post-title

Misir Məmmədli: 20-ci əsrin intellektuallıq anlayışı: Qramşi, Benda, Said (II)


Eduard Said Reith konfranslarına biri solu, digəri isə sağı təmsil edən iki yazarın ‘intellektuallar’la bağlı düşüncələri ilə başlayır. Onlardan ilki “italyan marksist, aktivist, jurnalist və fövqəladə siyasət fəlsəfəçisi” Antonio Qramşi, ikincisi isə yəhudi əsilli fransız yazar Julien Bendadı.

A.Qramşi məsələyə marksist təməldə yanaşırdı. O, yazırdı ki, insanın intellektual olub-olmadığını sırf onun düşüncələrinə görə müəyyən etmək yanlışdır. Hər növ fəaliyyət az-çox zehni əmək tələb etdiyinə görə əslində bütün insanları intellektual saymaq olar, lakin cəmiyyətdəki hər kəs intellektualın işini görməz. Bu məzmunda intellektualın kim olduğu onun hansı ictimai funksiya icra etməsi ilə birbaşa əlaqəlidir. Qramşinin fikrincə intellektuallar (onun yeni “tarixi blok” adlandırdığı) sosial-iqtisadi siniflərin elementlərindən biri və orqanik əlavəsi kimi meydana çıxıblar. Məhz buna görə də intellektualla intellektual olmayan arasında fərq qoyarkən intellektualın daxilində fəaliyyət göstərdiyi ictimai münasibətlər sistemini əsas ölçü kimi götürmək lazımdır.

Qramşi intellektual funksiyası icra edənləri iki yerə ayırırdı:

(1) Orqanik intellektuallar (2) Ənənəvi intellektuallar

Biz bu gün tamamilə birincilərin əlində olan bir dünyada yaşayırıq. Modern cəmiyyətin öz funskiyalarını yerinə yetirməsində artıq ənənəvi sosial siniflər deyil, böyük həcmdə öz sahələri üzrə ixtisaslaşmış intellektuallar mərkəzi yer tutur. Qramşinin də təxminləri bu yöndə idi. O, bu kateqoriya intellektualları ona görə orqanik adlandırırdı ki, onlar kapitalist dünyasının özü ilə birgə yaratdığı yeni bir kültürün, hüquq sisteminin təbii nəticəsi idilər. Başqa sözlə, Qramşinin nəzəriyyəsindəki orqanik intellektuallar iqtisadi-siyasi gücü təmsil edən, iqtidarda olan hakim siniflərlə birbaşa əlaqəli olan şəxslərdir.

Belə bir vəziyyət orqanik intellektuallardan insanların zehinlərini aktiv şəkildə öz təmsil etdikləri maraqların xeyrinə istiqamətləndirməyi tələb edir. Müasir dünyada kütlələri iqtidara inanmağa, onun siyasi-iqtisadi proqramlarını dəstəkləməyə təşviq edən, ictimai fikri formalaşdırmağa yaxud konformistləşdirməyə çalışan hər professional, bir şirkətin bazardan daha çox pay əldə etməsi üçün işləyən reklamçı, müştərinin, istehlakçının, seçicinin düşüncələrini yönləndirməyə çalışan iqtisadi siyasət yaxud ictimai əlaqələr mütəxəssisi Qramşici mənada orqanik intellektualdır. Ənənəvilərlə müqayisədə onlar iqtisadi proseslərlə iç-içədilər və daim hərəkət, dəyişiklik halındadılar. Bundan əlavə, orqanik intellektuallar adətən öz sahələri üzrə professional şəkildə ixtisaslaşmış olurlar.

