post-title

Seymur Baycan: Tufan Baba (fəlsəfi hekayə)

 
Tufan baba yerindən qalxıb pəncərəni açdı. Otağa təmiz, sərin hava doldu. Kənd yatmışdı. Bütün günü işləyən adamlar ağır yuxuya getmişdilər. Kənddəki daxmaların bəziləri adamsız qalmışdı və adamsız qalmış daxmaları bir-birinə bağlayan cığırları gediş-gəliş kəsildiyindən alaq otları, hər bir eşşəyi bəxtəvər etməyə qadir olan qanqallar basmışdı. Tufan baba qayıdıb təzədən yerinə girmək istəyirdi ki, bədənində qəribə bir dəyişiklik hiss edib ayaq saxladı. Əlini ürəyinin üstünə qoydu. Ürəyi qaydasında döyünürdü. Başı ağrımır, qarnı sancılanmırdı. Bəs görəsən, gecənin bu vaxtı onu yuxudan nə, hansı səbəb qaldırmışdı? Bəlkə susuzlayıb? Yox, su da içmək istəmirdi. Boğazı qurumamışdı. Tufan baba başını pəncərədən bayıra çıxardı. Evin qabağındakı qoşa qayın ağacının xoş ətri ətrafa yayılmışdı. Tufan baba dərindən nəfəs aldı, ürəkdən gərnəşdi və elə bu zaman duduşunun durduğunu, bərkidiyini hiss etdi. Həyəcanla əlini durmuş duduşunda gəzdirdi. Ürəyi soyumadı. Duduşunun durmağına tam əmin olmaq üçün alt paltarını aşağı çəkib ay işığında duduşuna maraqla baxdı. Amma çox baxa bilmədi, ay buludların arasında gizləndi və ətrafa qaranlıq çökdü. Baba alt paltarını yuxarı çəkib şirin yuxuda olan Cahan nənəyə yaxınlaşdı:
 
- Arvad, ay arvad, qalx ayağa, söz deyirəm.
 
Cahan nənə qorxusundan dik atıldı. İşin nə yerdə olduğunu bilmədiyindən ətrafa göz gəzdirdi. Qarşısında qocasını görəndə, çarpayıdan düşüb soruşdu:
 
-Vaxtdır? Mal-qaranı örüşə ötürmək lazımdır?
 
-Yox, mal-qaranı örüşə ötürmək hələ tezdir. Bir bura bax…
 
-Orda nə var? Heç nə görmürəm.
 
Tufan baba Cahan nənənin sol əlini sağ əlinə alıb durmuş duduşunun üstünə qoydu.
 
-Bıy, başıma xeyir, bu nədir belə? Bu nə vaxtın durmağıdır?  
 
-  Yavaş, ay arvad, uşaq oyanar. Özünü elə aparırsan, heç elə bil, dünya görməmisən.
 
Tufan babanın şəhərdə yaşayan, tətil olduğuna görə kəndə qonaq gəlmiş oğlan nəvəsi bütün günü atılıb düşmüş və çox möhkəm yorulmuşdu, indi də otağın küncündə baş verənlərdən xəbərsiz bir halda mışıl-mışıl yatırdı. Ay buludların arxasından çıxdı. Otaq nisbətən işıqlandı. Tufan baba fürsəti qaçırmayıb alt paltarını aşağı çəkdi. Cahan nənə kişisinin durmuş duduşunu ay işığında öz gözləri ilə gördü və həyəcanı daha da artdı. Otağın divarına Leninin və Nadejda Krupuskayanın portretləri yanaşı vurulmuşdu. Tufan baba Leninin portretinə baxdı və ona elə gəldi ki, Leninin dodaqları bu dəqiqə aralanacaq, vəziyyətə aid nəsə bir söz deyəcək. Bu portretləri Tufan baba təzə evlənəndə sədaqət, fədakarlıq rəmzi kimi divardan asmışdı. Portretlərin altında durna kimi uzun ayaqları üzərində dayanmış “Vesna” markalı televizor var idi. Televizorun üstünə isə “Rodina” markalı radio qoyulmuşdu. Otağın içi tərtəmiz idi. Yerə palaz döşənmişdi. Hər tərəfdə qayğıkeş bir əlin səliqəsi və təmizliyi görünürdü.
 
-Kişi, bəs indi biz nə edək?
 
-Bir azdan hava işıqlanacaq. Burda olmaz, uşaq oyanar. Dur çıxaq bayıra. Tez ol.  Bu fani dünyada heç nəyə etibar yoxdur. 
 
Tufan baba düz deyirdi. Evdə, mışıl-mışıl yatsa da, uşağın yanında bu işlə məşğul olmaq riskli idi. Nəvə səs eşidib hər an oyana bilərdi. Əgər nəvə oyanıb nənəylə babanın sevişdiyini görsəydi, böyük ehtimalla bütün dünyası darmadağın olardı. Ona görə nənə və baba sakitcə bayıra çıxmaq, uzun illərdən sonra qayırışmaq üçün münasib bir yer tapmaq qərarına gəldilər. Onlar pəncələri üstə yeriyərək evin qapısına çatdılar. Beş-altı addımlıq məsafə hər ikisinə çox uzun göründü. Üstünə xoruz rəsmi çəkilmiş qapı cırıltı ilə açıldı və bütün evə səs saldı. Adi vaxtlarda bu səs Tufan babanı heç narahat etmirdi, indi isə Tufan babaya elə gəldi ki, bu səs bütün kəndi yuxudan oyada bilər. Nəvə oyanmasa da, bir böyrü üstündən o biri böyrü üstünə çevrildi, mələfə sürüşüb üstündən düşdü. Nənə geriyə qayıdıb nəvəsinin üstünü örtdü, hətta özünü saxlaya bilməyib uşağın üzündən bir dəfə də öpdü. Tufan baba nənənin bu yersiz qayğıkeşliyinə bərk əsəbləşdi. İstədi əlinə keçəni arvada tərəf tullasın, vəziyyəti nəzərə alıb özünü zorla saxladı:
 
-Axmağın biri axmaq, nə edirsən orda? Tez ol, gəl bura. 
 
