post-title

Gürcü gəncliyinin ən çox oxuduğu jurnal “İndiqo” necə məşhurlaşıb [reportaj]

Gürcüstan gəncliyinin ən çox oxuduğu underground jurnal – “İndiqo”dan reportaj

“İndiqo” jurnalı müasir Gürcüstanın ən populyar sənət, mədəniyyət yayınlarından biri sayılır. Müasir həyat tərzini, mədəniyyəti, sənəti təbliğ edən jurnal cəmi bir ildir fəaliyyət göstərsə də, yayımladığı materiallarla oxucuların rəğbətini qazana bilib. “İndiqo”nun təcrübəsi qonşu ölkədə jurnal nəşri sahəsində hansı proseslərin getdiyinə işıq salır. Oxu Zalı jurnalın redaktoru Nino Japiashvili ilə müsahibəni təqdim edir.

- Nino xanım, zəhmət olmazsa, əvvəlcə azərbaycanlı oxuculara “İndiqo” jurnalı barədə məlumat verərdiniz.

İndiqo jurnalınınr redaktoru Nino Japiashvili.
İndiqo jurnalınınr redaktoru Nino Japiashvili.

- “İndiqo” bir il əvvəl fəaliyyətə başlayan gürcü dilli kontur-kultura jurnalıdır. Biz əsasən, sənət, mədəniyyət, andeqround, o cümlədən sosial məsələlər barədə yazırıq. Ayda bir dəfə nəşr olunan jurnalın çap versiyası 120 səhifə olmaqla, 7 lariyə satılır. Bizim onlayn versiyamız da var. Bir illik fəaliyyətimiz ərzində oxuculara çox sayda maraqlı materiallar təqdim edə bilmişik. Bundan başqa, hər ay jurnalımızda məşhur yerli və xarici yazıçıların, musiqiçilərin, rejissorların, aktyorların, siyasətçilərin müsahibələri böyük maraqla qarşılanır.

- Maraqlı müsahiblərinizdən bəzilərinin adını çəkə bilərsinizmi?

- Dünyaca məşhur şəxslərə misal kimi bəzilərinin adlarını çəkə bilərəm. Məsələn, jurnalımızın axırıncı sayında rus yazıçısı Vladimir Sorokinin ekzkuliziv müsahibəsi yayımlanmışdı. Ondan bir müddət əvvəl bizim məşhur filosofumuz, İlia universitetinin rektoru Qiqa Zedania amerikalı elm adamı Frensis Fukuyamadan xüsusi olaraq jurnalımız üçün müsahibə götürmüşdü. Dərginin fevral sayında ədəbiyyat üzrə Nobel mükafatçısı, yazar Mario Varqas Lyosanın “İndiqo”ya verdiyi ekskuliziv müsahibəni yayımlamışdıq. Bu ay isə tanınmış müğənni Keti Meluanın ekskuliviz müsahibəsini yayımlayacağıq. Adlarını çəkdiklərimdən başqa, “İndiqo” yerli tanınmışların, yazıçıların, şairlərin, musiqiçilərin və digərlərinin müsahibələri müntəzəm olaraq dərc olunur.

Biz həmçinin təkcə yazı materialları ilə kifayətlənmək istəmirik, oxucularımız, abunəçilərimiz, bizi dəstəkləyən sıravi insanlarla real ünsiyyət qurmaq üçün tədbirlər, görüşlər keçiririk. Başqa bir maraqlı layihəmiz də var: Tbilisi ətrafındakı Qarixula kəndində uşaqlar üçün kitabxana açmağa müvəffəq olmuşuq. Əməkdaşlarımız bu layihəni ərsəyə gətirmək üçün yarım ildən çox əlləşib vuruşdular. Uşaq kitabxanasında biz alternativ təhsil təqdim edirik. Uşaqların əqli, psixoloji, poetik qabiliyyətlərinin inkişafı üçün kitablar toplayırıq. Kitabların toplanması məsələsiylə əsasən facebookda məşğul oluruq, hansı kitablara ehtiyacın olduğu barədə elanlar veririk. Musiqiylə maraqlanan uşaqlar çoxdur, indi kitabxanamızda musiqi master-klassları keçiririk, bir səs redaktoruz da var.

- “İndiqo”nu Gürcüstanın digər jurnallarından fərqləndirən nədir?

İndiqo jurnalının müxtəlif sayları.
İndiqo jurnalının müxtəlif sayları.

