Çexovun məktubları

Литература

Yaradıcı adamın şəxsi həyatı, necə deyərlər, «səhnə arxasındakı» həyatı, tanıdığı şəxslər, onların yaradıcılığı barədə fikirləri, dünyagörüşü, yaradıcılığında və şəxsi həyatında qarşılaşdığı problemlər tədqiqatçılar, eləcə də adi oxucular üçün həmişə maraqlı olub.
Görkəmli rus yazıçısı A. P. Çexovun dörd mindən çox məktubu bu günümüzə gəlib çatıb. Onun bir şəxsiyyət kimi, bir yazıçı kimi necə formalaşmasını, həyatınındakı mühüm məqamları, tanınmış müasirlərinə münasibətini bilmək üçün də bu məktubların əhəmiyyəti böyükdü.

Çexov - A. S. Suvorinə*

21 fevral 1886-cı il, Moskva

Hörmətli cənab Aleksey Sergeyeviç!
Sizin məktubunuzu aldım. Yazılarım haqqında yaxşı rəyinizə və hekayəmi* tez çap etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Sizin kimi təcrübəli və istedadlı şəxsin yazılarıma gösərdiyi diqqətin məni necə həvəsləndirdiyini deməyə belə lüzum yoxdur...
Hekayəmin atılmış sonluğu haqqında fikrinizlə razıyam və faydalı məsləhətinizə görə minnətdaram. Mən artıq altı ildi işləyirəm, ancaq Siz ilk şəxssiniz ki, məsləhət vermək, fikrinizi əasalandırmaq əziyyətinə qatlaşmısınız.
Mən nisbətən az yazıram: həftədə ən çox 2-3 kiçik hekayə. «Yeni dövr»də işləməyə vaxt taparam, ancaq, buna baxmayaraq, sevinirəm ki, əməkdaşlıq üçün tələsik işləmək şərtini irəli sürməmisiniz. Tələsdirəndə adam özünü yük altında hiss eləyir, bu da işləməyə mane olur. Şəxsən tələsiklik mənim üçün narahatlıq yaradır, çünki mən həm də həkiməm, tibblə məşğul oluram. Elə sabah məni bütün gün ərzində yazı masamdan ayırmayacaqlarına əmin deyiləm...
Sizin təyin etdiyiniz qonorar hələ ki, mənim üçün tamamilə kifayətdir. Bir də mənə çox az-az gördüyüm qəzeti göndərməyi tapşırsaydınız Sizə çox minnətdar olardım.
Bu dəfə əvvəlkindən iki dəfə böyük və... qorxuram ki, iki dəfə pis hekayəmi* göndərirəm...
Hörmətlə
A. Çexov.


