Elcan Məmmədov: “Biz zərərli intriqalardan xilas ola bilmirik” – (Müsahibə)

Интервью


Hələ 2008-ci ildə Kino klubdakı görüşümüz zamanı yenicə Bosniyadan qayıdan sənədli film rejissoru Elcan Məmmədov oradan gətirdiyi filmləri təqdim etmişdi. Özünün çəkdiyi bir film də vardı, onu tezliklə yekunlaşdıracağından danışırdı. Amma bu filmin ərsəyə gəlməsi müəyyən səbəblərdən dolayı nə az, nə çox düz 9 il çəkdi. Elcan müəllim bu yaxınlarda bildirdi ki, “Bosniyanı sevərək” filmi nəhayət, yekunlaşmaq üzrədir. 9 ildən sonrakı daha bir söhbətimiz zamanı o, bir çox mövzulara toxundu, yeni filmindən, iqtisadi böhranın yaradıcılığa təsirindən, Azərbaycanda sənətkar olmağın çətinliyindən tutmuş, yerli kinonun gələcəyinə qədər. Müsahibəni təqdim edirik. 

- Elcan müəllim, yaradıcılığınızda hansı yeniliklər var? 

- Bəzi yeniliklər var və ilki “Bosniyanı sevərək” (“To love Bosnia”) filminin tamamlanması ərəfəsində olmağımızdı. Bu film 2008-2016-ci ilə qədər bir zamanı əhatə edir. 2008-ci ildə tanıdığım və çəkdiyim insanlarla yenidən 2016-cı ildə görüşməyimizin əsasında çəkilmiş bir film. Ümumən isə film 1991-95-ci illərdə Bosniyada baş vermiş faciənin tarixçəsini də özündə ehtiva edir. 

- Bugünkü Azərbaycan reallığında ən çox müzakirə edilən mövzu iqtisadi böhrandır. Bir kino mütəxəssisi kimi sizdən soruşmaq istərdik, kino sahəsinə, şəxsən sizin işinizə böhran necə təsir göstərib?

- Razıyam, ən çox müzakirə edilən mövzu iqtisadi böhrandır, amma məncə, bu elə də böyük faciə deyil. Ən böyük faciə toplumun düşdüyü və ya düşə biləcəyi mənəvi böhran ola bilərdi. İqtisadi böhranlar həmişə olur və yəqin ki, yenə olacaq. Sadəcə hər bir toplum bu prosesi özünəməxsus tərzdə yaşayır. Bəzi toplumlar illər boyu topladığı enerjidən, gücdən bəhrələnərək tez bir zamanda toparlana bilirlər, bəziləri isə gücsüz, müqavimətsiz  qaldıqlarından həmin prosesi ağır keçirirlər. Yəni belə deyək, elə bil ki, qrip xəstəliyi kimi, elə adam var, bunu çox ağır keçirir, bir başqası üçünsə bu, yüngülvari, xəfif yel kimi bir şeydir. O baxımdan iqtisadi böhranı da fərd olaraq yaradıcı adamlar yəqin, müxtəlif cür keçirir. Mən maddi cəhətdən çətinlik yaşasam da, mənəvi cəhətdən möhkəm olmağa çalışıram, onun da yeganə yolu yaradıcılıq axtarışlarında davamlılıqdır, konkret olaraq daim motivasiyada olmaq. İqtisadi çətinliklər yekunlaşmadığından, indi konkret nəsə deyə bilmərəm. Heç bilmirəm bunun sonunda hansı bir tale hekayəsi yazılacaq...

Отображается файл

- Əvvəlki illərlə müqayisədə çəkilişlərinizdə, səfərlərinizdə, layihələrinizdə durğunluq varmı? Ümumiyyətlə, əvvəlki dövrlə fərq nə qədər böyükdür? Gələcək layihələrinizin hansı formada reallaşacağına ümid edirsiz?