- “İndiqo” xalis biznes deyil, bu həm də icmadır. İnternet versiyamız gündəlik olaraq yenilənir. Kifayət qədər gəlir mənbələrimiz olmadığından, təbliğat üçün “Facebook” səhifəsinə köklənməli oluruq. Digər nəşrlərdən fərqimizə gəlincə, əvvəl qeyd etdiyim kimi “İndiqo” üç - nəşr, onlayn və real ünsiyyət istiqamətində fəaliyyət göstərir. Bizi digərlərindən fərqləndirən həm də daha kreativ olmağımızdır. Biz insanlara həyat fəlsəfəsi, individuallıq kimi məsələləri çatdırmağa çalışırıq.

- Azərbaycanda müstəqil jurnallar demək olar ki, yox dərəcəsindədir. Səbəb də odur ki, mühit yoxdur, jurnal nəşri bahadır və oxucular böyük məbləğdə pul verib jurnal almağa həvəs göstərmirlər. Sizdə necədir vəziyyət?

- Mən “İndiqo”nun təcrübəsindən danışa bilərəm. Bu, sevgi, necə deyim, sevimli bir məşğuliyyətdir. Məsələn, mən, jurnalın baş redaktoru demək olar ki, gördüyümüz işə görə maaş almırıq. Jurnalın işçilərinin əksəriyyətinin də başqa işləri var, amma biz bir yerə yığışıb iş ərsəyə gətirməkdən, faydalı olmaqdan zövq alırıq. Amma bu o demək deyil ki, biz qazanc barədə, gəlirləri artırmaq barədə düşünmürük. Ona görə də biz müntəzəm olaraq, işlərimizi daha da effektivləşdirməyə, reklamlar əldə etməyə çalışırıq ki, həm də gördüyümüz iş gəlir gətirsin.

- Bəs hədəflədiyiniz oxucu kütləsi kimlərdir?

İndiqo jurnalının redaksiyasında iş günü.
İndiqo jurnalının redaksiyasında iş günü.

- “İndiqo”nun əsas hədəfi əsasən gənclərdir. İndi bizdə yeni gənc nəsil yetişib, cəsarətli və dəyişikliklər istəyən bir nəsil. Məsələn, tələbələr gürcü cəmiyyətinin fəal kəsimidir, onların tamam fərqli həyat tərzləri və dünya görüşləri var. Bizi oxuyan da əsasən onlardır.

- Jurnalın tirajı və gəlir qaynaqları barədə eşitmək maraqlı olardı.

- Jurnal rəsmi olaraq üç min tirajla çıxır. Amma çox təəssüf ki, “İndiqo” satışla özü-özünü təmin edə bilmir, xərcləri tam əhatə edə bilmirik. Kəmiyyətə deyil, keyfiyyətə önəm verdiyimizdən 120 səhifəlik jurnalın ərsəyə gəlməsi baha çıxır. Ona görə də fəaliyyətimizi başqa istiqamətlərdə də əhatə etməyə çalışırıq. Bizim balaca bir mətbəəmiz var. Həmçinin bəzi kommersiya proyektləri də hazırlayırıq. Misal üçün, Gürcüstan Futbol Federasiyasının yerli futbolun inkişafı ilə bağlı layihəsi vardı. Federasiya layihəni keçirmək barədə nəşriyyatlar arasında tender keçirdi. Qalib gələnsə “İndiqo” oldu. Onlar üçün çap materialları hazırladıq, gəlir əldə etdik. Bizim müxtəlif təşkilatlar, banklarla, QHT-lərlə və s. belə əməkdaşlıqlarımız olur. Belə layihələrdən qazandığımız gəlirləri başqa layihələrə yönləndiririk, belə deyək, bir cibimizdən götürüb başqa cibimizə qoyuruq. Əvvəldə qeyd etdiyim kimi, “İndiqo” nəşr versiyasından qul qazanmır. Amma bu nəşr bizə imic qazandırır, “İndiqo” markadır. Yüksək səviyyəli jurnalistika məhsuludur. İnsanlar jurnalı bir brend kimi tanıyırlar. Bu isə bizə başqa layihələri qazanmaqda kömək edir.

Bundan başqa, biz bəzi layihələrimizi reallaşdırmaq üçün donorlarla da işləyirik ki, bəzi yüksək xərcli materiallarımızı maliyyələşdirsinlər. Belə materiallardan birinə nümunə kimi xərçəng xəstələriylə bağlı araşdırmamızı göstərə bilərəm. Çox sayda insan var ki, bu xəstəlikdən əziyyət çəkir. Onların bir çoxu həyatla təəssüflə vidalaşmalı olurlar. İnsanın tezliklə öləcəyini bilməsi çox ağır iztirabdır. Bizim araşdırmamız bu mərhələdə olan insanların iztirablarının necə yüngülləşdirilə biləcəyi ilə bağlı idi. Soros fondunun maliyyələşdirdiyi bu layihə ən uğurlu materiallarımızdan birinə misaldır.