Ənənəvilərə gəldikdə isə, Qramşiyə görə, özlərini istehsal prosesinə bağlı görməyən bu tip intellektuallar ən qarma-qarışıq, köklü ictimai-siyasi dəyişikliklərə baxmayaraq, tarixən öz davamlılıqlarını qoruyub saxlaya biliblər. Belə ki, hər yeni iqtisadi quruluşla birgə meydana çıxan əsas sosial-iqtisadi siniflər hər dəfə özlərindən əvvəlki tarixi dövrdən geriyə qalmış ziyalı dəstəsi ilə qarşılaşırlar. Bunlar ənənəvi intellektuallardı: əsasən nəsildən-nəsilə eyni işi görən ədəbiyyatçılar, müəllimlər, kilsəyə bağlı idealist fəlsəfəçilər və keşişlər. Qramşi yazırdı ki, hər ölkədə mövcud olan ənənəvi ziyalı tipini adətən ədəbiyyatçı, filosof və sənətçi təmsil edir. Odur ki, özlərini ədəbiyyatçı, filosof, sənətçi sayan jurnalistlər də həqiqi ‘ziyalı’ olduqları qənaətindədilər.

Qramşi intellektualların həqiqi mənada bir sinif təşkil etmədiklərini, lakin müxtəlif ictimai siniflərə bağlı qruplardan ibarət olduğunu yazırdı; “müstəqil bir ziyalı sinfi yoxdur, amma hər ictimai qrup öz ziyalılar qatına malikdir və ya onu təşkil etmək istəyir”. Özlərini hakim sinifdən asılı hesab etməyən ənənəvi intellektuallar siniflərarası bir mövqedə dayanaraq keçmişi bu günə bağladıqları halda, orqanik intellektuallar hakim sinif kültürünün məhsulu olaraq keçmişdən radikal qopuşu təmsil edirlər.

Qramşidən fərqli olaraq Julien Bendanın təsvir etdiyi intellektualların nə sinif bağlılığı var, nə də belə bir istəkləri; onlar bütün insanlığın vicdanı olan, çox yüksək qabiliyyətli, yetişkən əxlaqa malik filosoflardan ibarət az sayda insandı. Bendanın tarixi-ictimai zəmindən qopardılmış intellektualı “olanı” deyil, “olması gərəkəni” ideallaşdırırdı və yeri gəlmişkən intellektuala bu kontekstdə yanaşma Saidin özünün intellektual anlayışına çox ciddi təsir göstərmişdi.

Benda intellektuala nümunə olaraq tez-tez Sokrat və İsanın adını çəkir, o cümlədən Spinoza, Volter, Ernest Renanı da yada salırdı. Onun fikrincə əsl intellektuallara adətən cəmiyyətlərdə çox nadir hallarda rast gəlinir və onların müdafiə etdikləri dəyərlər maddi dünyaya aid olmayan əbədi həqiqət və ədalətə aid şeylərdi. Başqa sözlə, Bendanın intellektualının səltənəti mənəvi baxımdan bu dünyaya aid deyil. O, bu intellektuallar üçün ruhani (clerc) dini terminini istifadə edirdi. Lakin Benda bu termini onların ruhaniyyətin dərinliklərinə enmə həvəslərini deyil, maddi fayda əldə etmək istəyən, praktik məqsədlər güdən, dünyəvi güclərlə yaxın münasibətlər qurmaq arzusunda olan adi insanların tam əksi status və davranış tərzinə malik olduqlarını göstərmək üçün istifadə edirdi.

Julien Bendanın intellektuallarla bağlı əsas fikirləri onun 1927-ci ildə çap edilmiş “İntellektualların xəyanəti” adlı kitabında öz əksini tapıb. Dövrün intellektuallarının korlanmasına, əxlaqsızlaşmasına, dünyəvi mənfəətlərə yönəlməsinə və həqiqi vəzifələrinə xəyanətinə qarşı sərt tənqid və xəbərdarlıqla dolu olan bu kitab işıq üzü görər-görməz böyük səs-küyə səbəb olmuşdu. Benda intellektualları əsasən siyasətə, təşkilatlanmış mənfəətlərə bulaşmaqda ittiham edirdi.

