Şəxsi həyatın toxunulmazlığı nə üçün vacibdir?

Альтернатива

"Şəxsi həyat idealı... fərdlərə müxtəlif situasiyalarda özlərindən nə qədərini göstərməyi, nə qədərini isə gizlətməyi müəyyən etmələrinə imkan verilməsini təkid edir".

- Cefri Rozen

"...özəl həyatında insan hər cür şey danışır, dostlarını qaralayır, ağzına gələni deyir, axmaqlıq edir, çirkin zarafatlar quraşdırır, özünü təkrarlayır, rəzil söhbətləriylə yanındakını şoka salıb güldürür, cəmiyyət arasında heç bir vəchlə boynuna almayacağı üzdəniraq fikirlər səsləndirir və s."

- Milan Kundera


Son illərdə yaşadığımız informasiya əsrində şəxsi həyatın toxunulmazlığının sarsılması və ya pozulmasıyla əlaqədar diskusiyalar xeyli artıb. Hərçənd bununla belə, gizliliyin necə qiymətli olması məsələsinə az diqqət ayrılıb. Gizlilik toxunulmaz hüquqdurmu, belədirsə, niyə? Niyə bəzi mütəfəkkirlər buna azad və ləyaqətli cəmiyyətin sine qua non-u (vacib element və ya şərti-tərc) kimi baxırlar? 

Bu mövzu görkəmli elm adamı Cefri Rozenin "İstənilməyən baxış: Amerikada şəxsi həyatın məhvi" (Nyu-York: Rendom Hous, 2000) kitabında saf-çürük edilib, illər əvvəl yazılmış kitab bu gün xəbərlərdə çıxan bir çox pozuntular barədə əvvəlcədən xəbər verir. Aşağıdakı keçidlər kitabdan çıxarışları ehtiva edir: 

"Gizlilik - qısaömürlü diqqət dünyasında, informasiyanın fakt olub-olmadığı asanlıqla səhv salınan dünyada bizi konteksdən kənar yanlış anlaşılmalardan və mühakimələrdən qoruyur. Bir insan barəsindəki həqiqi məlumat qarşılıqlı şəkildə ortaya çıxarılan yavaş bir prosesin son nöqtəsidir. Bu, ictimai maskaların tədricən bir kənara qoyulmasını, şəxsi açıqlıqların mübadiləsinə gətirib çıxaran inam şəraitinin yaradılmasını tələb edir. Bu, tələsik proses olmamalıdır... Qısa ömürlü diqqət dünyasında vətəndaşları məlumat çoxluğunun, həmçinin məlumat azlığının təsirindən yaranan önyarğılardan mühafizə edən gizlilik vacibdir. Konteksdən kənar qəbul edilən filterlənmiş, ya filterlənməmiş informasiya zaman ərzində tədricən ortaya çıxan biliyin həqiqi əvəzləyicisi sayıla bilməz..."

"Gizlilik intim münasibətlərin formalaşması baxımından əhəmiyyətlidir, bu bizə özümüzü bütün dünyadan ayrı tutduğumuz dostlarımıza, ailə üzvlərimizə və sevdiklərimizə açmağa imkan verir. Məhz buna görə o, dostluğun, individuallığın və hətta sevginin önşərtidir. "Varlığın dözülməz yüngüllüyü"ndə Milan Kundera "Praqa Baharı"nın vacib fiqurlarından birini polisin necə məhv elədiyini təsvir edir, onun dostuyla olan söhbətləri qeydə alınıb radioda yayımlanır. Məhrəmliklə bağlı essesində romanından iqtibas gətirməklə Kundera yazır: "Elə o an Proçazka gözdən salındı: çünki özəl həyatında insan hər cür şey danışır, dostlarını qaralayır, ağzına gələni deyir, axmaqlıq edir, çirkin zarafatlar quraşdırır, özünü təkrarlayır, rəzil söhbətləriylə yanındakını şoka salıb güldürür, cəmiyyət arasında heç bir vəchlə boynuna almayacağı üzdəniraq fikirlər səsləndirir və s."

