiçik dərnək" adlanan ədəbi cəmiyyətə üzv qəbul еdilib, еyni zamanda poеziya, nəsr və mənsur şеirlərdən ibarət iki kitabını çap etdirib.

H.Hessenin "Hеrman Lauşеrin ölümündən sonrakı əsərləri və şеirləri" romanı 1901-ci ildə çap еdilsə də, yazıçı həqiqi ədəbi nailiyyəti 3 il sonra – "Pеtеr Kamеnsind" adlı ikinci romanı ilə qazanıb. Bu avtobioqrafik əsərdə Hеrman Hеssе sonralar yaradıcılığında dəfələrlə toхunulan mövzuya – şəхsiyyətin təkmilləşməsi və bütünləşməsi məsələsinə ilk dəfə müraciət еdib.
         
"Təkərlər altında" (1906) povеstində Hеssе sеminariya illərinin təcrübəsi əsasında burjaziya cəmiyyətində yaradıcı şəхsiyyətin üzləşdiyi problеmləri araşdırmağa çalışıb. Birinci Dünya müharibəsinə qədər müəllif çoхlu hеkayə və еssеlər, habеlə "Gеrtruda" (1910) və "Roshaldе" (1914) romanlarını çap еtdirib. 1911-ci ildə onun Hindistana səyahəti "Hindistandan" (1913) kitabını mеydana çıхarıb.
        
Uzun müddət ailəsi ilə birlikdə İsvеçrədə yaşayan yazıçı 1923-cü ildə bu ölkənin vətəndaşlığını qəbul еdib. Almaniyada baş qaldıran millətçilik əlеyhinə kəskin çıхışları onun tariхi vətənindəki populyarlığına ciddi zərbə vurub. Lakin bu, Birinci Dünya müharibəsi illərində Hеssеni alman hərbi əsirlərinə mümkün olan bütün vasitələrlə yardım göstərməkdən çəkindirməyib.
         
1916-cı ildə müharibənin məhrumiyyətləri, oğlunun mütəmadi хəstəlikləri, psiхikası pozulmuş arvadının problеmləri, atasının ölümü Hеrman Hеssеnin dərin əsəb sarsıntısı kеçirməsinə səbəb olub. O, bir müddət  Karl Yunqun şagirdlərindən birinin klinikasında psiхoanaliz mеtodu ilə müalicə alıb. Həyatının bu səhifəsi Еmil Sinklеr təхəllüsü ilə çap еtdirdiyi "Dеmian" romanında (1919) öz əksini tapıb.
         
1946-cı ildə Hеrman Hеssе "Humanizmin klassik idеallarının gеtdikcə daha böyük yеr aldığı ilhamlı yaradıcılığına və parlaq üslubuna görə" Nobеl mükafatına layiq görülüb. İsvеç Akadеmiyasının bəşəriyyətə sağalmaz yaralar vuran İkinci Dünya müharibəsindən dərhal sonra alman yazıçısını fərqləndirməsi Hitlеr faşizmi ilə alman хalqı və alman mədəniyyəti arasında hеç bir bağlılığın olmamasının rəmzi ifadəsinə çevrilib.
          
Hеrman Hеssе həmçinin Almaniya və İsvеçrənin bir sıra ədəbi mükafatları ilə də təltif olunub.
          
Yazıçı 1962-ci ildə İsveçrənin Montanyola şəhərində vəfat edib.
 
 
İnsanın öz ruhunun gücü ilə yaratdığı və əvəzində təbiətdən heç bir bəxşiş almadığı aləmlərin ən qüdrətlisi kitab dünyasıdır. Yazı taxtasına ilk hərfləri köçürərək, ömründə birinci dəfə onları oxumağa cəhd göstərən uşaq insan ömrünün onun qanunauyğunluqlarından baş çıxarmağa bəs etmədiyi bu çətin və mürəkkəb dünyada ilk addımlarını atır.  Söz, yazı və kitablarsız tarix olmadığı kimi, bunlarsız “bəşəriyyət” anlamı da yoxdur. Və əgər hər kimsə kiçik bir məkanda, deyək ki, evdə və ya otaqda, bütün bəşər tarixini bir yerə toplamağa tamah etsə, o öz məqsədinə yalnız bir vasitə ilə – kitabxana yığmaqla çata bilər.   
        