Çexov - A. S. Suvorinə
27 oktyabr 1888-ci il, Moskva

... Yazıçı həmkarlarımla söhbətlərdə həmişə təkid edirəm ki, dar ixtisas məsələlərini həll etmək sənətkarın işi deyil. Yazıçının bilmədiyi şeyə girişməyi pisdi. Xusisi məsələlər üçün bizdə mütəxəssislər var; icmalar haqqında, kapitalın müqəddaratı, sərxoşluq, çəkmələr, qadın xəstəlikləri haqqında mühakimə yürütmək onların işidi... Sənətkar isə yalnız başa düşdüyü şeylər barədə mühakimə yürütməlidi; başqa mütəxəssislər kimi onun da dairəsi məhduddu, - mən bunu təkrar eləyirəm və bunu həmişə təkidlə deyirəm. «Onun sahəsində suallar yoxdu, bütün cavablar hazırdı» sözünü yalnız heç vaxt yazmayan şəxs deyə bilər. Sənətkar müşahidə eləyir, seçir, duyur, quraşdırır - elə ancaq bu hərəkətlərin kökündə sual durur; əgər lap əvvəldə özünə sual verməmisənsə, duymalı, seçməli bir şey olmayacaq. Sözümü psixatriya ilə bitirirəm: əgər yaradıcılıqda sual və məqsədi inkar etsən, etiraf etmək lazımdı ki, sənətkar niyyətsiz, hisslərin təsiriylə yaradır; ona görə əgər bir müəllif özünü öysə ki, povesti əvvəlcədən bir niyyəti olmadan, yalnız ilhamın gücünə yazıb, mən onu dəli adlandırardım.
Sənətkardan işə şüurlu yanaşmağı tələb etməkdə Siz haqlısınız, ancaq Siz iki anlayışı qarışdırırsınız: sualın həlli və sualın düzgün qoyuluşu. Yalnız ikinci sənətkar üçün mütləqdi. «Anna Karenina»da və «Onegin»də heç bir sual həll olunmayıb, ancaq əsərlər Sizi təmin edir, yalnız ona görə ki, bütün suallar düzgün qoyulub. Sulları qoymaq məhkəmənin borcudu, ancaq onları qoy iclasçılar həll eləsin.
Yazırsınız ki, mən «Ad günü»ndəki qəhrəmanları daha geniş təsvir eləməliydim. İlahi, mən axı heyvan deyiləm, mən bunu başa düşürəm. Başa düşürəm ki, qəhrəmanları kəsib doğrayıram, onları korlayıram, yaxşı material zay olub gedir... Düzünü deyim ki, «Ad günü»nün üzərində həvəslə yarım il oturardım. Mən ləzzət almağı xoşlayıram və tez çap olunmaqda heç bir gözəllik görmürəm. Mən həvəslə, məmnuniyyətlə, hisslə öz qəhrəmanımı ətraflı təsvir eləyərdim, arvadı doğanda onun keçirdiyi hissləri, onun məhkəməsini, bəraət alandan sonrakı iyrənc duyğularını, mamaça ilə həkimin necə çay içdiyini, yağışı təsvir eləyərdim... Bu mənə yalnız ləzzət eləyərdi, çünki mən qurdalanmağı xoşlayıram. Ancaq nə eləyim? 10 sentyabrda hekayəni yazmağa başlayıram, fikrimdə tutmuşam ki, onu, ən çoxu, 5 oktyabra qədət bitirməliyəm; gecikdirsəm yalançı çıxaram, həm də pulsuz qalaram. Əvvəlcə rahat yazıram, ancaq ortalarda başlayıram qorxmağa ki, birdən hekayəm uzun çıxar: unutmamalıyam ki, «Severnıy vestnik»in pulu azdı, mən də onun ən bahalı əməkdaşıyam. Ona görə məndə əvvəli həmişə çox ümidverici alınır, sanki roman yazıram; ortası başdansovdu, sonu isə kiçik hekayədə olduğu kimi birdəncə bitir. Hekayə yazanda istər-istəməz onun çərçivələrini düşünürsən: bir xeyli qəhrəmanlardan, yaxud yarıqəhrəmanlardan birini seçirsən - arvadı, ya əri, - onu xüsusi işləyirsən, qalanlarını isə onun fonunda xırda pul kimi səpələyirsən, göy qübbəsi kimi bir şey alınır: bir böyük Ay, onun ətrafında isə xırda ulduzlar. Ay isə alınmır, çünki onu yalnız ulduzları duyanda anlamaq olar, ulduzlara isə yaxşı bəzək vurulmayıb. Belədə də ədəbiyyata yox, pinəçiliyə oxşar bir şey ortaya çıxır. Nə etməli? Bilmirəm, bilmirəm. Hər şeyə məlhəm qoyan vaxtın ümidinə buraxıram.
Əgər vicdanla desəm, mən hələ öz ədəbi fəaliyyətimə başlamamışam, nə olsun ki, mükafat almışam. Mənim başımda beş povestin, iki romanın süjeti fırlanır. Romanın birini artıq çoxdan düşünmüşəm, belə ki, iştirak edən şəxslərin bəzisi yazmağa macal tapmamış köhnəliblər. Başımda bir yığın əmr gözləyən, bayıra atılmaq istəyən adam var. İndiyə qədər yazdıqlarım, yazmadıqlarımın yanında heç nədi. Mənim üçün «Ad günü», «İşıqlar», vedovil, ya dosta məktub yazmağın əhəmiyyəti yoxdu. Bütün bunlar darıxdırıcıdı və misal üçün, «İşıqlar»a əhəmiyyət verən tənqidçinin yerinə təəssüf hissi keçirirəm, mənə elə gəlir, öz hədsiz ciddi, ya gülər sifətimlə çoxlarını aldatdığım kimi, onu da öz əsərlərimlə aldadıram... Uğur qazanmağım xoşuma gəlmir; başımdakı süjetlər artıq yazılanlara dilxorluqla qısqanırlar; boş şeylərin artıq yazıldığı, yaxşıların isə ambarda qaldığı adamı ağrıdır. Əlbəttə, bunda bir xeyli şişirtmə var, çox şey mənə elə gəlir, ancaq həqiqət də yox deyil. Mən nəyi yaxşı sayıram? Sevdiyim və qısqanclıqla qoruduğum, tələsik yazdığım «Ad günü»ndə olduğu kimi kəsib doğramadığım obrazları... Əgər mənim sevgim yanılırsa, onda səhv eləyirəm, ancaq sevgimin yanılmadığı da mümkündü! Mən axmaq və lovğa adamam, ya da əslində yaxşı yazıçı olmağı bacaran canlı vücudam; indi yazdıqlarım mənim xoşuma gəlmir və məni darıxdırır, başımda olanlarsa məni daha çox maraqlandırır, həyəcanlandırır - bundan da belə nəticə çıxarıram ki, hamı lazım olanı eləmir, necə eləməyin sirrini təkcə mən bilirəm. Ola bilsin, bütün yazıçılar belə fikirləşir. Amma bu suallardan baş çıxarmaq çətin məsələdi...
Hamınıza salamlarımı çatdırıram.
Sizin A. Çexov.