Bendanın intellektualı müasir dünya üçün nə qədər xəyali bir varlıq olsa da, onun ölçüləri çox güman ki, ‘intellektualın nə etməməli olduğu’ məsələsində əhəmiyyətini həmişə saxlayacaq. Onun nəzərində əsl intellektualın ağlı kütlələri istiqamətləndirən ailə, millətçilik, vətən, sinif maraqları kimi dünyəvi ehtiraslardan, təşkilatlanmış “kollektiv duyğular”dan yüksəkdə dayanırdı. İntellektual siyasətlə məşğul olmamalı, intellektual varlığının siyasət vasitəsilə əriyib getməsinə imkan verməməli, kütlədən uzaq durmalıdır. Hətta “əgər intellektual çoxluq tərəfindən alqışlanırsa, deməli xəyanət içindədir”. Bu mənada “kütlələrin məhkum etdiyi intellektual, həqiqi intellektualdır”. Lakin bu o demək deyil ki, Bendanın yüksək keyfiyyət və ideallara malik filosof-intellektualları cəmiyyətdən tamamilə uzaq düşmüş, yalnız özlərinə həzz verən metafizik yaxud sənət və elmi məsələlərlə məşğul olan şəxslərdi. Ona görə həqiqi intellektuallar mənfəət güdməyən ədalət və həqiqət qanunlarının təsiriylə əxlaqsızlığı mühakimə etdikləri, gücsüzlərin müdafiəsində durduqları, zəifi əzən gücə qarşı meydan oxuduqları zaman əsl özləri olurlar.

Said əhəmiyyətli bir məqama diqqət çəkib yazırdı ki, Benda uzaqgörən idi; çünki öz siyasətlərini gücləndirmək, rəsmi düşmənlərə qarşı propaqanda aparmaq, əslində baş verənləri ‘milli qürur’ adı altında gizlətmək məqsədləri naminə intellektualların hökümətlər üçün gələcəkdə nə qədər əhəmiyyətli olacağını çox öncədən sezmişdi. Doğurdan da hazırda patriotizm və şovinist millətçiliklə kütlələrin adətən çox həssas olan milli hisslərini coşduran ‘professionallar’ iqtidarların əlində həqiqətləri gizlətmək üçün ən işə yarayan vasitələrdən biri deyilmi?

Benda bəzi məsələlərdə nə qədər uzaq görən və haqqlı olsa da, onun payaya bağlanıb yandırılmağa, sürgünə göndərilməyə, çarmıxa çəkilməyə hazır olan, status-kvo qarşısında daima müxalif vəziyyəti alan, iqtidarların üzünə hər zaman həqiqəti deyən, heç bir dünyəvi gücü tənqid edilməyəcək, sorğusuz-sualsız itaət ediləcək qədər böyük görməyən bir ovuc super əxlaqlı intellektualı ilə müqayisədə Qramşinin intellektualı cəmiyyətdə müəyyən funskiyaları yerinə yetirən bir şəxs kimi dəyərləndirən sosial yanaşması bu günün reallığına daha uyğun gəlir. Said yazırdı ki, “xüsusilə iyirminci əsrin sonlarında ortaya çıxan bir çox yeni peşə - radio-televiziya işçiləri, professional akademiklər, kompyuter analitikləri, idman və media sahəsində ixtisaslaşmış hüquqşünaslar, siyasət mütəxəssislər, hökümət müşavirləri, xüsusi bazarlar haqqında hesabat hazırlayanlar, hətta bütöv bir modern kütlə jurnalistliyinin özü – Qramşinin nöqteyi-nəzərini haqlı çıxarmışdı. Bu gün informasiyanın yaradılması yaxud bölüşdürülməsində əlaqəli olan sahələrdə çalışan hər kəs terminə Qramşinin verdiyi mənada intellektualdır... Müasir tarixdə intellektualların işin içinə qarışmadığı nə əhəmiyyətli bir inqilab, nə də bir əks-inqilab baş verib. İntellektuallar hərəkatların ata-anaları və təbii ki, övladları”, hətta yaxın qohumları olublar.

