Rəşad Səfər - "Bayron qəhrəmanları"

Литература

Niyə yaradıcı insan, sənətçi deyilən kimi əksəriyyətimizin ağlına ipə-sapa gəlməz, üsyankar, gecələr oyaq qalıb, gündüzlər yatan, davranışı əhvalına görə dəyişən, asosial, kütlədən qaçan, özündən razı, ilham pərisi gələn kimi qələmə, fırçaya hücum edən, təbi gəlməyəndə günlərlə yaza bilməyən, bəstələyə bilməyən, sistemə qarşı çıxan, adətən cavan ölən və maddi dünyada gözü olmayan, fərqli geyimli bir insan tipini təsəvvürümüzdə canlandırırıq? Həqiqətən, bütün yaradıcı insanlar belə xasiyyətdədirlər, yoxsa bu, bizə sırınan obrazdır?

Təbii ki, hər kəs belə deyil. Hətta çoxluq belə deyil. Az-çox sənət tarixindən xəbəri olanlar bilir ki, yaradıcı insan olaraq tarixə yazıla bilmişlərin çoxu ən yaxşı halda yuxarıdakı xüsusiyyətlərdən bir-ikisinə sahib olublar. Tək-tək baxsaq, bu insanların təsəvvürümüzdəki yaradıcıdan daha fərqli olduğunu görərik. Məsələn, hər gün üzünü tərtəmiz qırxıb, ağ köynək, kostyum geyinib, qalstuk taxıb, nizam-intizamla yazan Tomas Mann. Və ya görkəmindən sənətçi havası duyulmayan, saçsız-saqqalsız Stefan Sveyq. Yaxud bütün günü xalq arasında gəzən, kütlədən nəinki qaçan, hətta ondan ruhlanan Rable. Puldan ötrü hər cür oyun çıxaran Balzak. Saray üçün musiqilər yazan məşhur bəstəkarlar. Cavan ölməyən, sağlam və yaşı 80-i ötmüş onlarla yazıçı, şair, bəstəkar. Uzun illər maliyyə nazirliyində maliyyə müfəttişliyi edən Cemal Süreya və s. və ilaxır. Bu insanlara yaradıcı olmayan insan demək mümkündürmü? Təbii ki, yox və təbii ki, hamımız belə olmadığını bilirik. Bəs o zaman niyə yuxarıdakı xüsusiyyətlərin toplu olaraq, “paket” halında bəxş edildiyi insanlar azlıqda olsalar da, bu “paket” bizə çoxluğun əsas obrazı kimi görünür? Bu klişe sənətçi obrazı haradan yarandı? Necə oldu ki, məsələn, 14-cü əsrdə belə bir təsəvvür yox ikən 19-cu əsrdə birinci abzasda təsvir olunan sənətçi obrazı yarandı? Artıq yüz ildir ki, böyük yaradıcı insanların əksəriyyəti bu obrazdan kənardadırlar, amma təsəvvürdə bu obraz hələ də aktualdır. Niyə? 

Əvvəlcə, onu deyək ki, belə bir obrazın yaddaşımızdan çıxmasına imkan verməyən vasitələrdən biri və birincisi sənətçilər haqqında çəkilmiş Hollivud filmləri, yazılmış romanlardır. Xeyli ciddi sənətçi obrazını Hollivud beləcə şablon xarakterə salaraq bizə təqdim edib. Hətta neçə vaxtdır səbirsizliklə gözlədiyimiz Tomas Vulf haqqında “Dahi” filmi də belə klişe obrazdan yayına bilməyib. Amma Hollivud səbəb deyil, vasitədir. 

Deyilənə görə, səbəb romantizmdədir. Sənət cərəyanları içərisində insan ruhunun, ya da beyninin (hansı adla çağrılmağının mövzumuza dəxli yoxdur) ən çox burulğanlı dövrü romantizmin payına düşür. Romantizm dövrü qəhrəmanlarının ortaq xətti – “Onun daxili aləmi dəniz kimi təlatümlü idi” cümləsidir. Özündən sonra ən çox klişe buraxıb gedən sənət cərəyanlarından biri də romantizmdir. Cəmi 150-200 il dövr sürən bu axında gördüyümüz xüsusiyyətlər, xarakterlər şablona çevrilərək təxminən on minillik sənət tarixi boyunca yaşanmış hər şeydən və hər kəsdən daha çox ilişib qalıb yaddaşımızda. 