- Hal-hazırda o durğunluqla mübarizə gedir. Layihələr artıq yoxdur. Mən bu ətalətin  yaranacağını hiss edirdim. Bilirdim elə bir vəziyyət yaranacaq ki, tam məyusluq qapını döyəcək. Çünki bizim məşğul olduğumuz sahə, bir sözlə incəsənət çox kövrək bir materialdı. Amma toparlanmaq lazım idi, çünki ümidsizlik köləliklə razılaşmadır. Sonra isə azadlıqdan imtina etmək deməkdir. Buna isə yol vermək olmaz. Ailəmin dəstəyi və çox az sayda dostlarımın diqqəti ilə bu burulğandan çıxmaqdayıq. Təkcə bir ildə Bosniya filminin çəkilişləri tamamlandı və hətta yeni bir layihəyə başladıq. Bu, kitabların hekayəsi haqda film olacaq. Filmin treylerini bu yaxında təqdim etdik. Digər planlarım da var və mən artıq onun maliyyəsi necə tapılacaq, hara müraciət edim, bu müraciətə müsbət cavab olacaqmı kimi illuziyalara qapılmıram. Hardansa bir qapı açılacaq, necə ki 8 il fasilədən sonra “Bosniyanı sevərək” filminə qapı açıldı.
- Bəs ümumiyyətlə, yaranmış çətin vəziyyətdən çıxmaq üçün sizcə, hansı addımlar atılmalıdır? Kino sahəsinə rəsmi qaydada hansı güzəştlər edilə bilər? 

- Kino sahəsinə rəsmi qaydada nə mümkünsə və nə lazımdırsa, o güzəştlər də edilməlidi. Mən indi detallara varmaq istəmirəm. Sadəcə onu bilirəm ki, mühiti və münasibəti dəyişmək lazımdır. Çünki kino da digər incəsənət sahələri kimi toplumun belə deyək vizit kartıdır. Bu  dünyada kinonun  gücünə qalib gələ biləcək ikinci bir səhnə yoxdu. Kino elə dünyanın özüdür. 

- Dediniz ki, kino bir cəmiyyətin dünyaya təqdim etdiyi vizit kartıdır. Azərbaycan kino sahəsində digər post-sovet ölkələrindən, lap elə qonşumuz Gürcüstandan xeyli geri qalır, həm keyfiyyətli film istehsalında, həm festivalların təşkilində, həm də mühit məsələsində. Sizcə, niyə Gürcüstanda, digər post-sovet ölkələrində bu alınır, bizdə yox? 

- Birinci səbəb elə biz özümüzük. Heç cür komanda olmaq deyilən imkanı qəbul etmirik. Eqolar çox böyükdü, ümumiyyətlə, bu sayda bir toplum üçün həddən artıq böyükdü. Qapalı fərdiyyətçilik sevgisi bəzən absurda qədər uzanır. Festivalların təşkilinə gəlincə, bu elə də əlçatmaz bir format deyil, sadəcə etinasızlıq, bürokratiya sindromu var, və sairə. Amma Sizi sevindirəcəm, bu yaxınlarda mən sentyabrda ölkəmizdə planlaşdırılan ilk beynəlxalq sənədli film festivalının təşkilat komitəsində iştiraka dəvət aldım. Festival bir qrup könüllü tərəfindən təşkil olunur. Mədəniyyət nazirliyi də bu tip festivalın keçirilməsinə müsbət yanaşdı. Açığı bilmirəm sona qədər o təşkilat komitəsində qalacam, ya yox, amma  bütün hallarda bu işə töhfə verməyə hazıram. O ki qaldı Gürcüstanla fərq məsələsinə, bunun mənə görə izahı belədir. Stalin tarixdən gedəndən bir az sonra, məlum Tiflis üsyanını başladan gürcülər sanki milli azadlığı daxilən haqq etdilər, yəni bir yüngüllük tapdılar. Təsadüfi deyil ki, hələ SSRİ zamanında, 1984-cü ildə həmin hissin yekunu olaraq məşhur “Tövbə” filmini (Tengiz Abuladze) çəkdilər. Gürcülər Sovetlər dövründə öz kino yollarını axtaranda və sonra da inkişaf etdirəndə, heç vaxt “Mosfilm” və ya “Qoskino”ya tərəf bizim qədər boylanmırdılar. Məncə, əsas səbəb budur və yenə deyirəm, istedadlı əsərlərin yolu birlikdən keçir, dəstək olmaqdan, quyu qazmaqdan yox, bütün işlərin uğur formulu bu baxışdan keçir, zərərli xırda intriqalar isə daim geriyə aparır. Biz bax o zərərli intriqalardan xilas ola bilmirik. Əlbəttə, dünyanın hər yerində bu tip münasibətlər var, amma bizdə bu nəsə özəldi deyəsən.