*** 
2000-ci ildə belə bir hadisə baş verdi; Eduard Saidin cənubi Livan sərhəddindən İsrail ərazisinə daş atdığı zaman çəkilmiş foto-şəkli KİV-ə düşdü. Bu, Fələstinlinin əlindən çoxdan qəzəbli olan Amerikadakı yəhudi təşkilatlarına ondan əvəz çıxmaq üçün daha bir yaxşı fürsət verdi. Foto-şəklin yayılmasından sonra Said müxtəlif platformalarda “terror professoru ”, “şiddət düşkünü” adlandırıldı. Həmçinin müqayisəli ədəbiyyat professoru kimi dərs dediyi ABŞ-ın Kolumbiya Universitetində oxuyan yəhudi tələbələr onun vəzifəsindən uzaqlaşdırılması barədə rəhbərliyə tələb verdilər. Lakin Universitetin yazılı cavabında belə bir cəzanın verilməsinin akademikin ifadə azadlığının pozulmasına səbəb olacağı bildirilərək tələbələrin tələbi rədd edildi. Saidin özünə gəldikdə, o, vəziyyəti gülməli adlandırdı; sərhəddin qarşı tərəfində İsrail əsgərlərinin olmadığını və sadəcə olaraq uzağa daş atmaqda oğlu ilə yarışdığını açıqladı.

Məlum foto-şəkli dərhal Yaxın Şərqdə çıxan qəzet və jurnallar tərəfindən də xeyli tirajlandı və Said qısa müddətdə İsrail əsgərinə daş atan fələstinli uşaqların simvoluna çevrildi. Hadisə səhv başa düşülmüşdü, lakin artıq “daş atılmış” və “səhv”in elə də mənası yoxdu. Çünki Said ömrünün böyük hissəsini fələstinli bir aktivist kimi yaşamışdı və bu səbəbdən ondan özlərinə simvol düzəltmək müsəlmanlar üçün çox da çətin olmadı. Xristian bir ailənin övladı olaraq Qüdsdə doğulmuş (1935) Saidin təhsilinin, həyat və akademik fəaliyyətinin çox hissəsi ABŞ-la bağlı olsa da, o, bütün dünyada həm də fələstinlilərin nümayəndəsi və haqqlarının müdafiəçisi kimi tanınırdı. Said, necə deyərlər, bu rolu özünə könüllü şəkildə biçmişdi, istər Fələstin Milli Şurasının müstəqil üzvü kimi, istər qaçqın kamplarında gənclərə konsert verən professional musiqiçi kimi, istərsə də münaqişəyə həsr etdiyi çoxsaylı məqalə və kitabları ilə. Eyni zamanda ABŞ və İsrailin Fələstin siyasəti və İsrail-Fələstin müharibəsinə Qərb mediasının ədalətli olmayan yanaşması 1967-ci ildən bəri davamlı olaraq Saidin ciddi və sərt tənqidlərə məruz qalmışdı. Əvəzində onun yəhudilər və Qərbdəki mühafizəkarlar tərəfindən mütəmadi tənqid (bəzən də təhqir) hədəfinə gəlməsi də daha çox əzilən tərəf kimi fələstinlilərin davasını daim gündəmində saxlamasına görə idi. 

