post-title

Seymur Baycan: Sonuncu top

Roman Qari iki dəfə “Qonkur” mükafatı almış yeganə yazıçıdır. Bu hadisənin maraqlı tarixçəsi var. Onun haqqında çox eşitsəm də heç bir əsərini oxumamışdım. Üç-dörd ay əvvəl bir kitab yarmarkasına getmişdim. Yarmarkada Roman Qarinin "Dan üzünə verilmiş söz" (La promesse de l'aube) kitabı ilə qarşılaşdım. Kitabı aldım, çox böyük maraqla oxudum. Bu həqiqi ədəbiyyat idi. Bir neçə yerdə möhkəm təsirləndim. Başa düşdüm ki, Roman Qari həqiqi yazıçıdır və onun başqa əsərlərini də mütləq oxumalıyam.

Yuxarıda adı çəkilən avtobioqrafik əsərdə Roman Qari müxtəlif mövzulara, mətləblərə toxunub. Bolşevik inqilabından sonra Avropaya səpələnmiş rus emiqrantlarının çətin həyatı, yazıçının uşaqlıq, yeniyetməlik, gənclik illərində baş verən hadisələr, yazıçının anası ilə münasibətləri, yazıçının ədəbiyyata gəlişi, ikinci dünya müharibəsi...

Əsərdə bir söhbət məni xüsusən tutdu. Görüm həmin söhbəti burda yazmağı bacaracammı? Çətindi. Hər halda bir cəhd edək. Roman Qari yazır ki, məktəb illərində beş-altı topu əlimdə oynadıb jonqlyorluq edirdim və topların sayını yeddiyə, səkkizə, doqquza qaldırmaq istəyirdim. Əlimə imkan düşən kimi harda gəldi məşq edirdim. Tənəffüsdə, yolda, küçədə, evdə... Ustalığa, mükəmməlliyə can atırdım. Nəhayət mən kobud faktla qarşılaşdım. Altıncı topdan o tərəfə keçə bilmədim. Mən dirəşmişdim, özü də necə dirəşmişdim. Gündə yeddi-səkkiz saat məşq edirdim. Nə qədər əlləşsəm də yeddinci topa keçmək mümkün olmadı. Yeddinci şarı dövriyyəyə buraxan kimi hər şey dağılırdı. Beləliklə heç vaxt sonuncu topu tutmaq mənə müyəssər olmadı. Bütün ömrüm boyu buna cəhd etdim. Uzun illərdən sonra bir həqiqəti başa düşdüm. Başa düşdüm ki, sonuncu top ümumiyyətlə mövcud deyil. Bu çox kədərli həqiqətdi və bu haqda uşaqlara danışmaq lazım deyil. Ona görə də mənim kitabımı kimə gəldi vermək olmaz. İndi mən Paqanininin bir vaxtlar skripkasını kənara atmasına təəccüblənmirəm. Paqanini bu həqiqəti, sənətdə mükəmməlliyin əlçatmaz olduğunu bilirdi.

Daha sonra Roman Qari yazır ki, nə versən də, nə ödəsən də sonuncu topu əldə etməyə heç kim kömək edə bilməz. Faustun faciəsi ondan ibarət deyildi ki, o, ürəyini iblisə satmışdı. Faustun faciəsi ondan ibarətdir ki, ümumiyyətlə ürəyi satın alıb əvəzində sonuncu topu verən iblis mövcud deyil. Alıcı yoxdu. Sadəcə Göte bu qəddar həqiqəti gizlətmək üçün camaata dahiyanə bir yalan danışıb. Qarinin sözündən belə çıxır ki, Mikelancelo, Motsart, Tolstoy kimi sənətkarlar da sonuncu topu əldə etmədən nakam ölən sənətkarlardır. Bir sözlə, sənətkarı qane edəcək mükəmməllik sənətkar üçün əlçatan deyil.

Təxminən belə bir söhbətlə Pazolinin bir filmində qarşılaşmışdım (Ya “Kenterberi hekayələri” ya da “Dekameron” filmi olmalıdı, dəqiq bilmirəm). İş bitir və şagirdləri ustanı işin bitməsi münasibəti ilə təbrik edirlər. Usta isə zahirən sevinsə də əslində kədərlidi. Çünki gördüyü iş onun özünün ürəyincə deyil, o, sözünü axıra qədər deyə bilməyib. Adamlar onun gördüyü işlə tanış olublar. Ürəyində, beynində olanlardan, nələri demək, nələri ifadə etmək istəyindən isə xəbərsizdilər.

Əgər nəsrdə sonuncu topu əldə etməyə yaxınlaşmış bir neçə yazıçı varsa onlardan biri də Çexovdur. Başa düşürəm, belə bir hökm çıxartmaq çox məsuliyyətli bir işdi. Ona görə də özümü sığortolamaq üçün "bu mənim subyektiv fikrimdir" sözlərini də işlətməyə məcburam. Çexov həm yaradıcılığı həm də şəxsi həyatı baxımından ən çox öyrənməli və daima öyrənməli yazıçıdı. Çexovun yaradıcılığı və həyatı yazıçılıqla məşğul olan adamlar, həmçinin həkimlər üçün ən etibarlı dərsliklərdən biridir. Onun bioqrafiyası və yaradıcılığı haqqında uzun-uzadı yazmağa ehtiyac yoxdu. Allaha şükür indi həm oxumaq, öyrənmək, həm də avaralanmaq istəyənlər üçün hər cür şərait mövcuddur. İndi isə gəlin Paustovskinin Çexov haqqında yazdığı məqalədən bir neçə təsirli cümlələri oxuyaq:

"1950-ci ilin payızı. Mən Çexovun Yaltadakı evinə, Mariya Pavlovnanın yanına gəlmişdim. Mariya Pavlovna evdə yox idi, harasa qonşulardan birinə baş çəkməyə getmişdi, mən həyətdə dayanıb onu gözləyirdim. Sonra qoca ev qulluqçusu gəlib məni eyvana dəvət elədi.