Yəqin ki, səbəbi bütün başqa cərəyanlardan daha çox ruhumuza, daxili aləmimizə xitab etməyidir. Romantizm, sahib olduğumuzu qürurla söyləsək də, bizi gərginliyi ilə yoran məntiqi düşüncəmizə deyil, məhz daha təbii, daha səmimi olduğumuz “ruhu”muza xitab edirdi. Romantizmin yaranma səbəbini xatırlayaq. Sənaye inqilabına, rasionalizmə, maarifçiliyə, fransız inqilabına və süqut etmiş əzəmətli, güclü Napaleon xarakterinə qarşı yaranmış bir axın. Sənayenin əksinə təbiət, ağlın, məntiqin əksinə ruh, maarifçiliyin əksinə intizamsızlıq, aristokratiyanın əksinə, sosial normaların, adətlərin əksinə üsyan. Və Napaleonun qəhrəman modelinin əksinə romantik qəhrəman. Nəhayət, sosial olan hər şeyin əksinə “Bayron qəhrəmanı”.

Bayron qəhrəmanları ingilis şairi Bayronun “Çayld Haroldun ziyarəti” əsərindən başlayaraq bütün əsərlərində bir sıra oxşar xüsusiyyətləri özündə birləşdirən qəhrəmanlardır. Sonradan bu xüsusiyyətlər ədəbiyyat nəzəriyyəsində cəmləşdirilərək “Bayron qəhrəmanı” (“Byronic hero”) deyimi ilə ifadə olundu. Hansılar idi bu xüsusiyyətlər? Sadalayaq:
Yalqızlıq, melanxoliya, təbiətə vurğunluq, sənaye və texnologiyaya nifrət, sosial qaydalara, adətlərə, aristokratiyaya qarşı üsyan, qeyri-müəyyənlik, sirlilik, yüksək eqo, “sənət yalnız sənət üçündür”, introspektivlik, ilham pərisinə inam, ruhi müvazinətin tez-tez itməsi, davranışların əhvaldan asılı olması və tez-tez dəyişməsi, daxildə əbədi təlatüm, kütlədən qaçmaq, anlaşılmazlıq (davamlı insanlar tərəfindən anlaşılmadığını, insanların onlara çatacaq qədər səviyyədə olmadığını iddia edərlər), fərdin kütlə qarşısında üstünlüyü, təcrid olunmaq, güzəştə getməmək, bütün bunların yaratdığı xarizmatik təəssürat, eşq oyunbazlığı, özünü öz daxilində davamlı tənqid etmək, hər şeydən narazılıq, sinizm, depresiya, özünə qarşı dağıdıcı davranmaq (içki, narkotika), emosiyaların yüksək həssaslığı, depressiya, mizantropiya, yəni insanlara, insanlığa nifrət.

Bu xüsusiyyətlər  istər yaradıcı insanlarda, istərsə onların yaratdığı qəhrəmanlarda belə toplu, belə paket halında olmasa da, Bayrandan əvvəl də vardı. Lakin qısa müddətdə bu qəhrəman tipi elə məşhurlaşmağa başladı ki, artıq Avropanın bu başından o biri başına, hətta Amerikaya qədər əksər sənət adamını öz təsirinə aldı. Yevgeni Oneqin, Peçorin, Kapitan Ahab, Hitklif, Getsbi kimi obrazlar “Bayron qəhrəmanları”dırlar. 

Dediyimiz kimi, Bayron qəhrəmanları çox vaxt insanları sevməzlər, onlara bəzən nifrət edərlər. Hətta bəzən nifrətlərinin sonu cinayətlə bitər. Cinayətdən, ya da hər hansı dəhşətli günahdan sonra daxili iztirab daha da artar. Özünütənqid özünüdağıtma mərhələsinə keçər. İçki, narkotika, özünü cəmiyyədən qovub sürgün həyatı yaşamaq və s. Romantik qəhrəmanlar ya intiharla, ya dueldə ölərlər, ya da özləri özlərini hansısa formada ölümün ayağına gətirərlər. Bayron özü də yunan vətəndaş müharibəsinə getməklə öz sonunu gətirmişdi.

Bu qəhrəmanlardakı mizantropiya sonunda demonik xüsusiyyətə çevrilir. Həm özünü, həm də ətrafdakıları məhv etməyə qadir demonizm. Bu demonizm də sonda qəhrəmanları anti-qəhrəmana çevirir. Romantik müəlliflərin özlərinin də cəmiyyətdən təbiətə doğru kəskin dönüşləri onları “Frankşteyn”, “Vampir”, “Qədim dənizçinin nəğməsi”, “Mobi Dik” kimi satanik qüvvəli təbiətin üstünlüyünü göstərən mistik əsərlər yazmağa gətirib çıxardı. Tənqidçilərdən biri “Göl şairləri”ni (Kits, Şelli, Uordsuort, Kolric və başqa bir neçə romantik şair və yazıçılardan ibarət ədəbi qrup) “şairlərin satanik məktəbi” adlandırmışdı.