 Saidin Yaxın Şərqdə keçirdiyi uşaqlıq həyatı, Fələstin münaqişəsi və içində olduğu əlaqəli proseslər onun timsalında bir intellektualın dünyagörüşü və ‘intellektual’ anlayışının formalaşmasına bu cür şeylərin necə təsir edə biləcəyini göstərir. Saidin fikrincə məsələ insanların məruz qaldığı haqqsızlıq və təzyiqlər, çəkdiyi ağrı və acılardısa, şəxs üçün hansı siyasi düşüncələrə inandığının, hansı ölkədən olduğunun, hansı dil, din və millətin təmsil etdiyinin fərqi olmamalıdır. Çünki elə həqiqət standartları var ki, onlar universaldır, dəyişməzdir və intellektual da həmin standartları gərək heç vaxt tərk etməsin. Belə demək mümkündürsə, Saidin fikrindəki intellektual obrazı universal yönümlüdür və müəyyən mənada dünyəvi radikaldır; “Universal, tək bir standarta bağlı qalmaq mövzu olaraq intellektuallarla əlaqədar təsbitlərimdə çox əhəmiyyətli rol oynayır... İntellektual mümkün olduğu qədər geniş xalq seqmentinə səslənməlidir (onlara üstən aşağı baxmamalıdır), bu seqment onun təbii həmsöhbətidir... Bütövlükdə kütlə cəmiyyəti deyil intellektualın məsələsi; ictimaiyyəti formalaşdıran, onu konformistləşdirən, iqtidardakı bir ovuc çox bilmişə güvənməyə təşviq edən mütəxəssislər, dost-tanış qrupları, professionallar, status-kvo adamlarıdır. Status-kvo adamları müəyyən mənfəətlər güdərlər, halbuki intellektuallar şovinist milliyyətçiliyi, şirkətləşmiş düşüncə qaralamalarını və sinfi, irqi və cinsi imtiyazları sorğulayan kəslər olmalıdırlar.... Universallıq əksər hallarda başqalarının həqiqətini görməyimizə maneə törədən bir pərdə funksiyası yerinə yetirən - yetişdiyimiz mühitin, sahib olduğumuz dilin və milliyyətin təmin etdiyi - ucuz qətiliklərin kənarına keçə bilmə riskini gözə almağı bacarmaq deməkdir... İntellektualların nə demələri yaxud nə etmələri lazım olduğunu təyin edən heç bir qayda yoxdur; həqiqətən sekulyar bir intellektual üçün ibadət ediləcək və yanılmaz bələdçiliyinə güvəniləcək hər hansı bir tanrı da yoxdur”. Ola bilər ki, insanların məruz qaldığı haqqsızlıqları dilə gətirərkən, zülmün əleyhinə çıxarkən intellektual gücü təmsil edənlərlə, iqtidarlarla qarşı-qarşıya qalsın, lakin onu intellektual edən də elə bu xüsusiyyəti - iqtidarın üzünə həqiqətləri deyə bilmək gücüdür; “intellektualın vəzifəsi iqtidara həqiqəti deməkdir”. 

Said bu təyinedici xüsusiyyətlərinə görə, “azadlıq və ədalət davasını müdafiə etməyə çalışan kəs olaraq” intellektualı Bendadan götürdüyü ifadələrlə sürgün, marjinal və yad adlandırırdı. Saidin status-kvonun orqanik intellektuallarına qarşı önə çıxardığı və idealizə etdiyi bu, “sürgün” “marjinal” və “yad” olaraq intellektual portreti qısa şəkildə aşağıdakı mənaları ifadə edir. İntellektuallar öz dəyər və düşüncələri ilə cəmiyyətdəki digər insanlardan fərqlidilər; buna görə “marjinal”dılar. İntellektuallar şan-şöhrət, güc, qorxu kimi anlayışlardan uzaq dururlar, bunlara qarşı “yad”dılar. İntellektuallar cəmiyyətə uyğunlaşanlar deyil, cəmiyyət içində təklənib sürgün həyatı yaşayanlardır; buna görə “sürgün”dülər. Saidin öz sözləri ilə desək, “bir tərəfdə cəmiyyətin mövcud vəziyyətinə tamamilə aid olanlar, onun içində qatı bir ziddiyyət yaxud uyğunsuzluq hiss etmədən sığınanlar ki, bunlara ‘hə deyənlər’ ya da ‘evdə olanlar’ deyilə bilər; digər tərəfdə ‘yox deyənlər’, cəmiyyətləriylə ulduzları barışmayan, buna görə də imtiyaz, güc və şan-şöhrət əldə etməmə mənasında yad və sürgün olan fərdlər... əksəriyyətə uyğunlaşmaq və milli mənfəətləri güdmək kimi tələlərdən uzaq durmaq meylində olma, hətta bu cür tələlərdən heç xoşu gəlməmə vəziyyəti. Bu metafizik mənasıyla sürgün intellektual üçün narahatlıq hərəkətlilik, davamlı narahat olub başqalarını da narahat etmək deməkdir”. Bu halda intellektual, “paradoksal”, “ironik” və “mərhəmətsizcə tənqidi” bir mövqedədir ki, Saida görə “istər öz tərəfinə aid olsun, istər başqalarına, bütün sistemlərdən bərabər ölçüdə nifrət edən Adorno” sürgün intellektualın ən yaxşı örnəyidir.