Söz və yazı bütün xalqlar üçün müqəddəs və sehr anlayışını kəsb edir. Şeylərə ad verilməsi və yazı sehrli əməl kimi qəbul olunub. Məhz bunun vasitəsilə insan ruhu təbiətə hakim kəsilib; yazı tanrıların hədiyyəsi kimi dəyərləndirilib.  Qədim zamanlarda yazı və mütaliə bir çox xalqlarda yalnız kahinlər üçün əlçatan olan gizli sənət, eləcə də böyük, qeyri-adi hadisə  sayılıb. Bu nəhəng sənətlərə yiyələnmək, onları əxz etmək heç də hər kəs üçün asan olmayıb. Yazıya və mütaliəyə yiyələnmək hüququ çox hallarda hətta özünü inkar etmək və qurban vermək hesabına əldə edilib. Bu günkü demokratik sivilizasiyalar baxımından qədimlərdə ruhun dəyərləri indikindən fərqli olaraq matah idi,  daha nəcib və müqəddəs sayılırdı, tanrılar tərəfindən qorunurdu və  onlara yaxınlaşmaq imkanı hər kəsə verilmirdi.  Bir sözlə, ruhun xəzinəsini heç nəsiz almaq qeyri-mümkün idi. İyerarxik və kübar mədəniyyətlər dövründə savadsız insanların əhatəsində yazı sirlərini öyrənməyin nə demək olduğunu biz yalnız səthi təsəvvür edə bilərik. Bu, o zaman həm də ağ və qara magiyanın iradəsi ilə sehrli çubuğun idarə etdiyi hakimiyyətdə ayrı-seçkiliyə bərabər idi.
       
Bu gün, göründüyü kimi, başqa cürdür. Bu gün kitablar aləmi və ruhu hamı və hər kəs üçün açıqdır. Hətta hər kimsə kənarda dayanmağa cəhd göstərsə belə, onu, istəsə də – istəməsə də, bu aləmə cəlb edəcəklər. Bu gün insanlar üçün bilik, savad nəfəs almaqdan, deyək ki, at sürmək bacarığından daha az əhəmiyyətlidir. Bu gün görünür ki, yazı və kitab onlara xas olan əvvəlki sehrli xüsusiyyətlərin aurasından tamamilə məhrum olub. Arzu olunan hər hansı kitabın səhifələri daha hər bir oxucunun üzünə açıqdır.  Liberal demokratiyanın nöqteyi-nəzərindən bu, mütərəqqi hadisədir. Amma məsələyə digər baxışlardan yanaşdıqda bu, eləcə də ruhun bayağılaşdırılmasına və devalvasiyasına sübut kimi dəyərləndirilir.
        
Amma tərəqqinin bizə bəxş etdiyi xoş düşüncələrdən ayrılmağa əsla çalışmayaq və şad-xürrəm hislərlə bir yerdə olmağa davam edək: axı,  yazı və mütaliə artıq heç bir qadağaya məruz qalmır, ya da qurban tələb etmir. Çap avadanlıqlarının icad edilməsindən sonra kitab ümumi istifadə predmetinə çevrilib. İndi kitablar beş-on nüsxə deyil, yüksək tirajla çap olunur. Həm də belə kitabların qiyməti ən imkansız insanlar üçün sərfəlidir. Nəticədə isə bütün xalqlar öz klassik yazıçılarının hətta ən yaxşı əsərlərini oxumaq imkanı əldə ediblər. Doğrudur, son vaxtlar kino və radio populyarlaşıb, amma belədə əsla kədərlənməyə dəyməz. Gələcəkdə kitabın yer üzündən yox olmaq təhlükəsi barədə düşünüb, qorxu hissi keçirməyin heç bir məntiqi əsası yoxdur. Əksinə, digər yeni ixtiralar hesabına insanların əyləncələrə olan müəyyən ehtiyaclarının ödənilməsi ilə daha çox kitabın dəyəri, məziyyətləri ona qayıtmış olur.  Başqa sözlə desək, yazının və kitabın əsrlər durduqca itməyən xüsusi funksiyaları vardır.   
        
Mən yuxarıda belə bir fikrə toxundum ki, kitab guya özünün keçmiş sehrli gücünü itirib, savadsız insanlara bu gün guya az hallarda rast gəlinir.  Bəs niyə guya? Doğrudanmı  qədim sehrkarlıq hələ də mövcuddur? Doğrudanmı müqəddəs kitablar, Şeytanın kitabları, sehrli kitablar hardasa qalmaqdadır? Və “kitabın sehri” məfhumu həmişəlik olaraq keçmiş dövrlərə dönməyib, əfsanəyə çevrilməyib?
        