Çexov - A. S. Suvorinə
1889-cu il, may ayının əvvəli, Sumı şəhəri.

Gözlərimə inanmıram. Bu yaxınlarda qar və şaxtaydı, indi isə açıq pəncərənin qarşısında oturub yaşıllığa bürünmüş bağda bülbüllərin, şanapipiklərin, sarıköynəklərin necə oxumasına qulaq asıram. Almalar, gilənarlar çiçəkləyir. Qazlar öz balalarıyla seyrə çıxıb. Qısası, yazdı.
Qayıq yollamayıblar. Malikanə sahibinin qayıqları hardasa meşədə meşəbəyinin yanındadı. Ona görə çayın kənarında gəzişməklə kifayətlənirəm və öz qayıqlarında üzən balıqçılara paxıllığım tutur. Ertədən dururam, tez yatıram, çox yeyirəm, yazıram və oxuyuram. Təzə kitablar olmadığından köhnələri təzədən oxuyuram. Yeri gəlmişkən, Qonçarovu oxuyub təəccüblənirəm. Təəccüblənirəm ki, nəyə görə Qonçarovu indiyə qədər birinci dərəcəli yazıçı saymışam? Onun «Oblomov»u əhəmiyyətsiz şeydi. İlya İliçin özü elə də böyük sima deyil ki, götürüb ondan bu boyda kitab yazasan. Şişman tənbəl, belələri çoxdu, mürəkkəb xarakter deyil, adi, xırda adamdı. Özümdən soruşuram: əgər Oblomov tənbəl olmasaydı, nə olardı? Cavab verirəm: heç nə. Belədirsə, onda qoy köpsün. Qalan surətlər xırdadı, çoxunu özündən uydurub. Onlar dövrü xarakterizə etmir və təzə heç nə vermirlər. Ştolsa inamım gəlmir. Müəllif deyir ki, o, yaxşı oğlandır, ancaq mən inanmıram. Ö özü haqqında çox yaxşı düşünən və özündənrazı cüvəllağıdı. Bir hissəsi uydurulub, bir hissəsi də qeyri-təbiidi. Olqa da qeyri-təbiidi. Ən pisi də odur ki, romanda istilik duyulmur... Qonçarovu öz yarımallahlarımın siyahasından silirəm.
Di gəl Qoqol necə səmimidi, necə böyük sənətkardı! Təkcə onun «Fayton»u iki yüz min rubla dəyər. Heyran qalırsan. Çox görkəmli rus yazıçısıdı. «Müfəttiş»də ən yaxşı ilk akt, «Evlənmə»də ən pis III akt yazılıb.
Siz nə vaxt yola düşürsünüz? İndi məmnuniyyətlə musiqi və çoxlu qadın olan harasa gedərdim. Pul tapılardı. Söz verirəm ki, gələn il, əgər sağ qalsam, mütləq Avropaya gedəcəyəm...
Sizin A. Çexov.