Artıq qeyd edildiyi kimi, Said Qramşinin diqqət çəkdiyi intellektual obrazının iyirminci əsrin sonunda reallığa daha uyğun gəldiyini qəbul edirdi; “dünya daha əvvəl heç bir zaman olmadığı qədər professionallarla, mütəxəssislərlə, məsləhətçilərlə - əsl rolları iqtidara xidmət etmək olan, bunun qarşılığında da ciblərini dolduran intellektuallarla doludur”. Onun qəbul etmədiyi şey intellektualın statusunun belə bir səviyyəyə qədər kiçildilməsi idi; “Məncə əsas əhəmiyyət daşıyan fakt budur: intellektual hansısa cəmiyyət adından müəyyən ismarıcı, fikri, davranışı, fəlsəfə və ya qənaəti təmsil etmək, maddiləşdirmək, ifadə etmək haqqına sahib olan fərddir. Bu rolun xüsusi, özünəməxsus ölçüsü var. Həmin rol cəmiyyətin gündəminə sıxıntılı məsələlər gətirən, ortodoksiya və ehkam yaratmaqdansa, bunların əleyhinə çıxan, asan şəkildə hökümətlərin və ya böyük şirkətlərin adamı edilə bilməyən, davamlı olaraq unudulan insanları və məsələləri təmsil etmək üçün mövcud olma duyğusu hiss edilmədən oynanıla bilməz. İntellektual bunu universal prinsiplər təməlində edir: bütün insanların dünyəvi güclərdən və ölkələrdən azadlıq və ədalət məsələsində doğru-dürüst davranış standartları gözləmək haqqı var. Bu standartların qəsdli və ya qeyri-ixtiyarı pozulmasına şahidlik edilməli və cəsarətli şəkildə qarşı çıxılmalıdır”.

İntellektualın status-kvonu narahat edən biri kimi oynadığı ictimai rol üzərində fokuslanan Saida görə son mənada intellektual ictimai sahədə “təmsiledici” bir adamdır. İntellektual, “bu və ya digər dünyagörüşünü görünən şəkildə təmsil edən” və “bu təmsili xitab etdiyi cəmiyyət adına edən” şəxsdir. Yəni intellektuallar, “təmsil etmə sənətini vəzifə etmiş fərdlərdir”. Bununla belə, intellektualın “təmsil”dəki və cəmiyyət qarşısında bir iddianı yaxud fikri ifadə etməsindəki əsl məqsədi öz eqosunu gücləndirmək və ya statusundan zövqü səfa almaq deyil. Bu təmsilin məqsədi iqtidar bürokratiyalarında sadiq xidmətçi kimi çalışmaq da deyil. Onun təmsili şübhəçi, özünü fasiləsiz olaraq rasional sorğulama və əxlaqi mühakiməyə həsr edən bir şüura söykənən fəaliyyətdir. Bu baxımdan dilin istifadəsi və dilə müdaxilə tərzini bilmək intellektual fəaliyyətin iki əsas xüsusiyyətidir. Buna müvafiq olaraq, intellektualın bir vəzifəsi də dildə yayqın olan, “insan düşüncəsini və insanlar arası qarşılıqlı təsiri məngənəsi altına alan ‘klişelər’i və ‘kiçildici’ kateqoriyaları qırmaqdır”.