"Şəxsi həyatımızdakı davranışlarımız ictimaiyyət arasındakı davranışlarımızdan fərqlidir" faktına hörmət etməyi rədd edən cəmiyyətlərdə azadlıq qeyri-mümkündür, Kundera gizliliyin "fərdin həyatının əsas təməli" kimi adlandırdığı reallıq olmasında israr edir. Vətəndaşlarının pərdəsiz şüşə evlərdə yaşamasını tələb edən totalitar cəmiyyətlər onların fərd kimi statusunu inkar edir, "insanın subyektivlikdən obyektivliyə transformasiya edilməsi utancdır". Oxşar fikri başqa tərəfdən qoymaqla sosioloq Ervinq Qofman fərdlərin teatr aktyorlarına bənzədiklərini bildirirdi, onlar ictimai maskalarını çıxarmaq üçün, özlərinə gəlmək üçün və ictimai performansın ayrılmaz parçası olan gərginliyi üzərlərindən atmaq üçün arxa səhnəyə ehtiyac duyurlar... 

"Qofmanın arxa səhnəsi daha çox sosial məkandır, nəinki solipsist (fərdə aid-tərc) məkan, o, yalqızlıqdan daha çox rəhbərlərin gözündən uzaq tay-tuşlarla istirahət etmək üçün dizayn edilib. Kiber məkanda işçilər bütün kommunikasiyaları elə bir həddəcən monitorinq edə və izləyə bilirlər ki, indi kiber məkanın özü arxa səhnə olmaqdan çıxıb ön cəbhəyə çevrilib və onun genişlənməsi bizim karporativ incələmədən azad şəkildə özümüzü ifadə etdiyimiz şəxsi məkanımızın darlaşmasına gətirib çıxarıb. Qofmanın təbirincə desək, ofisdə dispenserin, yaxud kofe aparatının yanında elədiyimiz "murdarlıqlar, açıq seksual atmacalar, donquldamalar" indi emaildə qeydə alındıqda mənfi enerjidən qurtulmaq imkanından çıxıb qanunsuz həqarətə qədər transformasiya olunur...

Şəxsi həyat idealı... fərdlərə müxtəlif situasiyalarda özlərindən nə qədərini göstərməyi, nə qədərini isə gizlətməyi müəyyən etmələrinə imkan verilməsini təkid edir... Сəmiyyət içində başqalarının lüzumsuz nəzərlərinin basqısı altında sənin məziyyətinin tapdalanması, konteksdən kənar səhv xarakterizə edilməyin, önyarğıya, reputasiyanın korlanmasına məruz qalmağın tamamilə normaldır. Cəmiyyət mühakimələr və önyarğılar orgiyasıdır. Ancaq ictimai və şəxsi davranış və danışıq arasında sərhədə hörmət etməklə liberal dövlət sosial qarşılıqlı əlaqələr baxımındam həyati vacib olan şəxsi toxunulmazlıq məbədlərini mühafizə etmiş olur”. 

"Biz bu ölkədə istənilən gizliliyin riyakarlıq olduğunu düşünməyə vadar edilmişik. Lakin indi şəffaf cəmiyyətdə nələri itirə biləcəyimizi öyrənməyə başlayırıq: yaradıcılıq və orijinallıq qabiliyyəti, fərdin və qəlbin inkişafı, anlayış, dostluq və hətta məhəbbət üçün şəxsi toxunulmazlıq həyati vacibdir. Pataloji yalanlar təhlükələr törədir, ancaq pataloji həqiqətbazlıq da təhlükələrdən xali deyil. Gizlilik bir növ qeyri-müəyyənlikdir, ancaq qeyri-müəyyənliyin də öz məziyyətləri var. Bizim daha çox kölgələrə, daha çox korluğa və daha çox virtual pərdələrə ehtiyacımız var. Ola bilsin, bir gün gələcək biz qeyri-müəyyənliyin mümkün olduğu cəmiyyətə nostalgiyayla baxacağıq və bunun olmadığı zamanda nələrin baş verməkdə olduğundan şok keçirəcəyik". 

Tərcümə: Cavid Ramazanlı

Qaynarinfo.Az
Kultura.az | Developed by Samir Yahyazade