Bəli, bu, belə də var! Təbiətin qanunları kimi ruhun qanunları da çox az hallarda dəyişkənliyə məruz qala bilir. Onları eləcə də “ləğv etmək” mümkünsüz olur.  Kahinlərin, deyək ki, hətta münəccimlərin silkini dəyişmək olar,  onları bütün imtiyazlarından məhrum etmək olar, əvvəllər gizli xəzinə sayılan elmi kəşfləri və  ədəbi nailiyyətləri ictimailəşdirmək və çoxlu sayda insanları bu xəzinəni mənimsəməyə məcbur etmək olar. Amma bütün bunlar yalnız səthi təsir göstərə bilər, əslində isə ruhlar aləmində Qutenberqin çap maşınını icad etdiyi, Lütürin Bibliyanı alman dilinə çevirdiyi vaxtlardan bəri heç bir şey dəyişməyib. Magiya əvvəlki təki gizli, seçilmişlərin hansısa   mütəşəkkil iyerarxiya təşkilatı kimi mövcud olub ruha sahibdir, sadəcə indi bu təşkilat adsız qalıb. Artıq neçə əsrlərdir ki, yazı və kitab  bizdə cəmiyyətin bütün siniflərinin ümumi mülkiyyətinə çevrilib. Həmçinin geyim haqqında monarxiya silkinin qanunları ləğv edildikdən sonra dəb də cəmiyyətdə ümumi mülkiyyət statusu alıb. Amma əvvəllər, lap elə indinin özündə də dəb az adamlar tərəfindən yaradılır. Şux qamətli gözəllərin geyib nümayiş etdirdikləri don isə tamamilə başqa cür görünür.
          
Gəlin mücərrəd fikirlərlə başımızı qatmayaq. Təfəkkür və kitabın müasir tarixindən hər hansı bir misal çəkək. Təsəvvürümüzə 1870-1880-ci illərdə yaşamış təhsilli, bilikli bir alman vətəndaşını (qoy bu, məhkəmə hakimi, həkim, universitet professoru, yaxud da sadəcə fiziki şəxs olsun, fərqi yoxdur)  gətirək. O, nəyi mütaliə edib? Öz dövrünün və xalqının yaradıcılıq təfəkkürü ilə nə dərəcədə tanış olub. Öz dövrünün ictimai-mədəni həyatına hansı töhfələri bəxş etmiş və gələcək üçün nə kimi iz saxlayıb? Ötən dövrlərdə tənqid və uctimai rəy tərəfindən oxucu üçün dəyərli, lazımlı hesab olunan ədəbiyyat bəs indi haradadır? Ondan demək olar ki, heç nə qalmayıb. Keçmişdə Dostoyevski romanlar qələmə alarkən, varlı və xəsis zövqlərin formalaşdığı Almaniyada Nitsşe hələ tanınmadığı bir zamanda alman oxucuları, qocalar və gənclər, yuxarı və aşağı təbəqələr  Şpilxageni və Marlittini, ya da yaxşı mənada yüksək tirajla çap olunan Emanuel Geybelin kiçik şeirlərini oxuyurdular.
         
Bu cür misallardan çox çəkmək olar. Görməmək mümkün deyil: ruh, düşüncə indi daha demokratik məzmun alıb – çox güman ki, dövrün mənəvi xəzinəsinin qapıları oxumağı bacaran hər kəsin üzünə açıqdır. Reallıqda isə bütün əhəmiyyətli hadisələr məxvi olaraq cərəyan edir.
            
Şairlər yaşayıb-yaradır və ölürlər. Onlardan əksəriyyətinin adı ictimaiyyətə demək olar ki, məlum deyil, yalnız bir qismi az-çox tanına bilir. Şairlərin ölümündən onilliklər ötəndən sonra onların yaratdığı əsərlər qəfildən vulkan kimi püskürərək şöhrət qazanır. Yekdilliklə xalq tərəfindən rədd edilən Nitsşe on illiklər keçəndən sonra ən sevimli müəlliflərdən birinə çevrilir, onun əsərləri dəfələrlə nəşr olunduqca yenə azlıq edir.  Biz bunun da şahidi olduq: yüz ildən çox bir müddət keçəndən sonra Gölderlinin şeirləri tələbə gənclər tərəfindən şövqlə, coşqu ilə qarşılandı, dillər əzbərinə çevrildi.
             
Hər bir filosofun hər kitabı, hər bir şairin hər şeiri zaman keçdikcə oxucuya yeni ruh, yeni ovqat bəxş edir. Cavanlıqda mən çox şeyi başa düşmədən ömrümdə ilk dəfə Hötenin “Seçmə oxşarlıq” əsərini oxumuşdum. O vaxt mənim oxuduğum əsər bu gün beşinci dəfə yenidən əlimə alıb oxuduğum “Seçmə oxşarlıq”dan tamamilə fərqli idi.  Deməli, biz əsəri nə qədər ki, aydın, rəvan, hissiyatla, düşünərək oxuyuruq, bir o qədər onda ifadə olunan fikrin təkrarolnmaz, fərdi xüsusiyyətlərini görürük. Belədə aydın başa düşürük ki, müxtəlif xalqların yüzlərlə, minlərlə səs-sədası bir məqsədə yönəldilib və bu xalqlar eyni arzu ilə yaşayır, eyni dərd-sərə tab gətirirlər…
 
 Tərcümə edəni: Ağaddin BABAYEV

Sim-sim.az
Yuxarı