- Azərbaycanda nəşr materiallarının paylaşdırılmasında ciddi problemlər var. Sovet sistemi dağılandan sonra, yeni sistem hələ də oturuşmayıb. Bir gürcü nəşri kimi “İndiqo” nəşrin bütün oxuculara çatmasının öhdəsindən gəlirmi?

- Gürcüstanda da təəssüf ki, oxşar problem var. Əsas distributor təşkilatlar zəif, həm də monopoliyalaşıblar. Bu şirkətlərə jurnal verəndə çox vaxt bilmirsən jurnal gedib ünvana çatırmı, nə qədəri satılır, nə qədəri satılmır, jurnalın satış bazarındakı mövqeyi necədir? Bir sözlə nəşrin satış taleyi ümumiyyətlə qaranlıq qalır. Ona görə də biz qərara gəlmişik ki, jurnalın paylaşdırma strategiyasını dəyişdirək. Gürcüstanda böyük abunəçi potensialı var, indi biz daha çox abunəçilər qazanmağa köklənmişik. Son aylarda abunəçilərimizin sayında kəskin artım baş verib – 20 faiz – bu heç də az rəqəm deyil, 300 abunəçi deməkdir. Bundan başqa, qərara gəlmişik ki, jurnalımızı hər yerdə satışa qoymayaq, yerləri dəqiq seçək. Məsələn, kitabxanalarda, kitab mağazalarında, çox spesifik yerlərdə qoyaq.

İndiqo jurnalının bir sayı.
İndiqo jurnalının bir sayı.

İndi jurnalın əsas məqsədi bacardığı qədər yeni abunəçilər qazanmaqdır. Üstəlik abunəçi üçün bir nüsxə 7 laridən az başa gəlir və düz onun qapısınacan gedib çıxır, bəzi kiçik hədiyyələrlə birgə. Hədiyyələrimiz gözəl posterlər, çantalar, kalendarlar və sairədir.

Bu kiçik bir şey kimi görsənə bilər, amma bütün abunəçilərimizə hər yeni sayla birlikdə zərfdə redaktorların əl yazısı da çatır. Biz oxucularımızla şəxsən əlaqə qurmağa çalışırıq. Onlarla böyük bir kütlə kimi deyil, tək-tək fərdlər kimi ünsiyyət yaratmağa səy göstəririk.

Jurnalın rəhbərliyi “İndiqo”nu bir növ oxucuların, yazıçıların, fərdlərin klubu kimi görür, onlar ictimai bir fayda üçün bir araya gəlirlər. Gələcəkdə, klub kartının yaradılması da planlaşdırılır, bu kartların sayəsində oxucularımız bəzi festivallarda, tədbirlərdə ödənişsiz iştirak edə biləcəklər.

- Sonuncu sual: jurnalınızda Azərbaycanla bağlı haçansa material dərc olunubmu?

- (Fikirləşir)...yadımdadır ki, bizim Azərbaycanla bağlı bir ideyamız vardı. Ancaq sonra nədənsə bunu həyata keçirə bilmədik. Biz çox maraqlıydıq ki, modern Azərbaycan ədəbiyyatından - nəsr olsun, poeziya olsun - nümunələri jurnalımızda dərc edək. Hər zaman belə bir layihəyə açığıq. Bundan başqa bizim ölkələri birləşdirən bir çox məsələlər, o cümlədən problemlər var. Məsələn, biz hazırda “Xruşovka” binalar barədə, orada yaşayan sakinlərin vəziyyəti barədə araşdırma aparırıq, bizə çox maraqlı olardı sizin ölkənin təcrübəsini bilmək. Bakı yenidən tikilmiş şəhərdir, şəhər yenidən qurularkən tarixi binaların necə qorunduğu barədə material bizimçün çox maraqlı olardı. Mövzular çoxdur, məsələn, götürək elə kimlik məsələsini. Müasir Azərbaycanlı kimliyini bilmək də çox maraqlı olardı. O cümlədən insan problemlərini. Sizə deyim biz bir dəfə “Əli və Nino” kitabı barədə də yazmışıq...

Dediyim kimi, çox istərdik ki, gələcəkdə azərbaycanlı jurnalistlərlə, yazıçılarla, ümumiyyətlə sənət adamlarıyla əməkdaşlıq edək.

Azadliq.org
Yuxarı