Romantizmin yayğın olduğu dövrlərdə təkcə romantik yazarlar və onların qəhrəmanları deyil, yaradıcılıqla məşğul olan, ya da olmayan sıradan gənclər də Bayron qəhrəmanının həyatını yaşamaq istəyirdilər. Çılğınlıq, intellekt, sinizm, xudbinlik, həm də təlatümlü, romantik ruhun yaratdığı xarizma gənclərə cəlbedici gəlirdi. Bayron ardıcılları onun ölümündən sonra da az qala yüz il boyunca könüllü olaraq Bayron qəhrəmanı oldular. 

Sonra zaman dəyişdi, iki dünya müharibəsi baş verdi, elmi kəşflər sürətləndi, realizm, modernizm, postmodernizm kimi cərəyanlar və onların müxtəlif istiqamətləri yarandı. Sənətçi obrazı dəfələrlə dəyişdi, romantizmin qalıqları üzərində yeni obrazlar yarandı, sonra onlar da sıradan çıxdı. Amma yenə də çoxluğun nəzərində romantik qəhrəmanlar əsas obraz olaraq qaldılar. Düzdür, cəmiyyətlərin inkişafından asılı olaraq bu yanaşma dəyişir. Məsələn, daha geri mədəniyyətli toplumlarda daha bayağı şəkildə özünü göstərir. Bir az dəlisov, hesabsız-kitabsız yaşayan, davranan, bohem həyata meyilli, guya kütlədən yuxarıda dayanan və daxili aləmi təlatümlü kimi görünən tiplərin yaradıcı insan kimi qəbul olunma şansı daha çoxdur. Bu tiplər romantizmin əsl mahiyyətindən xəbərsiz olsalar da, davranışları romantikləri yamsılamağa yönəlir. Beləcə, topluma sırınmış şablon obraz əksəriyyətimizin əl-ayağını zəncirləyir. Əslində, bunun davam etməsinin bir səbəbi də vəziyyətin yarıdıcılıqla məşğul olan insanlara sərf etməsidir. Bu yolla həm sənətdə monopoliyanı qorumaq asan olur, bir çərçivə yaratmış olursan və deyirsən ki, yazıçı olmaq istəyirsənsə, belə olmalısan. Həm də sosial məsuliyyətdən yayınmağa bəhanə olur: anlaşılmazlığı, aliliyi, fərqliliyi səbəb göstərib təcrid olunmaq, dəliliyinin bağışlanılması kimi imtiyazdan istifadə etmək, lakin məsuliyyətdən boyun qaçırmaq. Ancaq hər halda, dövrü keçmiş, klişeyə çevrilmiş xarakterə özünü oxşatmaq, olmadığı kimi görünməyə çalışmağın gətirdiyi nəticələr çoxumuza məlumdur. 

Sənət tarixi yalnız bir şeyi dəqiq göstərir. İstər sağ ikən, istər də ölümündən sonra, toplum tərəfindən qəbul olunmuş, ciddi sənət dediyimiz kateqoriyaya daxil olan bütün yaradıcı insanları birləşdirən bircə düz xətt var: yaxşı əsər. Bu yaxşı əsərlər öz aralarında müqayisədə zəif-güclü ola bilərlər, amma ümumilikdə hamısı yaxşıdır, yenidir, fərqlidir. Oxşarlıq bircə burdadır. Başqa hər şey individualdır. Yazmaq rejimindən tutmuş şəxsi həyata qədər bütün yaradıcı insanlar barmaq izləri kimi müxtəlifdirlər. Barmaq izlərinə baxanda oxşar dairələr kimi görünürlər, halbuki hər barmaqda fərqlidirlər. Aydındır ki, həqiqətən ruh aləmi dağınıq olan yazıçılar bu gün də var, yaxud həqiqətən də toplumdan kənar yaşayan xeyli bəstəkar, rəssam saya bilərik. Buna səbəb onların öz xarakterləri, həyat tərzləri, psixoloji durumları filan ola bilər. Lakin sadə dildə desək, hər sahədə eləsi də var, beləsi də. Daha mürəkkəb dillə ifadə etsək, “Toplumdan kənar insan sənətçi ola bilər, amma sənətçinin toplumdan kənar insan olması mütləq deyil” (Sitat Kolin Vilsonun “Toplumdan kənar insan” (The Outsider) adlı kitabındandır).

Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade