post-title

İntibah təməlçiləri



“Adamlar və kitablar” silsiləsindən

Ömrünü ”qızqaytaran” marketlərə bağışlayan Bakı bukinistlərindən 20-25 il əvvəl aldığım, hələ ondan da 20-25 il əvvəl nəşr edilən, artıq yaşı yaşımı haqlamış, səhifələri toz qoxuyan, bəxti üzünə gülüb ata yurdum Ağdama, sonra da yüzlərlə kitaba qarışıb Yerevan Kağız Emalı zavoduna reinkarnasiya (qəşəng sözdür, həm də dəbdədir), yaxud da evimizin ortasında çatılan düşmən ocağına talaşa olmağa getməyib Bakıda qalan kitabları ilin-günün bu vaxtında oxumaq həvəsimin yaranma səbəbini bilmirəm. Onu bilirəm ki, tozunu uda-uda arxasına düşüb biriylə bir zamana, o biriylə başqa məkana getməkdən xoşum gəlir.

Onlardan biri – Meri Abramsonun “Ot Dante k Alberti” kitabı məni italyan İntibahının ilkin dövrünə aparıdı, dolandırıb bizim istiqlalçı atalarımızın qurduğu cümhuriyyət illərinə qaytardı…

Cəsarət və ehtiyatlılıq, işgüzarlıq və sərhesablıq, hərtərəfli bilik və geniş dünyagörüşü, zirəklik və diplomat bacarığı tələb olunan ilkin kapitalist münasibətlərinin ortaya çıxardığı sənətkar və tacirlərdən ibarət sosial təbəqənin italyan cəmiyyətinə gətirdiyi yeni ictimai şüurun Renessans adlanan mədəniyyət erasına təməl olacağı o dövrdə kimsənin ağlına gəlməzdi. İnsanların şüur, mədəniyyət, dini baxış və dünyagörüşündə çevriliş edən humanist Avropa intellektual hərəkatının ilk illərində yaranan ictimai münasibətlər, nə qədər qəribə görünsə də, bizim bu günümüzlə səsləşir.



Kitabdan dilimizə çevirdiyim sitatları mən gətirim, qənaətə özün gəl, dostum oxucu!

Florensiyalı tacir Çertaldo XIV əsrin 60-cı illərində yazırdı:

“Səni əhatə edənlərin tamah obyekti olduğundan öz əmlakın uğrunda mübarizə aparmalısan, çünki onu saxlamaq indi azadlığı və ya qadını qorumaqdan daha çətindir”, “Əgər xalq etiraz edirsə, çıxmağa tələsmə! Otur evdə, özünü elə apar ki, guya heç nə bilmirsən!”.

Onun müasiri Lapo Masseyi:

“Bizim kədərli dünyamızda adamların minindən doqquz yüzü mənasız və rəzil düşüncələrə qapılaraq qoyun kimi başını yerə əyib… Hər kəs acgöz, bədbəxt, lovğa, paxıl və yalnız özünəvurğundur, əgər başqasına sevgisini söyləyirsə, bunu tacirlər kimi “Ver mənə, verim sənə” prinsipiylə edir”.

Zəmanəsinin məşhur tacir humanisti Morelli:

“Başın çıxmayan işlə məşğul olma, aldadacaqlar səni”, “Heç vaxt böyük gəlirlərinlə, var-dövlətinlə öyünmə! Tamam əksinə, əgər 1000 florina qazanmısansa, de 500 qazanmışam. Qazancını heç vaxt heç kimə – ən yaxın dostuna, qohumuna belə bildirmə. Vergilərin, xərclərin çoxluğundan şikayət et! Çoxlu borca girdiyini, ticarətdə ziyana düşdüyünü de!”, “Həmişə hakimiyyətdəkilərlə təmas qur, iradə və əmrlərinə tabe ol. Onların ən ağılsız əməllərini belə pisləmə; ya sus, ya da yalnız təriflə! Əgər kimsə sözarası belə onların əleyhinə danışsa, qulaq asma və hər vasitəylə uzaqlaş”.

