Hüseynbala Səlimov: Zirvələrdə ölmək istəyənlər varsa...

Публицистика


Məndə yüksəklik hissi və yüksəklik qarşısında dəhşətli qorxu çulğalaşmış şəkildədir. Dağlara qarşı həmişə həvəs duymuşam. Təbiətin bu möcüzəsi məni həmişə maqnit kimi çəkib. Amma daim yüksəklikdən qorxmuşam...

Belə qorxulu məqamlardan biri hələ də yadımdan çıxmır. Uşaqlıqda bibim qızı ilə dağın ətəyində oynayırdıq. Birdən ona dedim ki, gəl, dağa dırmaşaq və o vaxt bu həvəsin məni hansı vəziyyətə salacağı heç ağlıma da gəlmirdi...

Bibim qızı bir də gördüm ki, dağın başındadır. Kənd uşaqları hamısı belə olur, dağa az qala keçi kimi dırmaşırlar. Axır mən də bir təhər, yerdən tuta-tuta dırmaşdım...

Dağın başından kəndi bir qədər seyr edəndən sonra qərara gəldik ki, düşək. Bibim qızı yenə də bir neçə dəqiqənin içində aşağı düşdü və məni də səsləməyə başladı. Mən aşağı baxdım, başım gicəlləndi. Özümü ağlamaqdan zorla saxlaya-saxlaya, daşdan-kəsəkdən tuta-tuta, az qala iməkləyə-iməkləyə dağdan düşə bildim...

Bir dəfə də, özü də sonuncu dəfə mənim dağ həvəsim Krımda tutdu. Orada Qara dənizin sahilində bir dağ vardı. Adına da Koşka deyirdilər. O dağa dırmaşmaq qərarına gəldim. Yenə də eyni şey təkrar oldu. Güclə aşağı düşə-düşə özümü lənətləyirdim...

Sonradan özümdəki dağlara həvəsi çox başa düşməyə cəhd etdim. Nə idi məndə dağlara həvəs yaradan? Mənə elə gəlirdi ki, dağlardan ətrafa çox gözəl mənzərə açılır və mən mütləq bu mənzərəni görməli idim...

Amma dəhşətli yüksəklik qorxusu da məni tərk etmirdi. Ona görə də məndə alpinistlərə qarşı həmişə bir qibtə hissi vardı.

Sovet vaxtı bizim alpinistlərin Everestə yürüşünü böyük maraqla izləyirdim. Onlar zirvəyə gecə qalxmalı oldular. O vaxt mən başa düşdüm ki, alpinistləri dağlara çəkən başqa bir hiss də var və bu, mən düşündüyüm kimi təkcə mənzərə seyr etmək həvəsi deyildi.

Axı 8000 metr hündürlükdə hansı mənzərə ola bilərdi? Orada qarlı zirvələrdən başqa heç nə olmur...

Bir dəfə oxudum ki, alpinistlərdən biri “Dağlara niyə gedirsiniz?” sualına “Elə bu sualı eşitməmək üçün!” -deyə cavab veribmiş...

Həqiqətən də düşünməli məqamdır. Bir yapon səyyahının da kitabını oxumuşdum. Bu adam Everestə tək qalxmış, Şimal Qütbünü tək fəth etmişdi və bunu öz kitablarında yazmışdı...

Bəs nədən mən birdən-birə dağları, alpinistləri xatırladım? Bu günlərdə bir azərbaycanlı alpinist həlak oldu. Bu adam sən demə, Eversti də fəth edibmiş və mən bundan yalnız indi xəbər tutdum...

Mən onu tanımırdım. Amma tanımalı idim. Belələrini, belə cəsur insanları tanımaq lazımdır. Azərbaycanlılar hədsiz dərəcədə “praqmatik” olurlar. Əminəm ki, orta statistik azərbaycanlı bilsə ki, Eversti fəth etməkdə böyük fayda və gəlir var, o, bu zirvəni mütləq fəth edər. Amma elə-belə romantizm xatirinə bunu heç vaxt etməz...

İndi çox maraqlıdır ki, bizdə romantizm xatirinə də dağlara yollananlar olur. Belə insanlarla fəxr etməyə dəyər. Mənim üçün həm də o əlamətdardır ki, bu insanlarda yüksəklik qorxusu yoxdur...

Həm də nədənsə yadıma alpinsitlər haqqında bir film düşdü. Deməli, filmin qəhrəmanı bələdçi-alpinist idi. Özü də bir az qocalmış...

Yürüşlərdən birində artıq aşağı enərkən filmin qəhrəmanı görür ki, o, öz kəndirini kəsməsə digərləri də həlak olacaq. Beləcə, qoca alpinist öz kəndirini kəsməli olur...

Ən maraqlısı nədir? Mənim üçün dağa dırmaşmaq dağdan düşməkdən həmişə asan olub. Xüsusən də o maraqlıdır ki, alpinistlərin başına nə gəlirsə, elə aşağı düşərkən gəlir...

Bizim həmyerlimiz, qəhrəman alpinist də məhz düşərkən həlak olmuşdu. İndi bu adama qeyri-adi görünür. Bəzən mənə elə gəlir ki, bu şəhərdə meyvə-tərəvəz satanlardan başqa heç kim yaşamır...

Amma sən demə, oğullar varmış! Hətta alpinizm federasiyası da fəaliyyət göstərirmiş. Bunu düşünəndə adam qürur hissi duyur. Ona görə ki, meşşanlar heç vaxt dağlara can atmazlar. Onlar bunu heç vaxt başa düşməz... Onlar üçün şəhərin tünlük yerindəki bir kafedə “yüz atmaq” Everestə çıxmaqdan daha maraqlıdır...

Amma bu dünyada dağlar var. Əgər dağlar varsa, ora gedənlər də olacaq. Hətta bu yolda ölüm olsa belə. Ona görə ki, zirvələrdə ölmək istəyənlər də var və belələri həmişə olacaq...

Musavat.com

Kultura.az | Developed by Samir Yahyazade