Baba bu sözləri yavaşcadan desə də, nənə əslində onun bağırdığını hiss etdi və qorxusundan tez bayıra qaçdı. İndi nənə və baba evin qarşısında dayanmışdılar və görəcəkləri iş üçün münasib yer axtarmaqda idilər. Çətin vəziyyətə düşmüşdülər. Qəti bir qərara gələ bilmirdilər. Tufan baba qoşa qayın ağacının arasında işi görməyi təklif etdi. Nənə razı olmadı:
 
-Yox, nə danışırsan, ağlın üstündədir sənin? Görüb eləyən olar, rüsvay olarıq.
 
Vaxt amansızcasına keçirdi, tələsmək lazım idi. Tövlədə inək öskürdü.  Nənə tövləyə getməyi təklif etdi. Tufan baba başa düşürdü ki, bu onun həyatında sonuncu qayırışmadır. Tövləyə getmək Tufan babanın ürəyincə olmasa da, əlacsızlıqdan vəziyyətə boyun əyməyə məcbur oldu. Tövləyə sarı gedə-gedə fikirləşirdi: “Axı mən niyə tövlədə, inəklərin arasında, peyin iyinin içində qayırışmalıyam? Ümumiyyətlə, bütün bunlar nə deməkdir?” Əgər Tufan babanın söz ehtiyatı bir az çox olsaydı, başqa şeylər barədə də fikirləşrədi, lakin söz ehtiyatı kasad olduğuna görə bu fikirlər ona bəs elədi. Bundan artıq fikirləşməyə onun beyni qadir deyildi...
 
...Təxminən iyirmi-iyirmi beş dəqiqə keçdi. Baba və nənə tövlədən sakitcə çıxdılar. Onlar qoşa qayın ağacının ortasına qoyulmuş, üstünə qoyun dərisi sərilmiş yastı daşın üstündə oturdular.   
 
-Həyat gözəldir, eləmi Cahan?
 
Tufan baba çoxdandır qarısının adını çəkmirdi.
 
-Olduqca.
 
-Səni ona görə çox istəyirəm ki, nə vaxt istəmişəm, yox deməmisən. Səndən yerdən göyə qədər razıyam. Yaxşı arvad olmusan mənə.
 
Saçları ləpələnib çiyinlərinə dağılmış Cahan nənə kişisinin sözlərinə gülümsəyə-gülümsəyə qulaq asırdı. Tufan baba qarısını bərk-bərk qucaqladı.  Həmin anlarda Tufan babanın qəlbində yer üzünün bütün insanlarına qarşı sonsuz məhəbbət yaranmışdı.
 
-Ay kişi, nə eləyirsən? Bu gün sənə nə olub? Əl çək məndən, sarsaqlama. Ağzında bir dişin də qalmayıb, yenə ağıllanmayıbsan.
 
-Qocalığın üzü qara olsun, gücünü-fərasətini əlindən alır adamın.  Cavanlıq gözəl şeydir. İllah da arvadın qəşəng olanda. Adam evində pişik saxlayanda da gərək qəşəngini saxlasın. Sənin qıpqırmızı paltarın yadımdadır. Necə qəşəng görünürdün o paltarda! Adamın ağzının suyu axırdı. Heyif o vaxtdan! Elə tez ötdü ki…
 
Onlar bir xeyli  dinməzcə oturdular. Tufan baba saatlarla danışa bilərdi, lakin duyğularını sözə çevirmək onun üçün çətin idi. Gözünün qabağına cavanlıq çağları gəldi. Hanı o Tufan? Doğrudanmı, bu balaca kişi bütün günü dayanmadan işləyən, nə qədər yesə də, doydum deməyən, gecələr arvadına göz yummağa imkan verməyən həmin Tufandır? Təbiət ona elə bir güc vermişdi ki, xərcləyib qurtara bilmirdi. Hanı o güc? İndi Tufan baba elə bir vəziyyətdə idi ki, heç elə bil, heç vaxt cavan olmamışdı. Hər şey necə də fanidir! İnsanlar bu adi həqiqəti niyə başa düşmək istəmirlər? 
 
Hava yavaş-yavaş işıqlanırdı və gözə görünməyə başlayan hər şeydən bir kədər axıb dolurdu Tufan babanın ürəyinə. Qolundakı tüklər biz-biz durmuşdu. Çünki o, aləmdən əbədi ayrılacağını bilən adam kimi indi hər şeyə ayrı cürə baxırdı. Sükutu Tufan baba pozdu. Sol əli ilə dodağının üstünü örtən bığını geri sığalladı, ağzını geniş açıb əsnəyə-əsnəyə, ulaya-ulaya dedi:
 
-Belə-belə işlər, ay arvad. İndi uzanıb yatmaq olar.
 
-Sən yat, mən mal-qaranı örüşə ötürməliyəm.
 
Çox keçmədi, kənd evlərinin həyət qapıları açıldı və mal-qara başını silkələyə-silkələyə küçələrə çıxdılar.
 
Kultura.az


Yuxarı