Çexov - D. V. Qriqoroviçə*
5 fevral 1888-ci il, Moskva

Əziz Dmitrii Vasilyeviç!
Sizə haqqında yazdığım «Çöl»ü bitirib, «Severnıy vestnik»ə yolladım. Təxminən beş çap vərəqi həcmində bir şey alındı. Əgər onu çıxdaş eləməsələr, mart sayında çap olunacaq.
Bilirəm, o dünyada Qoqolun qəzəbinə tuş gələcəyəm. Bizim ədəbiyyatda o, çöllər padşahıdı. Mən xoş niyyətlə onun mülkünə girdim, ancaq bir xeyli mənasız işlər gördüm. Povestin dörddə üçü alınmayıb.
Yeri gəlmişkən, 10 yanvardakı məktubumda Sizin süjetiniz barədə - 17 yaşlı gəncin intihar etməsindən yazmışdım. Ondan azacıq istifadə etməyə cəhd göstərmişəm. Öz «Çöl»ümdə səkkiz fəsilin hamısında doqquz yaşlı bir uşağı təsvir eləmişəm. Gələcəkdə Piterə, ya Moskvaya gedəcək və yəqin axırı pis olacaq. Əgər «Çöl» uğur qazansa, onu davam etdirəcəyəm. Qəsdən onu elə yazmışam ki, bitmədiyi təsəvvürü yaransın. Özünüz görəcəksiniz, böyük povestin birinci hissəsinə oxşayır*.
Bilmirəm, Sizi başa düşmüşəmmi? Sizin gəncin intiharı, məncə, Avropaya tanış olmayan, yalnız Rusiya üçün səciyyəvi olan, Rusiyada mümkün olan dəhşətli mübarizənin nəticəsidi. Sənətkarın bütün enerjisi iki şeyə yönəlməlidi: insana və təbiətə. Bir tərəfdən fiziki zəiflik, əsəbilik, erkən həddi-buluğa çatmaq, həyatı və həqiqəti dərk eləmək istəyi, çöl kimi geniş fəaliyyət göstərmək arzusu, aramsız təhlillər, qol-qanad açan xəyalların müqabilində elmin azlığı; o biri yandan - ucsuz-bucaqsız düzənlik, sərt iqlim, öz əziyyətli tarixiylə qaşqabaqlı xalq, tatar-monqol əsarəti, məmurlar, kasıblıq, cəhalət, rütubətli paytaxtlar, slavyan süstlüyü və s. ... Rus həyatı rus insanını min pudluq daş kimi vurur. Qərbdə insanlar həyatın darısqallığından, bizdə isə genişliyindən ölürlər... O qədər genişdi ki, balaca adamcığazın öz səmtini, yerini müəyyənləşdirməyə gücü çatmır... Bax intihar eləyən ruslar barədə mən belə düşünürəm... Sizi doğrumu başa düşmüşəm?..
Sizə səmimi-qəlbdən dost olan
Ant. Çexov.


Çexov - A. M. Qorkiyə
3 dekabr 1898-ci il, Yalta şəhəri

Hörmətli Aleksey Maksimoviç, Sizin son məktubunuz məni çox məmnun etdi. Səmimi-qəlbdən təşəkkür edirəm. «Vanya dayı» çoxdan yazılıb, onu heç vaxt səhnədə görməmişəm. Son illər onu əyalətlərdə daha çox oynayırlar, yəqin öz pyeslərimin məcmuəsini çap etdirdiyimə görədi. Ümumiyyətlə, öz pyeslərimə soyuq yanaşıram, teatrdan çoxdan uzaqlaşmışam və teatr üçün daha yazmaq istəmirəm.
Hekayələriniz barədə mənim rəyimi soruşursunuz. İstedad, özü də əsl istedad sahibi olduğunuza şübhə yoxdu. «Çöldə» hekayənizdə bu daha qabarıq görünür, onu mən yazmadığıma görə hətta sizə paxıllığım tutdu. Siz sənətkarsınız, ağıllı adamsınız, Siz əla hiss eləyirsiniz, Siz plastiksiniz, yəni nəyisə təsvir eləyəndə onu hiss eləyirsiniz, əllərinizi ona toxundurursunuz. Bu, əsl sənətdi. Bax mənim rəyim belədi və bunu Sizə deyə bildiyimə görə çox şadam. Təkrar eləyirəm, çox şadam və əgər biz tanış olub, bir-iki saat söhbət eləsəydik, Sizə necə böyük qiymət verdiyimə, Sizə necə böyük ümidlər bəslədiyimə inanardınız.
İndi nöqsanlar barədə danışımmı? Ancaq bu elə də asan deyil. İstedadın nöqsanları barədə danışmaq bağda bitən nəhəng ağacın qüsurları barədə danışmaq kimi bir şeydir; məsələ ağacda deyil, ağaca baxan adamın zövqündədi. Elə deyilmi?
Əvvəl-əvvəl onu deyim ki, məncə, Sizdə təmkin yoxdu. Siz teatrda öz heyranlığını gizlədə bilməyib özünə və başqalarına mane olan tamaşaçıya oxşayırsınız. Dialoqları kəsdiyiniz təbiət mənzərələrində bu səbirsizlik xüsusiylə hiss olunur; oxuyanda bu təsvirlərin yığcam, iki-üç sətir olmasını istəyirsən. Naz-qəmzə, pıçıltı, məlahət kimi sözləri tez-tez işlətmək bu təsvirlərə bir az ritoriklik, yeknəsəklik gətirir və adamı yorur. Səbirsizlik qadınların təsvirində və məhəbbət səhnələrində də hiss olunur. Bu, qələmin itiliyi deyil, məhz səbirsizlikdi. Akkompanement, disk, harmoniya - belə sözlər mane olur. Tez-tez dalğalardan danışırsınız. Ziyalı adamların təsvirində nəsə bir gərginlik duyulur; ona görə yox ki, ziyalı adamları az müşahidə etmisiniz, Siz onları tanıyırsınız, ancaq onlara hansı tərəfdən yanaşmağı dəqiq bilmirsiniz.
Sizin neçə yaşınız var? Mən Sizi tanımıram, bilmirəm hardansınız və kimsiniz, ancaq mənə elə gəlir ki, nə qədər ki, cavansınız Nijniyi tərk edib iki-üç il ədəbi aləmə yaxın olmalısınız, ona qaynayıb-qarışmalısınız, onu sevməlisiniz, üstəlik də, əyalət adamı tez qocaldır. Korolenko, Potapenko, Mamin, Ertel - gözəl insanlardı; ilk-əvvəl bəlkə də Sizə darıxdırıcı görünsünlər, ancaq bir-iki ilə onlara öyrəşəcəksiniz, onların qədir-qiymətini biləcəksiniz və onların mühiti paytaxt həyatının narahatçılıqlarını Sizə az bir zamanda unutduracaq.
Əllərinizi bərk-bərk sıxıram. Məktuba görə bir daha minnətdarlığımı bildirirəm.
Sizin A. Çexov