Отображается файл

- Əvvəlki müsahibələrinizin birində demisiniz ki, dövlət qurumlarıyla müəyyən səbəblərdən indiyədək əməkdaşlıq etməmisiniz. Bəs fərdi fəaliyyət kino kimi çətin sahədə sizə çətin olmurmu?

- Əlbəttə olur, amma insan əgər öz seçimini edirsə və buna qəti şəkildə inanırsa, o yəqin bilməlidi ki, hansı həyat hekayəsinə imza atır. Ona görə də, şəxsən mən şikayətlənmirəm. O ki qaldı dövlət qurumları ilə əməkdaşlığa. Açığı heç mənim özüm də indiyə kimi xüsusi olaraq maraqlı olmamışam. Bildiyim qədər gənclərlə bağlı kinossenari müsabiqələri keçirilir və ya hansısa layihə ilə bağlı onlara film çəkmək dəstəyi göstərirlər, bu çox yaxşıdı və mən buna sevinirəm, amma mən artıq gənc deyiləm. Eyni zamanda onu da demək istəyirəm ki, daha çox iş görə bilərlər və bunun üçün zəmin də var. Çünki ölkə istedadlı insanlardan xali deyil.

Və yekunda bu suala cavab olaraq onu demək istəyirəm ki, yaradıcı insan, incəsənət adamı hansısa bir qurumun qapısını döyməməlidir. Əgər rejissor bunu edirsə, demək ki, o artıq yumşaq desəm, menecer futlyarına daxil olur. Əgər o, bu futlyara daxil olursa, demək ki, rejissor kimi tükənməyə doğru gedir. Və bir də bir tarixi hadisəni xatırlamaq istərdim. Bəri başdan onu da deyim ki, müsahibəmizin bu yerini bəlkə yozanlar da tapılacaq. Olsun. Biz də təəssüf ki, fikri harasa, nəyəsə yozmaq xəstəliyi də yaranıb. Amma mən o tarixi faktı mütləq söyləmək istərdim. Napoleon Bonapart Prussiyanı fəth edir. Artıq bütün Avropa onun tabeliyindədi. O, Prussiyanın paytaxtı Berlinə yaxın bir sarayda qalır. Onun generalları eyforiyada olduqları bir zamanda Bonapart bu böyük sarayın zalında çox nigaran və həyəcanlı bir tərzdə böyük alman yazıçısı Höteyə yazdığı bir məktubun cavabını səbirsizliklə gözləyir. Napoleonun məktubundan xəbərsiz generallar onun nədən sevinmədiyini, niyə belə kefsiz olduqlarını soruşurlar. O zaman Napoleon deyir: ”Mən Höteyə onunla görüşmək üçün məktub göndərmişəm, audensiya istəmişəm və indi bir gündür ki, cavab gözləyirəm. Bilmirəm o məni qəbul edəcək, yoxsa yox”. Təsəvvür edin Hötenin ölkəsini işğal edən bir imperator ondan görüş istəyir. Nə qədər böyük ehtiram! Ertəsi gün yazıçıdan müsbət cavab gəlir və Bonapart onunla görüşə gedir. Bu görüş onun Prussiya üzərində qələbəsindən daha önəmli idi. Onu da deyim ki, Bonapart özü də ara-sıra hekayə yazırdı.