Yaltanın gözəl, göz aldadan payızı təzə girmişdi. Bilmirdin ki, yaz idi, yoxsa payız idi. Həyətdə ağappaq bir çiçək kolu günün parlaq şüasında yuyunurdu. Ağ çiçəklər mehdən tökülürdü, daha doğrusu, onları havanın nəfəsi tökürdü.

Bu kolu Anton Pavloviç basdırmışdı - mən bunu bilirdim. Bunu bildiyimə görə də kola toxunmağa cəsarət eləmirdim. Ondan xatirə üçün bir xırdaca budaq qopartmağa nə qədər həvəsim olsa da, özümü saxlayırdım. Nəhayət, cəsarətə gəldim, əlimi kola uzatdım, o saat da geri çəkdim, - aşağıda, bağçada durmuş Kaştanka adlı qıllı köpək mənə hürdü. O, dal ayaqları ilə torpağı eşə-eşə eynən Çexovun təsvir elədiyi kimi hürürdü.

Mən qeyri-ixtiyari güldüm. İt yerə çökdü, ayaqlarını irəli uzadıb, qulaqlarını şəklədi. Onun sarı, mehriban gözlərində günəşin işığı parıldayırdı.

Mariya Pavlovnanın qonşu evdən gələn səsini eşidəndə ürəyim birdən-birə elə bərk sıxıldı ki, ağlamağımı zorla saxladım. Nəyə görə? Ona görə ki, həyat amansızdır. O, elə adamları əlimizdən alır ki, onlarsız yaşamaq çox çətindir. Belə adamlara həyat ölməzlik verməsə də, gərək uzun ömür verəydi, gərək həyat bu adamları o qədər yaşadaydı ki, onların yüngül əlini biz həmişə çiynimizdə hiss eləyəydik.

Mən bu ağır fikirləri beynimdən qovmağa çalışırdım, lakin kədər çəkilib getmək istəmirdi. Ağıl bir şey deyirdi, ürək başqa şey. Mənə elə gəlirdi ki, o anda həyatımın tən yarısını verərdim - təki bu evin çoxdan getmiş kişisinin ahəstə addım səsləri bir daha qapının dalından gələydi və mən onun öskürdüyünü eşidəydim ... " .

Məqalədən bu cümlələri seçməyimiz təsadüfi deyil. Qorki də məktublarının birində yazır: "Yaxınlarda "Vanya dayı" pyesinə baxdım. Arvad kimi ağladım.

Hərçənd mənim əsəblərim qaydasındadır". Ümumiyyətlə Çexovla əlaqəli məktublarda, məqalələrdə, müxtəlif mətnlərdə ağlamaq sözünə tez-tez rast gəlirik. Bu da onunla əlaqəlidir ki, sözlə yüksək səviyyədə davranmağı bacaran Çexov həm şəxsi, həm də bəşəri kədərini başqalarına ötürməyi, ürəkləri qüssə ilə fəth eləməyi bacarırdı.

Çexov insanın tərbiyə olunmasına inanırdı. Çünki o özü-özünü tərbiyə edərək şəxsi həyatında ali yüksəkliklərə qalxmağı, yaradıcılıqda isə dərinliklərə enməyi bacarmışdı. Çexov ağır zəhmət bahasına özü-özündən şəxsiyyət yaratmışdi. Məhz buna görə Çexov məktublarında “belə etmək lazımdı”, “belə etmək olmaz” sözlərindən geniş istifadə edir. O yazırdı: “Yaxşı tərbiyə o demək deyil ki, sən sousu süfrənin üstünə tökmürsən. Yaxşı tərbiyə o deməkdir ki, kimsə sousu süfrənin üstünə tökəndə sən bunu görmürsən” . Çexov şöhrətə can atsa da qazandığı şöhrəti onu utandırır, mükəmməl əsərlər yaratmağa cəhdlər etsə də başqalarından yaxşı yazdığına görə xəcalət çəkirdi. Qısa ömründə saysız-hesabsız işlər görsə də (Saxalinə ağır səyahət, minlərlə ağac əkməsi, hər il mindən artıq xəstənin pulsuz müayinəsi, müalicəsi və onları dərmanla təmin etmək, əsərlər yazmaq, minlərlə məktublar, görüşlər, məclislər...) tənbəlliyindən şikayətlənirdi. Nəhayət, şedvrlər yaradan Çexov öz yaradıcılığından narazı idi: “yazırsan sonra oxuyub görürsən ki, təkrarçılıqdır. Yeni heç nə yoxdu...”. Yəqin ki, yaradıcılıqda mükəmməlliyə can atan Çexov bunun mümkünsüz, sonuncu topun əlçatmaz olduğunu, Roman Qarinin bəhs etdiyi qəddar həqiqəti dərk etmişdi və o da bu mənada dünyadan nakam getmişdi.

Çexov böyük humanist idi. Əlbəttə bu söz onun haqqında çox işlədilib və haqlı olaraq işlədilib. Cexovun haqqında humanist sözü o qədər işlədilib ki, bu söz Çexovla bütövləşib. Əgər Çexovun ürəyini satın alıb əvəzində sonuncu topu verə biləcək iblis mövcud olsaydı belə Çexov heç vaxt sonuncu top naminə iblislə sövdələşməyə getməzdi.

Azadliq.org
Yuxarı