Çexov - A. M. Qorkiyə
3 yanvar 1899-cu il, Yalta şəhəri

Əziz Aleksey Maksimoviç, iki məktubunuza birdən cavab verirəm...
Görünür, Siz məni başa düşməmisiniz. Mən Sizə kobudluq haqqında yox, xarici, az işlədilən, rus dilində olmayan sözlərin münasib olmadığından yazmışam. Belə sözlər, məsələn, «fatalist», başqa müəlliflərin əsərlərində elə də hiss olunmur, ancaq Sizin diliniz melodikdi, ona görə yerinə düşməyən adi bir söz o saat nəzərə çarpır. Əlbəttə, hər şey zövqdən asılıdı, bəlkə də çoxdan müəyyən vərdişlərə yiyələnmiş bir adam kimi həddindən artıq ifrata varıram...
Yazmağı özünüz öyrənmisiniz?
Hekayələrinizdə sənətkarlığa söz yoxdu, özü də əsl ziyalısınız. Məhz kobudluq Sizə xas olmayan cəhətdi, Siz ağıllısınız və çox gözəl duyumunuz var. «Çöldə» və «Salın üstündə» Sizin ən yaxşı əsərlərinizdi - bu haqda Sizə yazmışammı? Əla əsərlərdi, onlarda çox gözəl məktəb keçmiş sənətkar görünür. Səhv etdiyimi düşünmürəm. Yeganə nöqsan - təmkin və zərifliyin olmamasıdı. Müəyyən bir hadisəni təsvirinə mümkün qədər az hərəkətin sərf olunması zəriflikdi. Sizdə isə bu həddindən artıqdı.
Təbiətin təsviri gözəldi; Siz əsl rəssamsınız. Ancaq dəniz nəfəs alır, səma baxır, çöl dincəlməkdən həzz alır, təbiət pıçıldayır, danışır, kədərlənir və s. kimi təşbehlər təsviri bir qədər yeknəsəkləşdirir, bəzən anlaşılmaz eləyir; təbiət təsvirdə canlılıq yalnız «gün çıxdı», «qaranlıq düşdü», «yağış yağdı» və s. bu kimi sadə kəlmələrin hesabına başa gəlir, bu sadəlik də başqa belletristlərdən Sizə daha çox xasdı...
Əlinizi bərk-bərk sıxıram.
Sizin A. Çexov.

Tərcümə: Saday Budaqlı
"Xəzər jurnalı"
________________________________________
*Aleksey Sergeyeviç Surovin (1834 - 1912) - "Yeni dövr" qəzetinin naşiri, Rusiyada ən böyük kitab nəşriyyatlarından birinin sahibi, nasir və dramaturq.
* "Yeni dövr" qəzetində çap olunmuş iki hekayə - "Yas mərasimi" nəzərdə tutulur.
* "İfritə" hekayəsi nəzərdə tutulur.
* Dmitri Vasilyeviç Qriqoroviç (1822-1899) - Çexovun müasiri, onun hekayələrində böyük istedadın işartılarını görən ilk tanınmış yazıçı.
* Povest uğur qazansa da, Çexov "Çöl"ün davamını yazmayıb.
Kultura.az | Developed by Samir Yahyazade