Modern intellektualın ictimai sahə ilə əlaqəsinə gəldikdə isə, Said yalnız öz-özlüyündə intellektual olmağın mümkünsüzlüyünü vurğulayır və intellektualın mütləq şəkildə ictimai sahə ilə əlaqəsinin yaxud ictimai görüntüsünün olmasını vacib hesab edirdi. İntellektual ictimaiyyət qarşısında danışdığı və ya sözləri kağıza yazıb nümayiş etdirdiyi anda onu ictimai dünyaya girmiş hesab etmək olar. Bununla yanaşı, “tam ictimai sahəyə aid, yalnız müəyyən hərəkət, iddia yaxud mövqeyin sözçüsü və ya simvolu olan bir intellektual” da ola bilməz. İntellektualın “şəxsi tembrı” və “özünəməxsus həssaslığı” da vacibdir ki, o bununla deyilən-yazılan şeylərə müəyyən məna verir. Said bütün varlığı ilə dediklərinə məna verən intellektuala Sartrı və Russeli nümunə göstərir: “Sartr və ya Bertrand Russelli oxuduğum zaman mənə təsir edən dedikləri şeylərdən daha çox özünəməxsus, fərdi səsləri və mövcudiyyətləridir; çünki inandıqları şeyləri dilə gətirirlər. Onları adsız bir məmurla və ya ehtiyatlı bir bürokratla qarışdırmaq mümkün deyil”.

Bəs müəyyən bir sahə üzrə ixtisaslaşmış alimin, akademikin, universitet müəlliminin, filosofun, sənətçi yaxud yazarın bilikləri və professionalizmi onun intellektual hesab etmək üçün kifayət edirmi? Said professionalizm və ixtisaslaşmanı modern intellektual üçün gərəkli şərt saysa da, yetərli şərt kimi görmürdü. Onun intellektualı daha çox müəyyən bir dar sahə içərisindəki mütəxəssis kimliyini adlayaraq daha yüksək səviyyəyə qalxan, konkret bir sahədən asılı olmayan “həvəskar” (amateur) mövqeyi sərgiləyir. Çünki belə bir professionalizm, yəni müəyyən sahəyə bağlı qalmaq insanda qazanc və mükafat gözləntisi yaradır, düşüncə və dəyərlərə görə hərəkət etmək istəyini məhdudlaşdırır. Saidin professionalizmdə əsas qəsdi intellektualın gördüyü işə qazanc və öz rahatlığını təmin etmək vasitəsi olaraq baxması, cəmiyyətlə uyğunlaşmağa başlaması, sıraviləşməsi, öz statusu naminə tənqiddən çəkinməsi və bu cür professional davranışlarını davam etdirməsidir. Son nəticədə intellektual - birbaşa və ya dolayı yolla, könüllü yaxud məcburiyyətdən olsun, fərqi yoxdur - iqtidarların qoyduğu məqsədlərə çatmaq üçün təşviq vasitəsinə çevrilir və bu da intellektualın varlığını mənasızlaşdırır.

Digər tərəfdən “mütəxəssis kultu” və professionalizm intellektualın avtonomluğuna qarşı da təhdiddir. Diplomlu mütəxəssis olmaq üçün müəyyən strukturlardan razılıq almaq məcburiyyəti şəxsi birbaşa iqtidardan asılı vəziyyətə salır. Saidin fikrincə “profesionalizm” “tərəfdarlarının qaçınılmaz olaraq iqtidar və nüfuza doğru, iqtidarın ehtiyacları və imtiyazlarına doğru, açıq-aydın iqtidar adına işə doğru süründürülmələrinə” səbəb olur. Profesionalizm himayəçiliyə tabedir; çünki, “gözünüz himayəçinizdəykən intellektual kimi düşünə bilməzsiniz”, əksinə yalnız “itaətkar mürid kimi düşünə bilərsiniz”.