Sərfəli nikahı ictimai uğurun əsası sayan B.Pitti:

“Eşidəndə ki, Palaco Florensiyanın ən nüfuzlu adamıdır, kimliyi və necəliyindən asılı olmayaraq onun qohumlarından biriylə evlənməyə qərar verdim”.

intibah temelcileri

Davam edim? Mənzərə tanış gəlir? Sanki 1360-cı ilin Florensiyası yox, 2010-cu ilin Bakısıdı.

Bəli, dostum oxucu!

Məhz bu fikirlərin yiyələri XIV əsrdə İtaliyada yaranıb iki yüz il sonra Avropanın başqa ölkələrinə yayılan böyük İntibahın vacib elementi kimi klassik humanizmin özülünü qoydular. Böyük zəka sahibi olan bu humanistlər tezliklə yaşadıqları torpağın altında min ildir qalan antik mədəniyyəti gördülər, yiyə durub ac ehtirasla öyrəndilər, dərk edib yeni can verdilər. Beləcə, dilimizə Dirçəliş kimi çevirdiyimiz Renessans adlı era başladılar.

Yuxarıdakı sitatları tarixin məntiqiylə özümüzə şamil etsək, görərik ki, Azərbaycan bu gün özünün Renessansqabağı dövrünü yaşayır. Kapital da var, onun ilkin dövrünə xas yeni təfəkkür və ictimai münasibətlər də.

Qəribə səslənir, elə deyilmi, dostum oxucu? Görürəm, gülürsən… Amma bilmək olmaz!

XIX əsrin ikinci yarısından ilkin kapitalist münasibətlərinin ortaya çıxardığı maarifçi təbəqə sayəsində formalaşan yeni ictimai şüurun yetişdirdiyi Azərbaycan istiqlalçıları da beləcə, əvvəlcə özlərini tanıdılar, sonra milli kimliklərinə sahib çıxdılar, milli-mədəni tarixin tədqiqinə girişdilər, dünyanın inkişaf yolunun Avropanın mədəni, hüquqi, siyasi sistemindən keçdiyini dərk etdilər, yüzillərlə formalaşmış beynəlmiləlçi ümmət doqmasını dağıdıb yerinə Azərbaycan türkü adlı millət təklif etdilər. Azərbaycan Dirçəlişinin özülünü qoydular.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan humanistlərinin Dirçəliş ərəfəsi özülqoyma hadisəsi idi!

cumhuriyyet-quruculari

Onların yazdığını nə sovet kommunistləri, nə də müstəqillik illərinin kommunistbaşları poza bildi. Tarix üçün yetmiş, doxsan illik örtük toz kimidir, pencəyinin qoluyla da silərsən, gedər.

Mənəvi aşınma dövründə Dirçəlişdən danışmaq həmişə absurd görünür. Əsas bu deyil, vacib olanı odur ki, nə vaxtsa baş verə biləcək Dirçəlişimizə təməlimiz var. Yanvarın 31-də baş təməlçi Məmməd Əmin Rəsulzadənin doğum günüdür.

Təməlimizə və təməlçilərimizə yiyə dursaq, Dirçələcəyik.

Daha gülmürsən ki, dostum oxucu?!

…Gərək uşaqlarıma yeni kitablar alam, yoxsa 20-25 ildən sonra ciyərləri kitab tozuna tab gətirməz.

Vahid Qazi

30 yanvar, 2010

P.S. Yazını 7 il sonra bir də oxudum. İndi mənzərə daha da qatılaşıb. Cəmiyyəti inamsızlıq sarıb, adamlar sabahdan qorxar kimidilər. Amma ruhdan düşməməliyik. Xalqımızın bundan da ümidsiz günləri olub. Əsas odur ki, ədalətə əsaslanan cəmiyyət qurnağa təməlimiz və ümidverən gəncliyimiz var!

Vahid Qazı

30 yanvar, 2017
Yuxarı