- Bu yaxınlarda Bosniyada çəkdiyiniz sənədli filmin treyleri yayımlandı. Film Azərbaycan cəmiyyəti üçün maraqlı olacaq hansı mövzuları əks etdirir?

- Film indi montaj mərhələsindədir. Bu film Bosniya və orada yaşayan insanlar haqda olsa da, bəşəri bir  film olacaq. Film Bosniyanın timsalında baş vermiş faciələrə yenidən bir nəzər salır. O, münaqişənin nə qədər ağrılı olmasından bəhs etsə də, insan mərhəmətinin qəddarlıqdan, zorakılıqdan nə qədər üstün və güclü olduğunu göstərir. O, bəşəri mövzulara toxunur, çünki filmdə çəkilən insanlar bəşəri mesajlar verir. Həmin mesajlarda bizim toplumun da ağrı-acısı var. Filmdə bir çox xalqları təmsil edən insanların obrazları var: boşnaklar, serblər, xorvatlar, qaraçılar, amerikalılar, tayvanlılar, türklər, koreyalılar, ərəblər, avstraliyalılar və azərbaycanlılar.

- Bu film digər işlərinizdən hansı cəhətlərilə fərqlənir?

- Oxşarlıqlar da var, fərqlər də. Mən indi o fərqlərdən sadəcə birini deyə bilərəm. Filmin əksər qəhrəmanları ilə  iş yerlərində iş zamanı görüşürdük və mən onlara deyirdim ki, qətiyyən iş prosesini bizə görə dayandırmayın, yəni qoy sizi axtaranlar və sizə müraciət etmək istəyənlər çəkiliş qrupunu görüb çəkilişin sona yetməsini gözləməsin. Nəticədə biz filmə maraqlı epizodlar qazandırdıq. Maraqlı portret insanlar kəşf etdik. Film “cinema verite” üslubunda çəkilib. Yəni, kinohəqiqət. Heç nə əvvəlcədən hansısa konstruksiyaya - quruluş əsnasına tabe olmayıb. Amma sonra belə çəkilişləri montaj etmək çox çətindir. Düşünürəm ki, biz bunun öhdəsindən də gələ biləcəyik.

- Sizcə, bu film Azərbaycan sənədli kinematoqrafiyasına yeni nə qazandıracaq? 

- Onu zaman göstərəcək.

- İndi işinizi yekunlaşdırmağa nə mane olur? 

- Dil problemi var, bizdə boşnak dilindən tərcüməçi yoxdur, ya da mən tapa bilmirəm. Bir kitabım var, serb-xorvat-boşnak dilindən ruscaya tərcümə, onun köməklyi ilə asta-asta irəliləyirəm.

- Bundan əvvəl xeyli sənədli filmlər çəkmisiniz və yaxud çəkiliş prosesində iştirak etmisiniz. Sizcə, yaradıcı insanın fəaliyyətinə cəmiyyətin marağı nə qədərdir? Əgər biganəlik varsa, bunu necə aradan qaldırmaq olar? 

- Çox ağır sualdır. Bu bizdə milli bir problemdi. Bir gün Təbrizdən Konyaya Rumini görməyə gələn bir tacir ona səhv etmirəmsə, ipəkdən bahalı bir  parça hədiyyə etmək istəyir. Həmin tacir onun yaradıcılığının vurğunu imiş. Amma Rumi o hədiyyəni geri qaytarır. Tacir çox pərişan olur və bilmək istəyir ki, Rumi nədən hədiyyəni qəbul etmədi. O zaman Rumi deyir ki, axı Siz Təbrizdən gəlmisiniz, Siz mənə ipək yox, Təbrizdə bütün şairlərin dəfn olunduğu Sürxab qəbirstanlığından bir ovuc torpaq gətirsəydiniz, bu daha xoş olardı (İndi “Məqbərətoşşüəra” deyilir, yəni, şairlər məqbərəsi). Tacir geri dönür və həmin qəbirstanlıqdan bir ovuc  torpaq götürüb yenidən Mövlananın hüzuruna gəlir və ona o torpağı bağışlayır. Qeyd edim ki, Bosniya filminin əsas ana xətti də Rumi dünyagörüşünün kölgəsindədi. Ondan ilham alır, ona sığınır və ona inanır.