Başqa sözlə, intellektualı intellektual edən əsas şey ixtisaslaşdığı sahə üzrə (nə qədər professional olursa olsun) bilikləri, qazandığı şan-şöhrət yaxud akamedik nailiyyətləri deyil. Saidin intellektualı ixtisaslaşdığı sahənin çərçivəsi içində qalmayan, düşüncələrini, onu narahat edən məsələləri yazmaqla, danışmaqla, fəaliyyəti ilə ictimaiyyətə çatdıran, bunları edərkən də qulaq asanları xoşbəxt etmək məqsədi güdmədən danışa bilən, sıxıntı verən, insanların əhvalını korlayan mövzulara toxuna bilən tipdəndir. Yəni o, “ictimai sahədə müəyyən reseptə, şüara, ortodoks partiya xəttinə yaxud qatı bir ehkama uyğun şəkildə davranmağa məcbur edilə bilməyən, davranışları haqqında öncəgörənlik edilməsi mümkünsüz” bir adamdır.

Said intellektualın fəaliyyət məqsədinin hələ də insanın azadlığını və biliyini artırmaq olduğu qənaətində idi. O, bu məqsədin universal dəyərlərin və böyük təhkiyələrin yerinə lokal məsələlərin və dil oyunlarının qoyulduğu postmodernizmə rəğmən bu gün də doğru olduğuna inanırdı. Bu, həm də hazırda intellektualın kimi təmsil etməsi sualını ağıla gətirir. İntellektual kimi yaxud nəyi təmsil edir: “Mən intellektualın zəif olanların və təmsil edilməyənlərin tərəfinə aid olduğuna əminəm. Robin Hud deyənlər olacaq. Amma o qədər bəsit bir rol deyil bu, dolayısıyla da romantik idealizm deyilib bir kənara atıla bilməz. Sözə mənim verdiyim mənada intellektual nə insanlara təskinlik vermə, nə də konsensus yaratma dərdindədir. Çox ciddi bir mənada ucuz formulları, hazır klişeləri yaxud iqtidar sahiblərinin və əməkdaşlığa gedənlərin dediklərində, etdiklərində müşahidə edilən məsuliyyətsiz, uzlaşdırıcı “hə”ləri qəbul etmək istəməmə anlamında bütün varlığını meydana qoyan biridir. Hətta sadəcə müəyyən şeyləri passiv olaraq istəməməklə qalmaz, bunu aktiv şəkildə ictimaiyyətə də çatdırar. Qeyd-şərtsiz hökümət siyasətini təndiq etmək məsələsi deyil bu, daha çox intellektualın yarımçıq həqiqətlərin və ya basmaqəlib fikirlərin ayaq açmaması üçün sürəkli tətikdə olmağı vəzifə kimi qəbul etməsi məsələsidir”.
***

Sonda qeyd edilməsi yerinə düşər ki, bu istiqamətdə mövcud olan ədəbiyyatda bir çox intellektual anlayışı var. İntellektualı yüksək mənəvi dəyərləri təmsil edən idealist, milli-mədəni dəyərləri, simvollar yaradan, yayan, ötürən insan, xəyali bir “camaat” kimi nəzərdən keçirən yazarlarla yanaşı, ona sinif maraqları və ideologiya tərəfdən yanaşan digər yazarlar da var. Həmçinin, nisbi avtonom-müstəqil sinif kimi intellektual, müxalif və radikal tənqidçi kimi intellektual, tarixi-ictimai baxımdan intellektual, Qərbin xaricində intellektual və d. başlıqlarda kateqoriyalaşdırılan intellektual anlayışları Saint Simon, Nitsşedən Habermas, Baumana qədər çox geniş ölçüdə bir çox fəlsəfə-düşüncə adamının fikirlərində öz əksini tapıb. Yəni, qısacası, bu yazının qəti şəkildə 20-ci əsrin intellektual anlayışları panormasını əks etdirmək kimi bir iddiası yoxdur.



İstifadə olunub:
Edward Said, Entelektüel. Sürgün, marjinal, yabancı, Ayrıntı yayınları, 1995.
Franklin Le Van Baumer, Main Currents of Western Thought: Readings in Western Europe Intellectual History from the Middle Ages to the Present, Yale University Press, 1978.
Julien Benda, The Treasons of the İntellectuals, Transaction publishers, 2006.

Misir Məmmədli
Kultura.az

Yuxarı