- Bu biganəlik fenomenini daha da açmağınızı istərdik. Sizcə, bu biganəlik, sıravi azərbaycanlının sənətkara inamsızlığından, onun yaxşı bir iş ortaya qoyacağına olan şübhəsindən irəli gəlir, yoxsa daha dərindədir problem?

- Maddiyatçılıq idealı mənəviyyatı bəzən çox üstələyir, bu birinci səbəbdir. Qəribədir ki, mənəviyyat, əxlaq, dürüstlük kateqoriyalarını maddiyatçılığa qurban verən sənət adamlarına cəmiyyət biganə qalmır, hətta onları qəbul edir. Onlar əslində əksəriyyətdir. Ancaq o kəslər ki, dözüm nümayiş etdirir, cəmiyyət onları da izləyir, amma sadəcə anlaya bilmir və öz-özünə sanki sual edir: nəyə görə, bizə görəmi?! Və yəqin, deyir ki, “dəyməz”.

- Digər rejissorları izləyirsinizmi? Son dövrlərdə azərbaycanlı rejissorların çəkdikləri uğurlu sənədli filmlərə misal kimi adlar çəkə bilərsinizmi? 

- İzləyirəm əlbəttə. Hələ kiminsə adını çəkmək tezdir. Nə vaxt ki sənədli filmlər kinoteatrlarda nümayiş olunacaq, bax o zaman “filan rejissor doğurdan da gözəl film çəkib”, - söyləmək olacaq. Bu sualın cavabı tamaşaçıya məxsusdur. Bizdə tamaşaçı münasibəti bir az mübahisəli olsa da, hər halda dünya nəsə başqa bir ölçü vahidi kəşf etməyib.

Отображается файл

- Ümumiyyətlə, Azərbaycanda kinonun gələcəyini necə görürsüz? Sizcə, neçə ildən sonra ölkədə film mühiti yarana bilər?

- Kinonun gələcəyini görməyə çalışıram, amma konkret nəsə fikir söyləmək çətindir. Hiss edirəm ki, yaxın illərdə nələrsə dəyişə bilər.


- Elcan müəllim, sizin bir kino məktəbi açmaq niyyətiniz vardı, reallaşdımı o ideya, vəziyyət nə yerdədir? 

- Uzun fasilədən, yəni 5 il sonra “Sənədli Filmə Doğru” layihəsinə yenidən start verdik. Artıq ilk dərsimi keçdim. 8 tələbəm var, kurs ödənişsizdi. Məkan məsələsi hələ tam müəyyənləşməyib. Ola bilsin ki, bununla bağlı çətinliklər yaransın, amma mən bu vəziyyətə hazıram, lazım gəlsə, açıq havada, kafelərdə, parklarda belə olsa, dərsləri davam etdirəcəm.

- Öz işləriniz arasında ən çox bəyəndiyiniz hansı filmdir?

- Onların hamısı bütövlükdə bir filmdir, bir hekayədir, olduqları kimidir. Ona görə də, birini o birindən ayıra bilmirəm. İndi bəlkə də nə zamansa çəkdiyim filmi tam bəyənməyə bilərəm, amma bəlkə də o film olmasaydı, indi sevdiyim filmi ərsəyə gətirə bilməzdim.

Söhbətləşdi: Cavid Ramazanlı

Elcan Məmmədovun bəzi filmləri (linkə tıklayın):

To Love Bosnia 





Kultura.az | Developed by Samir Yahyazade